“Kitabi-Dədə Qorqud”
dastanında Naxçıvan mövzusuna
işıq salan dəyərli nəşr
“Dədə
Qorqud yurdu -Naxçıvan” tarixi-coğrafi və etnoqrafik
atlas
Bu günlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildir davam edən yorulmaz axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq "Dədə Qorqud yurdu -Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas" kitabı böyük formatda və yüksək poliqrafik dizaynda "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyində çapdan çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən çap olunan 450 səhifədən çox olan nəşrin məsul redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
Atlasın redaksiya heyətinə nəzərə salanda bu sanballı əsərin elmi ağırlığı haqqında yetərincə təəssürat formalaşır. Belə ki, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri - Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, həmçinin Cəfər Əliyev və Fəxrəddin Eylazovun sistemli, ardıcıl və qarşılıqlı fəaliyyəti Dədəqorqudşünaslıq və Naxçıvanşünaslıq elminə bu cür sanballı mənbənin bəxş edilməsi ilə nəticələnmişdir.
Üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitabda mətnlərin rus dilinə tərcüməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlının, ingilis dilinə tərcüməsində isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun əməyini də xüsusi vurğulamağa ehtiyac vardır.
Atlas haqqında ətraflı söhbət açmazdan öncə qeyd edim ki, hələ 1997-ci ilin 20 aprel tarixində xalqımızın ümummilli lideri Heydər Əliyev "Kitabi Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud parkı yaradılmış, Dədə Qorqudun heykəli ucaldılmışdır. Eyni zamanda bir neçə il bundan əvvəl - 2015-ci ilin 20 fevral tarixində ölkə başçısı, cənab İlham Əliyev "Kitabi Dədə Qorqud"un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planında "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas"ın hazırlanması da qərara alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixdə imzaladığı Sərəncamla "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmiş, bununla bağlı olaraq muxtar respublikada ilboyu müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir. AMEA Naxçıvan Bölməsində yaradılan işçi qrupunun heyəti də həmin dövrdən tədqiqatlara başlamış və ona həvalə olunan tapşırıqları yerinə yetirərək haqqında bəhs etiyimiz atlası hazırlamışdır.
Kitaba son söz yazan akademik İsmayıl Hacıyevin qeydlərində də göstərildiyi kimi "Naxçıvan diyarı "Kitabi-Dədə Qorqud" dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynamış, dastandakı etnoqrafik materialların böyük əksəriyyəti Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinin məişətində, mədəniyyətində, təsərrüfat həyatında, dini inanclarında, deyim tərzlərində və başqa sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşür". Məhz bu mənada "Dədə Qorqud yurdu -Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas" kitabı bütün cəhətləri ilə elmi ağırlığı, araşdırma səviyyəsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hətta belə demək mümkünsə, bu atlas Qorqudşünaslıq elmində Naxçıvanın yerini və mahiyyətini açıqlamaqla birlikdə Naxçıvanşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanı və orada baş verən hadisələrin təsir dairəsini də ortaya qoyur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanı bütün türk dünyasına məxsusudur, onun vətəni Azərbaycan, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir" fikri ilə başlayan atlasda daha sonra Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi verilmişdir.
Onu da qeyd edək ki, atlas iki bölmədə oxuculara təqdim olunur. Birinci bölmədə Tarixi-coğrafi atlas, ikinci bölmədə isə Etnoqrafik atlas öz əksini tapıb. Bundan sonra isə dastanda Naxçıvanla bağlı adı çəkilən yer adlarının hər birinin coğrafi xəritəsi və həmin yerin foto-şəkli də kitaba daxil edilib.
Bu məqamda onu da qeyd edim ki, tərtibçi müəlliflər dastanda Naxçıvanla bağlı adıçəkilən toponimləri üç qrup əsasında tərtib etmişlər. Belə ki, birinci olaraq adları birbaşa olaraq "Kitabi-Dədə Qorqud"da göstərilən coğrafi obyektlər (məsələn: Qaraçuq, Dərəşam, Əlincə qalası, Şərur, Günortac və s.), ikinci dastanın qəhrəmanlarının və oğuz tayfalarının adlarından törəndiyi güman edilən toponimlər (məsələn: Sədərək, Qaraçoban düzü, Böyükdüz, Qazançı, Qazanköç və s.), üçüncüsü isə əvvəlki iki qrupda qeyd olunan toponimlərdən törəyən mikrotoponimlər (məsələn: Qazan yurdu, Qazan çuxuru, Salaxan dərəsi, Buğaçeşmə dərəsi və s.). Beləliklə kitabda ümumilikdə 51 toponimin coğrafi xəritəsi və fotosu öz əksini tapmışdır.
