Ödəməyə
borclu olduğumuz borc
Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı
Əntiqə Qonaq Qarabağ
savaşında hərbi jurnalist kimi bütün
cəbhə bölgələrinə dəfələrlə
səfərlər etmiş və qaynar döyüş
səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə
iştirak edən zabit
və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın
müdafiəsində duran igid
oğullarımızdan müsahibələr almış,
onların istək və problemləri ilə maraqlanmış
və bu səpkidə yazdığı
müxtəlif janrlı yazıları ilə dövri
mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda
yazdığı iki kitabın
müəllifidir: "Ölməzlik" və
"Vətən, səndən keçmək olmaz!"
"Ömrümün Qarabağ
səhifəsi" layihəsində Əntiqə Qonaq müharibədə canlı şahidi olduğu
hadisələrdən, cəbhə xatirələrindən söz açır.
HAMIMIZ QƏLƏBƏYƏ
KÖKLƏNMİŞDİK
Xocalı haqqında ilk qeydlərim düz 30 il bundan əvvələ aiddi. O zamana ki, ermənilərin Topxana
meşəsində kəsdikləri ağaclara
görə bütün millət ayağa qalxmış, səfərbər olmuşdu. Jurnalist
marağı və peşə təəssübüm məni
də milli iftixar
və qürur yerimiz olan Şuşaya
çəkib aparmışdı və təbii ki,
Şuşaya gedən bir yol da Xocalıdan keşçirdi
Bəli,
Xocalıda o illər böyük quruculuq işləri gedirdi.
Mesxeti türkləri, Ermənistandan və Xankəndindən
vəhşicəsinə qovulmuş yurddaşlarımız
üçün salınmış yeni
məhəllədəki tikililər az qala
Əsgəranadək cərgələnmişdi. O zaman
ürəyimdə bəlkə adidən də adi, həm
də təbii istəkdən doğan bir hiss baş
qaldırmışdı: gün gələcək, bu iki
yaşayış məntəqəsi birləşəcək,
biz dədə-baba torpaqlarımızda
qorxusuz-hürküsüz yaşayacağıq. İnanmaq
olmurdu ki, Ağdam - Xocalı - Şuşa kimi böyük
yaşayış sahələrinin arasındakı Xankəndi
və Əsgəran bir gün ərazilərimizə hegemonluq
edəcək... Xocalıya ilk gedişim isə Respublika
Qadınlar Cəmiyyətinin xətti ilə olmuşdu. Fəal
ictimaiyyətçi və həm də çox
vətənpərvər qadın, cəbhəyə
səfərlərimin əksəriyyətində
mənimlə birlikdə olan Şərafət xanım
Kələntərli ilə birlikdə (Allah rəhmət
eləsin) Xocalıda məskunlaşmış Mexseti
türklərinə və həm də şəhəri
müdafiə edən döyüşçülərə
cəmiyyət adından yardım aparmışdıq.
Onların istəklərinə uyğun olaraq həm də
məişət əşyalarının səyyar
satışını təşkil etmişdik.
Əsgərlərə apardığımız ərzağın
çatdırılmasında şəhər icra
hakimiyyətinin başçısı, millət vəkili
Elman Məmmədov özü bizə yoldaşlıq etdi.
Əsgər və zabitlərimiz nikbin görünsələr
də, real vəziyyətdən hali idik. Xocalının
başı üstünü almış qara duman
sürətlə aşağılara enməkdəydi. Bunu
görməmək mümkün deyildi. İkinci
səfərimizdə isə vəziyyət daha
təhlükəli hal almışdı. Artıq bizi ön
cəbhədəki əsgərlərin yanına buraxmaq
istəmirdilər. Çünki düşmənlə
göz-gözə idilər. Snayperlə dəqiq nişan
alırdılar. Hələ dinc əhalinin arasında da
itkilər var idi. Xocalı Ağdama söykənmişdi.
Ağdama güvənirdi. Ağdam da hər an onun yanında
olduğunu sübut etdirməkdəydi. Mənzərə
belə görünürdü. Əslində həqiqət idi.
