Gender, ailə və demoqrafiya
məsələləri
Azərbaycan da dünyanın aparıcı dövlətləri
ilə bu problemin həllində
birgə addımlayır...
Şərqdə
qadın...
1901-ci il oktyabrın 7-də Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradıldı. Bu məktəbin sayəsində qızlar elmə yiyələndilər. Müsəlman aləmində böyük səs salan məktəbin yetirmələri o dövrün aydınları idilər. Onların sayəsində Azərbaycanda maarifçilik ənənələrinin ilk addımları atıldı. Dünyəvi məktəbin yaradıcıları Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və İosif Vikentiyeviç Qoslavski cəmiyyətin bütün bəlalarının cahillikdən qaynaqlandığını anlayırdılar. Onlar sağlam və aydın cəmiyyət qurmaq üçün qadınların mütləq şəkildə təhsilə yiyələnməli olduqlarını çox gözəl bilirdilər. Dünyəvi məktəbin yaradılması, fəaliyyəti sadəcə bir başlanğıc idi.
Bundan sonra qadınlara daha bir hüquq - SEÇİM hüququ verildi. Şərq ölkələri içərisində ilk dəfə qadınlara seçim azadlığını da məhz Azərbaycan Xalq Cümhuriyyəti verdi. 1918-ci ildə Cümhuriyyət dövründə ölkə ərazisində yaşayan qadınların bərabər seçki hüququ qanunla təsdiq edilirdi. Bu hələ o zamanlar idi ki, bir çox Avropa ölkələrində qadınlar heç bir hüquqa sahib deyildilər. Avropada qadınların heç bir hüquqa sahib olmadıqları halda, artıq Şərqdə - Azərbaycanda qadının azad seçim hüququ var idi.
Avropadan fərqli olaraq ailə hər zaman Şərq ölkələrində xüsusi yeri olan, bütövlüyü qorunulmağa çalışılan kiçik "dövlətdi". Şərq ailələri hər zaman kişi ötkəmliyi, qadın sədaqətliliyi və zəkası ilə seçilib, idarə olunub. Sağlam cəmiyyətin qurulması üçün heç şübhəsiz ki, cəmiyyətdə sağlam ailələrin olması vacib şərtdir. Ailədə uşaqların ana tərəfindən tərbiyə olunması, qadın tərəfindən yaxşını -pisi ayırd edərək sağlam düşüncəyə yiyələndirilməsi qadının cəmiyyət, dünya üçün necə bir qüvvə, varlıq olmasını bir daha sübuta yetirirdi. Ailəsinin maddi və mənəvi əzablarını hər zaman öz çiyinlərində daşıyan şərq qadını son nəfəsinə qədər ailəsi, övladları üçün çırpınırdı. Övladlarının təhsili, rifahı üçün gecə -gündüz çalışıb. Bir çox şərq qadınları övladlarının işıqlı gələcəyi üçün qarşısında ola biləcək bütün sədlərə sinə gərirdi.
Tarix təkrarlanır...
1995 - ci il. Tarix yenə də təkrarlanır. Azərbaycan dövləti bu dəfə də qadınlar üçün geniş imkanlar yaradır. Belə ki, BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulur. 1998 - ci ildə ölkəmizdə Azərbaycan qadınlarının cəmiyyətdə fəaliyyətinin və rolunun artırılması istiqamətində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılır. Respublikamızda "Gender bərabərliyi haqqında" Qanun isə 2006 - cı ildə qəbul edildi. Qəbul olunmuş qanun sayəsində ölkəmizdə rəsmən qadın və kişinin ictimai - sosial, mədəni, iqtisadi həyatında və digər sahələrdə bərabərlikləri təmin edildi. Cinsi mənsubiyyətə görə ayrı - seçkiliyin bütün formaları aradan qalxdı. Həmçinin qanunun qəbul olunması ilə ölkəmiz bir sıra beynəlxalq gender layihələrində iştirak etdi və dövlət büdcəsindən gender problemlərinin həllinə dair maliyyə yardımları ayrıldı.
Artıq Azərbaycan da dünyanın aparıcı dövlətləri ilə birgə qlobal problem - gender problemlərinin həllində birgə addımlayır, bu sahədə beynəlxalq təcrübəyə yiyələnir.
Dünya genderlə necə mübarizə aparır?
Bu gün dünyamızda və ölkəmizdə
gender problemləri özünü
daha çox ailə -məişət zəminində büruzə
verir. Qarşı cins tərəfindən
çox zaman fiziki və mənəvi şiddətə
məruz qalan qadınlar hüquqlarını
necə qoruyacaqlarını,
hansı addımlar atmalı olduqlarından xəbərsiz olurlar.
