“Əkinçi”dən başlanan yol
bugünkü uğurlarımızın bələdçisidir
Azərbaycan milli mətbuatının
yaranmasından 143 il ötür. AZƏRTAC YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadənin
milli mətbuatımızın yaranma tarixi, keçdiyi çətin
və şərəfli yolla bağlı müsahibəsini təqdim
edir.
- Milli mətbuatımızın
yaranmasının 143-cü ildönümü ərəfəsindəyik.
Arxada qalan hər il bu zənginliyə yeni əlavələr
edir. Bir əsr yarıma yaxın olan bu dövrü necə
xarakterizə edərdiniz?
-
Əvvəlcə milli mətbuatımızın 143-cü
ildönümü münasibətilə bütün həmkarlarımı
təbrik edir, onlara yeni-yeni yaradıcılıq
uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə
davamlı töhfələr verməyi arzulayıram.
Milli
mətbuatımızın “Əkinçi”dən bu günə
qədər keçdiyi yol keşməkeşli və şərəflidir.
143 illik tarixi 4 mərhələyə bölmək olar:
“Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasına qədər olan dövr, Cümhuriyyət
dövrü, sovet dövrü və müstəqillik
dövrü.
2018-ci
ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan olunması Azərbaycanın
müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini
bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın
da məhz bu mərhələsinə diqqət yönəltmək
istərdim. Bütün dövrlərdə mətbuat həqiqət
carçısı kimi çıxış etmiş,
dövrün reallıqlarının ictimaiyyətə
dolğun şəkildə çatdırılmasına səy
göstərmişdir.
Prezident
İlham Əliyevin məlum Sərəncamında da qeyd
olunduğu kimi, qədim və zəngin dövlətçilik
ənənələrinə malik Azərbaycan xalqı
keçmişinin müəyyən dövrlərində
tarixin hökmü ilə böyük imperiyaların tərkibinə
qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq
Cümhuriyyəti məhz dünyanın siyasi nizamının
yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və
XX əsrin əvvəllərində Azərbaycanın
yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin
məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin
birinci yarısından etibarən maarifçilik
ideyalarının yayılması ilə Azərbaycanda baş
vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər
yeni tipli teatrın, məktəbin və mətbuatın
yaranmasını təmin etməklə milli özünüdərkin
gerçəkləşməsi üçün zəmin
hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli
Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə
Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə
və digər görkəmli şəxsiyyətlər davam
etdirərək milli məfkurənin təşəkkülü
və inkişafına mühüm təsir göstərirdilər.
Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin
formalaşdığı neft şəhəri Bakı, eyni
zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi
fikir mərkəzinə çevrilmişdi. Rusiyanın
Dövlət dumalarına və Müəssislər məclisinə
seçilmiş azərbaycanlılar müstəmləkədən
azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
1918-ci
il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23
ay yaşamasına baxmayaraq, üzərinə
götürdüyü çətin tarixi vəzifəni
imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi. Bu
dövrün reallıqları mətbuat səhifələrində
işıqlandırıldı, cəmiyyətin informasiya tələbatının
ödənilməsi üçün mühüm addımlar
atıldı. 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyini yenidən bərpa etməsindən
sonrakı dövrdə, daha dəqiq desək, ulu öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra digər sahələr
kimi, Azərbaycan mətbuatının inkişafında da
keyfiyyətcə yeni mərhələ başlandı. Həmin
dövrdən etibarən azad, müstəqil mətbuatın
inkişafı istiqamətində davamlı addımlar
atıldı, inkişafa mane olan süni maneələr aradan
qaldırıldı, qanunvericilik bazası
formalaşdırıldı, KİV-lərin maddi-texniki
bazasının yaxşılaşdırılması
yönümündə mühüm tədbirlər həyata
keçirildi.
-
1993-2003-cü illəri əhatə edən dövrün ən
mühüm addımı mətbuatın üzərindən
senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın
inkişafının dövlətin həyata keçirdiyi
humanizm siyasətinin əsasını təşkil etdiyini bir
daha nümayiş etdirdi…
-
Yarandığı gündən demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan
Respublikasının bu istiqamətdə qazandığı
uğurların miqyası genişdir. Ümummilli lider Heydər
Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən
bütün atributların ölkəmizdə bərqərar
olmasını fəaliyyətinin əsası kimi qəbul edərək,
insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin
informasiya tələbatının ödənilməsi kimi məsələləri
öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə
yaradılan Komissiya tərəfindən işlənib
hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul
olunan Milli Konstitusiyamızda demokratik cəmiyyətin
varlığını şərtləndirən bütün
sahələrin inkişafına xidmət edən müddəalar
öz əksini tapıb. Eyni zamanda, hər sahənin,
ümumilikdə isə ölkənin hərtərəfli
inkişafına xidmət edən qanunların qəbulu və
zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi
də daim diqqətdə saxlanılıb.
