Səhv düşəndə sözlərimiz...

 

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir.

Olaylar.az bununla bağlı ərəbşünas filoloq, Filologiya üzrə fəlsəfə doktoru Seymur Əhmədovun fikirlərini yayımlayır.

Ədəbi dilin gündəlik danışıq dili ilə eyni cür səslənməsinə dair fikir bildirən Seymur bəy qeyd etdi ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları barədə məlum layihə ətrafında elmi ictimaiyyət arasında geniş müzakirələr və böyük maraq müşahidə olunmaqdadır. Sözügedən məsələyə tənqidi yanaşanlar da var, onu təqdir edənlər də. Əlbəttə, təqdim olunan layihədə müsbət fikirlərlə yanaşı bəzi yanlış yanaşmalar da yox deyildir.

Bununla bağlı fikirlərini bölüşən Seymur bəy bildirib ki, dillər yalnız daxili imkanları hesabına deyil, həm də qarşılıqlı təsir və qarşılıqlı zənginləşdirmə yolu ilə inkişaf edir. Dillər arasındakı qarşılıqlı əlaqələr cəmiyyətin inkişafı ilə sıx bağlı olan mürəkkəb və çoxpilləli prosesdir.

"Sözlərin dildə düzgün şəkildə yazılması demək olar ki, cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan məsələdir. Çünki məhz sözün yazılış qaydasından hansı savadbilik səviyyəsinə malik olmağımız aydın olur. Məlum layihədə təklif olunan dəyişikliklərin hamısı mübahisə obyekti olmasa da, bəzi məqamlar həm elmi ictimaiyyət səviyyəsində, həm də sosial-ictimai sferada narahatlığa səbəb olmuşdur.

Sözlərin yazılışı ilə tələffüzü arasında fərqlənmə məsələsi demək olar ki, bütün dillərdə mövcuddur, məhz elə buna görə də "orfoqrafiya lüğəti" ayrıca, "orfoepiya lüğəti" də ayrılıqda nəşr olunur".

Seymur bəy sözlərin yazılışı ilə tələffüzü arasında fərqlənmənin adətən çoxişlənən sözlərdə rast gəlindiyini, lakin kütləvilik baxımdan azişlənən sözlər (məs., kimyəvi element adları) mənbə dildəki kimi səslənsə də xüsusi müzakirəyə də ehtiyac duyulmadığını vurğulayır. "Əgər bu gün sözlərin hər hansı danışıq variantı yazıda əsas götürülərsə, onsuz da həmin sözün fərqli bölgələrdə tələffüz variantında fərqlənmə özünü göstərəcək. Sözlərin tələffüzünə görə yazıya alınması qaydası təsdiq olunarsa, gələcəkdə müxtəlif "sürpriz" orfoqrafik qaydalarla rastlaşa bilərik.

Canlı orqanizmlərdə olduğu kimi həmişə inkişafda olan dildən yalnız mütəxəssislər deyil, xalqın bütün təbəqələri geniş surətdə istifadə edir. Ədəbi dil ilə danışıq dili arasında həm eyni cür, həm də fərqli şəkildə səslənən sözlər kifayət qədər ola bilər. Bunu biz rus, ingilis, alman, fransız və s. dillərdə də görə bilərik ki, burada da qeyri-adi bir şey yoxdur. Məsələn, tədqiqatçı alim İdris Abbasovun da məlum qaydalarla bağlı açıqlamasında görürük ki; "Müasir fransız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz edilsin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən "su" sözü üç hərflə yazılır: "eau"; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz edilən "yeni sözlər" birləşməsi yazıda "mots nouveaux" şəklində 12 hərflə ifadə olunur". Bu təzahürü ingilis dilinə də aid etmək olar.

Deyilişi ilə yazılışı fərqlənən sözlərdə səddin minimuma endirilməsi cəhdi ilə eyni sözün dialektya ləhcələrimizdə işlənən variantları yazı dilinə daxil olarsa, bu bir az da qarışıqlığa səbəb ola bilər. Burda daha bir sual doğur: "Biz danışıq dilini yazı dilinə uyğunlaşdırmaq əvəzinə nə üçün yazı dilini danışıq dilinə uyğunlaşdırmalıyıq?!"".

