Azərbaycan Cümhuriyyətinin təməl addımları

 

İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və "İstanbul-Azərbaycan Mədəniyyət Evi" dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın etdiyi məruzəni təqdim edirik

 

Azərbaycan torpaqları XIX yüzilin əvvəllərində Rusiya imperiyasının işğalı ilə iki yerə parçalandı. Azərbaycanın şimalında tərəqqisevər insanların xalqın azadlığı, əsarətdən qurtuluşu, milli özünüdərki yönündə uzun sürən mübarizəsi 100 il öncə Azərbaycan Cümhuriyyətinin bəyan edilməsi ilə təntənəsinə yetişdi. Azərbaycan istiqlalının gerçəkləşməsi 1918-ci ilin mayı üçün mövcud beynəlxalq şərtlər daxilində regionda gedən proseslərdə baş verdi. Cümhuriyyət ideyası düşüncələrdə yer aldığı zamanlardan başlayaraq, Azərbaycanın ictimai-siyasi fikrində proqramlaşaraq xalq üçün, millət üçün görülməsi nəzərdə tutulan işlərin əmələ çevrilməsi mərhələsinə çatdı. Bu imkandan faydalanan Cümhuriyyət xadimləri 23 ay ərzində, 1918-ci il 28 maydan 1920-ci il aprelin 28-dək ictimai-siyasi həyatın bütün sahələrində təməl addımlar atdılar.

Xarici dövlətlərin rəqabət meydanına çevrildiyi Cənubi Qafqazda, Azərbaycan xalqının ermənilər tərəfindən kütləvi qırğınlara məruz qaldığı şəraitdə təcavüzə qarşı mübarizə ilə yanaşı, dövlət quruculuğu fəaliyyətində olmaq müstəsna iradə, cəsarət, məsuliyyət, bacarıq tələb edirdi. Mayın 28-də bəyan edilən Azərbaycan Cümhüriyyəti bütün müsəlman Şərqində, türk aləmində ilk cümhuriyyət idi.

İstiqlal bəyannaməsindən 1920-ci ilin Gəncə üsyanına qədərki müddətdə 28 May bütöv bir təqvim ilə çərçivəsində təntənə ilə qeyd olundu. İstiqlaliyyətin ikinci ildönümünü milli Azərbaycan dövlətinin süqutundan sonra yalnız Gəncə üsyançıları atəş sədaları, top mərmiləri altında qeyd etdilər. Mübarizə şüarları isə belə oldu: "Qoy, 28 May təkcə istiqlal elanı günü kimi deyil, həm də tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun... 28 May günündə düşmənə cavabımız Ruhumuzun böyüklüyünün, mənəvi qabiliyyətimizin simvolu olacaqdır" . 1920-ci ilin 28 Mayı - millətin "şərəf və namusunun yenidən qəsbi-etibar qazandığı" gün kimi dəyərləndirilmişdir. Əslində Azərbaycan Cümhuriyyətinin mövcudluq tarixində belə günlərin sayı az olmamışdır. Hər bir yeni sınaq, gənc Azərbaycan dövləçiliyinin varlığı üçün təhlükəyə çevrilə bilərdi.

Cümhüriyyətin baniləri bütün çətinlikləri, problemləri, göz önünə alaraq ən demokratik, ən sivil idarəçilik formasını seçdilər. İlk bəyannamələri gələcək fəaliyyətin proqram sənədi idi. İstiqlal bəyannaməsində elan  edilən prinsiplərə sona qədər sadiq qalan demokratik, dünyəvi dövlət, parlamentli respublika oldu. Dövlət hakimiyyəti üç qoldan ibarət idi: parlament, hökumət və məhkəmə hakimiyyəti. Parlamentdə Azərbaycanda yaşayan bütün xalqlar, hətta sayları təmsilçilik üçün kifayət etməyənlər belə öz deputatları ilə təmsil olunmuşdular: türk-müsəlmanlar - 80, ermənilər - 21, ruslar - 10, almanlar -1, yəhudilər - 1, gürcülər - 1, polyaklar - 1, Bakı həmkarlar ittifaqları 3, Bakı Neft sənayeçiləri İttifaqı da 2 yerə malik idilər. İcra hakimiyyəti olaraq hökumət parlament qarşısında cavabdeh idi. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu.

Azərbaycan Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təxminən 150 min kv.km-ə bərabər idi. Azərbaycan Cümhuriyyətinin ərazisi bu torpaqların təxminən 114 min kv.km-ni əhatə edirdi. Cümhuriyyətin əhalisi 3,3 milyondan çox idi.

Azərbaycan Cümhuriyyəti yaradılanda müvəqqəti paytaxtı Gəncə şəhəri olmuşdur. 1918-ci ilin yazında Bakıda və Azərbaycanın digər ərazilərində bolşevik-daşnak qüvvələrinin müsəlmanlara qarşı törətdiyi kütləvi qırğınlar mahiyyətinə görə soyqırım siyasəti idi. Yerli azərbaycanlı əhalini məhv etməklə "Azərbaycan muxtariyyəti"nin gerçəkləşməsinə yol verməmək məqsədi güdən bolşeviklər, erməni daşnakları bir araya gələrək Bakını ətraf əraziləri ilə birlikdə öz nəzarəti altına almışdılar. Azərbaycan Cümhuriyyəti hökuməti Osmanlı hərbi qüvvələrinin köməyi ilə 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Cümhuriyyət hökuməti sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Hökumət fəaliyyəti dövründə 5 kabinə dəyişikliyi olmuşdur. Onlardan ilk üçünə  Fətəli xan Xoyski, dördüncübeşinci kabinələrə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Hökumət əvvəlcə Azərbaycan Milli Şurası, Azərbaycan parlamenti fəaliyyətə başladıqdan sonra isə onun qarşısında məsuliyyət daşımışdır. Azərbaycan Milli Şurasının sədri M.-Ə.Rəsulzadə, parlamentin sədri isə Ə.-.M.Topçubaşov olmuşdur.

Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də təntənəli açılışla işə başlamış, 17 ay fəaliyyət göstərmişdir. Bu dövrdə parlamentin 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiyaqrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Parlamentin 11 komissiyası vardı. Azərbaycanda parlament demokratiyası, etikası ənənəsi zəngin təcrübəyə çevrilirdi. "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Orada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi mütləq idi (M..Rəsulzadə).

Cümhuriyyətin ilk günlərindən dövlət rəmzlərinin qəbulundan mürəkkəb dövlət vəzifələrinin yerinə yetirilməsinədək çoxşaxəli idarəçilik prosesində təməl addımlar atılır, milli hakimiyyətin bünövrəsi qoyulurdu: 1918-ci il iyunun 21-də qırmızı parça üzərində aypara səkkizgüşəli ulduz təsvir olunan bayraq qəbul olundu. Noyabrın 9-da dövlət bayrağı üzərində aypara və səkkizgüşuli ulduz təsviri olan üsrəngli bayraqla əvəz olundu.

Cümhuriyyət hakimiyyətinin  qarşısında dayanan ilk başlıca vəzifə Bakının azad edilməsi, Azərbaycanın ərazisini öz hakimiyyəti altında birləşdirmək idi. Bunun üçün isə milli ordunun yaradılması zərurətə çevrildi.

İlk gündən silahlı qüvvələrinin təşkilinə başlayan Azərbaycan hökuməti 1918-ci il iyunun 26-da qərar qəbul etdi və Müsəlman korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı.  İyunun 27-də Türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Tarixi yer adları bərpa olundu. Milli orduya səfərbərlik keçirildi. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya dünya müharibəsi dövründə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törədilən qırğınları, zorakılıqları və talanları araşdırmalı, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. 1918-ci il iyulun 15-dən 1919-cu ilin noyabrınadək  fəaliyyət göstərmiş bu təhqiqat komissiyası Paris sülh konfransına göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi 36 cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. Toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarət olmuş, 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdı. Azərbaycanın müstəqilliyi Paris sülh konfransında de-fakto  tanınanda Parlament həmin il fevralın 9-da amnistiya haqqında qərar qəbul etdimilli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam verdi. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi soyqırımı cinayətlərini sübut edən təkzibolunmaz ilk mənbə kimi, Fövqəladə Təhqiqat Komissiyasının materialları mühüm əhəmiyyət kəsb edir.

Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, müdafiəsinin təşkili məsələlərinə dövlət səviyyəsində ciddi diqqət verilirdi. Azərbaycan ordusu milli dəyərlərə söykənərək qurulurdu. Türk dili (Azərbaycan dili) orduda da dövlət dili kimi qəbul edildi. 1919-cu il yanvarın 11-dən milli üslubda hazırlanmış yeni hərbi geyim formasına keçildi. Milli hərbi kadrların hazırlanması məqsədilə hərbiyyə məktəbi, istehkamçılar məktəbi, hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi açılmışdı.

Cümhuriyyət hökuməti milli iqtisadiyyat quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirirdi. Dövlət iqtisadi platformasında fərqli mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Cümhuriyyətin mövcud olduğu dövrdə bir sıra mühüm uğurlar əldə olunmuşdu: Bakı-Batum neft kəməri bərpa olunmuş, Bakı-Culfa dəmir yolu inşaası davam etdirilmiş, Azərbaycan Dövlət Bankı yaradılmış, Milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

Mədəni quruculuq tədbirləri də milli dövlətin möhkəmlənməsinə xidmət edirdi. Azərbaycan Cümhuriyyəti mətbuatının  həqiqi sələfləri sırasında "İqbal" qəzetinin xüsusi çəkisi vardır. Gələcək Azərbaycan Cümhuriyyətinin ictimai-siyasi məramlarının ilk dəfə konsepsiya şəklində məhz "İqbal" qəzeti tərəfindən təbliğ edildiyi hesab olunur. Həm "İqbal", həm də "Dirilik" qəzetlərinin əsas müəllifləri Azərbaycan milli hərəkatına başçılıq edən "Müsavat" partiyasının orqanı olan  "Açıq söz" qəzetinin rəhbərləri və yazarları idilər. Cümhuriyyət dövründə "İstiqlal", "Azərbaycan", "Övraqi-nəfisə", "Müsəlmanlıq", "Qurtuluş", "Mədəniyyət", "Gənclər yurdu", "Şeypur", "Zənbur" kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Cümhuriyyətin bütün siyasi-ictimai, iqtisadi və mədəni həyatı rəsmi orqanı olan "Azərbaycan" qəzetində öz əksini tapmışdır. "Azərbaycan"ın ilk 4 sayı Gəncədə çıxmış, sonradan isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər dərc edilmişdir. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Tiflisdən Qazax şəhərinə köçürülməsi haqqında qərar da hökumətin ilk tədbirlərindən idi. Qazax müəllimlər seminariyası Azərbaycanda ibtidai məktəblər üçün müəllimlər hazırlayan ilk tədris ocağı oldu. 1919-cu ildə hökumət məktəblərin, kursların, universitetin açılması yönündə ardıcıl əməli işlər reallaşdıra bilmişdir. Azərbaycan hökuməti üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin - Bakı Dövlət Universitetinin açılmasına imkan verdi. Müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 99  il öncə deyildiyi kimi, "istiqbalı - milliyyəmizi təminedici bir məbəd, elm nəzərilə" baxmalıyıq.

 

Ardı var...

 

Olaylar.- 2018.- 18 iyul.- S.10.