Çünki Xocalı Ağdamın ermənilər
qarşısında sipəri idi. Bu qala sarsılarsa,
Ağdamın acı aqibətini düşünməmək mümkünsüz idi. Bu həqiqəti uşaqdan
böyüyə hamı bilirdi. Cəbhə bölgəsindən tutmuş
paytaxta qədər bu
vahimə və təşviş hiss
olunmaqdaydı. Ara-sıra paytaxta
tərəf köç
karvanlarını da görmək mümkün idi.
Ürəyimizi elə bil
kəlbətinlə sıxırdılar, nəfəs ala bilmirdik. Bir həqiqət də var
ki, o
hadisələrdən 30 ilədək bir zaman keçsə də, hər şey elə indicə baş
vermiş kimi
gözlərim önündə canlanır. O
günlərdə isə Xocalı nəhəng bir daş parçası kimi ürəyimdən
asılmışdı. Hara getsəm
də özümlə daşımaq
məcburiyyətindəydim. Elə indi
də sanki bu cürdü. Hislər köhnəlmir,
gördüklərim gözlərimin önündən,
eşitdiklərim qulaqlarımdan, şahidi
olduqlarım beynimdən, yaşadıqlarım
yaddaşımdan çıxmır ki,
çıxmır. Məni ən çox
sarsıdan isə Xocalıya üçüncü
səfərim idi. Daha doğrusu, bu səfərə cəhd
idi. Xocalı sorağıyla yola çıxmışdıq.
Ağdama qədər bu arzuya köklənmişdik.
Özümüzlə kifayət qədər yardım da
götürmüşdük. Ağdamda isə bizi şox pis
sürprizlər gözləyirdi. Ağlımıza belə
gətirə bilməyəcəyimiz, düşünmək
belə istəmədiyimiz dəhşətli reallıqlar.
1992-ci ilin ilk ayının son günləri idi. Daha dəqiq
desək 30 yanvar. Əslən Xocalıdan olan jurnalist
həmkarım Səriyyə Müslümqızı da
bizimləydi. Əsgərlərə sovqat da
aparmışdıq. Özü də həmişə
olduğu kimi, bu dəfə də yardımları
əlimizlə paylamaq istəyirdik. Amma Ağdamda bütün
planlarımız alt-üst oldu. Ağdam İcra Hakimiyyəti binasının
qarşısı insan seli
idi. Bir addım
belə olsun irəliləmək mümkün deyildi.
Öyrəndik ki, son
günlər vəziyyət olduqca
ağırlaşıb. Reallıqlar buradakı situasiyanın
düşündüyümüzdən də qat-qat
ağır olduğunu göstərirdi. Şəhər ilə
əlaqə yalnız vertolyotlar
vasitəsiləydi. Ağdamdan Şuşaya gedən sərnişin vertolyotu ermənilər tərəfindən
təzəlikcə vurulmuşdu. Nə
qədər itkimiz vardı. Buna görə Xocalıya da
vertolyotlar uçmurdu.
Baxın, ermənilər beləcə bizi
qorxu və xof
içində saxlayırdılar. Düşünmədən
belə bütün qanunsuzluqlara
və vəhşiliklərə qol qoyurdular. Heç bir pilot risk
eləmək istəmirdi. Şəhər əhalisinə
çörək aparan vertolyotların
heyətləri də yerə enməkdən çəkinir,
ərzağı havadan yerə ataraq geri
dönürdülər. Belə bir
vəziyyətdə əlaqədar təşkilatlara nə
qədər ayaq döydüksə, heç bir fayda vermədi. Kimə ağız
açdıqsa, ora getməyin qeyri-mümkün olduğunu
bildirdi. Kimsə bizi
Xocalıya müşayiət etməyə boyun
olmadı. Ən zor olanı o idi ki,
bizim təhlükəsizliyimizə
təminat verən yox idi,
kimsə buna cəsarət etmirdi.
Daha sonra bildirdilər
ki, kəşfiyyatçılardan Ağdama gələnlər olur.
