“Üç
övladım gözümün
qarşısında dondu,
soldu...”
Xocalı şahidləri
danışır
İsaq Ağayarov və Sədaqət Hüseynovanın
yaşadıqları Xocalı münasibətləri həm də sədaqətin,
sevginin və mənəvi bütövlüyün
sınağı oldu
Onlar 1980-ci ildə
evlənmişdilər. Ulduzları
barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı
yandırmışdılar. Bu xoşbəxt cütlüyün
üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın
valideynləri ilə birlikdə
yaşayırdı. 1988-ci ildən başlayaraq bütün Xocalı
sakinləri çox çətinlik çəkdilər.
İstər ərzaq sarıdan, istərsə də daim
vahimə, səksəkə içində yaşamaqdan. 1992-ci
il fevralında Xocalıda vəziyyət lap
kəskinləşəndə qayınanası təkid edir ki, Sədaqət uşaqları da
götürüb vertolyot meydançasının
yaxınlığında yaşayan bacısıgilə getsin.
Çünki fürsət düşən kimi burada vertolyota
minib Xocalıdan çıxmaq, uşaqları xilas etmək şansı
yarana bilərdi. O zaman İsaq gecə-gündüz postda,
ön mövqedə keşik çəkirdi. Beləliklə,
bir ailə üç hissəyə parçalanmışdı.
- Fevralın 25-dən 26-na keçən gecə
tankların, pulemyotların təkcə atəşindən
yox, səsindən, nəriltisindən də yer-göy
titrəyirdi. Ev sanki bu dəqiqə uçub
töküləcəkdi. İçəridə işıq
yanmırdı, bayırda yer qarla örtülü idi, -
Sədaqət xanım astadan, az qala pıçıltı
ilə danışır. Elə bil
hıçqırığının onu
boğacağından qorxur. Bir də ki, İsaq bu
söhbətləri eşitməməlidir. Çünki onun
əsəbləri çox gərgindir. Bu barədə
eşidəndə,yaxud danışanda kişinin halı
dəyişir. Ona görə də Sədaqət göz
yaşını silə-silə qalxıb üstəlik ev
sahibinin oturduğu otağın qapısını da
möhkəm bağlayıb söhbətinə davam
edir:-İki bacı bir-birimizin üzünə baxdıq və
heç nə demədən elə
baxışlarımızla bir-birimizi başa
düşdük. Çıxmaq lazım idi. Beləcə
iki qadın yeddi uşaqla yola çıxır. Qar-qar
çayına üz tuturlar. Uşaqları qucaqlarına
alıb çaydan keçirirlər. Bundan sonra
əlçatmaz-ünyetməz,səmti-istiqaməti
bilinməyən,fəlakət və faciə dolu bir yol
başlanır. O vaxt Sədaqətin 33 yaşı vardı.
Sara ondan iki yaş böyük olan bacısı idi. Xocalıda
doğulub böyümüşdülər. Hansı
səmtdə hansı bölgənin yerləşdiyini də
yaxşı bilirdilər. O müdhiş gecədə Ağdam
tərəfə yollanırlar. Lakin qaranlıq və şaxta
onları necə karıxdırırsa,hava işıqlananda az
qala Xankəndiyə çatdıqlarını
görürlər. Yolu dəyişəndən sonra
böyük bir dəstə ilə rastlaşıb ona
qoşulurlar. Abdal-Gülablıya çatmağa az
qalmış ermənilərin atəşlərinə
məruz qalırlar. Öndə gedən cavan
oğlanlar,kişilər işarə ilə bildirirlər
ki,irəliyə gəlməyin. Bununla
belə,vəhşiləşmiş erməni
dığaları günahsız insanları gülləbaran
edir. Bacılar uşaqların özlərinin salamat
qaldıqlarına şükür edib ara
sakitləşəndən sonra yenidən yola
düzəlirlər. Onlar artıq beş gün beş
gecə idi ki,ac-susuz
çöllərdə,meşələrdə idilər. Qan
qarın üstü ilə şırım açaraq arx kimi
axırdı. İki qadın və yeddi uşaq qanlı
izlərin üstü ilə addımlayaraq
irəliləyirdilər. Və bundan sonra elə olaylar baş
verdi ki,onları sözlə ifadə etmək
çətindir. Uşaqlar yemək, su istəyirdilər.
Tez-tez soruşurdular ki,bəs atamız hanı? Niyə
gəlib bizə kömək etmir? Bu zaman Sədaqətin
həyat yoldaşı İsaq başqa bir səmtdə
faciə yaşayırdı. O,evə dönəndə
Sədaqət artıq uşaqları da götürüb
Saragilə getmişdi. İsaq atasını qabağa salıb
anasını kürəyinə götürərək
odun-alovun içindən birtəhər çıxır. Var-
gücünü toplayıb irəliyə gedir,anasını
belindən düşürüb geriyə
qayıdır,qız-gəlinə,uşaqlara
irəliləməkdə kömək edir və yenidən
irəli qaçıb anasını kürəyinə götürür.
Sədaqət o günlərin hər anını
ürəyinin daxili fəryadı ilə xatırlayır:
-Biz pərən-pərən düşmüşdük.
