“Əli həmişə mənimlə

duet ifa eləmək istəyib”

 

Ruhəngiz Musəvi: "Yayımdan öncə Murad Dadaşov iştirakçıların hər birinə tapşırırdı ki"...

 

Olaylar.az əməkdar artist Ruhəngiz Musəvi ilə müsahibəni təqdim edir.

- Necəsiniz, Ruhəngiz xanım?

- Şükür. Hələ də sevilirəm. Hələ də özümə qarşı hörməti qoruyub saxlayıram. Çoxu da ailəlikcə sevir məni.Deyirlər ki, buna da səbəb pozitiv olmağımdı.

- Son zamanlar davamlı olaraq efirlərdəsiniz.

- Mən həmişə efirlərdə olmuşam. ANS-dən tutmuş ABBA ya qədər bütün telekanallar həmişə mənə diqqət göstəriblər. İndi Space dən daha çox dəvət alıram. Hələ əhvalım olmayanda bir çox dəvətlərə getmirəm. Amma onu da deyim ki, həssalığıma görə hər verilişə çıxa bilmirəm. Səhhətimə pis təsir edir. Qalmaqallı verilişlərdən də uzağam. Gündəm xatirinə hər şeyə əl atanları qınayıram.

Üzr istəyirəm, kim necənci ərindən, sevgilisindən doğdu, hara gedir, hardan gəlir hər şeyi efirdə demək düzgün deyil. Yaxşı olar ki, sənətləri ilə efirlərdə olsunlar. Bu hərəkətlə sənətə ləkə vururlar. Allah hamının yolunu açıq eləsin. 1971- ci ildən bu sənətdəyəm. Və bütün ifalarım canlı olub. Rəşid Behbudovla bütün dünyanı gəzmişəm. Hər müğənnini xarici ölkələrə göndərmirdilər. Hər zaman sadə olmuşam. Həyatda həmişə gözüm tox olub, heç vaxt özümdən böyüklərə qarşı hörmətsizlik etməmişəm və ən əsası sənətə pulla gəlməmişəm. Həmişə getdiyim hər bir yerə dəvətlə getmişəm. 2007 -ci ildə əməkdar artist adını almışam. Sənətə hobbi kimi baxmışam. Sonralar öz qədrimi bildim. Mənimlə bir nəsildən olanlar hər zaman fəxri adlara can atıblar. Mən sənətkarların yanında heç vaxt bu haqda fikirləşməmişəm. Amma indi baxıram ki, övladım yaşındadır, artıq xalq artistidir. Mənim üçün əsas odur ki, seviləsən. Əgər dəyər verilib mükafatlandıralarsan, nə gözəl. Amma ömrümü buna görə gərginlik içində keçirmərəm. Elə xalq artistləri var ki, heç yerdə adları yoxdu, heç kim tanımır. Bir mahnısı da yaddaşlarda yoxdur. Mənə o lazım deyil.

- Təzəlikcə sizi "Maşın şou"da gördük. Necə oldu ki, iştirak etməyə qərar verdiniz?

- Murad Dadaşov məni dəvət edəndə çox tərəddüd etdim. Yüksək təzyiqdən əziyyət çəkirəm, səbirsizəm. Əlimi maşının üzərində saxlayacağıma inanmırdım. Düşünürdüm ki, 1-2 gündən sonra evə gələcəm. İlk əvvəl razılıq vermədim. Daha sonra Murad Dadaşov məni yola gətirməyi bacardı.

- Neçə gündən sonra maşın əldən getdi...

- 11 gün orda qaldım. Gözəl hədiyyələr aldım. Ora gedən günü hamıya dedim ki, mən maşın istəmirəm. Sadəcə özümü yoxlamaq üçün getdim ki, görüm orada neçə gün qalacam. Hamı məni  hörmətlə qarşılayırdı. Dəfələrlə iştirakçılara"mənim şəkilimi atın" deyirdim. Fikirləşirdim ki, heç kim mənə səs verməyəcək. Aytən Səfərova həmişə mənə deyirdi ki, "Ruhəngiz xanım, niyə elə deyirsiniz. Sizi çox istəyirlər". Onlara deyirdim ki, nə yoldaşım var, nə sevgilim var, nə də sponsorum. Özümə də maraqlı idi ki, çıxsaydım, nə qədər səs yığardım. Amma heç biri bunu etmədi. Orda olan iştirakçıların hər birindən razıyam.

- Çox aqressiv anları olan bu oyundan kimi kənarlaşdırmaq istərdiniz?

- İnanın, mən səs yığsaydım belə, heç kimi çıxartmağa ürəyim gəlməzdi. Bilirəm ki, səs göndərən insanlara qarşı bu haradasa hörmətsizlikdi. Murad Dadaşov da bunu dedi ki, sizə səs göndərənlərə qarşı hörmətsizlik etməyin. Amma yenə də özüm gedərdim. Bilirəm ki, səs göndərənlər məndən heç vaxt inciməyəcəklər.

