“Cümhuriyyət bizə milli

kimliyimizi qaytardı”

 

Turan Araşdırma Mərkəzi Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbir keçirdi

 

İyulun 16 -da Azərbaycan Atatürk Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti 100" mövzusunda "Turan Araşdırma Mərkəzi" İB-nin (Azərbaycan) təşkilatçılığı və "İstanbul Azərbaycan Kültür Evi" (Türkiyə) dərnəyinin geniş tərkibdə iştirakı ilə birgə beynəlxalq elmi praktik konfrans keçirilib.

 

Tədbirdə ölkənin görkəmli ziyalıları, tarixçiləri, tarixi romanlar müəllifi, publisist Yunus Oğuz, Cümhuriyyət tarixinin araşdırmaçısı Dilqəm Əhməd, tarixçi-alim Firdovsiyyə Əhmədova iştirak edib. Tədbiri giriş sözü ilə açan iqtisadçı, hüquqşünas Cavid İsmayıl hər kəsi salamladı. O Cümhuriyyətin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edərək, Azərbaycan və Türkiyənin birgə mübarizəsindən bəhs etdi. "Azərbaycan xalqı Qarabağda minlərlə şəhid verib. Bu gün də Azərbaycan və Türkiyə üzərində qara buludlar gəzir. 15 iyul Türkiyə tarixinə şərəflə yazıldı. Gəncədə baş verən hadisələr də Azərbaycan xalqı üçün sınaq dövrü idi.

Daha sonra çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova dedi ki, müsəlman Şərq aləmində ilk Cümhuriyyət elan edildikdən sonra qardaş ölkədən böyük dəstək göstərildi. "Zamanla Sovet Rusiyasının basqılarına məruz qalan Azərbaycan xalqına hər zaman Osmanlı dövləti yardım edərək, dəstək vermişdi. Ən çətin şərtlərlə Cümhuriyyət qurub, modern dövlət təqdim etmək o zaman üçün heçasan deyildi. Cümhuriyyət qurucuları Avropaya, Amerikaya sivil, modern dövlət təqdim etdi. Azərbaycanın tərəqqipərvər oğulları Azərbaycan qadınlarını da unutmadılar. Onlar qadınlara seçki hüququ verməklə, cəmiyyətdə Azərbaycan qadınına öz huquqlarını tanıtdı"

"İstanbul - Azərbaycan kültür evi" dərnəyinin rəhbəri Hikmət Alp çıxışına böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin şeiri ilə başlayaraq hər kəsi salamdı, Azərbaycan və Türkiyə dövlətinin qədim dostluq əlaqələrindən bəhs etdi: "Azərbaycan Cümhuriyyətinin 100 illiyinin bu şəkildə, təntənəli qeyd edilməsi sevindirici haldır. Azərbaycan və Türkiyə aydınlarının birgə əməkləri və səyləri nəticəsində bizlər dünyada layiqli yerimizi tutacağıq".

"Olaylar" İnformasiya Agentliyinin baş direktoru, tarixi romanlar müəllifi, publisist Yunus Oğuz bildirdi ki, Cümhuriyyətin 100 illiyində həmişə deyirlər ki, Müsəlman Şərqində ilk Cümhuriyyət. Mən buna qarşıyam. Azərbaycan Cümhuriyyəti dünyada ilk qurulan Cümhuriyyətlərdən biridir. I Dünya müharibəsindən sonra 4 imperiya dirçəldi ki, onlardan biriRusiya idi. Cümhur bizə milli kimliyimizi qaytardı. Cümhüriyyət dövründə əsas olaraq Azərbaycan ordusu, polisi, iqtisadiyyatı yarandı. İnsanlar artıq azad şəkildə fikirlərini deyərək, müstəqil mətbuat yaratdılar. Hətta Fransada demokratik cümhuriyyət yaratmağa icazə verilmədiyi bir zamanda Azərbaycan Cümhuriyyəti yarandı. Cümhuriyyətin davamı olaraq Müstəqil Azərbaycan Dövləti quruldu.

Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən bəhs etdilər. Qeyd edək ki, "Turan Araşdırma Mərkəzi" nin təşkil etdiyi "Azərbaycan Cümhuriyyəti 100" tədbirinin informasiya dəstəyi Olaylar və ONN İnformasiya Agentliklərinə məxsusdur.

Xatırladaq ki, konfransda iştirak edən qonaqların Azərbaycanın bölgələrinə səfərləri də nəzərdə tutulub.

 

Olaylar.- 2018.- 17 iyul.- S.4.