“Azərbaycan
dilinin işlək orfoqrafiya sözlüyü” bu sahədə
örnək və uğurlu yol göstəricisidir
Azərbaycan dilinin yeni orfoqrafiya
lüğətinin ictimai müzakirəyə təqdim
olunduğu və cəmiyyətin diqqətinin bu məsələyə
yönəldiyi bir vaxtda Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən
çap edilmiş “Azərbaycan dilinin işlək orfoqrafiya
sözlüyü” görkəmli dilçi alimlər tərəfindən
dəyərli təşəbbüs kimi qiymətləndirilir.
AZƏRTAC Dövlət Dil
Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”,
ümumən lüğət
yaradıcılığının tarixi və orfoqrafiya
lüğətçiliyinin aktual problemləri ilə
bağlı qeydlərini təqdim edir.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
indiyə qədərki zəngin milli, eləcə də beynəlmiləl
lüğətçilik təcrübəsinə əsaslanaraq
Azərbaycan dilinin müasir dövrün həm elmi, həm də
praktik tələblərinə uyğun işlək orfoqrafiya
sözlüyünü hazırlayıb nəşr etməsi təqdirəlayiq
addımdır .
XIX əsrin ortalarından (Mirzə
Fətəli Axundzadədən) başlayan bir sıra əhəmiyyətli
cəhdləri nəzərə almasaq, Azərbaycan dilinin
orfoqrafiya qaydalarının (sözlüyünün) tərtibi
zərurəti keçən əsrin 20-ci illərində
ölkəmizdə ərəb əlifbasından latın əlifbasına
keçid hərəkatının nəticəsində meydana
çıxmışdı. Həmin illərdə Bakıda
müntəzəm olaraq keçirilmiş İmla
Konfranslarında ölkə ziyalılarının yaxından
iştirakı (dünya şöhrətli türkoloq, professor
Bəkir Çobanzadənin rəhbərliyi altında) ilə
geniş müzakirələr aparılıb, bu müzakirələrin
yekununda Azərbaycan dilinin o dövr üçün kifayət
qədər mükəmməl olan ilk orfoqrafiya
sözlüyü – “İmla lüğəti” (tərtib edəni:
Vəli Xuluflu) nəşr olunmuşdu.
Etiraf etmək lazımdır ki, Azərbaycan
dilinin bu orfoqrafiya sözlüyü ilk təcrübə idi,
sonralar məlum siyasi-ideoloji məqsədlərlə (ən
azı, ona görə ki, latın əlifbası ilə tərtib
edilmiş, onu yaradanlar 30-cu illərdə repressiya qurbanı
olmuşlar) nə qədər tənqidə məruz qalsa da,
sonrakı orfoqrafik sözlüklərin birbaşa elmi-metodiki əsasında
dayanır.
“Azərbaycan dilinin orfoqrafiya
lüğəti”nin sonuncu – altıncı nəşrinin
(Bakı, 2013) “Ön söz”ündə deyilir: “Azərbaycan
dilinin həcmcə çox kiçik olan ilk orfoqrafiya
lüğəti 1929-cu ildə latın qrafikalı əlifba əsasında
nəşr olunmuşdur. Lüğət tədricən təkmilləşdirilərək
1940, 1960, 1975-ci illərdə çap olunmuşdur… Əgər
2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində
80 minə yaxın söz var idisə, genişləndirilmiş
və yenidən işlənmiş bu nəşrdə
onların sayı 110 mini keçmişdir. Əlavə
edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki
nəşrə daxil edilməsi unudulmuş sözlərdir”.
Azərbaycan dili orfoqrafiya
lüğətçiliyinin üç dəfə əlifba
dəyişikliyi ilə müşayiət olunmuş mürəkkəb
tarixi barədəki bu həddindən artıq yığcam (və
o dərəcədə də absurd) məlumat bir sıra təbii
suallar doğurur: Birincisi, “həcmcə çox kiçik”
hesab olunan ilk lüğət təxminən 20 min sözü əhatə
edib ki, ötən əsrin 20-ci illəri üçün bu,
böyük uğur sayıla bilər… İkincisi, 2004-cü
ildə 80 minə yaxın sözdən ibarət olan bir
lüğəti on il ərzində “yeni yaranmış, yaxud əvvəlki
nəşrə daxil edilməsi unudulmuş sözlər”
hesabına nə qədər “zənginləşdirmək”
olur ki, həcmi 110 mini keçsin?.. Nəhayət,
üçüncüsü, lüğətin müstəqillik
illərindəki nəşrləri hazırlanarkən əvvəlki
illərdəki qədər geniş, peşəkar müzakirələr
aparılıbmı?..