Azərbaycan dilini ərəbmənşəli sözlərdən təmizləməyə nə dərəcədə ehtiyac olub olmamağına münasibət bildirən Seymur bəy, xüsusi olaraq qeyd etdi ki, dünya dillərindən məlum olduğu kimi, söz alınması məsələsi bütün dillərə xas olan qanunauyğun hadisədir.

Dünyada yalnız öz sözlərindən ibarət, yəni hər hansı qarışıq elementlərdən məhrum dillər də mövcud deyil. O cümlədən Azərbaycan dilində də təkcə ərəb dilindən deyil, digər dillərdən də (rus, avropas.) kifayət qədər alınma sözlər mövcuddur. Dilçilik elmində belə bir fakt çoxdan sübut edilib ki, dünyadakı dillərin yalnız lüğət tərkibində deyil, onların əsas lüğət fondunda da alınma sözlərə rast gəlmək mümkündür. Çox çətin təsəvvür etmək olar ki, bir dil, hətta özünün ən qədim vəziyyətində belə, başqa dilin heç bir təsirinə məruz qalmamış olsun. Görkəmli dilçi alim B.A.Serebrennikovun təbirincə desək: "Heç bir dil şüşə örtük altında inkişaf etməmişdir. Xarici mühit dilin müxtəlif sahələrində dərin izlər qoyur".

Başqa dillərin hər cür təsirinə məruz qalan çox həssas sahə isə leksikadır. Ərəb dilçiləri ilə yanaşı bütün dünya dilçi alimləri də qəbul edir ki, "alınma sözləri olmayan dil yoxdur". Dillər arasında bu gündavam edən "alınma" məsələsində həm ayrı-ayrı fərdlər, həm də bütün xalq kütləsi iştirak edir. Hazırda bu işin tədqiqini dilçilik cəmiyyətləri kimi elmi müəssisələr davam etdirirlər".

"Biz istəsək də, istəməsək də, bu bir həqiqətdir ki, tariximizin artıq keçib getmiş bir mərhələsində əksər yazılı ədəbiyyat nümunələrimiz ya ərəb və ya fars dilində yazılmış, yaxud da çoxlu ərəb-fars sözlərindən istifadə olunaraq yaradılmışdır. Hazırda sizin dediyiniz süni "təmizlənmə" hadisəsi baş verərsə bu, klassik ədəbiyyatımızın həm tədqiqi və tədrisi, həm də təbliğinə mənfi təsir göstərəcək. Necə ki, klassik ədəbiyyatımızda işlənmiş bəzi ərəb və fars sözlərinin mənasını bilməyən hazırkı gənc nəslin nümayəndələri keçən əsrin əvvəllərində və ortalarında yazılmış, həm də Azərbaycan dilində olan həmin əsərləri oxuyarkən artıq müvafiq lüğətlərdən istifadə edir. Bu mənada, yuxarıda işarə olunan sözlər dildən çıxarılarsa və ya dəyişikliyə məruz qalarsa, o zaman digər növ lüğətlərin (Ərəb-fars sözləri lüğəti kimi) həcmi daha da genişlənməli olacaq. Qeyd edilməlidir ki, bu kimi məsələlər böyük diqqət və həssaslıq tələb edir. Onadansa elmi-texniki sahədə, rəsmi sənəd, müqavilələr, qanun və məcəllələrdəki mətnlərin dilini sadələşdirmək, oxunaqlı və rahat anlaşılması üzərində işləmək geniş oxucu kütləsi üçün daha faydalı olmazdımı?!

Fransızlar, ingilislər əsrlərdir ki, olduqca çətin olan orfoqrafiyalarında bir hərf dəyişikliyi belə etmir. Bəzən onların qrammatikləri belə təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb. Bundan əlavə, bəlkə də, digər dünya ölkələrini nəzərə alıb indiyədək yayılmış olan ədəbiyyatlarında dolaşıqlıq yaranmamasını düşünüblər" - deyə, Seymur bəy bildirdi.

