Cümhuriyyət tarixi gənc nəsillər üçün

dövlətçilik ənənələrini təbliğ edir

 

Yaqut Məmmədova: "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində "Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində" qalması münkün oldu"

Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Tarix İnstitutunun əməkdaşı Yaqut Məmmədova ilə  ilə geniş söhbət etdik. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

Yaqut Məmmədova Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmadığını və  hətta Avropa dövlətlərini qabaqladığını bildirdi.

"1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himnigerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyümilli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı".

"Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi".

Yaqut Məmmədova bildirdi ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. O dövr üçün məhz bu tədbirlərlə Azərbaycan Cümhuriyyəti İngiltərə, Fransas. Avropa xalqlarını qabaqlamışdır.

"Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasiiqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağabir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdu".

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil edilmiş ilk Parlamentimizdə müsəlman Şərqində ilk dəfə ölkə ərazisində yaşayan bütün xalqlar və fəaliyyət göstərən siyasi təşkilatlar təmsil olunduğunu vurğulayan Yaqut Məmmədova qeyd etdi ki,  AXC-nin tolerant mühitinin olması elə bundan görünürdü ki, parlamentdə tarixi düşmənimiz olan ermənilərin 21 nümayəndəsi vardı. Burada ruslara, yəhudilərə, gürcülərə də yer ayrılmış, bütün millətlər qanun qarşısında cavabdehlik daşıyırdı. AXC o zaman Şərqdə, müsəlman dünyasında ilk dövlət idi ki, qadınlara seçki hüququ vermişdi. Müqayisə üçün qeyd edək ki, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanıblar. Beləliklə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutub, bərabərhüquqlu vətəndaşlar kimi bütün imkanlardan istifadə etməyə başlamışdılar.

"Məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti sayəsində "Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində" qalması münkün oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçünböyük aparırdı. Ölkəni xaricdə tanınması üçün Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tamsəlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə parlamentin sədri Ə.Topçubaşov rəhbər təsdiq edildi. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməyinin məqsədi dünya dövlətləri tərəfindən AXC-nin tanınmasına nail olmaq idi. Nəhayət, 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatiknümayəndələri istiqlal yolunda qurban getmiş Vətən oğullarının xatirəsini yad etdilər, bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.

Nəhayət, 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail oldu. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük uğuru oldu. Azərbaycan Xalq Cümhuriyyətinin tədbirləri nəticəsində qısa müddətdə 20-dən çox xarici dövlət Azərbaycanı tanımış, onunla diplomatik əlaqə yaratmışdır. Böyük bir məkanda yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində zəngin mənəvi, siyasi və dövlətçilik ənənələri yaratmışdır.

Bu dövlətin yaradıcıları olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayevbaşqa vətənpərvər istiqlalçılar, milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər".

Yaqut Məmmədova böyük təəssüf hissi ilə bildirir ki, 1920-ci ilin 28 aprelində bolşevik işğalı nəticəsində min bir əziyyətlə qurulan bu dövlət devrildi. Baş nazir Fətəli Xan Xosyki 1920-ci ildə Tiflisdə bir erməni tərəfindən güllələnmişdir, onun xələfi sayılan hökumət başçımız Nəsib bəy Yusifbəyli də elə həmin il qətlə yetirildibu günə qədər haradakim tərəfindən öldürüldüyü sirr olaraq qalır. Daxili işlər nazirimiz Behbud xan Cavanşir, parlamentin sədr müavini Həsən bəy Ağayev də həmçinin Tiflisdə ermənilər tərəfindən güllələnmişdir. Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topşubaşov və digərləri ömür- 9 lərinin sonunadək vətən həsrəti ilə qürbətdə mühacirət həyatı yaşamağa məcbur edildilər.

"Yəni bütün bunlar göstərir ki, cümhuriyyət xadimlərimizi qətlə yetirənlər xalqımız düşmənlərimizin kini dəyişməmiş düşmən eynidir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi olduqca önəmli addımdır.

Azərbaycan Cümhuriyyətinin yüz illiyini keçirməklə bütün müsəlman və türk dünyasında ilk demokratik dövləti qurduğumuzu dünya dövlətlərinə göstərə bilmək imkanını verir. Azərbaycan Cümhuriyyətinin yüz illiyini qeyd etməklə həm də dünya ictimaiyyətinə və aparıcı dövlətlərə göstərə bilərik ki, biz 1918-ci ildə Azərbaycan Cümhuriyyətini yaradanda bu dövlətin tərkibində Qarabağ da, Zəngəzur da və digər bölgələr də var idivə beynəlxalq birlik məhz həmin vaxt Azərbaycanın müstəqilliyini bu bölgələr tərkibində olmaqla tanımışdı".

Azərbaycan Cümhuriyyəti qurucuların hayat və fəaliyyətləri geniş şəkildə araşdırılmadığını bildirərək qeyd edir ki,  bu barədə müxtəlif adda məqalələr, elmi işlər , kitaboçerk yazılmışdır yazılmaqda davam edir .

"Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədləri istər İngiltərə arxivlərindən istər Türkiyə arxivlərindən araşdırılır və işlərə davam etdirilir.

Cümhuriyyət tarixi gənc nəsillər üçün ilk öncə xalqımızın dövlətçilik ənənələrini təbliğ edir. Dövrün ağır şəraitinə baxmayaraq xalqımızın azadlıq arzusunu onun əzmini göstərir Gənclərimiz üçün Cümhuriyyət qurucularının azərbaycanlıq ideası onların xalq sevgisi örnəkdir. O dövrdə də bu idealara xəyanət etmiş insanların sonu yenədə gənclər üçün nümunədir.

Cümhuriyyətimiz tarixi gənclərə təbliğ edilir. İstər məktəb və Universitetlərdə cümhuriyyət tarixi haqqında məlumat verilir, tədbirlər keçirilir. Lakin gənc nəsillərə öncəliklə körpələrə cümhuriyyət tarixini daha çox təbliğ etmək lazımdır. Bunu məktəblərdə edilsədə evlərdə valideynlərdə mütləq təbliğ etməlidir".

 

Nigar Adil

 

Olaylar.- 2018.- 20 iyul.- S.12.