Əlbəttə, bu suallara verilən
obyektiv cavablardan belə bir yekun nəticə çıxacaq
ki, orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin
tərtibi işinə xüsusən son dövrlərdə
xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz
yanaşılıb.
Tərcümə Mərkəzinin
“Lüğət”in son nəşri üzərində
apardığı təhlillər külli miqdarda faktlarla təmsil
olunan prinsipial qüsurlar aşkarlayıb ki, onlardan birincisi
müasir Azərbaycan dilində işlənməyən,
artıq tamamilə arxaikləşmiş ərəb, fars və
s. mənşəli çoxsaylı əcnəbi sözlərin
tədricən nəinki lüğətlərdən
çıxarılması, hətta nəşrdən-nəşrə
daha da artırılmasıdır. Məlum olduğu kimi,
geniş müzakirələrdən sonra arxaik ərəb və
ya fars mənşəli sözlər vaxtilə “İmla
lüğəti”nə ona görə daxil edilmişdi ki,
köhnə kitabları, xüsusilə klassiklərin – Nəsiminin,
Füzulinin, Vaqifin, Seyid Əzimin, Sabirin… əsərlərini əski
əlifbadan yeni əlifbaya çevirəndə orfoqrafik hərc-mərclik
yaranmasın.
Əlbəttə, klassik ədəbiyyatın
keçən əsrin xüsusilə 20-ci, 30-cu illərində
latın, eləcə də 40-cı, 50-ci illərində kiril
əlifbasına keçirilməsi zamanı bu cür sözlərin
orfoqrafiya sözlüklərinə salınması müəyyən
əhəmiyyət daşısa da, sonrakı onilliklərdə
həmin arxaizmlərin saxlanması, heç şübhəsiz,
hər cəhətdən əhəmiyyətsiz və əsassız
sayılmalıdır. Məsələn, ab, aba, abco, abdar,
abgah, abgül, abgüşt, abxor, çak, çakər, canfəza,
cələsə, cəridə, cidal, dadrəs, danişgah, dəh
kimi minlərlə söz, hətta abi-bəqa,
abi-çeşm, abi-heyvan, abi-həyat, abi-niysan, abi-zindəgani,
dərdi-sər, əhli-eşq, əhli-fəsad, əhli-naz, əhli-zülm
kimi izafət birləşmələri orfoqrafiya lüğətinə
hansı məntiqlə daxil edilə bilər?
Azərbaycan klassik ədəbiyyatının
dilində işlənən, artıq çoxdan arxaikləşmiş
və bugünkü azərbaycanlı üçün
anlaşılmaz olan ərəb, yaxud fars mənşəli
sözlərin bu və ya digər dərəcədə
mükəmməl lüğətləri mövcuddur. Həmin
lüğətlərdə sözlərin həm ərəb əlifbası
ilə yazılışları, həm də müasir Azərbaycan
dilində izahları – müstəqim və məcazi mənaları
verilir. Doğrudur, bu cür lüğətlərin
vaxtaşırı olaraq təkmilləşdirilməsinə
ehtiyac var, hər şeydən əvvəl ona görə ki,
son zamanlar Azərbaycan klassik ədəbiyyatının xeyli
miqdarda əsərləri ortaya çıxarılaraq nəşr
olunub ki, onların leksikonunda ərəb, fars mənşəli
alınma sözlər mühüm yer tutur.
Əsas məsələ ondan ibarətdir
ki, nəsillər dəyişdikcə köhnə ərəb
və ya fars alınmaları daha da arxaikləşib tamamilə
anlaşılmaz olub, işləkliyini itirib və yazı
praktikasından çıxıb. Ona görə də bu
cür sözlərin orfoqrafiya sözlüyünə daxil
edilməsi nə elmi-nəzəri, nə də praktik
baxımdan heç bir əhəmiyyət
daşımadığı halda, onu
ağırlaşdırır, istifadə üçün əlavə
çətinliklər törədir.
