AĞDAM -
AĞ
GÜNLƏRİMİZİN
QARA ÇÖZÜMÜ
Ömrümün
Qarabağ səhifəsi
(Bu yazımı ermənilərə
heç vaxt bağışlamaram)
Ağdama ilk gedişimi dəqiq xatırlamıram: ya 88-ci il idi, ya da ki, 89-cu. Şuşaya Ağdam yoluyla getməliydik və yolüstü sövq - təbii birinci dəfə olduğum bu rayonu gəzmək istəyi keçdi ürəyimdən. Çünki uşaqlığımın nostalji hisslərindən qopa bilmirdim. Ağlım kəsəndən Ağdam xəyallarımda ağappaq, ağca bir şəhər kimi qalmışdı və nədənsə burada olarkən həmin təəssürat məni yenə də tərk etmədi. Gözəl, yaraşıqlı evləri, səliqəli və təmiz küçələri, abad kəndləri, bol bazarı olan bir ərazi. Ağdamda sıra ilə tikilmiş, bir-biriylə sanki bəhsə girmiş şəxsi mülklər buranın camaatının həyat tərzindən, yaşamından xəbər verirdi. Və bu evlərin ağ daşları bir çox rayonun tikinti materialı olan daşlarıyla müqayisəyə gəlmirdi. Düzü, bu cür ağlıqda daşları ilk dəfəydi görürdüm. Həyətlərin hamısı gül-çiçəyə bürünmüşdü, çəpər qızılgülləri zəncirbənd kimi bu mülkləri mühafizə edirdi. Ağdam bir özgə cah-cəlallıydı onda, həsəd aparmamaq mümkün deyildi. Elə bil bu vüqar, əzəmət buranın insanlarına da sirayət etmişdi. Buraların əhalisinin bir az özlərindən razılığının, müştəbehliyinin səbəbi də bəlkə elə bundaymış. İllər boyu qonşu yaşadıqları ermənilər onların mərd, qorxmaz xüsusiyyətlərinə bələd idilər və hər zaman özlərini yığışdırırdılar.
Qarabağ döyüşlərinin ilk şəhidləri də (əslində onlar döyüşdə yox, ermənilərin haqsızlıqlarına etiraz əlaməti olaraq əliyalın Əsgəran üzərinə yürüş edərkən erməni quldurları tərəfindən vəhşicəsinə gülləbaran edilmişdilər) məhz ağdamlılar idi - Əli və Bəxtiyar. (Allah hər iksinə, o
cümlədən bütün şəhidlərimizə rəhmət
eləsin).
Düzü indi nə Əlinin, nə də Bəxtiyarın
ailə üzvləri ilə söhbətlərimi, nə
onların bambalaca vücudlarında gəzdirdikləri Azərbaycan
boyda Vətən sevgisini, nə onların həyatlarını,
nə də bu iki yeniyetmənin qətlindən sonra niyə
ağdamlıların ermənilərin üzərinə gedərək
onların dərslərini əməllicə verməmələrini
çözələmək fikrim yoxdu. Çünki
bu, tamam başqa bir yazının mövzusudu.
Əvvəlki
gedişlərimdən fərqli olaraq, bu dəfə Ağdama
qrad, top mərmilərinin "yağışı"
altında daxil olmuşduq. 200-300 metrliyimizdə
qulaqbatırıcı gurultu qopur. Az
keçmiş məlum olur ki, dağıdılmış
binanın yanında dörd polis işçisi mərmi qəlpələrindən
həlak olub. Rayonun içində düşmənin
mövqeyini də düzgün müəyyənləşdirmək
asan olmur. Ya gərək müharibə
zonasını tamam tərk edəsən, ya da ki, həyatını
taleyin hökmünə buraxasan.
Günorta olsa da, Ağdamda heç bir mülki şəxs
gözə dəymirdi. Dörd il qabaq gördüyüm Ağdam tamam dəyişmişdi. Kimsəsizləşmişdi...
Ölümsaçan silahların türkürpədici
səsi nəinki insanların, quşların da səslərini
"udmuşdu". Rayonun real sahibləri
o zaman hərbçilər və polis əməkdaşları
idilər. Rayon polis idarəsinə təzəlikcə
Cəbrayılın müdafiəsində ad qazanmış, məşhur
Sur əməliyyatına şəxsən rəhbərlik
etmiş polis polkovniki Rəşid Məmmədov (sonralar
avtomobil qəzasında dünyasını dəyişdi.