Əvvəldə
də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər
Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən
bəhs edərkən ilk olaraq Ulu Öndərin 1998-ci il 6
avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat
azadlığının təmir edilməsi sahəsində tədbirlər
haqqında” Fərmanı ilə mətbuatın üzərindən
senzuranın götürülməsi qeyd edilir. Təbii ki,
senzuranın mövcudluğu şəraitində mətbuatın
müstəqilliyindən danışmaq qeyri-mümkün idi.
Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti
üçün geniş imkanlar açdı. Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən mətbuatın
inkişafına xüsusi önəm verən, jurnalist əməyini
daim yüksək dəyərləndirən ulu öndər
Heydər Əliyevin sonrakı dövrlərdə
imzaladığı fərman və sərəncamlara, qəbul
olunan qanunlara diqqət yetirsək, hər biri
özlüyündə gələcək inkişafa xidmət
edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə
yardımları verildi, KİV-lərin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı təsdiqləndi, həmçinin “Kütləvi
İnformasiya Vasitələri haqqında”, “Məlumat
azadlığı haqqında” qanunlar qəbul olundu.
Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin
“Azərbaycan” nəşriyyatına borclarının
dondurulması idi. Dahi şəxsiyyət Heydər Əliyevin
hər addımında azad mətbuatın inkişafına
verilən önəm diqqəti xüsusilə cəlb edir.
Milli mətbuatımızın yubileylərinin keçirilməsi,
qəzet redaktorları ilə mütəmadi görüşlər,
onları narahat edən məsələlərlə
yaxından tanış olub, aidiyyəti qurumlara göstərişlər
verilməsi də həmin dövrün mühüm
addımları sırasındadır. Ümummilli liderimiz
jurnalist əməyini belə dəyərləndirirdi:
“Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy,
zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz
peşəsinə vurğunluq tələb edən əməkdir”.
Təbii
ki, Azərbaycan tarixinə dirçəliş, inkişaf
dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə
edən bu mərhələdə atılan addımları və
onların uğurlu nəticələrini bir sual çərçivəsində
əhatə etmək mümkünsüzdür. Qısa
xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın
mənzərəsini yaradır. Bu dövrün mühüm
uğurlarından biri də 2003-cü ilin martında mətbuatda
özünütənzimləmə funksiyasını həyata
keçirmək məqsədilə Mətbuat
Şurasının yaradılması oldu.
Məlumdur
ki, hər bir cəmiyyətdə uğurlara yol açan
mühüm amillərdən biri də mövcud problemləri,
qüsurları görmək və onların həlli
üçün ciddi səylər göstərməkdir.
Ümummilli lider Heydər Əliyev jurnalistləri obyektiv
olmağa çağıraraq bildirirdi: “Mətbuat
azadlığından, söz azadlığından sui-istifadə
edib, xüsusən iqtidara qarşı cürbəcür
böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər”.
Ulu Öndərin diqqət və qayğısından irəli
gələn bu kimi addımlar məsuliyyət hissinin və
peşəkarlığın artırılmasını bir tələbə
çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin
güzgüsü missiyasını dolğun şəkildə
yerinə yetirmək hər bir media nümayəndəsindən
güclü vətənpərvərlik hissinə sahib
olmağı tələb edir. Ümummilli lider Heydər
Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu”
mükafatına layiq görülməsi 1993-cü ildən
başlanan inkişaf yolumuzda mətbuata göstərdiyi diqqət
və qayğıya verilən dəyərdir.
- Müstəqillik tariximizin
2003-cü ildən sonrakı dövründə mətbuatımızın
keçdiyi yolu necə dəyərləndirirsiniz?
- Son
15 ildə Ulu Öndər Heydər Əliyevin siyasətinin
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi digər sahələr kimi, müstəqil
mətbuatın inkişafında da aydın görünür.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalist peşəkarlığının və məsuliyyətinin
artırılması istiqamətində həyata keçirilən
tədbirlər, KİV-lərə birdəfəlik maddi
yardımların verilməsi və s. kimi addımlar fikrimizə
əyani sübutdur. Bu baxımdan bu günlərdə Prezident
İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə
maliyyə yardımının ayrılması haqqında Sərəncamını
xüsusi qeyd etmək istərdim. Sənədə əsasən,
qəzetlərə birdəfəlik maliyyə yardımı
göstərmək üçün Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna (KİVDF) bir milyon manat ayrılması mətbuata
dövlət qayğısının yeni parlaq təzahürüdür.