İkinci qüsur mövcud
orfoqrafiya lüğətində ümumişlək səciyyəsi
daşımayan, yalnız müxtəlif elmlər və ya
peşələr üzrə mütəxəssislərin dar
ünsiyyət dairəsinə mənsub söz-terminlərə
geniş yer verilməsidir. Məsələn, abaksial, abandon,
abatment, abilitasiya, abiogenez, abiotik, abisin, dagerrotip, dedveyt,
demensiya, dzeren kimi söz-terminlərin (qeyd edək ki, bu
cür söz-terminlərin sayını, prinsip etibarilə,
lüğətdə olduğundan bir neçə dəfə
də artırmaq mümkündür) orfoqrafiya lüğətinə
daxil edilməsi yanlışdır. Onu da nəzərə
almaq lazımdır ki, burada söhbət yalnız beynəlmiləl
terminologiyadan deyil, milli söz-terminlərdən də gedir.
Belə ki, məsələn, cərgəarasıseyrəklik,
çarxqollu-sürgüqollu, çəyirdəyəbənzərlik
və ya çəyirdəyəoxşarlıq,
çoxmemarlılıq, dalğasakitləşdirən,
dimdikşəkillilik, dördqabarıqlı, əyrixətlilik
kimi terminoloji vahidlər (qeyd etməliyik ki, bunların
çoxu qondarmadır) orfoqrafiya lüğətində
heç bir funksiya daşımır.
Bir qayda olaraq, orfoqrafiya lüğətinə
o terminlər daxil edilir ki, onlar ümumişlək səciyyəlidir.
Əgər bütün terminlər buraya daxil edilsə, elə
bir həcm alınar ki, təsəvvür etmək belə
çətindir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin
tərtibçiləri “Lüğətin quruluşu”
başlıqlı izahatda “dilimizin lüğət tərkibinin
ayrılmaz hissəsini təşkil edən xüsusi terminlər”ə
“minimum həcmdə” yer ayırdıqlarını qeyd etsələr
də, bu “minimum həcm”in nədən ibarət olduğu,
hansı prinsiplərə dayandığı göstərilməyib,
“həcm”in özü isə “minimum” həddini xeyli
aşıb. Bu məqam bir də ona görə etiraz
doğurur ki, müasir elmlərin əsas sahələri
üzrə kifayət qədər zəngin (və mükəmməl)
terminoloji lüğətlər həm var, həm də
vaxtaşırı hazırlanır.
Müasir dövrdə
terminologiyanın beynəlmiləlləşməsi elə bir
səviyyədədir ki, bu və ya digər terminin (məsələn:
atom, diskret, kreativ, modern və s.) hər hansı bir dilə mənsubluğu
şərtidir və ümumiyyətlə, terminlər həm
real, həm də potensial olaraq bütün dillərə
aiddir. Odur ki orfoqrafiya lüğətinə yalnız
ümumişlək, anlaşıqlı və populyar terminlər
daxil edilməlidir.
Əslində, milli orfoqrafiya
lüğətçiliyində bu da bir mədəniyyətdir
ki, beynəlmiləl terminologiyanın anadilli elmi-intellektual təfəkkürə
hansı miqyasda daxil olduğu təxminən təsəvvür
edilsin, əks halda, bir-birinin tam əksi olan iki halla
qarşılaşacağıq:
a) heç bir beynəlmiləl
termin (hətta ümumişlək olanlar belə) sözlüyə
daxil edilməyəcək;
b) azərbaycandilli elmi ədəbiyyatda
rast gəlinən (və gəlinməyən) bütün beynəlmiləl
terminlər (müxtəlif yazılış formalarında)
sözlükdə əks olunacaq.
Bu halların hər ikisi
yanlışdır. Doğru olan isə odur ki, orfoqrafiya
sözlüyü kütləvi istifadənin tələbinə
uyğun sözləri ehtiva etsin. Ədəbi normativlikdən
və ya kütləvi işləklikdən məhrum dialektizmlər,
yaxud loru sözlər “Lüğət”də xeyli yer tutur ki,
bu, onun üçüncü qüsurudur.
