Türk dünyasını öz əsərlərində

birləşdirən yazıçı-dramaturq...

 

Yunus Oğuz bir yazıçı-dramaturq kimi tarixi roman janrında özünəməxsus örnəklər yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, çağdaş tarixi romançılıqda öz dəst-xətti ilə fərqlənən Y.Oğuzun yazdığı əsərlər yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda da özünə böyük şöhrət qazanıb. Y.Oğuzun əsərləri bu gün Türk dünyasında, xüsusilə də Orta Asiya respublikalarında çox populyardır.

Öz yaradıcılığı, yaratdığı əsərlərlə Türk dünyasının birliyinə töhfələr verən Yunus Oğuzla həmsöhbət olduq.

- Yunus bəy, Sizin yaradıcılığınıza nəzər saldıqda görürük ki, son illər daha məhsuldar işləyirsiniz və bir-birinin ardınca çox maraqlı tarixi romanlar, tarixi pyeslər meydana çıxarırsınız. Sirr deyil ki, bu əsərlərin sırasında Türk dünyasının qüdrətli oğlu Əmir Teymur haqqında yazdığınız roman Turan ellərində daha populyardır. Orta Asiya respublikalarına əsərləriniz necə gedib çıxdı?

- Bu gün, demək olar ki, bir sıra türkdilli respublikalarla mənim yaradıcılıq əlaqələrim var. Qazaxıstanla da, Qırğızıstanla da, Özbəkistanla da artıq bu əlaqələr qurulub. Təəssüflər olsun ki, Türkmənistan qapalı bir məkandır və ora daxil olmaq hələlik mümkün deyil. Əməkdaşlığa ilk olaraq Qazaxıstandan başladıq. Almatıda Nazarbayev Fondu "Əmir Teymur" tarixi romanımı rus dilində çap etdi və o əsərin çox yüksək səviyyədə təqdimatı keçirildi. Yəni əməkdaşlığımız belə başladı. Onu da vurğulayım ki, əvvəllər məni heç yaxına buraxmırdılar. Deyim ki, o vaxt onlar elə düşünürdülər ki, Əmir Teymurun çörəyini yeyənlərdən biri də gəldi. Açığını deyim ki, heç mən burada maddi maraq güdmürdüm. Mən heç orada qonorar da almadım. Azərbaycan Mədəniyyət Fondu qonorar verdi, ancaq orada mətbəələr qonorar vermədilər.

- Bəs Özbəkistanla əlaqəniz necə quruldu?

- Mən o vaxt Özbəkistan Prezidenti olan İslam Kərimova teleqram vurdum və əsərim haqqında ona məlumat verdim.

- Söhbət "Əmir Teymur"dan gedir?

- Bəli. İslam Kərimova yazdım ki, Əmir Teymur haqqında kitab yazmışam, mənim günahım nədir ki, heç kəs kitabımı orada nəşr etmək istəmir. Məlumat aldım ki, İslam Kərimov ancaq xaricdən gələn teleqramlara baxırmış, ancaq ölkə daxilindən gələn teleqramlara baxmırmış. O teleqramdan sonra Usman Kuçkar mənə zəng vurdu ki, səni Özbəkistana dəvət edirlər. 2013-cü ildən də Özbəkistanla aramda ədəbi əlaqələr quruldu. "Əmir Teymur"u özbək dilinə Usman Kuçkar tərcümə etdi. Kitab nəşr olunduqdan sonra böyük səs-küyə səbəb oldu, güclü əks-səda yaratdı.

- Nə mənada səs-küy yaratdı?

- Bilirsiniz, mənim romanımda indiyə qədər özbək alimlərinin, özbək yazıçılarının Əmir Teymurun həyatı ilə bağlı yazmadıqları faktlar öz əksini tapmışdı. Təbii ki, mən bir yazıçı kimi Əmir Teymurun müsbət keyfiyyətlərini daha güclü şəkildə qabartmışam. Onlar mənim "Əmir Teymur"umu sevməyə başladılar.