Seymur Əhmədov, həm orfoqrafiya, həm də digər lüğətlərin ehtiyac yarandıqca zaman-zaman yeniləndiyini, təkmilləşdirildiyini və bu prosesin indidavam etməkdə olduğunu bildirir.

"Maraqlıdır ki, etiraza səbəb kimi görünən sözlər indiyədək doğru deyildisə bəs niyə hamı tərəfindən doğru sayılıb istidafə olunmaqla yanaşı "səhv" də hesab olunmurdu?! Yox əgər doğru idisə bəs nə üçün dəyişdirilməsi təklif olunur?!

Hər halda hazırda təklif olunan hər hansı dəyişiklik və ya ixtisarlar diqqətlə ölçülüb-biçilməli, xüsusən də 22-ci, 37-ci, 69-cu və bunun kimi bir çox bəndlər yenidən nəzərdən keçirilməlidir. Sözlərdəki tarixilik, əsillilik nə qədər çox qorunarsa dilin keçmişə nəzərən inkişafı da o qədər uğurlu alınacaq.

Mətbuatda tənqidinə rast gəlinən sözlərin hamısı və verilən variantları layihədə göstərilən eyni prinsipə uyğun gəlmir, çünki bəndlər arasında ziddiyyətlər vardır. Məsələn, mənbə dilə istinad etməklə bağlı 22-ci bənddəki qaydanın məntiqinə söykənsək dilimizdə işlənən "tərəf" - "taraf", "qatar" - "qıtar" "mühüm" - "muhim", "müttəhim" sözü "muttəhəm" (ittiham onunan) kimi olmalıdır və s. və i.a. (red. ərəbcə "muttəhim" ittiham edən mənasındadır). Yaxud, eyni məntiqlə 37-ci maddədəki sözlərə heç toxunulmamalı idi. Eyni layihədə maddələr arasındakı ziddiyyətlə yanaşı, həm, orada göstərilən sözlərdə şəkilçi (-iyyət, -iyyat, -iyyə) ilə morfemlər, sözün tərkib hissələri (-iyə) qarışdırılır, həm də burada müxtəlif dil hadisələrini eyni fonetik qəlibə təhkim etmək də doğru deyil. Ona görə də, məlum 37-ci bənd layihənin mətnindən çıxarılmalıdır".

"Layihənin etiraz doğuran həmin bəndində təklif edilən dəyişiklik (bir "y" ilə yazılması məqsədəuyğun sayılan "-iyyat", "-iyyət" və "-iyyə" tərkibli və qoşa "yy" samiti ilə yazılan sözlər) ilə bağlı demək olar ki, ərəb dilində "-iyyətun" sonluqlu bəzi sözlər (məs., "fəa:liyyətun", bəşəriyyətun və s. kimi sözlər) dilimizə "-iyyət" sonluqlu ("fəaliyyət", bəşəriyyət və s.) kimi təzahür edir.

"-ə:t/-a:t" cəm şəkilçili bəzi sözlər (məs., riyaziyyat, mənəviyyat (hərfən: riyazi olan hər şey, mənəvi olan hər şey) isə dilimizdə "-iyyat" sonluğu ilə özünü göstərir. Bu bənddə göstərilən sonluqlarla bitən digər sözlərin də hər birinə ("cərrahiyyə" və ya "mərsiyə" kimi) fərdi yanaşmaq lazım gəlir, çünki bunların hər biri ayrı-ayrı qrammatik hadisələrin nəticəsində yaranıb və ya eyni linqvistik hadisəni ifadə etmir.

