Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün
xronologiyası
Ölkəmizə qarşı
ərazi iddialarının
başlanmasından 30 il keçir
Ermənistan dövləti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasət həyata keçirir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “Böyük Ermənistan” xəritəsi kiçik formatda Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz) sahillərini əhatə edirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədovun Ermənistanın Azərbaycana qarşı 30 il ərzində davam edən ərazi iddiaları və hərbi təcavüzünə dair təhlili məqaləsini təqdim edir.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” otelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Həmin ilin oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi ki, bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu.
Həmin il noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində dərc olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal oldu. Həmin ay Moskvada ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında əsassız tələblərini irəli sürdülər və Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.
Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. Belə ki, 1987-ci il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında Ermənistandan gələn millətçilər tərəfindən hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etdilər.
1988-ci il əvvəllərində ilk vaxtlar ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar. Ayın 12-də ermənilər DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə muxtar vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər.
Bütün bunların nəticəsi kimi, 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqazidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi. Bununla yanaşı, fevral ayında Ermənistandan azərbaycanlıların zorakılıqla qovulması da artıq kütləvi hala çevrilmişdi. Ayın 21-də ermənilər tərəfindən Yerevanda qalmış son məscid də dağıdıldı. Fevralın 23-də etnik təmizləmə siyasəti həyata keçirən ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər.
Nəhayət, 1988-ci il fevralın 24-də ilk qan töküldü. Ermənilərin uydurduğu kimi yox, əksinə, ilk qanı məhz ermənilər tökdülər. Əsgəran rayonunda Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirdikdən sonra Ağdam rayonunun sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşıdurma olub, 19 nəfər yaralanıb.
1988-ci il martın 24-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Qərarda göstərilirdi ki, vilayətdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə 500 milyon manat vəsait ayrılmışdır. Lakin qərar regionda sosial-iqtisadi inkişafın respublika vəziyyətindən doğmur, onun qəbul edilməsinə xüsusi ehtiyac duyulmurdu. Həqiqətən də baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların SSRİ rəhbərliyindəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq 1988-ci ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi silahlı hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı və dağıdıldı. 1988-ci ilin noyabr ayında ermənilər Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddətdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskəni boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı Azərbaycana qovulmuşdur.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” adı altında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitənin tərkibi 5 nəfər rus, 2 nəfər erməni, 1 nəfər azərbaycanlıdan ibarət olub.
SSRİ rəhbərliyi tərəfindən guya vəziyyəti sabitləşdirmək üçün A.Volski başda olmaqla DQMV-də yaradılan bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda vəziyyəti sabitləşdirmək adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun “fəal səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən İttifaqın tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. Belə ki, o dövrdə SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublika kimi əlahiddə göstərilirdi.
Nəticədə, Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi dövrdə Xankəndidən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə, vilayətin azərbaycanlılar yaşayan bir sıra kəndləri də komitənin “köməyi” ilə məqsədəuyğun şəkildə boşaldılır və vilayətin yaşayış məntəqələrindən qovulmuş azərbaycanlıların bir qismi Şuşaya pənah gətirirdilər. Ümumiyyətlə, A.İ.Volskinin “ciddi qayğısı” sayəsində vilayət demək olar ki, Azərbaycan hökumətinin nəzarətindən çıxmışdı.
Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Bu qərar hələ bu günə qədər qüvvədədir.
1990-cı il iyulun 25-də qanunsuz yaradılmış silahlı dəstələrin
tərksilah edilməsi haqqında SSRİ prezidentinin
“SSRİ qanunvericiliyi ilə nəzərdə
tutulmamış silahlı dəstələr
yaradılmasını qadağan etmək
və silah qanunsuz
saxlandığı hallarda onu geri almaq
haqqında” fərmanı qəbul edildi.
SSRİ prezidentinin bu
fərmanı da Ermənistan rəhbərliyi
tərəfindən qəbul edilmədi və yeni
seçilmiş parlament
elan etdi ki, fərman Ermənistan, həmçinin
Dağlıq Qarabağ ərazisində hüquqi qüvvəyə malik
deyil. Ermənistan rəhbərliyi SSRİ
prezidentinin fərmanına cavab
olaraq bildirdi ki, erməni silahlı qüvvələri
silahları təhvil verməyəcəklər. Artıq Ermənistan
təkcə Azərbaycana deyil, eyni zamanda, SSRİ-yə
qarşı müharibə vəziyyətində idi. Lakin mərkəzin laqeydliyi və bir çox hallarda bilərəkdən
hadisələrə prinsipial
yanaşmaması erməniləri bir qədər
də ruhlandırdı və daha böyük cinayətlərə sövq etdi.
Nurlan
Olaylar.- 2018.- 22 fevral.- S.13.