- Bir neçə dəfə oxucuların, elmi ictimaiyyətin Sizinlə yaradıcılıq görüşləri təşkil edilib. Mən də o tədbirlərin bəzilərində iştirak etmişəm. "Əmir Teymur"dan danışılanda akademik Nizami Cəfərov dəfələrlə bildirib ki, özbək alimləri, yazıçıları Əmir Teymur mövzusuna çox qısqanclıqla yanaşırlar. Bəs Sizi onlar necə qarşıladılar, yazdıqlarınızı asanlıqla qəbul etdilər?

- Mən bildirirdim ki, Əmir Teymur təkcə Özbəkistanın deyil, həm Qazaxıstanın, həm Qırğızıstanın, həm Azərbaycanın, həm də Türkiyənindir, bir sözlə, bütün Türk dünyasınındır. Onlara xitabən deyirdim ki, siz onu yalnız özbək etməklə nə üçün onun meydanını daraldıb, bu nəhəng şəxsiyyəti bir küncdə saxlayırsınız. Siz onu özbək edirsiniz, tutalım, Türkiyədə də Əmir Teymuru sevmirdilər ki, o, İldırım Bəyazidi əsir götürüb. Özbəklər Əmir Teymuru özbək edincə, qazaxlar deyir "mənimdir", qırğızlar da eyni sözü deyir, Azərbaycan da eyni düşüncəni bölüşür. O, Türk dünyasınındır. Belə baxanda heç o vaxt "özbək" adı yox idi. Mən də deyirdim ki, əgər siz Əmir Teymuru "özbək" adlandırırsınızsa, onda o, azərbaycanlıdır. Çünki Atabəylərin sonuncu atabəyinin adı Özbək olub. Ancaq Şövkət Mirzəyev Özbəkistan Prezidenti olduqdan sonra bu məsələyə münasibət də dəyişib. 3-4 il əvvəl dediklərimi indi özbəklər özləri təkrar edirlər ki, biz türkük.

- Siz həm də tarixi ədaləti bərpa etmisiniz...

- Özbəkistanda kəndlər var ki, onlar özlərini türk adlandırırlar. Tanrı dağlarının ətəklərində yerləşən bu kəndləri, əraziləri gəzib dolaşmışam, insanlarla ünsiyyətdə olmuşam. Ancaq özbək elitası, məmurlar özlərini özbək hesab edirlər. Şövkət Mirzəyev Rəcəb Tayib Ərdoğanla görüşdükdən sonra "bura Turandır" dedi və özünü türk adlandırdı, özbəklər də indi türk olduqlarını dilə gətirirlər. Bu gün türk xalqlarının əksəriyyəti latın əlifbasına keçib. Bu gün mənim ancaq "Əmir Teymur" əsərimi deyil, digər əsərlərimi də təqdir edirlər, romanlarımı müzakirə edirlər, ayrı-ayrı bölgələrə, vilayətlərə görüşlərə dəvət edirlər. Deyərdim ki, Özbəkistanda daha məşhuram.

- Siz bu günlərdə "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilmisiniz. Ürəkdən təbrik edirik.

- "Sultan Alp Arslan" romanım Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində müzakirə edilirdi. Bu müzakirədə əsərin məziyyətləri, bədii keyfiyyəti, ideyası haqqında çox yüksək fikirlər bildirdilər. Yəni onlarla tanışlığım vardı. Ancaq Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şavkat Şaripovun imzası ilə Fəxri Fərmanla təltif edildiyimdən xəbərim yox idi. Həmin Fəxri Fərmanı universitetdən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndəriblər.

- Sizin yaradıcılığınızda türk xalqlarının birliyi təbliğ edilir. Əsərlərinizdə bu xətt önə çəkilir. Hesab edirik ki, bu əsərlər türk xalqları arasında bir körpüdür. Siz bu barədə nə düşünürsünüz?