Yaranmasından
keçən 9 ildən artıq dövrdə uğurlu fəaliyyəti
ilə müstəqil mətbuatın inkişafına öz
töhfələrini verən KİVDF möhtərəm
Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi
“KİV-lərin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası”na uyğun olaraq fəaliyyət göstərir.
Fondun həyata keçirdiyi layihələr, fərdi yazı
müsabiqələri jurnalistlərin yaradıcılıq
imkanlarının, məsuliyyət hissinin və peşəkarlığının
artmasına dəstəkdir. Dövlətimizin
başçısı İlham Əliyevin Mətbuat
Şurasının yeni binasının açılış
mərasimində qeyd etdiyi kimi, peşəkarlıq
artdıqca, jurnalistikada reket məsələləri də
aradan qaldırılacaq: “Ondan sonra bizim milli adət-ənənələrimizə
xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır.
Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır”.
Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da xüsusi
vurğulayır ki, KİV-lərə dövlət dəstəyinin
əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı,
eyni zamanda, milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşdırılmasıdır. Qlobal
informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin
gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan
xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin
tərəqqisinə, dövlətimizin nüfuzunun daha da
yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Milli
mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət
səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar
jurnalist” fəxri adının bərpası, yüzlərlə
jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq
görülmələri və digər mühüm tədbirlər
ölkə rəhbərinin mətbuata qayğısını
əyani şəkildə nümayiş etdirir. Bu əsas məqamı
da qeyd edək ki, ölkə Prezidentinin Sərəncamına
uyğun olaraq 2006-cı ildə qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində
borcu dövlət büdcəsi hesabına ödənilib.
Məhz
bu kimi davamlı addımlar dövlətimizin
başçısı İlham Əliyevin son 15 ildə 3 dəfə
“Jurnalistlərin dostu” mükafatına layiq görülməsini
şərtləndirib. “Jurnalistlərin dostu olmaq mənim
üçün böyük şərəfdir” söyləyən
Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki,
bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük
addımlar atılacaq. Ölkə Prezidentinin
üçüncü dəfə layiq görüldüyü
“Jurnalistlərin dostu” mükafatı ötən il Milli Mətbuat
Günündə jurnalistlər üçün tikilmiş
binada mənzillərin paylanması mərasimində təqdim
olunub.
- Son
15 ilin bu sahədə mühüm uğurlarından biri
dünyada analoqu olmayan addım kimi dəyərləndirilən
jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı sərəncamların
imzalanması və bu sənədlərə uyğun olaraq 2
yaşayış binasının istifadəyə verilib,
üçüncünün təməlinin
qoyulmasıdır…
-
Dövlətimizin başçısı İlham Əliyevin
2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
yaşayış binasının inşasını nəzərdə
tutan Sərəncamı ictimaiyyət tərəfindən
böyük rəğbət hissi ilə qarşılandı.
Bu addım müstəqil mətbuatın inkişafının
dövlət siyasətinin əsasında
dayandığını, jurnalist əməyinə yüksək
dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama
uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat vəsait ayrıldı. Jurnalistlər üçün
tikilən ilk binada mənzillərin paylanması mərasimi
2013-cü ildə dövlətimizin başçısı
İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin
ildə növbəti ikinci binanın tikintisi ilə
bağlı Sərəncam imzalandı. Addımların
davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi
imkanlarının genişliyinə də işıq saldı.
Bu baxımdan ki, hər bir inkişafın təməlində
iqtisadi tərəqqinin rolunu önə çəkən
dövlətimiz mövcud imkanlara söykənərək
bütün sahələrdə uğurlu nəticələrə
yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat
Günündə ikinci bina istifadəyə verildi və “Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər
haqqında” üçüncü Sərəncamın
imzalanması media nümayəndələrinin bayram sevincini
daha da artırdı. Mənzil bölgüsündə diqqəti
çəkən əsas məqam siyasi mənsubiyyətindən
və əqidəsindən asılı olmayaraq bütün
jurnalistlərə bu sevincdən payın düşməsidir.
Möhtərəm Prezidentimiz jurnalistlərə mənzillərin
bölüşdürülməsində ədalət
prinsipinin qorunmasının mühüm şərt olduğunu
vurğulayaraq bildirmişdir: “Bu binalarda yaşayan və bundan
sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə
aiddir və burada da heç bir ayrı-seçkiliyə yol
verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif
partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə
kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti
də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik
var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib.
Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə,
bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir
çox yerlərində öyrənilir, bəzən təəccüblə
qarşılanır və bunun da çox sadə səbəbi
var. Çünki Azərbaycanda çox gözəl, demokratik
şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan
müstəqil siyasət apararaq həm bölgədə, həm
dünyada öz mövqelərini möhkəmləndirib. Bizim
təsir imkanlarımız genişlənir, böyüyür
və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının
və Azərbaycan dövlətinin maraqları dayanır”.