Gətirdiyiniz sovqatı onlara etibar edə bilərsiniz. Aparıb lazımi ünvanlara çatdıracaqlar. Axı, Qarabağa elə səfərimiz
olmamışdı ki,
apardıqlarımızı öz
əlimizlə sahiblərinə çatdırmayaq. Bəs,
necə edək? Çətin vəziyyətdə
qalmışdıq. Çox götür-qoydan sonra
razılaşmalı olduq. Sovqatı
kəşfiyyatçılara təhvil verdik.
Möhkəm olmalarını, çətinliklərdən
sarsılmamalarını dilədik. Pis günün ömrü az olar. Tezliklə
səngər başında görüşmək
ümidiylə onlardan ayrıldıq. Adlarını xatırlamadığım həmin
döyüşçülərin hamısının
gözlərinin dərinliklərində böyük
bir kədər sezdim.
Üzdən özlərini sakit
göstərməyə çalışsalar da,
baxışlarından başqa
həqiqətlər hiss edilirdi.
Bizə gəlişimiz üçün bir xeyli
minnətdarlıqlarını bildirdikdən sonra
giley-güzarlarını mətbuat vasitəsi ilə respublika rəhbərliyinin, prezident
Ayaz Mütəllibovun ünvanına
çatdırmağımızı xahiş
etdilər: "Xocalının vəziyyəti olduqca
ağırdır. Bizə hərbi qüvvə və sursat göndərsinlər. Müdafiəni
gücləndirmək, lazım gələrsə, hücuma da keçmək
vacibdir. Yox,
əgər ən ağır anımızda bizi
yalnız qoyacaqlarsa, heç
olmasa dinc
əhaliyə qıymasınlar. Yazıqları gəlsin onlara. Döyüş
meydanında oğul-uşağın, qocaların,
qadınların heç bir
işi yoxdur.
Xocalının dinc əhalisini
nisbətən sakit
bölgələrə köçürmək lazımdı.
Günü bu
gündən". Əsgərlərin
bizə təşəkkürlərini də ittiham kimi
qəbul etdik. Çünki onlara yetərincə mənəvi
dayaq ola bilmirdik. Bu azmış kimi onların xahişinə
də əməl edə bilmədik. Öz
vətəndaşlarının acı taleyinə biganə
olan, Xocalı boyda şəhərdən yüksələn
fəryadlara göz yuman A.Mütəllibov və onun
komandasına döyüşçünün
giley-güzarını heç bir mətbuat orqanı
çap etmədi. Buraya toplaşanlar Xocalının dinc
sakinləri idi. Onlar bir neçə gün, bəzisi isə
bir həftə, 10 gün əvvəl bazarlıq etmək,
zəruri tələbat mallarını almaq, yaxın qohumuna
baş çəkmək, xəstəsinə
dəynəkdən ötrü Ağdama gəlmişdilər.
Xocalıya gedən yeganə avtomobil yolunu erməni
quldurları bağladıqlarından qalmışdılar
burada. Nə ev-eşiklərindən xəbər tuta
bilirdilər, nə də ki, aldıqları ərzağı
ailə üzvlərinə çatdırmaqda onlara
yardımçı olan vardı. Xocalıdan Ağdama
bazarlıq etmək üçün gəlmiş
şəhər sakinləri əlaqədar
təşkilatların qapısını döyür,
onları evlərinə, ailələrinin yanına
çatdırmağı xahiş edirdilər. Ağdamda
olduğum o günlərdə elə sərtliklərlə,
ağlagəlməz olaylarla qarşılaşdım ki, xatırlayanda
indi də dəhşət məni bürüyür.
İxtiyar bir qoca evdə xəstə qoyub gəldiyini, cavan
gəlinsə südəmər körpəsindən
xəbərsiz olduğunu söyləyib ah-zar edirdi. On uşaq
anası olan bir qadın deputat Xuraman Abbasovanın
otağından çıxmır, gah yalvarır, gah təkid
edir, gah tələblə danışır, sonda isə
çarəsizcəsinə dizlərini qucaqlayaraq
ağlaya-ağlaya deyirdi: "Heç olmaya
çörəklərin arasındaca məni
Xocalıya-balalarımın yanına çatdırın.
