Şəkillərin sorağıyla
Həmişə
köhnə, keçmiş şəkillərə baxmaqdan
zövq almışam. Öz donan xatirələrimin buzu
başqalarının şəkillərinə baxanda da
açılmayıb. Çünki bu şəkillər mənim,
sənin, onun həyatının hansısa bir hissəsini
oğurlayıb. Bəlkə
də bu, dünyanın ən müqəddəs
oğurluğu olub, çünki bu oğurlanan saniyələr,
sonralar sənə ən əziz xatirə, ən munis, ən
kövrək hisslər kimi qaytarılır. O anları sənə
bir də yaşadır, zaman ötdükcə qiymətlənir
və səni dünyanın sənə verə bilmədiyi
bir yüksəkliyə qaldırır. Elə yüksəkliyə
ki, oradan boylanıb keçmişinə nəzər sala bilirsən,
böyüyürsən, kamilləşirsən...
Bu məqamda yadıma ingilis yazıçısı Oskar Vayldın "Dorian Qreyin portreti" əsərindən hamının arzuladığı bir fikir düşdü: "Kaş ki, mən həmişə cavan qalaydım, şəklim qocalaydı"...
Bəli, qarşımda xeyli şəkil var. Rəngi getmiş, saralmış, solmuş, hərəsi bir tarix olan şəkillər. Şəkillərdəkilərin hamısı tanış simalardır. O simalar ki, ədəbiyyat və incəsənətimizin bel sütunlarına çevrilmiş, bizi-bizə tanıtmışlar. Rəngləri, səsləri, sözləri donub əbədiləşən bu şəkillərdə kimlər yoxdur?!.: Mikayıl Müşfiq, Ağababa Rzayev, Seyfəddin Dağlı, İmran Qasımov. Niyazi, Cahangir Cahangirov, Səid Rüstəmov, Hacı Xanməmmədov, Telman Hacıyev, Şövkət Ələkbərova, Rübabə Muradova, Məmməd Salmanov, Tələt Bakıxanov, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Roza Cəlilova, Afaq Məlikova, Aliyə Ramazanova və daha kimlər, kimlər. ("Bu dünya bir pəncərədir, hər gələn baxar gedər" - deyən şairə allah rəhmət eləsin".
Bu şəkillərin hamısında bir nəfərin şəkli diqqəti cəlb edir. Xidməti çox, indi adı az-az hallanan sənətkar. Seyfəl Əlibalayev.
O, ilk təhsilini C.Cabbarlı adma 161 saylı məktəbdə almışdı. Sonralar tale elə gətirmişdi ki, o, bir müddət həmin məktəbdə musiqi müəllimi kimi fəaliyyət göstərmişdi. İşləməyinə baxmayaraq, tez-tez ədəbi məclislərdə və müxtəlif tədbirlərdə iştirak edərək həm musiqi, həm də ədəbi məharəti ilə çoxlarını heyran qoymuşdu. Məclislərin quru, darıxdırıcı keçdiyini gördükdə özünün məzəli söhbətləri, ifası və bədahətən söylədiyi şeirləri ilə məclisi rövnəqləndirmişdi. Görünür o, bədahətən şeir deməyi çox sevərmiş. Belə şeirlərdən biri də ədəbi məclislərin növbəti gecələrinin birində yaranmış, sonralar isə, bu şeiri həmin məclisdən yadigar olaraq "Xatirə" adlandırmışdı. Maraqlı burasıdır ki, hər misranın başlanğıc hərflərini yan-yana qoyduqda "Xatirə" sözü alınır:
Xalqın
ovqatına soğan doğrama,
Al şirin şərbəti meylana gəlsən.
Torpağa
qiymət ver, yerə yağı sər,
İri qartal olub meydana gəlsən.
Rəqibə
baş əymə, ona sinə gər,
Ər tək vuruşmağa meydana gəlsən.
Müasir dövrlə ayaqlaşan bu şeirdə ortada
quyruq bulayanların xalqın ovqatına soğan doğrayaraq
ruhdan salmaları tənqid atəşinə tutulur. Vətənin
ər oğulları torpağımıza sədaqətlərini
göstərərək, rəqibə, yağılara
qarşı qartaltək mübarizəyə,
çağırılır. Qartal
şikarını caynaqlarında qaldırıb aparır.