- Vüqar müəllim, sizcə
bu günümüz sabahımız barədə hansı
ümumiləşdirməni aparmağa əsas verir? Müasir
dövrdə cəmiyyətin yazılı və elektron
KİV-lərdən gözləntiləri barədə fikirlərinizi
bilmək istərdik…
-
Qeyd etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat
dövrün tələblərinə uyğun olaraq təkmilləşir.
Vətənpərvərlik, milli şüur prinsipləri mətbu
orqanların fəaliyyətinin əsasında
dayanmalıdır. Söz azadlığı ölkəmizdə
tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət
gedə bilməz. Ölkə əhalisinin təxminən 80
faizi internet istifadəçisidir. İnternetin azad olduğu
ölkədə hansısa məhdudiyyətdən
danışmaq qeyri-mümkündür. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzi
hallarda bəzi qeyri-hökumət təşkilatları ölkəmizi
tənqid edir, amma bu ittihamların heç bir əsası
yoxdur. Bu, sadəcə qərəzli mövqedir. Ölkəmizdə
internet və sosial şəbəkələr üzərində
hər hansı inzibati nəzarət yoxdur və bu da medianın
müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə,
qısa təhlil, bu günümüzün reallıqlarına
baxış fonunda deyə bilərəm ki, ölkə mətbuatı
fəaliyyətini dövrün
çağırışlarına uyğun şəkildə
qurmağa səy göstərir. Bunu hansı səviyyədə
yerinə yetirir, bu qiymətləndirməni oxucuların və
tamaşaçıların ixtiyarına vermək gərəkdir.
Müharibə
şəraitində yaşayan ölkə olduğumuzu nəzərə
alsaq, bu günümüzün əsas tələblərindən,
çağırışlarından, ən əsası
yazılı və elektron KİV-lərdən gözləntilərimiz
informasiya təhlükəsizliyini qorumaq, dövlətin
maraqlarını öndə saxlamaq, vətənpərvərlik,
obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini
təmin etməkdir. Ulu öndər Heydər Əliyevin
uğurlu gələcəyimizə hesablanmış
düşünülmüş və məqsədyönlü
siyasətinin Prezident İlham Əliyev tərəfindən
davam etdirilməsi nəticəsində günbəgün
güclənən, qüdrətlənən Azərbaycan hər
birimizin qürur mənbəyinə çevrilərək, bu
inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin
güzgüsü olan mətbuat zamanın tələbinə
uyğun daha da təkmilləşəcək, cəmiyyətin
informasiya tələbatını dolğun şəkildə təmin
etməklə davamlı inkişafa öz töhfəsini verəcək.
XXI əsrin informasiya mübarizəsi əsri olduğunu önə
çəkən möhtərəm Prezidentimiz İlham
Əliyev internet resurslarından səmərəli istifadənin,
Azərbaycan həqiqətlərini müxtəlif dillərdə
dünya ictimaiyyətinə çatdırılmasının
vacibliyini bildirir: “Müxtəlif dillərdə internet
resursları yaradılmalıdır. Dağlıq Qarabağla
bağlı tarixi həqiqətlər dünya birliyinə
çatdırılmalıdır. Belə olan halda biz
informasiya mübarizəsində daha da böyük uğurlara
nail ola biləcəyik. Hər halda, son illər ərzində
Azərbaycan informasiya blokadasından çıxa bilmişdir.
Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr
endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və
davam edəcəkdir. Ona görə də biz buna hazır
olmalıyıq”.
Bu
gün yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik
uğurlarımız, iqtisadi imkanlarımızın artması
fonunda güclənən, qüdrətlənən Azərbaycan
Ordusunun işğal altında olan torpaqlarımızı
tezliklə azad edəcəyi, üçrəngli
bayrağımızın Şuşada, Xankəndidə
dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin aprel, 2018-ci
ilin Naxçıvan qələbələri bu inama əsas
verir. Dövlətimizin
başçısı İlham Əliyev Azərbaycan
Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə
keçirilən hərbi paradda uğurlarımıza söykənərək
böyük inam və qətiyyətlə bildirmişdir ki,
gün gələcək və bu gün işğal
altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq
Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək
və hərbi paradda göstəriləcək. Biz
bu müqəddəs günü
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
Qələbə sevincimizin müjdəçisi
olmaq arzusu ilə bir daha bütün həmkarlarımı
Milli Mətbuat Günü münasibətilə təbrik edir,
yeni-yeni uğurlar arzulayıram!
Olaylar.- 2018.-21-23
iyul.- S.12; 14.