İndi ağlamaqdan onların bağrı yarılıb".
Görürsüzmü, ana Xocalıya dönəcəyi
təqdirdə aqibətinin nə cür olacağını
düşünmək belə istəmirdi. Tək amacı
övladlarına qovuşmaq, onları bağrına basaraq
ovutmaq idi. Nə olur-olsun hər cür ağrı-acıya
birlikdə sinə gərmək istəyirdi. Gerisi onu
maraqlandırmırdı. Ağlayan, sızlayan, imdad
diləyən, halı xarab olan çox, səslərinə
səs verən, imdad diləyən isə yox idi. Qocası da,
cavanı da, qadını da, uşağı da bircə
fikirdəydi: "Xocalıya dövlət
səviyyəsində qayğı göstərmək
lazımdı. Respublika rəhbərləri, o
cümlədən, prezident Ayaz Mütəllibov seyrçi
mövqe tutmalı deyil. Vətənin dar günündə
onlar xalqla birgə olmalıdırlar.Bu cür yiyəsizlik,
sahibsizlik aclnacaqlı nəticələrə gətirib
çıxaracaq. Dövlət səviyyəsində
kömək olmazsa, dinc əhalini də, şəhəri
qoruyan döyüşçüləri də
dəhşətli hadisələr gözləyir". Bu
sözləri siyasətdən uzaq sadə insanlar deyirdilər.
O insanlar ki, real vəziyyəti gözləri ilə
görürdülər, həqiqət bütün
çılpaqlığı ilə onlara bəlli idi. Bu
insanlar şəhərə yağış kimi
tökülən güllələrin vahiməsini,
ağır zirehli texnikanın qulaqbatırıcı
nəriltisini, hər an, hər saat faciənin
addımbaaddım onlara yaxınlaşdığını,
çıxış yolu tapa bilməyəcəklərini
dəqiq bilirdilər. Ermənilər səsgücləndiricilər
vasitəsilə xocalıları çəhəri tərk
etməyə çağırırdılar. Qəribə bir
arxayınlıqla bildirirdilər ki, onsuz da şəhəri
alacağıq, başınıza çarə qılın.
Şəhəri qoruyan döyüşçülər buna
inanmır, ermənilərin növbəti hiyləsi,
fitnəkarlığı kimi qəbul edirdilər. Dinc
əhalidən inananlar vardısa da, onları da bu
fəlakətin girdabından qurtaran yox idi. Xocalı
sakinləri daha respublikanın rəhbərlərində
də inanmırdılar. Amma onlar Vətən içində
təkləndiklərini də heç cür qəbul
etmirdilər. Son saata, son anadək ümidlərinin
yaşıl işığına sığınaraq gözlədilər.
Ağdamda çarəsiz insanlar çox idi. Ancaq
dərdlərinə əlac edəcək bir adam da tapılmırdı.
Xocalıların ah-nalələri yeri-göyü
qarsıyıb yandırırdı, lakin daş
ürəkləri isitmirdi ki, isitmirdi. Bu soyuqqanlılıqla,
biganəliklə Xocalı adlı bir faciənin təməli
qoyulurdu... və gerçəkdən də, çox
keçmədən vardan yox ola-ola deyəcəkdik:
Xocalı adlı yurd yerimiz vardı.
Bakıya qayıtmağımızdan
düz üç həftə sonra ermənilər Rusiyanın
bilavasitə dəstəyi
ilə - 366-cı motoatıcı
diviziyanın iştirakı
ilə fevralın
25-dən 26-na keçən gecə azğıncasına
şəhərə basqın
etmiş, nə uşaqlara, nə qız-gəlinlərə, nə
də qocalara, xəstələrə məhəl
belə qoymadan ağlasığmaz vəhşiliklərlə
əsrin, bəlkə
də əsrlərin ən dəhşətli, ən görünməmiş
faciəsini - Xocalı
soyqırımını törətdilər.