Əlbəttə, hər bir ədəbi
dil ilkin təşəkkül dövr və ya mərhələlərindən
başlayaraq, bütün tarixi boyu xalq dilinin, o cümlədən
dialektlərin əhəmiyyətli təsirini qəbul edərək
zənginləşir. Lakin məsələn, dilimizdə
sürüşdürmək sözünün fonetik
dialekt-şivə qarşılığı olan
sürçütmək sözünü orfoqrafiya
sözlüyünə daxil etmək o deməkdir ki, eyni
“müvəffəqiyyət”lə bütün dialektizmlərə
həm leksik, həm qrammatik, həm də fonetik səviyyədə
qapı açmaq olar. Tərtibçilər nəzərə
almamışlar ki, orfoqrafiya lüğətinin missiyası
düzgün yazı normalarını təsbit etməkdirsə,
düzgün forma ya “sürüşdürmək”, ya da
“sürçütmək” olacaq.
“Lüğətin quruluşu”nda
göstərilir ki, buraya “məhəlli sözlərdən
(dialektizmlərdən) şifahi xalq
yaradıcılığında ən çox
yayılmış, buradan da ümumxalq dilinə
keçmiş, habelə termin kimi qəbul edilmiş və ədəbi
dildə qarşılığı olmayan sözlər:
balıq, bitki, heyvan və s. adları” da daxil edilmişdir. Belə
bir mənzərə alınır: dialektizm əvvəl
şifahi xalq yaradıcılığına, daha doğrusu,
onun dilinə, sonra isə ümumxalq dilinə keçir…
“Ümumxalq dili”, əslində, həm dialektləri, həm də
ədəbi dili özündə ehtiva edən
anlayışdır. Ona görə də burada nə deyilmək
istədiyini başa düşmək olmur. Ümumiyyətlə,
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlində
verilmiş istər “Lüğətin quruluşu”, istərsə
də “Orfoqrafiya qaydaları” bölmələrində həm
təsnifat prinsipləri tez-tez pozulur, həm də
dilçilik terminlərindən düzgün istifadə
olunmur. Acıxmaq, adə, ağarantı, ağyağız,
ağzıbir, ağzıyelli, alabaydaq, alahı, alanqu,
anarı tipli dialekt, açarınıitirən,
adıbatmış, ağızdanyava, ağızsürütməsi,
ağzıcırıq, ağzıheyvərə,
ağzıyavalıq, cırıxma, çezdirmə, çezə-çezə,
çərən-çürən,
çırtı-pırtı, çoşqa-çoşqa,
donuzbala kimi loru sözlərin orfoqrafiya lüğətində
verilməsi, ən azından, yazı mədəniyyətinə
ziddir. Çünki bu cür söz və ifadələrin Azərbaycan
dilində – bədii təfəkkürü son dərəcə
zəngin, linqvo üslubi stilizasiya imkanları buna uyğun
olaraq intəhasız olan bir xalqın dilində hansı həcmdə
olduğunu təsəvvür eləmək belə çətindir
ki, bunların çoxu məhdud dairədə adi
danışıq dili üçün səciyyəvi, ədəbi
dil “kodeks”i olan orfoqrafiya sözlüyü üçünsə
anomaliyadır.
“Lüğət”in
dördüncü qüsuru heç bir ehtiyac olmadan söz
yaradıcılığı hesabına yüklənməsi və
ya süni olaraq həcmcə genişləndirilməsidir.
Qeyd edək ki, bu qüsur, ilk
növbədə, flektiv dillərin (hind-Avropa dillərinin)
lüğətçilik ənənəsinə aludəlikdən
irəli gəlir ki, həmin ənənəni türk mənşəli
Azərbaycan dilinə, ümumən iltisaqi dillərə tətbiq
etmək kökündən yanlışdır. Nə ehtiyac
var ki, “silahlandırılma, silahlandırılmaq,
silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq…
silahsızlandırılma, silahsızlandırılmaq,
silahsızlandırma, silahsızlandırmaq,
silahsızlaşdırılma, silahsızlaşdırılmaq,
silahsızlaşdırılmış,
silahsızlaşdırma, silahsızlaşdırmaq,
silahsızlıq” tipində sicilləmələr orfoqrafiya
lüğətinə daxil edilsin?.. Əgər mətləb
sözün törəmələrinin düzgün
yazılış qayda və ya formalarının təsbitindən
gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə
tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya
qaydaları”nda müxtəlif növ şəkilçilərin
orfoqrafiyası təfsilatı ilə verilsin. Belə olan halda,
əlbəttə, istifadəçi biləcək ki, məsələn,
işıqlanmaq, sözündən yaranan
işıqlandırılmış, yaxud
işıqlandırılmaq düzəltmə sözləri
ahəng qanununun tələbindən irəli gələrək
məhz bu cür yazılmalıdır. Bu həm də yeni
söz yaradıcılığı imkanlarını təmin
etmək, sözlüyü süni olaraq məhdudlaşdırmamaq
demək olardı.
