Regional proqramlar əhalinin
kommunal
problemlərinin həllinə
yol açıb
2004-cü ildən ölkədə
uğurla həyata keçirilən Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları bir çox
istiqamətlər kimi əhalinin kommunal problemlərinin həllində
də mühüm rol oynayıb. Məhz bu proqramların
icrası nəticəsində əhalinin elektrik enerjisi, təbii
qaza olan tələbatı tam mənada ödənilib. Bu
istiqamətlərdə yeni-yeni infrastruktur layihələri
reallaşdırılıb. Eyni zamanda yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində də
kifayət qədər işlər görülüb.
Hazırda
da icrası davam edən və 2014-2018-ci illəri əhatə
edən Dövlət Proqramı çərçivəsində
qeyd edilən istiqamətlərdə təqdirəlayiq
addımlar atılır, işlər görülür. Məsələn,
əhalinin yüksək səviyyədə elektrik enerjisi ilə
təminatı məqsədilə Dövlət Proqramı
çərçivəsində yeni yarımstansiyalar tikilir,
hava xətləri yenilənir, transformatorlar və sayğaclar
dəyişdirilir. Bu məqsədlə "Azərişıq" ASC
ölkənin bütün regionlarında apardığı
tikinti, yenidənqurma, bərpa işlərini Mərkəzi-Aran
regionunda da davam etdirir. Mərkəzi-Aran
Regional Elektrik Təchizatı və Satış İdarəsinin
(RETSİ) xidməti ərazisindəki istismar müddətini
başa vurmuş elektrik şəbəkələr yenidən
qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi,
kənd təsərrüfatı, sənaye və digər
inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin
keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi üçün 2018-ci ilin birinci rübündə
ciddi işlər görülüb və hazırda da
görülməkdədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Dövlət
Proqramı çərçivəsində hazırda Tərtər
rayonunda 110/35/6 kv-luq "Tərtər", Ağdaş rayonunda isə 110/35/10
kv-luq "Ağdaş"yarımstansiyası tikilərək tam yenidən qurulur və hazırda
sözügedən ərazilərdə ciddi iş
aparılır. Mingəçevir
Elektrik Şəbəkəsinin xidməti ərazisində isə 35/6 kV-luq "Yeni Mingəçevir"
yarımstansiyası tikilərək istifadəyə verilib.
Eyni zamanda "Yeni Mingəçevir"
yarımstansiyasını qidalandırmaq üçün
yüksək gərginlikli 35 kv-luq 2 dövrəli yeraltı
kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib.
Bundan başqa şəhər istiqmətində 6 kV-luq 2 hava xətti
yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma
işləri başa çatmaq üzrədir. Yevlax rayonunda da
"Yeni Mingəçevir" yarımstansiyasından qidalanan
6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən
kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri
yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib.
Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli,
Hacıselli, Marzılı, Gülövşə, Əkşəm,
A.Bucaq , Yenicə, Aşağı Salambad, Yuxarı Salamabad və
Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri
ÖİN (Özünüdaşıyan İzolyasiyalı
Naqillər) kabellərlə əvəz olunub və bu ərazilərdə
43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi)
quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli
və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri
ÖİN kabel xətləri ilə yenidən qurulub və
hal-hazırda bu işlər Kövər kəndində davam
etdirilir.
Bərdə
rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri
ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd
yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər,
Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli
Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin
bir hissəsi 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri
ilə əvəz olunmuş köhnə sayğaclar yenisi ilə
dəyişdirilib. Hal-hazırda Xanərəb kəndinin 10 və
0.4 kv-luq EVX-lərində yenidənqurma işləri
aparılır.
Göyçay
Elektrik Şəbəkəsinin xidməti ərazisində
Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman,
Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN
kabel xətləri ilə əvəz edilib. Hazırda
Qarayazı kəndində 10 və
0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri
aparılır. Goranboy rayonunun Abbasqulular kəndində də
10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri
hazırda davam edir.
Ucar
Elektrik Şəbəkəsinin xidməti ərazisində
rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində
0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə
əvəz olunub və köhnə sayğaclar yeni
sayğaclarla dəyişdirilib. Türkəçi kəndində isə hava xətləri tamamı
ilə ÖİN kabellərlə əvəzlənib. Hazırda
Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar
küçəsində 0.4 kv-luq hava xətlərinin
ÖİN kabellərlə əvəz olunması işləri
aparılır.
Ağsu
Elektrik Şəbəkəsinin xidməti ərazisində
rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin
bir hissəsində 0.4 kv-luq hava
xətləri ÖİN kabel xətləri ilə əvəz
olunmuş və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir.
Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində
də aparılıb və yeni KTM-lər
qurlaşdırılıb. Kürdəmir rayonunun
Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq
Yeni-Şıxımlı, Çərtəyəz kəndlərində
və Şəhər ətrafı
ərazilərdə hava xətləri də yenidən qurulub və
hazırda Sor-Sor kəndində 10 və 0.4 kv-luq hava xətlərində
yenidənqurma işləri aparılır. Ağdaş
rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə
kəndi ərazisində 10 və 0.4 kv-luq hava xətləri
yenidən qurulur. Ötən aylar ərzində isə
Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin
bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri
ilə əvəz olunub, köhnə sayğaclar yeni
sayğclarla əvəzlənib.
Dövlət Proqramı çərçivəsində əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yeni yollar da çəkilir. Yaxud uzun müddət istifadə edilərək yararsız vəziyyətə düşən yollar yenidən qurulur. Belə ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə icra olunan layihələr sırasında Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Sözügedən yol boyu işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 11 min kub.m həcmdə 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq 900 kub.m ölçüdə yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Bu işlərə paralel olaraq yol boyu 52 min kv.m sahədə çiyin hissələrin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülüb. Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 131 min kv.m həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri aparılıb. Bunun ardınca isə hazırda 2 qat olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılır. Bu çərçivədə yolun 79 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənir. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu 72 paqon-metr 300 mm diametrli dəmir, 84 paqon-metr 500 mm, 60 paqon-metr 750 mm və 60 paqon-metr 1000 mm diametrli dəmir-beton borular quraşdırılıb. Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 5 ədəd avtobus dayanacağının tikintisi, 13 ədəd km göstəricinin, 93 ədəd yol nişanı və məlumatverici lövhələrin, 285 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın aylarda tam olaraq yekunlaşdırlması nəzərdə tutulub.
Dövlət Proqramları çərçivəsində əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə də bir çox işlər görülüb, layihələr həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Belə tədbirlərdən biri şimal zonasında, Xaçmaz rayonunda həyata keçirilib. Belə ki, Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilmişdir ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 321 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.
Xaçmaz rayonunda əhalinin təbii qazla təminatı məqsədilə daha bir uğurlu addım atılıb. Belə ki, rayonun Dalğalı qəsəbəsinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. 83 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 11 iyul.- S.15.