Azərbaycan Cümhuriyyətinin təməl addımları

 

İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və "İstanbul-Azərbaycan Mədəniyyət Evi" dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın etdiyi məruzəni təqdim edirik

 

1919-cu il sentyabrın 1-də parlament Bakıda dövlət universitetinin açılması haqqında qanun qəbul etdi. Ali təhsilli mütəxəssis kadrlar hazırlamaq məqsədilə azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdu. 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəbində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul edildi. Bu məqsədlə 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra 4 il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərdiyi yerdə işləməli idilər. Ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi.

1919-cu ildə Bakı Universitetinin nəzdində yaradılmış Müsəlman Şərqini öyrənən cəmiyyət Azərbaycan tarixini, ədəbiyyat və mədəniyyətini öyrənmək və təbliğ etmək sahəsində xeyli iş görmüşdü. 1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində arxeologiya şöbəsi yaradılmışdı. "Yaşıl qələm" ədəbi birliyi, islam incəsənətini və mədəniyyətini mühafizə cəmiyyəti, "Türk ocağı" və s. cəmiyyətlər fəaliyyət göstərmişdir. 1919-cu ilin dekabrında "İstiqlal" muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Muzeyin açılışının Azərbaycan Parlamentinin fəaliyyətinin bir illiyi gününə - 7 dekabra təsadüf etməsi də rəmzi məna kəsb edirdi. 1919-cu il martın 21-də ərəb əlifbasında islahata dair xüsusi komissiya təşkil edildi. Qəzetlər üçün senzura ləğv olundu. Dövlət atributlarının qəbulu, tarixi günlərin qeyd edilməsi ilə bağlı bir sıra qərarlar verildi.

Cümhuriyyət dövrünün digər bir yadigarı Azərbaycan Teleqraf Agentliyidir. Müstəqil dövlətin müstəqil informasiya orqanı olaraq 1919-cu il martın 3-də hökumət qərarı ilə yaradılmışdır. Hökumət 1920-ci il fevralın 2-də Azərbaycan Teleqraf Agentliyinin yaradılması (AzərTac) haqqında yeni qərar qəbul etmişdi. AzərTac 1920-ci il martın 1-dən Nazirlər Şurası yanında müstəqil quruma çevrilmişdi. Sovet dövründə İttifaqın Teleqraf Agentliyinin tərkibinə daxil idi. Dövlət müstəqilliyinin bərpasından sonra qurumun tarixi adı özünə qaytarılmışdı.

Azərbaycanın dövlət müstəqilliyini legitimləşdirən mühüm addımlardan biri Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul edilməsi oldu.

Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il 11 avqust tarixli "Azərbaycan Vətəndaşlığı haqqında Qanun"unun altıncı maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi: "Mən (adı və soyadı) Azərbaycan vətəndaşları sırasına daxil olarkən qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən tanımayacaq, Azərbaycan vətəndaşının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy, bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

Andı qəbul etməyən şəxslər bu məzmunda, amma "and içirəm" ifadəsi olmadan təntənəli sürətdə söz verirdilər.

Məhz Azərbaycan Cümhuriyyəti, Şərqin ilk demokratik dövləti olaraq ABŞ-dan xeyli əvvəl qadınlara seçmək və seçilmək hüququnu vermişdir.

Azərbaycan Cümhuriyyəti yarandığı gündən fəal xarici siyasət yeritməyə başladı. "Osmanlı imperator hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 1918-ci il avqustun 3-də Əlimərdan bəy Topçubaşov fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərildi. Həmin il dekabrın 28-də hökumətin təqdimatı ilə Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinə də Ə.M.Topçubaşov rəhbərlik edirdi. 1919-cu il mayın 2-də ABŞ prezidenti V.Vilsonun təşəbbüsülə Azərbaycan məsələsi ilk dəfə Paris konfransının Dördlər Şurasının iclasında müzakirə edildi. Keçmiş Rusiya imperiyasının hüdudlarında yaranmış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919-cu ilin noyabrında İngiltərə parlamentinin icmalar palatasındakı çıxışı ilə başladı. Lloyd Corcun çıxışında aydın hiss edilirdi ki, o, Azərbaycanın istiqlaliyyətinin tanınmasına və ona yardım göstərilməsinə tərəfdardır. B.Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Səhəri gün, yanvarın 11-də müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə qərar qəbul etdi. "Müttəfiqlər və Birlik ölkələri, Azərbaycan hökumətini de- fakto səviyyəsində tanıyırlar".

Azərbaycan istiqlaliyyətinin beynəlxalq sülh konfransı tərəfindən tanınması ilə gənc dövlətin diplomatik əlaqələri genişləndi. Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. 1920-ci il martın 20-də İran Azərbaycan Cümhuriyyətini tanıdı. Qısa müddətdə Azərbaycanın Tehranda səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı.

Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, mili məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. Dünyanın siyasi arenasında Azərbaycan varlığını rəsmiləşdirmək, Azərbaycan dövlətçiliyini bərpa etmək, islam aləmində sivil dövlət qurmaq, demokratik prinsiplərə söykənmək, vətəndaş hüquq və azadlıqlarını təmin etmək kimi təməl addımlar, 1918-ci ilin 28 mayında "Azərbaycan" adının siyasi məna kəsb etməsi, bəyan etdiyi sərhədlər (kiçildilmiş olaraq) daxilində mövcudluğu, Azərbaycan dövlətini, müstəqil olmasa da, yaşamağa qadir etdi. XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi.

Cümhuriyyətin bəyan edildiyi günün "Respublika günü" kimi qeyd olunmasından başlayaraq digər mühüm tarixi hadisələrin əbədiləşməsi yönündə tədbirlər görüldü. Cümhuriyyət xadimlərinin adlarının milli yaddaşda bərpası dövrü başlandı. Çox saylı yazılarda, çıxışlarda, verilişlərdə adları tanıdılan Cümhuriyyət xadimlərinin həyat yolu, fəaliyyəti tanıdıldı. Ədəbi-bədii irsin daşıyıcıları Cümhuriyyət "intibahı"nın mili-mənəvi ideoloji dayaqları olmuş yazıçılar, şairlər, sənət sahibləri uzun illər sonra ictimai-siyasi status kəsb edirdi. Onların yazıları yenidən nəsr edilir, səsləndirilirdi. Əsası Cümhuriyyət dövründə qoyulmuş idarəetmə sahələri üzrə peşə bayramı günləri təsis edilir, təsisat tarixi Cümhuriyyət dövrünün müvafiq ilkin təməl addımları əsasında rəsmiləşdirilirdi. Azərbaycan dövlətçiliyində  varislik prinsipinin təntənəsi kimi milli yaddaşın bərpası prosesi getmişdir.

 

Olaylar.- 2018.- 19 iyul.- S.10.