“Lüğət”də Azərbaycan
dilinin mövcud söz yaradıcılığı
imkanlarından sui-istifadə edilərək
“yaradılmış” xeyli qurama sözlərə rast gəlinir
ki, bu, beşinci qüsurdur. Buraya abır-həyagözləmə,
abırsızolma, abidəucaltma, abzasdanbaşlama, acgödənlikedən,
acıdilliliketmə, acıq-qıcıqgöstərmə,
açıqçagöndərmə və s. tipli qondarma
“mürəkkəb sözlər” aiddir ki, onların sayı
lüğətdə olduqca çoxdur. Belə “söz”lərin
lüğətə ayaq açması “söz”
anlayışı barədəki təsəvvürün
yanlışlığından, yaxud elmi olmamasından irəli
gəlir. Maraqlıdır ki, tərtibçilər Azərbaycan
dilində, məsələn, ətriyyatçılıqetmə,
yaxud ətriyyatçıolma sözlərinin
mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, müəllimliketmə,
yaxud müəllimolma; həkimliketmə, yaxud həkimolma
“söz”lərini qəbul edib lüğətə daxil etmirlər…
Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə
gözlənilməmiş, tərtibçilər ya hansı mətndəsə
təsadüf etdikləri “söz”ləri almış, ya da sadəcə
özlərindən uydurmuşlar.
Hər iki hal Azərbaycan dilinin
iltisaqi təbiətindən irəli gəlir; belə ki, Azərbaycan
dilində, ümumən türk dillərində bir stabil, bir də
situativ sözlər var: məsələn, “dağ” və
“dırmanmaq” sözləri stabil, “dağadırmaşan” isə
situativdir, eynilə “ağacadırmaşan”,
“damadırmaşan”, “divaradırmaşan”… kimi. Sonuncuların
orfoqrafiya sözlüyünə salınması ona görə
doğru deyil ki, bunlar normal söz yox, söz-törəmələrdir.
“Lüğət”in altıncı
qüsuru “söz” anlayışı hüdudlarına
sığmayan yamsılamalara və ya fonetik təqlid cəhd-vahidlərinə,
heç bir əsas olmadan, geniş yer ayrılmasıdır; məsələn:
car-cur, cığ-cığ, cığ-vığ, cıqq,
cirinq, cükk, çığ-bağ,
çığ-bığ, çıqq,
çıq-çıq, çıpaçıp,
çıp-çıp, çırt, danq, dıq, dit,
dit-dit, dız, dızz, dom-dom, dü-dü və s.
Qüsur bununla da bitmir, tərtibçilər
bu cür “söz”lərdən daha bir sıra qurama “söz”lər
yaradıb “Lüğət”ə daxil edirlər; məsələn:
cığ-vığetmə, cığ-vığsalma,
cik-ciketmə, cikkəçəkmə, civcik, cəh-cəhvurma,
cığ-vığçı, dırıltısız,
dit-ditetmə, düd-düdetmə və s.