- Artıq Yakutyadan da, Kazandan da, Orta Asiyadan da Bakıya ümid yeri kimi baxırlar. Mən o yerləri gəzmişəm, görüşlər keçirmişəm. İnanın ki, onlar Bakını özləri üçün müqəddəs Kəbə hesab edirlər. Bizdən Şərqdə olanların Kəbəsi Bakıdır. Onlar Bakını, Azərbaycanı Turanın mərkəzi, yəni başı sayırlar. Düşünürəm ki, onlar qətiyyən yanılmırlar, çünki bunun tarixi əsası, kökü var. Deyək ki, 1926-ci ildə I Türkoloji Qurultay Bakıda keçirilmişdi. Bilirik ki, həmin qurultayda Türkiyənin, Rusiyanın, Orta Asiyanın, eləcə də digər dünya dövlətlərinin çox böyük türkoloq, şərqşünas alimləri iştirak edirdilər. O vaxt da ortaq türk dili, ortaq türk mədəniyyəti, ortaq əlifba kimi vacib, əhəmiyyətli məsələlər Bakıda müzakirə edilirdi, bu gün də belədir. Yəni bunlar Bakıda baş vermişdi, bu gün də o yaddaş unudulmur. Onlar ona görə də Azərbaycanı ümid ünvanı kimi qəbul edirlər. Düşünürlər ki, türk xalqlarının birliyi ilə bağlı ortaya nə çıxarsa, Azərbaycan çıxaracaq. Əslində, düz də edirlər. Çünki iqtisadi cəhətdən də, digər baxımlardan da Azərbaycanın ortaya müsbət işlər qoyduğunu görürlər.

- Əsərlərinizin digər türkdilli ölkələrdə yeni nəşrləri nəzərdə tutulurmu? Ümumiyyətlə, beynəlxalq ədəbi əlaqələrin səviyyəsi Sizi qane edirmi?

- "Əmir Teymur"un hər iki cildi Moskvada nəşr edilib və kitabların təqdimatı da çox yüksək səviyyədə təşkil edilib. Bu tədbirdə Rusiyadakı diasporumuz kifayət qədər aktiv iştirak edirdi. "Əmir Teymur" Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və digər ölkələrdə çap olunub. "Nadir şah" Böyük Britaniyada çap edildi. Digər əsərlərim də xaricdə çap oluna bilər. "Əmir Teymur"un maştabı elədir ki, bütün dünya oxucuları üçün çox maraqlıdır. Deyək ki, "Şah arvadı və cadugər" Polşada işıq üzü gördü. Türkiyədə bütün kitablarım nəşr edilib.

Ədəbi əlaqələr var, ancaq mərkəzləşdirilmiş şəkildə deyil. Yəni ədəbi əlaqələrin qurulması işi ilə müəllif olaraq özüm məşğul oluram. Baxmayaraq ki, Azərbaycanda böyük Tərcümə Mərkəzimiz var, ona çox hörmətli Afaq xanım Məsud rəhbərlik edir. Ancaq sözügedən qurum bu işlə elə də geniş formada məşğul olmur. Azərbaycan Yazıçılar Birliyinin də Beynəlxalq əlaqələr sektoru var, onlar da bu işlə o qədər məşğul olmur. Hərənin öz maraqlarına xidmət edən məsələlər var ki, onlar onunla məşğul olurlar.

- Əslində, əsərlərin çapı, tərcüməsi, yayımı ilə müəlliflər deyil, aidiyyəti qurumlar məşğul olmalıdırlar. Yazıçının işi yazmaqdır, onu çap etmək, tərcüməsi ilə məşğul olmaq, yaymaq məsuliyyəti yazıçıya aid olmamalıdır. Bu barədə fikriniz necədir?