Allah rəhmət eləsin)
başçılıq edirdi. Cəbrayılda
dəfələrlə onunla görüşmüşdüm,
şücaətlərindən xəbərim vardı. Ağdamda vəziyyətin son dərəcə gərginləşdiyini
görüb komandanlıq onu bura təyin etmişdi. Elə
əvvəllərdə gördüyüm kimi səbirsiz, tələskən,
vaxtın dəyərini az qala
qızılla ölçən, az danışan idi. Rayonun komendantlığı da ona
tapşırılmışdı. Növbəti
əməliyyatın iştirakçılarına son
tapşırıqlarını verib bizə
yaxınlaşdı. Vəziyyətin həqiqətən
ağır olduğunu dönə-dönə nəzərimizə
çatdırsa da, fikrimizdən çəkinmədiyimizi
görüb Gülablını qoruyan
döyüşçülərlə görüşüb
söhbətləşməyimizi məsləhət
gördü. Amma qətiyyətlə
tapşırdı ki, tez geri qayıdaq. Hər an təhlükə gözlənilir. Axı bu torpağa son bir neçə ayda
üç igid şahinimizin - Milli Qəhrəmanlar Təbriz
Xəlilbəylinin, Çingiz Mustafayevin və həkim
Gültəkin Əsgərovanın qanları da
qarışmışdı. Hər dəfə
şəhərə dönərkən bu cür neçə-neçə
igidimizin şəhid xəbərlərini gətirmək məcburiyyətində
qalırdıq. Nə isə... Polis idarəsinin
Dövlət Avtomobil Müfəttişliyinin rəisi, polis
kapitanı Vaqif Rzayev (Əvvəlcə döyüşlərdə
ayağının birini itirdi. Daha sonralar
Ağdam dərdinə dözə bilmədi. Allah rəhmət eləsin) Gülablının
müdafiəçilərinə yemək aparırdı.
Yol yoldaşım, Füzuli cəbhəsində
döyüşən Babək Qocayevlə birlikdə ona
qoşulduq.
Əslən Gülablıdan olan Vaqif Rzayev yol boyu bizə
bu kəndin tarixi barədə məlumat verir. Hələ 1905-ci ildə bu
kənddə 500 ev olub,-deyir. Bu kənd ermənilər tərəfindən
üç dəfə yandırılıb. Amma igid
oğulların şücaəti nəticəsində bir dəfə
də olsun işğal edilməyib... Son
hücum zamanı kənd 35 dəqiqə ermənilərin
ixtiyarında olub. Mənfur "qonşular" dar məqamda
on-on beş evi yandırmağa macal
tapıblar. Döyüşçülərimizin
mübarizliyi nəticəsində kənd düşmənlərdən
geri alınıb. Gülablının erməni
quldurlarından təmizlənməsi zamanı şəhid
olanların arasında 14 yaşlı məktəbli, dörd il əvvəl Zəngəzurdakı ata-baba
torpaqlarından qovularaq bura pənah gətirmiş istedadlı
el aşığı Elman kişinin oğlu İsrafil də
vardı. Digər oğlu Həsənxanı da
döyüşlər zamanı şəhid verən ata
özünə toxtaqlıq verərək qürurla: "Vətən
şəhid qanı içməsə, azadlıq
çiçəkləri bitirməz"-deyir.