Ermənilər hətta ölümsaçan
silahların vahiməli
səsindən bayılmaq
dərəcəsinə gələn,
nicat yolu axtaran dinc əhaliyə
aman belə verməyərək onları
qanlarına qəltan etmiş, vəhşicəsinə
öldürmüşlər. İnsan üçün həyatda ən dözülməz, ən çarəsiz hal gücsüzlüyünü, acizliyini
dərk etdiyi andır. Xocalı soyqırımından sonra bəlkə də, onlarla, yüzlərlə yurddaşım
bu cür hisslər keçirib, infark olanları, dünyasını dəyişənləri
də çox olub. Ürəyimdəki
ümid qığılcımının
işartısıyla, bəlkə,
tanıdıqlarımdan kimisə
görüm, acı reallıqlara şahid olaraq bilgi toplayım
deyəxəstəxanalara üz
tutdum. Respublika Xəstəxanasından başladım. Baş çəkdiyim
ilk palatada 16 yaşlı
Xocalı məktəblisi
Rəfiqə Muradova ilə hal-əhval tutdum. Ayağından yaralanmışdı. Üzərində cərrahiyyə əməliyyatı
aparılsa da, özündə, sözündə
deyildi, şokdan hələ də tam çıxmamışdı. Başına gələnləri
güclə eşidiləcək
zəif səslə, qırıq-qırıq söyləməyə
başladı: "Bizi
çox incitdilər.
Hərbi
sursatın yerini soruşurdular. Guya biz elə
sirləri bilirik.
İstədikləri cavabı almayanda
elə qəddarlaşırdılar
ki...Ən çox cavanlara işgəncə verirdilər.
On nəfər döyüşçünün başını kəsdilər
və bizi də döyə-döyə
bu dəhşətli mənzərəyə baxmağa
məcbur etdilər.
Yeznəmizin, xalamın oğlu
və qızıının,
gəlinimizin də başlarını kəsdilər.
Bacım
və iki uşağı, qardaşım
da əsirdilər.
İndi də xəbərim yoxdu onlardan. Dörd gün Xankəndidə işgəncə verdilər
bizə. Lap çox idik. Yalnız 14 nəfərimizi Qırmızı
Bazardan üç azərbaycanlı oğlan
gəlib 20 litr benzinə dəyişdilər.
Füzuliyə çatandan sonra
öyrəndik ki, onların adları Fəxrəddin, Yusif və Səməd idi. "Tovuz
Zeynalovanın da faciəsi dillə deyiləsi deyildi. Atılan güllərdən biri qucağındakı körpəsinə
dəymişdi. O biri
uşağı ilə
güc-bəla düşmənlərin
nəzərindən yayına
bilmişdi. Qaynını və onun döyüş yoldaşlarını
meşədəcə qətlə
yetirmişdilər. Əmisi, bibisi
və digər qohumları da güllə yağışından
sağ-salamat qurtara bilməmişdilər. Ağdamın Şelli kəndindən Əhliman Şahmarov yoldaşları ilə köməyə gəlməsəydilər
Tovuzun da, onun kimi yüzlərlə
köməksizin də
vəziyyəti dözülməz
olacaqdı. Respublika xəstəxanasında
zərərçəkənlər də, xilaskarlar da birgə yatırdılar.
Xocalı sakinlərinə köməyə gedən könüllülərdən də
şəhid olanlar və yaralananlar, düşmən əlinə
keçməməkdən ötrü
özlərini vuranlar,
mülki əhalini xilas edərkən qəhrəmancasına dünyasını
dəyişənlər də
çox idi. Əlif Hacıyev "təhlükəsizliyinizə
başımla cavabdehəm",
- demişdi. Elə başından
da atdılar ona. Xocalının ölüm dəyirmanından
möcüzə sayəsində
qurtulanlar söyləyirdilər
bunu. Hicran Ələkbərova və Səidə Cəfərovanın acınacaqlı
vəziyyətləri isə
bu bəlaya düçar olmuş soydaşlarımızın daha
bir faciəsindən xəbər verirdi. Nə qədər ağır olsa da, onların gülə-gülə (bu
gülüş məlum
xəstəliyin əlaməti
idi) söylədiklərini
axıracan dinləməli
oldum: "Ermənilər
"Ura!" qışqıra-qışqıra
hücuma keçmişdilər.