Kitabın ikinci bölməsində Etnoqrafik Atlas təqdim olunub. Belə ki, adı çəkilən, eyni zamanda qədim dövrlərdə və hazırda Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış bölgələrində istifadə olunan məişət əşyaları, yemək növləri, geyimlər, silahlar, adət-ənənələrlə əlaqəli olan söz və söz birləşmələri, folklor nümunələri (xüsusilə atalar sözləri və məsəllər) müəlliflər tərəfindən bölgədəki işləklilik prinsipi nəzərə alınaraq əlifba sırasına görə atlasa daxil edilmişdir. Məişət əşyalarından badya, balcaq, ələk, sağrac, saqac, sərnic, yemək-içmək növlərindən al şərab, arpa çörəyi, bazlamac, qovurma, pendir, yağırt, yəxni, aş, azuğ, geyimlərdən başmaq, börk, cübbə, çırğab, ədük, çuxa, gecəlik, kömlək, kürk, qaftan, qapaq, niqab, sarıq, silah və silahlarla bağlı olan ifadələrdən balcaq, cida, qəbzə, ox, yay, sadaq, kiş, adət-ənənələrlə bağlı olan adaxlı, advermə, beşikkərtmə, sağdıc-soldış, su kultu, süd qardaşı, xalq yaradıcılığı nümunələrindən "yad oğlu saqalamaqla oğul olmaz", "oğul dəxi neyləsin, baba ölüb mal qalmasa", "qız anadan görməyincə öğüt almaz", "kül təpəcik olmaz", heyvanlar və heyvandarlıqla əlaqədar olan alaca, arqıc, ayqır, azğab, buğa, buğra, cilav, dana, dəvə, əlik, ərkəc, köşək, qısraq, parçalardan al məxmuri, atlas, bez, kətan və s. bu kimi 268 söz, söz birləşməsi, ifadə, deyim yer almışdır. Atlasın tərtibçilərinin ən böyük zəhməti həm də ondan ibarət olmuşdur ki, burada verilən hər bir ifadənin muxtar respublikanın hansı bölgəsində istifadə edilməsi, hazırda işlək olması xəritə əsasında tərtib edilərək atlasa daxil edilmişdir ki, bu həm oxucuların, həm də bu sahədə tədqiqat aparan sonrakı nəsil araşdırmacıların işini asanlaşdıran əsas cəhət kimi qeyd oluna bilər.
Bu cür fundamental nəşrin ortaya çıxmasında tərtibçi-müəlliflərin zəhmətinin dərəcəsini müəyyənləşdirmək üçün onu da vurğulamağa ehtiyac var ki, 2 il ərzində muxtar respublikanın hər yaşayış məntəqəsində axtarışlar aparan alimlər ümumilikdə 600-dən çox insanla görüşmüş, danışmış, söhbət etmiş və toplama fəaliyyətini həyata keçirmişlər. Kitabın sonunda yaşayış yeri üzrə məlumatçıların - informatorların siyahısı yaşadığı kənd, qəsəbə, şəhər üzrə verilmiş, həm də həmin şəxslərin təvəllüd tarixi göstərilmişdir.klılık
"Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas"ında ümumilikdə 320 xəritə, 100-ə yaxın foto şəkil öz əksini tapmışdır. Azərbaycan, ingilis və rus dillərində nəşr olunan sanballı elmi nəşr dünya elmi mərkəzlərinin öz kitabxanalarına daxil etmək istəyəcəkləri və elm adamlarının üz tutacağı qiymətli və dəyərli mənbə kimi uzun əsrlər Naxçıvanşünaslıq və Dədəqorqudşünaslığın öyrənilməsində ən mühüm mənbələrdən biri olacaqdır.
Elxan YURDOĞLU-MƏMMƏDOV,
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və
Ədbəiyyat İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə
doktoru, şair-publisist
Olaylar.- 2017.- 9 fevral.- S.10.