SÖZümün doğulduğu qəzet...

 

Onda yeddinci sinifdə oxuyurdum. Bir axşamüstü kəndin poçtalyonu anama qəzetlərlə birlikdə məktub da verdi. Küçədə oynayırdım. Anam məni çağırıb dedi ki, sənə "Azərbaycan gəncləri" qəzetindən məktub gəlib. Bilmirəm özümü həyətə necə saldım, sevincimdən ürəyim ağzıma gəlmişdi. Zarafat deyildi. Bakıdan - "Azərbaycan gəncləri"ndən mənə məktub gəlmişdi. Bir andaca zərfi açdım. Elə ilk sözlərdəncə sevincim üzümdə dondu. Gözlərim yaşla doldu, bir dəqiqə əvvəl "uçmaq üçün açılan qanadlarım qırıldı". Bir ay əvvəl redaksiyaya göndərdiyim məqalənin çap olunmamasının səbəbini yazmışdılar. Təxminən belə idi: yazınız redaksiyanın tələblərinə cavab vermədiyi üçün dərc olunması məsləhət görülmədi. (Sonralar jurnalistika fakültəsində oxuyarkən həmin qəzetdə təcrübəədə olacam və mən özüm neçə-neçə oxucu məktubuna belə standart cavab yazacam, daha doğrusu, yazdıracaqlar)...

Məktub əlimdə sakitcə, lal-dinməz bir qıraqda dayandım. Yenə də anam dilləndi: qızım, al bax "Həqiqət"də yazın çıxıb. Qarşımdakı insanın anam olduğunun fərqinə belə varmadım. Qəzeti anamın əlindən necə sürətlə aldığımı... yox, qapdığımı indi də xatırlayıram. Üçüncü səhifədə "Kəndimiz gözəlləşir" başlıqlı yazının sonunda mənim adım yazılmışdı: Züleyxa Əliyeva.

İnsan sevincdən ölə bilərmiş. İnsanın ürəyi təkcə kədərdən deyil, həm də aşırı sevincdən dayana bilərmiş. Bax, o anda "Həqiqət" qəzeti bir az əvvəl yaşadıqlarımın üstünə elə bir "xoşbəxtlik yağışı yağdırdı ki, mən bu yağışda islandım" və çox qəribədir ki, "üşümək əvəsinə nəfəsim istidən təngidi". İndi bu sətirləri oxuyanlar bəlkə də yazdıqlarımın mübaliğə olduğunu düşünəcəklər. Amma, bu doğrudan da belə idi. Keçirdiyim həmin hissləri o zamanlar ola bilsin ki, belə sözlərlə yaza bilməzdim. Amma bu gün uzun illərin yazı-pozu təcrübəsi imkan verir ki, illər öncə uşaqlığımın jurnalistikaya boylanan həvəsindən doğan yaşantıları bax beləcə - olduğu kimi qələmə ala bilim.

Eyni vaxtda iki bir-birinə zidd hiss keçirməyin nə qədər çətin, nə qədər əzablı və işgəncəli olduğunu taleyimdə zaman-zaman daşımışam. Amma o vaxkı məktəbli qızın rayon qəzetində çıxan ilk məqaləsi onun həyatının məhz bu səmtə - jurnalistikaya istiqamətlənməsi üçün bir göstərici, bir işarə oldu. Və o gündən "Həqiqət" qəzetini çox sevdim, hətta deyərdim ona aşiq oldum. Ara-sıra məqalələrim çap olundu. Qəzetdə çıxan bu yazıların sevincini ömrümün işıq payına qatırdım, yaşayırdım, günlərlə sevinirdim. Məhz bu yazılar ali məktəbə qəbul olanda əlimdən tutdu, universitet qapısından işəri girmək üçün mənə güc-qüvvət verdi. İllər keçib, amma mən həmin məqalələri bu günə kimi saxlamışam. Arxivimdəki saralmış bu kağız parçalarında ürək çırpıntılarım mühafizə olunub. Qəzetdən kəsib saxladığım həmin məqalələr ömrümün ən şirin, ən həzin, ən dəyərli xatirələridir.

Bu gün jurnalist olmağımda Tovuzun "Həqiqət" (indiki "Tovuz") qəzetinə və onun o zamankı mərhum redaktoru Musa Musayevə minnətdaram. Həyatda tutduğum bu günkü mövqeyimin kökləri ötən əsrin 70-ci illərinin ortalarına gedib çıxır. Dörd il davamlı olaraq "Həqiqət" qəzetinə yazdığım yazılar mənim taleyimi müəyyənləşdirib.

"Həqiqət" qəzetinin müxbirlərini yalnız imzalarından tanıyırdım. Bu adamlar mənim üçün yalnız qəzet səhifələrindən boylanan olduqca dəyərli, möhtərəm imza sahibləri idi. Musa Musayev,  Bədir Məhərrəmov, Sadin Nuriyev, Fərmayıl Əsədov, Laçın İsmayılova... mənim həyatda ilk gördüyüm SÖZ adamları, müqəddəs qələm sahibləridir. Bu adamlar mənim üçün necə də əlçatmaz idilər. Üçüncü kursda oxuyanda doğma, əziz qəzetimdə təcrübə keçdim. Redaksiyanın kollektivini yaxından tanıdım, görmədiklərimlə şəxsən tanış oldum. Çünki həmişə qəzetə yazılarımı məktubla göndərirdim. O zamanlar  yaşadığım Xatınlı kəndindən  Tovuza - rayon mərkəzinə getmək orta məktəb şagirdi üçün elə də asan deyildi.