Burada isə, yağılara göylərə
uçmaq deyil, yerə sərilmək rəva bilinir. Şeirdə vətənpərvərlik hissi
özünü büruzə verir.
Söz
yox ki, şeiriyyata belə marağı olan bir adam
bəlkə də ömrünü ədəbiyyat aləmi ilə
bağlaya bilərdi. Lakin iki səbəb onu bu yoldan çəkindirdi:
birincisi, yaxın dost və qohumları Mikayıl
Müşfiq, Əlirza Abdullayev və başqa istedadlı gənc
şairlərin insafsızcasına "xalq düşməni"
damğası altında məhv edilmələrindən mütəəssir
olub ədəbi məclislərdən uzaqlaşması, ikinci
səbəb isə...
1932-ci ilin isti yay günlərindən biri idi. Gözəl əl
qabiliyyətinə malik olan qəhrəmanımız şəhərin
mərkəzindəki skamyalardan birində oturub kibrit
çöplərindən fiqur hazırlayır və
ağızucu zümzümə edirdi. Birdən
zabitəli bir səs onu xəyalından ayırır.
Başını qaldıranda qarşısında eynəkli
bir kişi görür:
-Haralısan,
bala?
-Azərbaycanlı.
Deyəsən, cavab kişinin xoşuna gəlir. Bu, onun zabitəli səsinin
yumşalmasından hiss olunur:
-Azərbaycanlı
olduğun uzaqdan bəllidir, bəs harada anadan olmusan?
-Xızıda.
-Musiqini
sevirsən?
-Həm
musiqini, həm də şeiri sevirəm.
-Şeirlə musiqi vəhdət təşkil edir. Əgər hər
ikisini sevirsənsə, səndən nəsə
çıxacaq.
Eynəkli
kişi onu Operanın binasına aparıb
səs tellərini və səs duyumunu yoxlayır. Dərhal
hiss edir ki, istedadı olsa da, musiqi təhsili yoxdur. Buna
baxmayaraq, öz ənənəvi sualını verir:
-"Qarabağ
şikəstəsi"ni eşitmisən?
-Əlbəttə, oxuya da bilirəm.
-Afərin,
elə isə, oxu görək!..
Həm ifa tərzi, həm də səs onun xoşuna gəlir. Söz verir
ki, onun musiqi təhsili ilə özü məşğul
olacaq. Siz demə, bu zabitəli, eyni zamanda müdrik şəxs,
Azərbaycan musiqi mədəniyyətinin yüksəlməsində
müstəsna xidmətləri olan, Şərqdə ilk
Konservatoriyanın təməlini qoyan, əsərləri ilə
dünya musiqisinə meydan oxuyan, dahi bəstəkarımız
Üzeyir Hacıbəyli idi.
1936-cı
ildə Üzeyir Hacıbəyli Azərbaycan Dövlət
Filarmoniyasında ilk dəfə olaraq "Mahnı və rəqs"
ansamblı yaradır və Seyfəl Əlibalayevi də xor
ifaçısı və solist kimi həmin ansambla işə
götürür. O gündən musiqi onun bütün
vücuduna hakim kəsilərək taleyini özünə
bağlayır.
Düz deyiblər ki, "Azərbaycan xalqının xəmiri
musiqi ilə yoğrulub". Azərbaycanın
bütün bölgələrində görkəmli,
istedadlı musiqiçilər olub, var və olacaqdır.
Odur ki, Azərbaycanı bölgələrə
ayırmadan, cəsarətlə deyə bilərik ki, musiqi
bizim canımızda, damarlarımızda axan
qanımızdadır. Musiqinin ecazkar
gücü insan mənəviyyatının kamilləşməsində
mühüm rol oynayır. Bu səbəbdən
də daxilən musiqiyə bağlanan insanlar etik və estetik
qaydalara riayət etməyi bacarırlar. Elə Seyfəl Əlibalayev
kimi...
Vaxtı
ilə Vasif Adıgözəlov, Tələt Bakıxanov,
Şövkət Ələkbərova və bu kimi böyük
sənətkarların söylədikləri fikirlər,
xoş sözlər onun haqqında bir çox mətləbləri
aşkar edərək, incəsənət sahəsindəki
böyük zəhmətlərindən xəbər verir. Belə ki, çox gözəl tenor səsi olub,
muğamı yaxşı bilib. Nəzərə
alaq ki, musiqi təkcə əylənmək və yaxud istirahət
üçün vasitə deyil, o həm də insanın
şüuruna, hisslərinə təsir edir. Təsadüfi
deyildir ki, təbabətdə musiqi ilə müalicə alan xəstələr də olub. Seyfəl Əlibalayevin ifa etdiyi hər bir mahnı da
insana təsir edərək onu düşündürür,
şənləndirərək mübarizəyə səsləyirdi.