... Gülablıya da qrad "leysanı" altında
daxil olduq. Sövq-təbii
ölümün bir addımlığımızda olduğunu
bütün gerçəkliyi ilə duyduq. Gözlərimiz göyə dikildi. Qəfil ölümün, dağıntının
növbəti ünvanını izlədik. Bi dəfə hədəf deyəsən tank heyətinin
qərar tutduğu məkan idi. Əvvəlcə
onlardan müsahibə götürməyimiz məsləhət
olundu. Axşam saat 18 radələrində Abdal və
Gülablı kəndləri üç istiqamətdən -
ermənilərin yaşadıqları Hatsı, Norşen,
Abdur, Miruşen, Ağbulaq və Dəhrəz kəndlərindən
tanklardan və qradlardan atəşə tutuldu. Səhər
saat 9:30-dək igid döyüşçülərimiz
heç bir kömək olmadan döyüşüblər,
mövqelərini tərk etməyiblər. Düşmənin
iki tank və dörd PDM ilə hücumuna qarçı
qüvvələrimiz olduqca az idi. Abdal kəndinin əksər döyüş
mövqeləri ermənilərin nəzarəti altına
keçmişdi. Ölüm-dirim
savaşı gedirdi. Komendant da dönə-dönə
mövqeləri tərk etməmək, geri çəkilməmək
əmrini vermişdi. Bakının "Səbail"
taborunun tankçısı, heyətin rəhbəri Qurbani Həsənov
və döyüşçülərdən Elşən
Hüseynov, Taleh Kazımov, Ədalət Əhmədov qeyri-adi
şücaət göstərdilər. Onların
çevikliyi, məharəti, yüksək səviyyədə
keçirdikləri döyüş əməliyyatları və
bir də ki, polis əməkdaşlarının mübarizliyi
nəticəsində düşmən geri oturduldu.
Gülablının ətraf beş kəndi
artıq ermənilərdən təmizlənmişdi.
Təbii ki, biz həmin tankçılarla da, digər
döyüşçülərlə də
görüşüb söhbətləşdik, gətirdiyimiz
sovqatları verdik, intervyü götürdük, onlara xoş
arzularımızı və dualarımızı
çatdırdıq. Amma vəziyyətin son dərəcə gərginliyi
ucbatından tankçılarla birgə tez-tez mövqelərimizi
dəyişməli olurduq. Çünki
tankçılar cavab atəşi açan kimi dərhal
onların olduqları yer bombalanırdı. Onların söhbətlərindən öyrəndim
ki, döyüş meydanında çeviklik göstərmək,
cəld manevrlər etmək ölümdən qurtarmağa bərabər
işdi.
... Həmin
gün ağlımıza nə gəldisə,
Gülablının səfalı bir guşəsində
yaradılmış süni gölə də tamaşa etdik və
ora metal pul atdıq. Kimsə dedi ki, getdiyin yerə bir də
qayıtmaq istəyirsənsə, həmin ərazidə suya
pul atmalısan. Sadəcə geci, tezi var. Biz də
eləcə etdik. İndi nə qədər
fikirləşsəm də, səbəbini
aydınlaşdıra bilmirəm. Məgər
biz Gülablını itirəcəyimizdən qorxurduq? Doğrudanmı, o zamankı vəziyyət bu qədər
təhlükəli idi? Yoxsa...
Hər nə
isə... Qəlbimizdəki qara fikirləri qova-qova, alışa bilmədiyimiz həqiqətlərə
göz yuma-yuma, ürəyimizdə özümüzün də
dərk etmədiyimiz bir nigaranlıq, ayrılıq xofu ilə
Ağdamda vuruşan bütün döyüşçülərə
baş çəkdik. Şuşa taboruna, Lənkərandan
gəlmiş könüllülər dəstəsinə,
Neftçalanın polis əməkdaşlarına, Papravənd
kəndindən Ağdərəni top və tanklarla atəşə
tutan igid, mübariz oğullara... hamısına,
hamısına baş çəkdik. Onların
döyüş ruhlarını hiss etdik, arzularını
eşitdik, problemləri ilə maraqlandıq, gileylərini dinlədik.
Podpolkovnik Şirin Mirzəyevin rəhbərlik etdiyi
batalyonun 500 əsgəri Əlimədətli kəndində məskən
salmışdı. Onlar ermənilərin Əsgəran
sarıdan olan hücumlarını dəf etməkdə kənd
sakinlərinin köməyinə gəlmişdilər. Qərargaha çatan kimi ön cəbhədən xəbər
gəldi ki, döyüşçülərin siqareti və
suyu tükənib. Gətirdiyimiz 1100 ədəd
siqaret lap yerinə düşmüşdü. Gülbəniz yarızarafat bildirdi ki, mən bunun
üçün siqaretləri və digər sovqatları
göz bəbəyimiz kimi qoruyaq deyirdim. Əslində
haqlı idi. Biz də
döyüşçülərlə ön xəttə
getdik və onlarla üzbəüz söhbətləşdik.