Daha sonralar isə artıq peşəkar jurnalist olaraq qəzetdə yazılarım dərc olundu. Universiteti bitirib Tovuzda işləyəndə artıq yeniyetməliyimin qəzetlə bağlı unudulmaz məqamları həyatın dolanbaclarında, acılı-şirinli xatirələrin kövrək sevincinə qarışıb gizlənmişdi. Mən yenə də yazırdım, yenə də "Həqiqət" mənim üçün əsil həqiqətin, doğruların qaynağı, mənbəyi rolunu oynayırdı. Musa müəllimdən sonra qəzetə müxtəlif vaxtlarda rəhbərlik edən Bəhruzər Rüstəmov da, Sadin Nuriyev də artıq adını dəyişib "Tovuz" olmuş "Həqiqət"in həqiqi SÖZ sərrafları idilər. Nə qədər universitet bitirmiş olsam da, respublikanın müxtəlif mətbu orqanlarında çap olunsam da, tovuzlu jurnalistləri - "Həqiqət"in əməkdaşlarını özümün müəllimim hesab edirdim, bu güneyni fikirdəyəm. Onlar mənim yazılarımın ilk oxucusu, ilk redaktə müəllifləri idilər.

O zamanlar redaksiya rayon mərkəzində, gediş-gəlişin sıx olduğu, insanların gur toplaşdığı bir məkanda idi. İstər tələbə vaxtlarımda, istərsə də sonrakı illərdə hər dəfə yolum həmin küçədən düşəndə mütləq redaksiyanın həmişə açıq olan qapısından içəri girirdim. Kollektiv məni o qədər səmimi qarşılayır, o qədər təmiz qəlblə, açıq ürəklə görüşürdü ki, sözün düzü, mən bu gözəl insanların əhatəsində xoşbəxtlərin xoşbəxti olurdum. Qısa görüş üçün gəldiyimi desəm də, onlardan ayrılmağım uzun çəkirdi. Bəzən də gedəcəyim yeri unudurdum, ya da gecikirdim. Mənim üçün bu insanlar çox dəyərli idilər. Onlar Tovuzun, "Həqiqət"in mənəviyyatı zəngin olan insanları idilər. Dünən də, bu gün də, lap elə bu sətirləri yazdığım dəqiqələrdə də adlarını çəkdiyim şəxslərin qarşısında baş əyir, dünyasını dəyişənlərə rəhmət diləyirəm.

Bu gün qəzetin binası redaksiya kimi fəaliyyət göstərmir. Həmin binada rayon üçün çox gərəkli ola biləcək bir qurum olan şəhər bələdiyyəsi fəaliyyət göstərir. Yenə də vərdişimdən əl çəkə bilmirəm,  həmin küçədən keçəndə istər-istəməz şəhər bələdiyyəsinə tərəf  boylanıram, sonra isə tərəddüdlə içəri girirəm. Etiraf edim ki, hər dəfə qapıdan  girəndə qəribə hisslər keçirirəm. Dəhlizin girişində bir anlıq ayaq saxlayır, sağa-sola boylanıram. Mənə elə gəlir ki, sağ tərəfdəki otaqda oturan Dünya xanım həmişə olduğu kimi, yenə də məni görən kimi hündür səslə "bir görün kim gəlib?" deyə muştuluq istəyənlər sayağı səslənəcək. Səsə Musa müəllim kabinetininin açıq qapısından boylanacaq və mənə "xoş gəlmisən" deyəcək. Dəhlizin sol tərəfindəki otaqlarda oturan əməkdaşlar üzlərinə xoş ifadə verəcək, səmimi hisslərlə məni qarşılayacaqlar... amma bu, baş vermir. Mən tam fərqli insanlarla salamlaşmalı oluram. Bütün hallarda həmin bina mənim üçün doğmadır, əzizdir və o binaya daxil olanda uzaq illərdən qalan yaşantılarım 20-30 il əvvəlin xatirələrinə qarışıb ruhuma doğru boylanır. Və mən gəncliyimin SÖZ cazibəsinə düşürəm...

Jurnalist həmişə yaza-yaza öz içində böyüyür, özünü narahat edən hansı suallarasa cavab tapır, hansı hissslərinsə dərinliyinə enir. Bir az uğurlu, bir az uğursuz yazılar da olur. Ancaq əgər hər şeyin başlanğıcı SÖZdürsə, sonu da SÖZdür. Və həmin SÖZ indi mənim yaşam tərzimdə, fikirlərimdə, düşüncələrimdə, davranışlarımda başımın üstündəki Allah qədər müqəddəslik məqamına ucalıb. Necə deyərlər, bu gün mənim çörəyim SÖZdən çıxır. SÖZümün ilki "Həqiqət" qəzetində doğulub. Bu qəzetdən dünyaya boylanmışam. Bu qəzetdən dünyanın gərdişinə bələd olmuşam. Məhz bu qəzet məni SÖZ dünyasının sakini edib, SÖZlə baş-başa qalmağı öyrədib.

Var ol, doğma qəzetim! Var ol, "Tovuz"um! Səninlə bağlı xatirələrim çoxdur, lap çox. mən bu uzaq, uzaq olduğu qədər şirin həzin xatirələrimin fonunda sənə bir şükran borcum olduğunu heç zaman unutmuram. İndi həmin borcumu SÖZümün dəyəri, SÖZümün kəsəri ilə ödəməyə çalışdım.

Minnətdaram sənə, həm sonsuzluğa qədər...

 

Züleyxa NADİR

 

Olaylar.- 2018.- 21-23 iyul.- S.13.