Onun həm də aydın və səlist
diksiyası vardı. Oxuduğu
mahnının sözlərini elə aydın və
düzgün tələffüz edirdi ki, dinləyici bu həzin
səs və gözəl diksiya içərisində, sanki
sehirli aləmə düşürdü. Ümumiyyətlə,
musiqinin ahəngi elə bir sehirli dünyadır ki, sanki o
bitdikdən sonra başlayır, yəni, uzun müddət bu
şehirdən, onun təsirindən ayıla bilmirsən.
Düşünürsən, düşünürsən.... Söz yox ki, söhbət yaxşı musiqidən,
yaxşı ifadan gedir. Seyfəl Əlibalayevin
ifaçılıq məharəti də, məhz bunda olub.
1941-ci ildə
Abbas Zamanovun redaktorluğu ilə Azərnəşrdə rusca
nəşr olunan "Azərbaycan Dövlət Mahnı və
rəqs ansamblı" adlı kitabda Cahangir Cahangirov,
Şövkət Ələkbərova, Qüdrət Əmiraslanova,
Xurşud Babayeva, Xanbacı Həmidova ilə birgə Seyfəl
Əlibalayevin də şəkli verilmiş və solo
ifaçısı kimi təqdim olunmuşdur.
Yeri gəlmişkən,
onu da qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin
rəhbərliyi ilə "Qarabağ şikəstəsi"nin səhnədə dördlük kimi
ifaçıları Xurşud Babayeva, Qüdrət Əmiraslanova
(Möhsün Sənaninin həyat yoldaşı), Xanbacı Həmidova
(Tutu Həmidovanm bacısı), yeganə kişi
ifaçısı isə, Seyfəl Əlibalayev olmuşdur.
1941-ci ilin əvvəllərində Zaqafqaziyada keçirilən
musiqi bayramlarının
hamısında həmin şikəstə bu ifaçılar tərəfindən
ifa olunmuş və rəğbətlə
qarşılanmışdır. Seyfəl Əlibalayev
"Qarabağ şikəstəsi"ndən sonra "Ay bəri
bax!", "Sən gözəl", "Nazlı
qız" və s. mahnıları ifa etsə də, həmişə
deyərmiş ki, onu musiqi aləminə gətirən
"Qarabağ şikəstəsi" olub.
O eyni
zamanda öz sənətinə sədaqətli olub.
Aşağıdakı şeirə tez-tez müraciəti buna
sübutdur:
Dəyişən
deyiləm mən sənətimi,
Çox da ki, sevirəm şeirin dilini.
Həvəskar
yazanam, ruhlanıram mən,
Yadıma salanda Müşfiq şeirini.
Öz
musiqimizə olan münasibətini yazdığı şeirdə
belə büruzə verirdi:
Tar və
kamanımın olub aşiqi,
Ruhun qidasıdır bizim musiqi.
Xəstənin
dərmanı, eşqin natiqi,
Əşarın canıdır bizim musiqi.
Göründüyü kimi, o, "əşar", yəni
şeir sözünü işlətməklə yenə də
musiqi ilə şeir anlamını vəhdət tutur.
Qeyd etdiyimiz kimi, o, bədahətən şeir demək
iqtidarına da malik idi. Deyilənə görə, uzun müddət Filarmoniyada
işləyən Nizami pərəstişkarı, rəqqas və
rəqqasələrin səhnə ayaqqabılarını tikən
usta Əliyə zarafatyana bir şeir də ithaf etmişdi:
Bilirəm
ki, işin çoxdur,
Macal yoxdur, mənə bəlli.
İnsafın
olsun ay Əli,
Yadına sal, bir Seyfəli.