Elə bil kinolardakı kimi. Məktəbin zirzəmisinə girib gizləndik. Sonra meşə istiqamətində
qaçdıq. Gözlərimiz
önündəcə qohum-qardaşımızı,
yaxınlarımızı ot kimi biçirdilər.
Var gücümüzlə qaçıb
bu bəladan qurtarmağa çalışırdıq.
İndi xatırladıqca hadisələr
bütün dəhşətləriylə
gözlərimiz önündə
canlanır". Həkimlər ən çox Abbasovlar ailəsinin üzvləri üzərində
çalışırdılar. Bəsti ana qəzları Məruzə, Mənsurə
və Ləfxanımla
bir palatada müalicə alırdı.
Dördünün də ayaqlarını
şaxta vurmuşdu.
Həkimlərin əlləşib-vuruşduqları
o idi ki, heç olmaya ailə üzvlərindən
birinin ayaqlarını
xilas etsinlər.
Heç
olmasa sağalacaq həmin şəxs digər ailə üzvlərinin qulluğunda
dura bilsin. Əslinə
qalsa, bu səpkidə biri-birindən ağır
hadisələr istənilən qədərdir. O illərin qeyd
dəftərçəsini vərəqlədikcə
qələmə aldığım neçə-neçə
hadisə indicə baş veribmiş kimi gözlərim
önündə canlanır. Ancaq onu da xatırlayıram ki, bu
cür ağlasığmaz vəhşiliklərə məruz
qalsalar da, həyatlarının ən qorxunc
dəhşətini yaşasalar da, ürəklərinin dərinliklərində
ucundan tutub işığa çıxacaq bir işıq yeri
ayırmışdı xocalılar. Bu ümidin yaşıl
yolu onları bir gün Xocalı adlı doğma və
əzəli məkanlarına aparacaq. O zaman hər şey
təzədən, lap ibtidaidən başlanacaq. Analar beşik
başında körpələrinə qəmli bir dastandan
parçalar pıçıldayacaq... Biri vardı, biri yoxdu...
və bu dastanın qəhrəmanlıq notları altında
yeni-yeni Əliflər, Ramizlər, Rasimlər, Elmanlar,
Əlyarlar, Vəzirlər... doğulacaq, yurdu ana andı kimi
qoruyanların sayları artdıqca artacaq. Vətən
içində Vətən itirdik. İtkilərimizin ən
böyüyü, ən qiymətlisi, ən
müqəddəsi, həm də ən dəhşətlisi...
Şəhid şəhərin şahid sakinləri bu
faciəyə ağlamadılar. Göz yaşları
əvəzinə qanlarını tökdülər doğma
yurdun hər yerinə - evinə, küçəsinə,
çəməninə, meşəsinə, qarına,
palçığına. Qanlarını torpağa
səpdilər ki, hər gələn yazda otlar,
çiçəklərlə birgə onların məhv
edilmiş, top-tüfənglə dağıdılmış,
yerlə-yeksan olmuş xanimanları, puç olmuş
arzuları bəlkə göyərə, boy verə
Vətəndən Vətənə sarı. Bizlərin intiqan
hissini, Vətən qeyrətini öləziməyə,
əbədilik itməyə qoymaya. Ən azı ona
görə ki, nə vaxtsa "Xocalı adlı yurd yerimiz vardı"
sözlərini söyləməyək. Allah bizi bu
sözlərin vahiməsindən, ən əsası isə bu
biabırçılıqdan qorusun. PS: Mən Xocalıda
doğulmasam da, burada yaşamasam da, bu şəhərdə
olmuşam, küşələrini, səngərlərini
qarış-qarış gəzmişəm, zəhmətsevər
insanlarını və qəhrəman keşikçilərini
görmüşəm. Oralara bir də getmək,
gördüklərimin bir daha şahidi olmaq isə mənim bir
vətəndaş kimi borcumdu. Borc isə nə olur-olsun
ödənilməlidi.
Olaylar.-2018.- 28 fevral.-S.12-13.