- O qurumlar deyirlər ki, bu işlərlə məşğul olmaq üçün maliyyəmiz yoxdur. Hələlik vəziyyət belədir ki, hansı yazıçının imkanı varsa, özü əlaqə qurmalı, əsərlərini özü tərcümə etdirməlidir. Bu gün Azərbaycan nəşriyyatları, mətbəələri kitab biznesi ilə məşğul olmurlar. Onlar müəlliflərlə əməkdaşlıq müqavilələri bağlamağa can atmırlar. Nəşriyyatlar deyirlər ki, pulunu ver, kitabını çap edim, onu satarsan, satmazsan, özün bilərsən. Yəni bütün işlər müəllifin boynunda qalır. Müəllifi olduğum "Ovçu" romanı haqqında gözəl film çəkmək olar. Ancaq çox təəssüf ki, bununla maraqlanan yoxdur. Gərək hər şeyi irəli düşüb özün edəsən, müvafiq qurumlara məktub yazasan, müraciət edəsən.

- "Ovçu" romanının motivləri əsasında film çəkilməsi üçün hansısa bir rəsmi quruma müraciət etmisinizmi?

- Bəli, etmişəm, lakin təəssüf ki, hələ müraciətimə müsbət cavab verilməyib. Əgər əsər xoşlarına gəlmirsə, desinlər ki, əsər zəifdir və onun əsasında film çəkilə bilməz. Heç nə demirlər.

- Bu gün siz də daxil olmaqla, bir neçə yazıçı var ki, tarixi roman janrında yazır. Bu əsərlər yeni tarixi filmlərin meydana gəlməsinə bir əsas ola bilər. Lakin hələ müasir əsərlər kinoya gətirilmir. Bunun səbəbləri nədir?

- Müasir dövrdə tarixi film janrı, demək olar ki, yoxdur. Qarabağ haqqında bir-iki film çəkilib. O da yəqin ki, Qarabağ problemi olmasaydı, heç o filmlər də çəkilməzdi. Son dövrlər Aqil Abbasın "Dolu"sundan başqa bir şey çəkməyiblər. Halbuki, bu qədər tarixi əsər ola-ola, heç kəs ona əhəmiyyət vermir və rejissorlar tarixi əsərlərə meyl göstərmək istəmirlər. Heç biri istəmir ki, tarixi mövzuda film çəksin, çünki bu janrda çəkilən filmlərə güclü maliyyə, maddi-texniki baza lazımdır.

Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyev Nadir şah haqqında kitab yazıb, Nadir şah haqqında olduqca müsbət fikirlər bildirib, onu yüksək dəyərləndirib. Lakin heç kəs Nadir şah haqqında film çəkmək istəmir. 18 iyun Nadir şahın anım günüdür, heç bu tarixi günü yada belə salmadılar. Düşünürəm ki, mədəniyyət sahəsində ciddi dönüşə ehtiyac var. Ədəbiyyat, kino, teatr sahəsində yeniliklər olmalıdır. Mədəniyyət Nazirliyinin işi yalnız kimlərəsə ödüllər verməklə, yaxud hansısa kitabların təqdimatını keçirməklə bitməməlidir. Azərbaycanda kitab sahəsində ciddi canlanma olmalıdır. Bilirsiniz ki, bir neçə gün əvvəl AYB-nin təşkilatçılığı ilə Mikayıl Müşfiq Poeziya Günləri keçirildi. Bu çox gözəl bir tədbir idi. Şairlər, yazıçılar rayonlara getdilər, çox maraqlı görüşlər keçirdilər.

Mədəniyyət Nazirliyi mənə də, Elçin Hüseynbəyliyə də "Qızıl kəlmə" mükafatı verib. Ancaq indiyə qədər bir yerdə, bir rayonda bizim görüşümüzü təşkil etməyib. Bizdən başqa da nə qədər insana həmin ödül verilib. Nə üçün bir dəfə bizim görüşlərimizi təşkil etmirlər? Bəs onda bu ödülləri niyə verirdiniz? Hələ pul mükafatı da verirsiniz. Onda onu niyə verirsiniz? Mükafat verdiyiniz yazıçıları cəmiyyətə tanıdın ki, onlar yaxşı əsərlər yazıblar. Mükafat alırsan, bir ay mətbuat yazır, mətbuat yazmağı dayandıran kimi hər şey unudulur.

 

Olaylar.- 2018.- 5 iyul.- S.9.