Şeirdən onun yumoru güclü bir insan olduğu
görünsə də, o, haqqı-ədaləti hər
şeydən üstün tutan, işində isə çox məsuliyyətli
və tələbkar idi. Filarmoniyanın bütün ictimai və təşkilatçılıq
işləri ona tapşırılırdı. O vaxt
Filarmoniyanın Mənzil Yardımı üzrə Yerli Komitə
sədrliyi də ona həvalə olunmuşdu. Ehtiyacı olan və
növbəsi çatan hər kəsə təmənnasız
ev verilirdi. Özü isə: "mənə
düşmür, haram gələr, halalı da aparar" - deyərək
evdən imtina edirdi. Gənclərə də həmişə
dəstək idi. Xalq şairi Səməd Vurğuna
istinad edərək deyirdi:
Ärxalıya
arxa durma,
Deyərlər ki, yamaqdır.
Arxasıza
arxa dur ki,
Desinlər ki dayaqdır.
Odur ki, harda istedadlı gənc görürdü, ona
qayğı göstərərək üzünə qapı
açmağa çalışırdı. Belə
istedadlardan biri də indi Azərbaycan muğamını və
mahnılarını bütün dünyada qəlbən tərənnüm
edən, Azərbaycan Milli Konservatoriyasının professoru, xalq
artisti, Prezident təqaüdçüsü, dəyərli
kamança ustası Şəfiqə Eyvazovadır. O,
özü də bu faktı dəfələrlə efir vasitəsilə
vurğulamışdır. Şəfiqə xanım onu belə
xatırlayır:
-Bəli,
mən musiqi aləminə gəlişim və bu sənətdə
qazandığım hər hansı nailiyyətə görə
ilk növbədə atama, sonra isə ona borcluyam. Heç vaxt
unutmaram! Atamın istəyi ilə 1957-ci ildə
imtahan verib musiqi məktəbinin kamança sinfinə daxil
oldum. Amma biz çox ciddi məhəllədə
yaşayırdıq. Necə deyərlər,
quş quşluğu ilə məhəlləmizdən çətin
uçardı. Bu səbəbdən əmim
"Dağlı məhəlləsində biabır olarıq,
qız nədi, səhnə nədi?" - deyə narazılıq edirdi. Əmim
atamdan çox böyük olduğu üçün atam
heç vaxt onun sözündən çıxmırdı.
Amma indi çıxılmaz vəziyyətdə
qalmışdı. Düz altı ay dərsə
getmədim. Sözün düzü,
özüm də çox pərt oldmuşdum. Bir gün evdə kitab oxuyurdum. Birdən o biri
otaqdan tanış bir səs eşitdim. Bu, qohumumuz Seyfəl dayının səsi idi. Filarmoniyada işləyirdi. Məhəllədə,
qohumlar arasında hamı onu sevir, hörmətini
saxlayırdılar. Kimsə ona mənim məsələmi
danışmışdı. Odur ki, ürəyi
dözməyib bizə gəlmişdi. Evimizdəkilər
də onun xatirini istəyirdilər. O elə
qılıqlı kişi idi ki, şirin
dili, məzəli şeirləri ilə mümkünsüz
işləri də yoluna qoyurdu. Nəfəsimi belə dərmədən
diqqətlə ona qulaq asırdım: "Mən də səhnəyə
çıxanda hərə bir söz deyirdi. Heç
kimə qulaq asmadım. Heç peşman
da deyiləm. Uşağın istedadı var. Əgər
həvəsi də varsa, onu bu gözəl sənətdən
ayırmayın! Əsl qız sənətidir.
İnsan harada xeyir verərsə, xoşbəxtliyini
də orada tapar. Ürəyimə
damıb, Şəfiqə yaxşı kamança
ifaçısı olacaq. O ki qaldı, dedi-qoduya, mən
inanıram ki, Şəfiqə öz qeyrəti, namusu ilə
hamını susduracaq. Vaxt gələcək, bu
adamlar boş danışıqlarına görə utanacaqlar.
Anlayacaqlar ki, səhnəyə
çıxıb ustalıq göstərmək qəbahət
deyil, əksinə, şərəfdir". Elə bil atam bu sözlərə bənd imiş.
Onsuz da əvvəldən, sanki "odla su" arasında qalan
atam, onun sözlərindən ürəklənərək əmimə
dedi: "Qardaş, heç vaxt sənin sözündən
çıxmamışam, amma bu dəfə uşağı
kamançaya qoyacağam!"
Yaxşı
yadımdadır, mən ilk dəfə xaricə, qastrol səfərinə
gedəndə, anam məni yanına çağırıb
dedi: "Aslanın erkəyi, dişisi olmaz, bala! Düz get! Düz gəl!" - bu
sözləri qulağımda həmişə sırğa elədim.