Bu sahədə maarifləndirmə işlərinin
zəif aparılması,
qadınlara öz hüquqları haqqında
məlumatsız olmaları,
şiddəti tətbiq
edən şəxslərin
cəzasız qalmaları
və bu kimi arzuolunmaz halların daha da geniş miqyas
almasına səbəb
olur. Mütəxəssislər
bu tip problemlərin yeganə həlli olaraq hər iki tərəfin - şiddətə məruz
qalanın və şiddəti tətbiq edənin maariflənməsində
görürlər.
Artıq bu sahə üzrə
dünyanın aparıcı
dövlətləri hərəkətə
keçib. Belə ki, onlar mütəxəssislərin fikirlərini
həyata keçirərək
bu yöndə sosial layihələr gerçəkləşdirirlər. Tətbiq olunan layihələr ölkənin aparıcı
şəhərləri ilə
yanaşı həm də ucqar bölgələrində
həyata keçirilir.
Sosial layihələrdə
xalqın məhəbbətini
qazanmış məşhur
simalar şiddətin cinayətin bir növü olduğunu və kimliyindən (qadın və ya kişi
olmasından) asılı
olmayaraq hər kəsin məsuliyyətə
cəlb oluna biləcəyini xatırladır.
Gender problemlərinin həlli istiqamətində
həyata keçirilən
sosial layihələrdə
əsas məsələlərdən
biri də müasir texnikanın sayəsində bir -birilərinə laqeyd, kobud davranan insanlarda bir - birilərinə qarşı
sevgi hissini aşılamaq, cəmiyyətə
insani hissləri təbliğ etməkdir.
Və aparılan araşdırmalar
nəticəsində mütəxəssislər
bildirir ki, məhz bu cür
sosial çarxların
sayəsində qadına
qarşı şiddətin
sayında qismən azalmalar müşahidə
edilib.
Dünyanın bir sıra ölkələrində
və eləcə də bir çox
Şərq ölkələrində
qadınlar təkcə
ailədaxili şiddətə
deyil, sosial -ictimai və iqtisadi fəaliyyəti zamanı da maneələrə rast gəlirlər. Bu sahədə
qadınların fəaliyyəti
ilə əlaqədar
sərt qanunlar olmasa da, qadın
gücünü və
qüvvəsini qəbul
etməkdə çətinlik
çəkən qarşı
cinslər hər zaman onlara əngəl
törətməyə çalışırlar.
Bu kimi hallara daha çox qonşu Türkiyədə rast
gəlinir. Adıçəkilən ölkədə sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan qadınlar dəfələrlə qarşı
cins tərəfindən
aldadılaraq maddi və mənəvi ziyanlarla qarşılaşıblar.
Şərq ölkələrində müasir
qadınlar və gender problemi...
XXI əsrdə yaşamağımıza
baxmayaraq, şərq ölkələrində qadınları
narahat edən bir problem hələ də aktual olaraq qalır: erkən nigah. Türkiyə, Pakistan, Hindistan, Ərəbistan və eləcə də ölkəmizdə qadın
hüquqları ilk olaraq
ailədə pozulur, tapdanılır. Bu gün erkən nigaha məcbur edilən qadınlara ilkin fiziki və
mənəvi, psixoloji
şiddət öz ailəsi, daha sonra isə həyat yoldaşı tərəfindən tətbiq
edilir. Bir çox qadınlar
bunu "tale" adlandıraraq
həyatlarını bu
cür davam etdirirlər. Səbəb isə
öz hüquqları
haqqında bilgisiz olmaları, gender problemlərinin
həlli yolunda həyata keçirilən
layihələrin məhz
adı çəkilən
ölkələrin iri
şəhərlərində, paytaxlarda reallaşmasıdır.
Bu gün dünya
statistikasına nəzər
salsaq görərik ki, şərq ölkələrində intihar
edən qadınlar daha çox üstünlük təşkil
edir. Məsələn,
Türkiyədə 10-14 yaş
arası qız uşaqlarının ailələrinə
"bəxşiş" adı
ilə verilən pul qarşılığı
ilə 40, 50, hətta
70 yaşlı kişilərlə
məcburi halda dini nigaha cəlb
edilməsi, o uşaqların
uşaqlıqlarını yaşamadan,
psixoloji travma ilə dünyaya uşaq gətirməyə
məcbur edilməsi gələcəkdə toplumun,
cəmiyyətin hansı
səviyyədə olacağını
aydın göstərir.
Qadınlara qarşı tətbiq olunan şiddətin qarşısını almaq
üçün qardaş
ölkə müxtəlif
dünya təcrübələrindən
bəhrələnməklə yanaşı, həm də şiddət göstərən insanların
yaş həddinə nəzər salıb, onların psixoloji durumlarını da araşdırmağa üstünlük
verir. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadınlara
qarşı şiddət
tətbiq edən şəxslərin çoxu
normal ailə ortamında
yaşamayan, həyatıboyu
atasının anasına
qarşı fiziki -mənəvi, psixoloji şiddət tətbiq etməsinə şahid olub. Ailədə sevgi, valideynlərin
bir -birinə hörmət etmələrinə
şahid olan kişilər isə ümumiyyətlə şiddətə
qarşıdırlar.