Hətta yayımdan öncə Murad Dadaşov iştirakçıların hər birinə tapşırırdı ki, bir -birinizi təhqir etməyin, ayrılanda düşmən kimi getməyin,şəxsi həyata dair heç bir fikir səsləndirməyin. Mənə dedilər ki, siz ordasınızsa bu dəfə yarış sakit keçəcək. Getməmişdən öncə maraqlandım ki, kimlər olacaq. Çox istəyirdim ki, yanımda tanıdığım insanlar olsun. Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev də dəvət almışdı. Amma teatr onun iştirakı üçün icazə vermədi.

- Tanımadığınız hansı iştirakçı sizin üçün bir kəşf oldu?

- Hamı bir -birindən inciyir. Bu oyundur və hər gün bir nəfər çıxmalıdır. Oyunun qaydasıdır. Qismət kimindirsə, maşın da onun olacaq. Mənə o cür iradəli insanlar həmişə maraqlı gəlib. Orada heç kim mənim xətrimə dəymədi.Qəribədir ki, maşına görə bir -birlərinin xətrinə dəyən insanların hamısının maşını var. Dünyanın malı dünyada qalacaq. Bizə qalan xatirələrdi. Ömrümüzdə "Maşın şou" adlı bir xatirə oldu.

İştirakçıların hər birini çox istəyirəm, hörmətim var. Mən çıxanda Aytən Səfərovanın ağlamasına çox pis olmuşdum. Aktrisa Pərvin Abıyevanı çox istədim. Düzü, bir qədər də sürətpərəstəm. Əli Mirəliyev onu təkləyəndə çox pis olurdum. Mən şəxsi məsələlərə müdaxilə edən insanları sevmirəm. Evə gələndə iştirakçıların hamısının şəkillərini özümlə götürdüm. Onlar bu gün də mənim üçün dəyərlidilər. Mən insanları sevirəm.

- Əli Mirəliyev sizi yarışmada incidən yeganə insan oldu.

- Əlinin danışığı elədir, doğrudur. Amma sənət adamının efir mədəniyyəti, danışıq mədəniyyəti olmalıdır. Efirlə həyat başqadır. Mən onu elə qəbul eləmirəm. Biz orda boş vaxtımızda mahnılar oxuyurduq. Mənə orda necə oxumağı öyrədir. Dedim, Əli, bilirsən mən necənci ildən oxuyuram? Mən sənətə elə belə gəlməmişəm. Rəşid Behbudov, Flora Kərimova, Arif Babayev kimi sənətkarlar mənə qiymət veriblər. Bu vaxta qədər necə oxumuşamsa, o cür də oxuyacam. Sən oxumağı mənə yox, cavanlara öyrədə bilərsən. Məndən öncə sənətdə olan sənətkarlardan Yalçın Rzazadə, Elmira Rəhimova, Zeynəb Xanlarovadan söz götürə bilərəm. Onlar da məni müğənni kimi qəbul ediblər. Mənim bu günə kimi səsim də, məlahətim də öz yerindədir.

- Əvvəllər Əli Mirəliyevlə duetləriniz olub?

- Bəli, əvvəllər bir -iki dəfə qəşəng duetlər oxuduq. Sonra bizim adımıza şaiyə çıxartdılar. Yoldaşım həm idmançı, həm də musiqiçi olub, Çingiz Eyvazov. Bu məni də, yoldaşımı da əsəbləşdirdi və ondan sonra mənə ifa eləməyi qadağa qoydu. İllərlə oxumadım. İkinci dəfə ailə həyatı qurdum. İkinci həyat yoldaşım da  mənə duet ifa eləməyi qadağa qoydu.

90 -cı illərdə Əli ilə AzTv- nin Musiqili proqramlar departamentinin direktoru Nadir Axundovun dəvəti ilə duetlər yazdırdıq. Amma efirə getmədi.

Əli həmişə mənimlə duet ifa eləmək istəyib. İllər keçəndən sonra 2001 -ci ildə AzTv-də konsertlər çəkiləndə həmin mahnıları yenidən ifa etdik. Mahnılarımız gözəldi. Əli də gözəl müğənnidi, səsi səsimə uyğun gəlib və birgə duetlər oxumuşuq. Əli 90 -cı illərdə "Dan ulduzu"nda dövlət televiziyasında çıxıb, mən isə 1971-72-ci ildən televiziyada oxumuşam. İllərlə bəstəkarların, sənətkarların mahnılarını ifa etmişəm. 1-2 veriliş olub ki, mən özüm istəmişəm, dəvət etmişəm ki, Əli də gəlsin mahnılarımızı ifa edək.

Əli özü də deyir ki, mən yada düşmürdüm. Elə ki, müğənnilər haqqında danışdım, başladılar məni çağırmağa, tanımağa. Dəfələrlə Elçin Əlibəylinin "El içi" verilişində mənim keçmiş həyat yoldaşımın adını hallandırırdı. Ona görə bir müddət Əli olan verilişlərə getmədim.