Bilirdim ki,İsaqın
macalı olsa,mütləq
özünü bizə
çatdırar. Amma uşağı necə başa salasan?..Taqətdən düşmüş
bacım birdən-birə
qarın üstünə
çökdü. Ona
yalvardım ki, Sara, qalx,uşaqları bu zülmdən qurtaraq. Onu qaldırmağı çalışdım. Ama artıq
gec idi...Bundan sonra təbiətin
və taleyin amansız şaxtası mənim gözümün
qarşısındaca ömür
çiçəyimin üçünü
də soldurdu. Bacımın üç ciyərparası
da kol dibində donub qalmışdı.
Son gücümü toplayaraq Saranın salamat qalmış böyük qızının
əlindən tutub irəliləməyə çalışdım.
Bundan sonra nələr olduğu yadımda deyil. Gözümü açanda özümü
Ağdam hospitalında
gördüm. Daha sonra
Sədaqəti M.Mirqasımov adına Respublika Kliniki
Xəstəxanasına gətirirlər. Orada ayaqlarını
əməliyyat edirlər. Sədaqət bu
əməliyyatın nədən ibarət olduğunu bilmir.
Lakin əməliyyatdan bir-iki gün sonra xəstəxanada
çəkiliş aparan Türkiyə jurnalistləri
həkimdən xahiş edirlər ki, Sədaqətin
ayaqlarını onlara göstərsin. Həkim
mələfəni qaldıranda Sədaqət görür ki,
don vurmuş barmaqlarını kəsiblər. Danışdıqca
Sədaqət o günləri sanki təzədən
yaşayır:
Artıq iki
ay idi xəstəxanada müalicə olunurdum. Bir gün tibb
bacısı gəlib dedi ki, səni dəhlizdə bir kişi
gözləyir. İsaq idi, məni çox
çətinliklə axtarıb tapmışdı. Ondan
xahiş etdim ki, çıxıb getsin. Üzünə
də baxa bilmirdim. Elə bilirdim bundan sonra bizim birgə
həyatımız artıq mümkün deyil. Nə
gizlədim, mənə elə gəlirdi ki, barı
tükənmiş, qol-budağı kəsilmiş bir
ağacam, kötüyəcən qurumuşam. Lakin İsaq bu
təklifi yaxına belə buraxmaq istəmir. Deyir ki, nə
danışırsan, mən səni heç vaxt tək
qoymaram! Bu müharibə elliklə hamımız
üçün gəlib, tək ikimizin faciəsi deyil. Bundan
sonra İsaq hər gün xəstəxanaya gəlir.
Sədaqət öz dediyini, İsaq da öz dediyini təkrar
edir. Sədaqət, nəhayət, ömür-gün
yoldaşının sədaqəti qarşısında ram
olduğunu söyləyir: - Xəstəxanadan
təzəcə çıxmışdım. Sağ
qalmış qohumlarımla bir yerdə idim. Bir də
gördüm ki, qayınanam, qayınatam, bir neçə
nəfər ağsaqqal və həyat yoldaşım
birlikdə qaldığımız yerə
gəliblər. Hamı susurdu. İsaq ağsaqqallardan üzr
istəyib üzünü mənə tutdu. Dedi ki,
Sədaqət, sonluğu ağlagəlməz faciə ilə
bitən 12 illlik ailə həyatımızı qorxunc bir yuxu
kimi arxada qoyub səninlə təzədən evlənmək
istəyirəm. Beləliklə, ailənin sağ qalan
üzvləri birləşərək Naftalan
şəhərində sanatoriyada məskunlaşırlar.
1993-cü ildə onların bir körpəsi dünyaya göz
açır. Uşağa Xocalıda itirdikləri 7
yaşlı balaca şəhid Ramanın adını
verməklə ailə ruhu mələk kimi göylərə
çəkilmiş üç nakam övladının iyini
ondan almağa çalışır. Beləliklə, evdə
bir oğul böyüməyə başlayır. Üç
il sonra Ramanın bacı payı da dünyaya gəlir. İndi
Arzu artıq gəlin köçüb. Raman da evlənib.
Hazırda ailə Goranboy rayonunun ərazisində
qaçqınlar və məcburi köçkünlər
üçün tikilmiş çoxmərtəbəli
evlərdən ibarət məhəllədə
məskunlaşıb. Sədaqət xanım və İsaq
kişi nəvə arzusu ilə yaşayırlar. Vaxt gələcək,
bu kökdən yeni-yeni pöhrələr qalxacaq budaqlar
şaxələnəcək. Doğma torpağa sevgi,
müqəddəs ruhlara ehtiram bu ailənin
övladlarını mütləq Xocalıya aparacaq. Orada
axıdılan günahsız qanlar, törədilən
soyqırımı üçün isə erməni
faşistləri dünya durduqca tarix və Haqq
qarşısında cavabdeh olacaqlar. Etdikləri
qəddarlıqlar və cinayətlər onları
əsrdən-əsrə nəsil-nəsil
izləyəcək.Çətin ki, belələrinin
ölü doğulmuş vicdanı nə vaxtsa oyana. Amma zaman
onlara öz cəzasını verəcək.
Olaylar.-2018.-
27 fevral.-S.10.