Nə anamın, nə də Seyfəl
dayının sözlərini unutmadım. Daim
onların sözlərini doğrultmağa, dedi-qodunu utandırmağa
çalışdım. Deyəsən,
buna nail də oldum. Əvvəl orta, sonra da ali musiqi məktəblərində təhsil
aldım. Mən professional musiqi səviyyəsinə
çatanda, o, Filarmoniyada inspektor işləyirdi. Hökumət konsertlərində rastlaşanda,
mehribanlıqla dolu nəzərlərinə minnətdar
baxışlarla cavab verirdim.
Şəfiqə xanımın bu sözləri insanda istər-istəməz
xoş hisslər oyadır. Doğrudan da, ömrünün 50
ilini incəsənətə sərf edən orden və
medallara, tərifnamə və fəxri fərmanlara, neçə-neçə
təşəkkürnamələrə və mükafatlara, o
cümlədən şəxsi işinə yazılmaqla
Stalinin şəxsi təşəkkürü və onun
tapşırığı ilə Kalininin təqdim etdiyi qol
saatına layiq görülən, partiya, müharibə və əmək
veteranı olan Seyfəl Əlibalayev kimi sənətkarları,
həmçinin onunla çiyin-çiyinə işləyən
müğənni, rəqqas və rəqqasələri unutmaq ən
azı qəbahətdir.
O, 50 ililk
fəaliyyəti müddətində Azərbaycan musiqisini
Çində, İranda, Yəməndə, Ərəbistanda,
Polşada, SSRİ-nin demək olar ki, hər yerində ləyaqətlə
təbliğ etdi. Ömrünün
axırınadək də onu sənətlə bağlayan
ansambla sadiq qaldı.
Üç övlad atası olan Seyfəl Əlibalayev, həm
də nümunəvi ailə başçısı idi. Həyat
yoldaşı Hökümə xanım həkim idi. Böyük oğlu Azər Politexnik İnstitutunun
Mexanika fakültəsini bitirib, xalqına ləyaqətlə
xidmət edib. Kiçik oğlu Faiq əvəzolunmaz
müğənnimiz Zeynəb Xanlarovanın ansamblında qarmon
ifaçısıdır. Hörmətli Prezidentimiz
İlham Əliyev onu "Əməkdar artist" fəxri adına layiq bilmişdir. Seyfəl Əlibalayev
özü görməsə də, nəvələrindən
üçü: Ülkər (skripka), Ülfət (tar), Nigar
(fortepiano) onun musiqi sənətini professionallıqla davam edirlər.
Müəllimlik fəaliyəti ilə
yanaşı, AzTV-nin işçiləridirlər. Digər nəvələri isə, müxtəlif
peşə sahibləridirlər. Böyük
nəvəsi Esmira həkimdir. Türkiyənin
Bakıdakı "Dünyagöz" klinikasının
direktorudur. Aygün hüquqşünas,Günay
bacarıqlı kompyuter mütəxəssisi, İradə
filoloq, eyni zamanda mahir kompyuter bilicisidir. Kiçik
nəvəsi, onun adını daşıyan Seyfəl isə,
istedadlı rəssamdır.
Görünür ki, yüksək mədəniyyətə
malik olan, nümunəvi ailənin davamçı nəsli də
ləyaqətli insan və dövlətinə layiq vətəndaş
kimi yetişir, yaradır, yaşadır.
Yoxluğundan sonra da varlığına həmişə
hörmət və səcdə etdiyim, ulu öndər Heydər
Əliyevin dediyi kimi "Yüksək mədəniyyətə
malik olan xalq həmişə yaşayacaq və
yaşadacaqdır".
İndi hər dəfə Seyfəl Əlibalayevin haqqında söylənilən "Namuslu işçi", "Qeyrətli insan", "İşgüzar adam", "İşinə məsuliyyətli şəxs" kəlmələrini yadıma saldıqca, fəxarət və qürur hissindən qəhər məni boğur. Çünki bu cür yüksək keyfiyyətlərə malik olan işgüzar adam, həm də nəvazişli və həddindən artıq qayğıkeş bir ata idi. O, mənim atam idi.
Gülnarə Əlibalayeva
Jurnalist, C.Cabbarlı ev
muzeyinin böyük elmi işçisi
Olaylar.- 2018.- 6 iyul.- S.12-13.