Sona Vəliyeva: “Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”

 

Fevralın 2- də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə "Kaspi" təhsil şirkəti, "Kaspi" qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi "Hüseyn Cavid - 135" şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Olaylar.z bildirir ki, tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF -nin icraçı direktoru Vüqar Səfərli, Xalq şairi Sabir Rüstəmxanlı, professor Cahangir Məmmədli, media rəhbərləri, şairlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavidin çətin həyat yolu və yaradıcılığı  haqqında iştirakçılara məlumat verdi. Təhsil aldıqdan sonra Cavid əfəndinin müəllimlik fəaliyyəti ilə məşğul olduğunu xatırladan millət vəkili qeyd etdi ki, o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib və böyük şair Sibirə sürgün edilib. "1982-ci il oktyabrın 2-də Heydər Əliyev Naxçıvana səfəri zamanı yubileylə bağlı görülən işlərlə maraqlanır.  Və Naxçıvan Vilayət Partiya Komitəsi şairin cənazəsinin gətirilməsi ilə bağlı 12 oktyabr 1982-ci ildə qərar qəbul edir, qərarın icrası komitənin katibi Həmid Cəfərova tapşırılır.  Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib".

Cavidin yaradıcılığına toxunan Əflatun Amaşov bildirdi ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan şəxsdir. "O yalnız "Şeyx Sənan" əsəri və ya "Azər" poemasını yazsa idi də, ədəbiyyat tariximizdə qalacaqdı. Belə bir müsabiqəni təşkil etdiyinə görə Sona xanım Vəliyevaya təşəkkür edirəm.Çünki bu cür tədbirlər tarixi şəxsiyyətinin adının əbədi yaşamasına xidmət edir".

Daha sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır.

Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqa sahib olmaq xoşbəxtlikdir: "Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi".

S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var: "O nə yazıbsa, orada iki xətt var. Biri Tanrıya, biri də milli məfkurəyə bağlılıq".

"Kaspi" qəzetinin təsisçisi qeyd edib ki, Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: "Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürür duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq".

Ümummilli liderin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər ailəni böyük məqbərə altına topladı: "Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir".

Müsabiqə haqqında məlumat verən "Kaspi" qəzetinin təsisçisi vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: "Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarında ibarət münsiflər heyəti təşkil olunub. Bildiyiniz kimi Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq".

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məməmmədli bildirib ki, həyatda bəzi müqəddəs anlar var, Hüseyn Cavidin Azərbaycana gətirilməsi müqəddəs anlardan idi:

"Bu müqəddəs qərarı da ümummli lider Heydər Əliyev verdi. Təkcə bu cəsarətli addım Heydər Əliyevi ümummilli lider adlandırmağımız üçün kifayət edir. Hüseyn Cavid də Azərbaycan tarixində müqəddəs şəxsiyyətlərdəndir. Dahi klassikimizə verilən bu dəyərə görə Sona xanıma da təşəkkür edirik".

Müsabiqənin münsiflər heyətinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı milli kimliyimizə ayırdıqları diqqətə görə "Kaspi" təhsil mərkəzinə və şəxsən Sona Vəliyevaya təşəkkür etdiyini bildirib:

"Cavidin Azərbaycana qaytarılması tarixi bir gün idi. Hesab edirəm ki, bu barədə danışmağa hər kəsdən çox Cavidin nəşini Azərbaycana gətirən Həmid Cəfərovun haqqı var. Bu gün tarixi bir gündür. Hər hansı şair və yazıçının yubileyinə müsabiqə təşkil edilməsi və bu qədər çox müraciətin olmasını xatırlamıram. Cavid Azərbaycan tarixində iz qoymuş və əbədi yaşayacaq sənətkardır".

Qeyd edək ki, müsabiqəyə İrandan, Gürcüstandan, Türkiyədən müraciət edənlər olub. Müsabiqəyə təqdim edilən şeirlərdən 20 şeir seçilərək, münsiflər heyətinə təqdim edilib.Müsabiqənin münsiflər heyətində  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, "Ədəbiyyat" qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turan, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, ədəbi tənqidçi Əsəd Cahangir təmsil olunublar.

Müsabiqədə 1 - ci yerə Əlizadə Nuri, 2- ci yerə Yusif Mustafayev, 3 - cü yerə Bəhruz Niftəliyev layiq görüldü. Xüsusi mükafat şairə Fərqanə Mehdiyevaya təqdim edildi.

 

Nigar Adil

 

Olaylar.- 2018.- 3-5 fevral.- S.9.