Son günlər qardaş ölkədə qadına
qarşı şiddətin
geniş yayıldığını
nəzərə alan Türkiyə Təhsil Nazirliyi qadına qarşı şiddət məzmunlu el
məsəlləri, atalar
sözləri, qədim
dastanların dərsliklərdən
çıxarılması barədə
müzakirələr təşkil
edib.
Azərbaycanda gender məsələləri
Bu gün ölkəmizdə
siyasi, iqtisadi, sosial sahədə yüksək məqamlarda idarəedici qüvvələr
arasında qadınların
söz sahibi olaraq fəaliyyət göstərmələri təqdirəlayiq
haldı. Azərbaycan qadınının həm beynəlxalq aləmdə, həm də ölkəmizdə əldə etdiyi uğurlar onlar üçün yaradılan
geniş imkanlardan xəbər verir. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini,
maarifləndirmə siyasətini,
həyata keçirilən
beynəlxalq layihələri
xüsusi vurğulamaq
lazımdır. Komitənin
dəstəyi ilə müxtəlif zamanlarda
"Heydər Əliyev
və Dövlət Qadın Siyasəti" , "Qadın Hüquqları üzrə
Bələdçi", "Müstəqil Azərbaycan
20 il: Dövlət, Ailə, Qadın və Uşaq siyasəti" adlı kitabları nəşr olunub. Bundan əlavə komitənin Qadın problemləri və gender məsələləri
şöbəsi müxtəlif
beynəlxalq təşkilatlarla
birgə bir sıra layihələr həyata keçirib. BMT-nin Əhali Fondu və Qərb
Universitetinin nəzdində
fəaliyyət göstərən
Gender Araşdırmaları Mərkəzi ilə birlikdə "Milli-mənəvi
dəyərlərin qorunması
və inkişaf etdirilməsi", "Gənc
nəslin sağlam düşüncə tərzinin
və humanizm prinsiplərinin inkişaf etdirilməsi", Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti ilə
birgə qadın hüquqları mövzusunda,
ABŞ Beynəlxalq İnkişaf
Agentliyi (USAİD) tərəfindən
maliyyələşdirilən və Counterpart International təşkilatı
tərəfindən icra
olunan Qadın İştirakçılığı Proqramı çərçivəsində
"Yerli idarəetmədə
Qadın liderliyi" layihələrini misal göstərmək olar.
Amma təəssüflə qetd etməliyik ki, bu gün ölkəmizdə uğura yiyələnmiş qadınlarla yanaşı, hər gün haqları tapdanılan qadınlarımız da var. Təhsil haqlarından məhrum edilərək erkən nigaha cəlb edilən, dünyaya övlad gətirməyə məcbur edilən qadınlarımızın sayı bölgələrimizdə üstünlük təşkil edir. Erkən nigaha cəlb edilən qızlarımız, ailə -məişət problemləri və bunlardan qaynaqlanaraq aldıqları psixoloji travma səbəbi ilə intihara cəhd edirlər.
Bu gün həyat yoldaşları tərəfindən haqları tapdanan, öz övladlarının gözləri önündə şiddətə məruz qalan qadınlarımızın sayı heç də az deyil.
Müasir dövrdə onlayn medianın və televiziyanın ən böyük təbliğat vasitəsi olmasından istifadə edərək, problemləri və onların həlli yollarını mütəxəssislərlə birgə geniş müzakirə olunaraq izləyicilərə, oxuculara təqdim olunması da maariflənmənin bir üsuludu. Amma təəssüflər olsun ki, istər ölkəmizdə, istərsə də dünyada nümayiş olunan bədii filmlərdə, seriallarda və hətta cizgi filmlərində reytinq naminə, izləyicini həyəcanda saxlamaq üçün çox zaman nəinki qadına, bütün canlı varlıqlara qarşı şiddəti özündə əks etdirən səhnələrə üstünlük verilir. Təqdim olunan bu tip səhnələri izləyən uşağın yaddaşına həkk olunan belə səhnələrin gələcəkdə hansı psixoloji travmalarla iz qoyacağı hər kəsi düşündürən məsələ olmalıdı. Bu gün KİV - də gender, ailə, demoqrafiya məsələləri geniş işıqlandırılmalı, televiziya kanallarında davamlı olaraq qadın hüquqlarını xatırladan verilişlər yayımlanmalıdı.
Nigar Adil
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçündür.
Olaylar.- 2018.- 24-26 fevral.- S.12.