Dünyanın diqqətinə! Xocalı insanlığın faciəsidir

 

Beynəlxalq hüquq Xocalı faciəsinin soyqırımı olmasını təsdiq edir

Xocalı Soyqırımı İnsanlığın faciəsidir. 26 il Azərbaycanın Xocalı şəhərində insanlıq tarixinin ən qanlı cinayətlərindən bir törədildi. Belə vəhşilik insanlıq tarixində heç zaman baş verməyib. Xocalıda baş verənlər beynəlxalq hüquq normalarında birmənalı şəkildə soyqırım olaraq təsbit edilməkdədir. Amma o gecədən sonra necə-necə insan üçün gündüzlər də əbədi qaranlığa çevrildi. Necə-neçə ailənin çırağı söndü. Həm də yalnız Xocalı sakinlərinin deyil. Azərbaycanın müxtəlif bölgələrindən olanların həyatında qaranlıq səhifələr açıldı. Bu günlərdə hər bir azərbaycanlı, türk qanı daşıyan hər bir insan Xocalı adlı şəhərimizdə baş verən dəhşətli qırğınlardan danışır. Əllərimizdə Azərbaycan bayrağı, qulaqlarımızda xocalılıların fəryadı var. Müxtəlif ölkələrdə, qurumlarda Xocalıda baş verən qırğına ədalət istəyirik. Haqlı davamıza dayaq çıxanları axtarırıq. Bu işləri etmək bizim millət kimi, insan kimi borcumuzdur. Bunlar öz yerində. Amma Xocalıda dəhşət yaşadılan o insanların-gözləri çıxarılmış, bədənlərinə min-bir yara vurulmuş, təhqir olunmuş insanlarımızn şəkillərinin paylaşılması özlüyündə çox ağır gəlir. Bu şəkillərə quru-quru baxanların o insanların acılarını dərindən dərk edə biləcəyinə inamım azdır. Xocalı bir millətin deyil, insanlığın faciəsidir. Xocalıda törədilənlər Allaha qarşı çıxmaqdır. 25 fevral tarixinin gecəsi gəldi, amma səhəri açılmadı. Sabahı olmayan bir gecə yaşandı. 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olub.
Vəkil Rövşən Qasımov qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar aşkarlanıb. Həmçinin burada arxitektura abidələri -1356-1357-ci illərə aid olan dairəvi qəbr və XlV əsrə aid mavzoley var. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş verən hadisələrlə əlaqədar olaraq Fərqanədən qaçqın düşmüş 54 Ahısqa türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulan bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə rus-erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular... Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər... Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir. İndi dünyadan ermənilərin törətdiklərinə hüquqi qiymət verməsini gözləyirik. Amma ermənilər heç kimə məhəl qoymur. Xocalı hadisələri regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edirdi. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşüb və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar: "Gördüyümüz odur ki, ermənilər heç bir beynəlxalq qaydalara əməl etməkdə maraqlı deyil və etmək fikrində də deyil. Bu günlərdə türkiyəli bir alim dünya arxivlərindən tapdığı sənədlərdən danışırdı. Həmin sənədlərdə məşhur siyasi liderlərin ermənlərin soyqırım iddialarının saxta olduğunu bilmələrini təsdiqləyən məlumatlar var. Niyə də olmasın, axı, onsuz da erməni öz gücü ilə heç bir işə nail ola bilməzdi. Lakin çox təəssüf ki, bəzən bilərəkdən, bəzən də fərqinə varmadan baş vermiş hadisələr qətliam kimi təqdim olur".
 

***

R.Qasmov bildirib ki, Xocalıda baş verənlər istər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq hüquq normalarında birmənalı şəkildə soyqırım olaraq təsbit edilməkdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində göstərilir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupa, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fıziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları başqa qrupa keçirmə soyqırım cinayətinin tərkibini yaradır. Eyni zamanda beynəlxalq təşkilatlat tərəfindən qəbul edilən hüquqi aktlarda da açıq şəkildə soyqırımın tərifi verilməkdədir. 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən "Soyqırımın qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyada qeyd olunur ki,soyqırım - hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və müəyyən hissəsinin məhv edilməsi məqsədilə törədilən hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir: bu qrupların üzvlərinin öldürülməsi; onların sağlamlığına ağır zərər yetirilməsi; uşaqların doğulmasına zorakı əngəllər yaradılması; bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirilməsi; qrupun məhv edilməsinə yönələn həyat şəraitinin yaradılması zorla köçürmə; Xarici kütləvi informasiya vasitələrində yer alan məlumatlar soyqırım faktını təsdiq edir. Bu soyqırımı cinayətinin iştirakşılarının layiqli cəzalarını alması və məhkəmə qarşısına çıxarılması üçün Xocalı soyqırımının dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən tanınması lazımdır. Məhz bu səbəbdən də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illər Xocalı soyqırımının dünya ölkələrində tanıdılması, cinayətkarların ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları Xocalı soyqırımının 20-ci ildönümündə təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır. Zəngin faktlar və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır. Aparılan məqsədyönlü və ardıcıl tədbirləri nəticəsində son illər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanıyıb. ABŞ-ın Virciniya, Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi və digər ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Leyla Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənir. 2008-ci il mayın 8-də Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası təsis edilib, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilib. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönələn bu kampaniya bir sıra ölkələrdə uğurla həyata keçirilir. Bu uğurlu kampaniya başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsinin kütləvi qırğın kimi tanınması barədə qətnamə qəbul olunub. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İSESCO arasında imzalanan anlaşma nəticəsində Xocalı soyqırımı haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilib. Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanıb. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. Ümid edirik ki, aparılan uğurlu təbliğat tezliklə uğurla nəticələnəcək və Xocalı soyqırımını törədənlər layiq olduqları cəzanı alacaqlar".

Zəka

Olaylar.-2018.- 27 fevral.-S.12.