Mühacirət edən Cümhuriyyət qurucularının da xatirəsi əbədiləşdirilməlidir

 

Qənirə Paşayeva: "Türkiyədə məzarı olan AXC fəallarının qəbirüstü abidələri yüksək səviyyədə düzəldilməlidir"

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi hər bir vətəndaşın ürəyincə olub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dövlət başçısının bu qərarını müsbət dəyərləndirməklə yanaşı, onun böyük əhəmiyyətinin də olduğu qənaətindədirlər. Belə ki, dövlətçiliyin və dövlətçilik tarixinin təbliği, cumhuriyyət qurucularının yaxından tanıdılması sözün həqiqi mənasında müsbət dəyərləndirilən amillərdəndir. Məlum olduğu kimi 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Bu tarixi hadisəni yüksək dəyərləndirən Prezident İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bununla yanaşı, dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Yeri gəlmişkən xatırladaq ki, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildiriblər. Bu baxımdan, Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə hər zaman böyük hörmətlə yanaşıb. Prezidentin Sərəncamı ilə Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Elə sözügedən sərəncamda da "Azərbaycan Xalq Cümhuriyyəti İli" ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Millət vəkili Qənirə Paşayeva deyib ki, Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarının da xatirəsi əbədiləşdirilməlidir: "Cənab Prezidentimizin bu ilin "Cümhuriyyət ili" elan olunması və Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunması ilə bağlı qərarı sadəcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də xaricdəki soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə yaşayan Cümhuriyyət qurucularının ailə üzvləri, davamçıları ilə danışanda onlar da deyirlər və Cümhuriyyətimizin, parlamentimizin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək istəyirlər. Və inanırıq ki, tədbirlərdə onların da iştirakı mütləq yüksək səviyyədə təmin olunacaq. Hər zaman getdiyimiz hər yerdə fəxrlə deyirik ki, bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini xalqımız qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu , Xosrov bəy Sultanov, Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov, Hüseynqulu bəy Xoyski, Behbud Xan Cavanşir, Mehmet Sadıq Aran, Mir Yaqub Mehdidaxil olmaqla bir sıra Cumhuriyyət qurucularımız və fəalları yatır. Amma onların yatdığı qəbirstanlıqların girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Bu il dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər varbunlar çox vacib və önəmlidir. Cənab Prezidentimizin diqqəti, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Fransada Əlimərdan bəy TopçubaşovCeyhun Hacıbəyli, Tiflisdə Həsən bəy Ağayev və Fətəli Xan Xoyski kimi Cumhuriyyət qurucularımızın qəbirüstü abidəsini yüksək səviyyədə düzəldildi və oraya gedən insanlarımız onları ziyarət edir. Çox vacibdir ki, qardaş Türkiyədə məzarı olan Cümhuriyyət qurucuları və fəallarının da qəbirüstü abidələri yüksək səviyyədə düzəldilsin, məzarın yanında və qəbirstanlığın girişində bütün Müsəlman Şərqində ilk cümhuriyyətin qurucularından olan böyük şəxsiyyətin məzarının olduğunu göstərən və onunla bağlı məlumatı əks etdirən lövhə olsun ki, ziyarət edənlər bunu bilsinlər". Millət vəkili eyni zamanda qeyd edib ki, bu böyük dövlət adamlarının məzarlarının üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması çox vacibdir: "Biz bu məsələni bir neçə gün Bakıda səfərdə olan qardaş Türkiyə Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə parlamentimizin Beynəlxalq əlaqələr komitəsinin görüşü zamanı da qaldırdıq və onlar da böyük məmuniyyətlə təkliflərimizi dəstəklədilər.Bu məsələyə diqqət ayıracaqlarını bildirdilər. Müvafiq qurumlarımızı qardaş Türkiyənin müvafiq qurumları ilə birlikdə qısa zamanda bu məsələni həll etməyə çağırır və reallaşacağına inanırıq. Bu bizim o böyük şəxsiyyətlər qarşısında borcumuzdurbütün azərbaycanlılar onları ziyarət etməlidir və onları buna çağırıram. Hər kəs bilməlidir ki, orada yatan çox böyük şəxsiyyətlərdir və onların qəbirlərinin üzərində Azərbaycanımızın bayrağının əks olunması çox vacib məsələdir. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin və mən müvafiq qurumları bu istiqamətdə addımlar atmasını arzulayıram".Q.Paşayeva həmçinin keçmiş "26-lar", indiki "Sahil" bağının Cumhiriyyət dövrü bəzi proseslərlə bağlılığını nəzərə alaraq, həmin bağın adının dəyişdirilərək, "Cumhuriyyət bağı" adlandırılması ilə bağlı bir çox ziyalıların və ictimaiyyət nümayəndələrinin təkliflərinin olduğunu söyləyib. Bildirib ki, "Sahil" bağının "Cumhuriyyət bağı" adlandırılması çox vacib məsələdir və ümid edirik ki müvafiq qurumlar cəmiyyətdən bu istiqamətdə gələn təklifləri müsbət dəyərləndirəcək: "Bu da Cumhuriyyətimizin 100-cü ildönümündə önəmli addımlardan biri olacaq".

 

Alim

 

Olaylar.- 2018.- 3-5 fevral.- S.8.