Nəhayət, yeddinci…
Əlbəttə, orfoqrafiya
sözlüyünə hansı sözlərin daxil edilib-edilməməsi
nə qədər mühüm məsələ olsa da,
sözlüyün əsas missiyası mümkün qədər
mükəmməl orfoqrafiya qaydalarına (prinsiplərinə) əsaslanmaqla,
sözün düzgün yazılışını təsbit
etməkdən ibarətdir ki, ümumiyyətlə, bu sahədə
xeyli böyük təcrübə
qazanıldığını inkar etmək olmaz. Ancaq
müşahidələr göstərir ki, bir sıra sözlərin
düzgün yazılışında: a) tələffüz
variantlılığından; b) alınmalarda mənbə dildəki
yazı normasına münasibətdən; c) mürəkkəb
sözlərin bitişik, yaxud defislə yazılmasından və
s. irəli gələn problemlər var. Məsələn:
addama – adlama, basdalama – bastalanma, başaçıq –
başıaçıq, birə-üç – birəyeddi, cəlal
– calal, çalpaşıq – çəlpəşik,
çaşma – şaşma, didmə – didələmə, dəlmə-deşik
– dərmə-deşik, ədva – ədviyyə – ədvə,
gülümsəmə – gülümsümə, qarğama –
qarğıma, qəribsəmə – qəribsimə, qırov –
qrov, qorxutma – qorxuzma, qovlama – qovalama, sərfəli – sərfli,
sayaqlama – sayıqlama, sıyırıntı –
sıyırımtı, şəfqət – şəfəqqət,
üfrülmə – üfürülmə, ürpmə –
ürpərmə, yorğun – yornuq, yumurlama – yumrulama və s.
Əslində, bu cür
variantlılıq kifayət qədər asan şəkildə
aradan qaldırıla bilər, əsas çətinlik isə,
məsələn, antenna, metafora, palata, reklama, sistema, tematika
kimi alınma sözlərin son, hokkey, hokku, hospital, hotel kimi
alınma sözlərin ilk hərflərinin
yazılışında ümumi prinsipin gözlənilməsindədir.
Beləliklə, orfoqrafiya
lüğətinin son – 2013-cü il nəşri (o nəşrin
ki, əsas missiyası məhz bu cür qüsurları
mümkün dərəcədə aradan qaldırmaq idi)
bugünkü tələblərə cavab vermir.
Azərbaycan Tərcümə Mərkəzi
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu cür
qüsurlarını aradan qaldırmaqla yanaşı, ona
yüzlərlə yeni söz də əlavə edib ki, həmin
sözlərin mütləq əksəriyyətinin müasir
Azərbaycan dilində ədəbi populyarlığı
heç bir şübhə doğurmur: adət-ənənə,
aktuallıq, aqressiv, aqressiya, anestezioloq, antiterror, aydın,
böv, buzlaşma, canlılar, cümləbəcümlə,
deltaplan, deşifrə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə,
əlkimyagər, əntiqçi, əyarlama, fokusçu,
gedişat, gödəkçə, gündöyən, güvən,
həmmüəllif, hərəkətlənmək,
hissiyyatlı, hövllənmək, hürgüc, hürkmək,
xoreoqraf, ilginc, infantil, köynəkçə, qamçı,
qaraçuxa, qaragüruh, qavram, qayım, qəltan, moratori,
multikultural, multikulturalizm, nəmər, ora, orada, ödəyici,
önəm, publik, publika, sağın, salat, seysmoaktiv,
seysmoloq, sərdabə, fotosessiya, suvama, suvamaq,
südçörəyi, sürreal, şüuraltı, uca,
yayımlama, yayınlanma və s.
Göründüyü kimi, burada
ümumişlək terminlər, həm xalq dilindən, həm
də son illər xüsusi ictimai maraq kəsb edən digər
türk dillərindən alınmalar (fikrimizcə, dilimizdə
bu sözlərin miqdarı get-gedə daha da artacaq) və s.
var. “Sözlük”ə tərtibçilər ədəbi dildə
işlənməyən bir sıra yeni leksik vahidləri də
daxil etmişlər ki, onlar da kütləvi istifadənin təmin
edilməsi məqsədilə izahlarla verilib.
Tərcümə Mərkəzinin
direktoru, görkəmli yazıçı Afaq Məsudun təşəbbüsü,
rəhbərliyi və iştirakı ilə
hazırlanmış “İşlək sözlük”, heç
şübhəsiz, həm öz-özlüyündə
böyük yaradıcılıq işidir, həm də gələcək
orfoqrafiya sözlüklərinin hazırlanması
üçün örnək, uğurlu yol göstəricisi,
metodiki (və metodoloji) əsasdır.
Olaylar. - 2018.- 6 fevral.- S.8; 10.