Azərbaycanda turizmin inkişafını şərtləndirən başlıca amillər

 

Siyasi sabitlik bu sırada öndə gəlir

 

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə inkişafı turizm sektorunun inkişafına da öz müsbət təsirini göstərib. Ümumiyyətlə isə, 2004-cü ildən etibarən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə turizm sektorunun inkişafına öz müsbət təsirini göstərib. Dövlət Proqramının icrası çərçivəsində turizm istirahət zonalarında mehmanxana və otellər şəbəkəsinin yaradılması, infrastrukturun yenilənməsi xarici turistlərin ölkəmizə olan marağını artırıb. Bunu istər keçən ilin yekunları, istərsə də bu ilin yanvar ayına olan statistik göstəricilər də təsdiqləyir. Məlumat üçün qeyd edək ki, cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),  Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olub. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82 faizini təşkil edib. Əgər keçən ilin yanvar ayı ilə müqayisə etsək aydın şəkildə görərik ki, hesabat dövründə Azərbaycana gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisə də çoxdur. Say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və  BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61 faizi deməkdir. 

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21 faizi deməkdir.  Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.

Həmçinin keçən ilin statistik göstəriciləri də əvvəlki illərlə müqayisədə qaneedicidir. 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Sevindirici haldır ki,  Avropa, Körfəz və Yaxın Şərq,  Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında  artım baş verib.

Qeyd etdiyimiz kimi ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsinə müsbət təsir göstərən amillərdən biri bu sahədə infrastrukturun yaradılması, yeni turizm istirahət mərkəzlərinin istifadəyə verilməsi, paytaxtla yanaşı regionlarda belə dünya standartlarına uyğun olan otellər şəbəkəsinin tikintisidir. Məhz bu amillər xarici turistlər üçün Azərbaycanı cəlbedici edir. Eyni zamanda xidmət səviyyəsindin getdikcə daha müasirləşdirilməsi və yüksəldilməsi də xarici ölkə turistlərinin Azərbaycana olan marağını artırır. Məlumat üçün qeyd edək ki, ölkəyə gələn xarici turistlərin burada özlərini daha rahat hiss etmələri, mövcud imkanlardan yararlana bilmələri üçün müvafiq dövlət qurumları ardıcıl tədbirlər həyata keçirirlər. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm zonalarının xəritələrinin hazırlanıb çap edilməsi və ölkəyə gələn xarici turistlərə pulsuz paylanması xüsusi qeyd edilməlidir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl paytaxt Bakı və Bakıətrafı ərazilərin turizm marşrutu xəritəsi hazırlandığı halda, artıq bu proses regionları da əhatə edir. Belə ki, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rusingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb. Şamaxı və İsmayıllı rayonlarına səyahət edən turistlər bu xəritə vasitəsi ilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir. Bu xəritənin köməkliyi ilə regiona səfər edən turistlər Lahıc və Basqal qəsəbələri, Qız Qalası abidəsi, İvanovka kəndi, Yeddi Günbəz, Diri Baba türbəsi, N.Tusi adına Şamaxı Astrofizika rəsədxanası, Safari Park və Dəmirçi kəndi barədə ətraflı məlumatlar almaq mümkündür. Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, eləcə də region ərazisində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

Qeyd etdiyimiz kimi ölkədə turizm sektorunun inkişafına təsir göstərən amillərdən biri heç şübhəsiz ki, bu sahədə infrastrukturun yaradılmasıdır. Ancaq bununla yanaşı sabitlik də əsas şərtlərdən biridir. Çünki turistlər bir qayda olaraq özlərini daha güvənli və təhlükəsiz hesab etdiyi ölkələrə səfər edirlər. Əgər statistik göstəricilərə nəzər yetirsək və ildən-ilə ölkəyə gələn turistlərin sayında artım qeydə alındığına diqqət yetirsək, o zaman turistlərin məhz sabitlik baxımından Azərbaycana səfər etdiklərini də qətiyyətlə söyləyə bilərik. Bir sözlə həm yaradılan infrastruktur, həm də ictimai-siyasi sabitlik xarici turistlərin Azərbaycana olan marağının artmasına təsir göstərir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq idman, mədəniyyət və humanitar tədbirləri də Azərbaycan barədə beynəlxalq aləmdə, dünyada, ayrı-ayrı ölkələrdə və onların vətəndaşlarında maraq yaradır. Bu maraq isə onların Azərbaycana səfərini şərtləndirən amillərdən birinə çevrilir.

Hər bir sahə yenilik, yeni yanaşmalar tələb etdiyi kimi turizm sahəsi də günün tələblərinə uyğun yenilikləri şərtləndirir. Elə bunun nəticəsidir ki, turizm sektorunda əldə etdiyimiz nəticələr heç də bizləri qane etmir. Çünki Azərbaycan qeyd edilən sahədə daha böyük potensiala malikdirdaha geniş uğurlar qazanmağa malikdir. Elə ona görə də turizm sektorunda əlavə tədbirlərin görülməsi qarşıda duran vəzifələr sırasındadır. Qeyd edək ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev də Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda qeyd etdi. Prezident bildirdi ki, turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələşəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir: "Vaxtilə biz Qəbələdəbeynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək. Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var vəbunu özəl sektor öz üzərinə götürməlidir".

 

Füzuli

 

Olaylar.- 2018.- 9 fevral.- S.12.