Ərəb dili sözlərində olan uzun "ə" (ə:) səsi dilimizdə "a" kimi təzahür etdiyindən (məs., kitə:b - kitab), "-iyyə:t" sonluğu da "-iyyat" kimi keçmişdir. "Ehtiyat" sözündəki "yat"a gəlincə isə deyə bilərik ki, buradakı "y" kök samitidir, heç cəm də bildirmir. Bu baxımdan "-iyyat", "-iyyət" sonluqlarında ixtisara heç bir ehtiyac yoxdur. Görünür, sözlərin sonunda işlənən şəkilçilərlə sözün tərkib hissələri, morfem-leksem kombinasiyalarının qarışdırılması həmin sözlərin alınmış olduğu mənbə dili (özlərinin dediyi kimi) lazımınca bilməmələrindən irəli gəlir".

Sözügedən layihənin geniş ictimai müzakirəyə verilməsinin özünü çox müsbət hal kimi qəbul edən Seymur bəy vurğuladı ki, bununla həm Azərbaycan dilinin izahlı lüğəti, yeni orfoqrafiya lüğəti və digər lüğətlərə bir daha dərindən nəzər yetiriləcək, bu hal onlar arasında olan bəzi uyğunsuzluqların aradan qaldırılmasına yardımçı olacaq. "Yuxarıda göstərilən qeydlər, müzakirədə iştirak edən elmi ictimaiyyət nümayəndələrinin haqlı irad və təkliflərinin (xüsusən də 37-ci bənd haqda) nəzərə alınması dilimizin ümumi inkişafına xidmət edəcək.

Sosial şəbəkələrdə və mətbuatda məlum layihə ilə bağlı cəmiyyətin müxtəlif təbəqlərindən kifayət qədər rəylər bildirilmişdir ki, təkrara yol verməmək üçün bəzilərini qeyd etməklə kifayətlənirəm. Görkəmli tədqiqatçı alimlər həmin layihənin 22, 37, 69 və b. maddələri ilə bağlı, xüsusən ərəb mənşəli Azərbaycan sözlərində yarana biləcək məna dəyişikliyi, apostrofun aradan götürülməsi ilə əlaqədar yaranmış qarışıqlıq və s. barədə fikir və mülahizələrini bildirmişlər".

"Dəyişikliklər dilə süni yolla deyil, təbii yolla gətirilməlidir. Hər halda təklif olunan dəyişiklərin bütövlükdə müsbət və ya mənfi olmasını bilmək üçün vaxta, zamana ehtiyacımız var ki, bu da zamanın özü tərəfindən öz həllini tapacaq. Yaxud göstərilən bəzi sözlərdə 2 eyni - qoşa samit saxlanarsaolar ki?! və ya "almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi" kimi qayda dəyişikliyi ləhcələşməyə aparacaqsa, bu da ədəbi dilin qaydalarına uyğun gəlmir. Məncə, bu növ dəyişikliyə ehtiyac da yoxdur.

Bundan əlavə, müvafiq dəyişiklik təklif olunan sözlər, daha öncədən, ictimaiyyətin ixtiyarına verilməli idi, sonra isə hansı sözün işlənməsi zamanla məqbul bilinərsə həmin variantı lüğətə də əlavə etmək olardı, lakin bu prosesi süni şəkildə lüğətə söz daxil etmək xatirinə etmək doğru olmaz. Zaman keçdikcə, hər hansı bir dilin öz inkişafı ilə bağlı yeni qaydalar yaranır, dilə yeni sözlər daxil olur, bəziləri ümumişlək sferadan çıxır, arxaikləşir və s. Bununla bağlı, müəyyən zaman çərçivəsində yeni lüğətlər, sözlüklər nəşr olunur və əvvəlkiləri yenilənir.

Ümid edək ki, AMEA Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu ziyalıların, elmi ictimaiyyətin və bu sahə üzrə mütəxəssislərin rəylərini nəzərə alacaq və nəticədə mükəmməl bir orfoqrafiya lüğəti ərsəyə gələcək. Bütün bunlarla yanaşı, görülən işə müsbət tərəfdən də yanaşmaq lazımdır. Belə ki, böyük zəhmət hesabına başa gələn bir işə xoş münasibət bəsləmək arzuolunandır. Bu işdə əməyi keçən hər kəsə uğurlar diləyi ilə"...

 

Nigar Adil

 

Olaylar.- 2018.- 8 fevral.- S.10.