İndi cavanlar da sənətə o cür gəlir. Amma bu düzgün sənət yolu deyil. Mən o cür tanınmaq istəmərəm heç vaxt. O zaman mən Ruhəngiz Musəvi olmaram.

- Əli bəy yenidən barışmaq, yeni ifalar üçün cəhd edir?

- Hamı deyir ki, Əli səni çox istəyir. Hətta yoldaşı, qızı da deyir ki, "Ruhəngiz xanım, biz sizi çox sevirik". Mən onunla o cür gözəl duet oxumuşam. İstəmirəm onu o cür tanısınlar. Özünə də deyirəm ki, sənin gözəl lent yazıların, gözəl səsin var. Mən həmişə ondan uzaq olmuşam. Özü də bilir ki, mən onu o cür qəbul etmirəm. Həyat yoldaşı da mənə dəfələrlə deyib ki, həmişə ona demişəm ki, Ruhəngz xanımla olanda danışığına diqqət et. Onu o cür qəbul edən insanlara məəttələm. Özünə hörmət edən insan ətrafa o fürsəti verməz. Yarışda da ona sözümü dedim. Əli evində o cür danışa bilər, efirdə yad insanlarla heç kim o tərzdə danışa bilməz. O mənim ondan küsməyimi istəmir. Mən sakit insanam. Mənə kimsə dəyməyəndə onunla işim yoxdur. Onun etdiyi sənətə hörmətsizlikdi. Sənət mədəniyyət tələb edir.

- Bir çoxları da gənc ifaçıların şəkilini cırır, efirdə barəsində xoş olmayan fkirlər səsləndirir.

- Mən Elza xanımdan o hərəkəti gözləməzdim. Elza xanım hər zaman mənə hörmətlə yanaşıb. Vacib deyil ki, hamını bəyənək. Mən heç vaxt efirdən kiminsə ürəyini qırmaram. Mən də bir çox ifaçıları qəbul eləmirəm. Amma bunu efirdə səsləndirmək və o cür hərəkət etmək fikrimcə düzgün deyil.Bəyənmirəm, qulaq asmıram.

Biz də gənc olmuşuq. Sənətkarların yanında özümüzə, hərəkətimizə son dərəcə diqqət edirdik. Amma indi gənclər belə deyil. Özlərindən əvvəl sənətə gələnləri bəyənmirlər. Allah bunlara ruzi də verir niyə bir-birlərinin ətini yeyirlər?

- Əvvəllər sənətdə küsülülər bir -birləri ilə necə davranırdılar?

- Əvvəllər də küsülülər olurdu. Biz bir sənətdə idik, çox vaxt bilmirdik bu sənətkarla filan sənətkar küsülüdür. Bizim nəsil gözütox olub. Problemləri də öz aralarında olub. Kiməsə demirdilər, hiss etdirmirdilər. Hamı öz işi ilə məşğul olurdu.

Nəyə lazımdı bu? Kimin nəyi var hamısını çıxıb deyir. Eləsi olub ki, pul gücünə efirə çıxırdı, səsi də çıxmırdı, oxuya blmirdi. İndi artıq məşhur müğənnidi.

- Bəstəkarlar sizə yeni mahnılar üçün müraciət edirlər?

- Gənclər daha çox yeni mahnılar göstərirlər. Amma baxan kimi bilirəm ki, bu mənim mahnım deyil. Mənim elə mahnılarım var ki, 1-2 dəfə ifa etmişəm. Eldar Mansurovun məndə çoxlu mahnıları var. Sizə bir söz deyim, nə var elə bizim retro mahnılarımızda var. Bəzilərini yeni oranjemanda oxumuşam. Amma hamısını yenidən yazdırıb oxumağa imkanım yoxdur.

- Ruhəngiz xanım, stilist Pərviz sizi dəyişdirmişdi. Amma yenə də öz imicinizə qayıtdınız.

- Mənim üz gizgilərim gözəldi. Cavanlığımda necəydisə, indi də elədi. Saçıma qoyulan parik idi. Üzümə həddindən artıq makiyaj edəndə özümü narahat hiss edirəm. O zaman o mən deyiləm. "Maşın şou"da da məni makiyaj edirdilər. Üzümdən hiss edirdilər ki, narazıyam. Mən ağır makiyajı sevmirəm. Makiyajımı da özüm edirəm. Pərviz həmişə deyir ki, nə zaman istəsəniz mən hazıram. Amma mən belə rahatam.

Bu yaşımda heç bir estetik əməliyyat etdirməmişəm. Həm qorxuram, həm də sevmiəm. Buna nə ehtiyac var ki?

Gözəl aktrisamız Leyla Bədəlbəyli həmişə deyirdi ki, sənin gözəl üz cizgilərin var. Sən kino üçün yaranmısan. Nuriyyə Əhmədova da həmişə mənə deyrdi ki, sən danışanda gözlərin canlanır. Bu heç çox aktrisada yoxdu. Mən də Şərq surəti var.

 

Nigar Adil

 

Olaylar.- 2018.- 24 iyul.- S.13.