Üst-başları toz-torpaq içində olsa da
döyüş ruhları elə yüksək idi ki... Batalyonun təchizat üzrə rəisi Sabir Rüstəmov
əsgərlərin təminatından danışdı.
Zastava komandiri Rza Bayramov, döyüşçülər Vəkil
Nağıyev, Nurəddin Həsənov, Elxan Aslanov, Kərim Cəlilov,
Mirsiyab Abdullayev, 4-cü rotanın komandiri Füzuli Qasımov,
döyüşçülər Əli Allahverdiyev, Rəhman
Hüseynov, Bəkir Məmmədrzayev, 2-ci rotanın komandiri
Yavər Babayev, döyüşçülər Telman
Bağırov, Natiq Camalov, Zakir Ağayev və
başqalarının səsləri, sözləri indi də
qulağımdadı.
Papravənd kəndindən Ağdərənin evlərini
asanlıqla saymaq mümkündür. Ən böyük erməni
quldur yığnağından biri olan Ağdərədən
bu kənd son günlərədək müntəzəm olaraq
ölümsaçan silahlarla atəşə tutulurdu. Kəndin ermənilərlə 20-30 kilometr ortaq sərhədi
boyunca Canyataq, Günyataq, Orta kənd, Daşlı qəsəbəsi
yerləşir. Həmin kəndlərdən
Papravəndə dəfələrlə güclü
hücumlar olub. Kəndin qeyrətli
müdafiəçiləri bircə addım da olsun geri
çəkilməyiblər. Ayın 13-14-də
isə ermənilər tərəfindən işğal
olunmuş Xatınbəyli, Manikli, Baş Güneypəyə,
Orta Güneypəyə kəndləri azad edilmişdir. Daha sonra Ağdərə və onun ətraf kəndləri
erməni quldurlarından təmizləndi. Artıq
həmin əraziləri əsgərlərimiz qoruyurlar. Döyüşlər zamanı İnşaat Mühəndisləri
İnstitutunun sonuncu kurs tələbəsi Sahib Hümbətov
və Nemət Əliyev şəhid olmuşlar. İgid döyüşçü Etimad Əsədov
ayağını itirmiş, Asəf Əliyev isə ikinci dəfə
yaralanmışdır. Amma ermənilərə
həm canlı, həm də texnika sarıdan böyük itki
verərək geri çəkilmişlər. Papravəndi Əkbər Məmmədovun
başçılığı altında
döyüşçülər qoruyurdular. Rota komandiri
Mirsahib Alıyev, müavini Nizami Abdullayev,
döyüşçülərdən Əhliqar Süleymanov,
İsa Sarıyev, Əliağa Paşayev, İlqar Hüseynov,
tank bölməsinin rəhbəri, baş leytenant Hümbət
Əliyev, Şəfaqət Məmmədov, Əflatun Muradov,
Qabil Məmmədov, Taleh Məmmədov, Soltan Soltanov, Mehman
Aslanov, İdris Qasımov, Nurəddin Sultanov, Tahir Abdullayev, Şərif
Alverdiyev bu kəndi bircə dəqiqə də olsun tərk
etməmişdilər. Bəlkə də bu
yazını həmin döyüşçülərdən
kimlərsə oxuyacaq və nostalji hisslər keçirəcək.
Bəlkə də bu yazı qəlblərdəki intiqam, qisas
hissini bir az da alovlandıracaq. Qoy elə olsun. Azadlığa gedən
yol mübarizədən keçib həmişə. Qisas da qiyamətə qalmayıb.
İndi 25 ilin ayrılığından sonra dəftərçəmin
təxminən yarısını tutan qeydlərimi həyəcandan
və qəzəbdən titrəyə-titrəyə nəzərdən
keçirirəm. Qeydlər olduqca çoxdur. Lap elə bir kitablıq. Hələ
Milli Qəhrəman Şirin Mirzəyevin taborundan
yazdıqlarımı toplasam ayrıca bir kitab çıxar.
Hərbi jurnalist həmkarım, əksər
döyüş bölgələrinə bərabər
getdiyimiz Gülbəniz Arifqızı ilə qatarın kupesində,
Ağdamın Qonaq evində gecələdiyimiz otaqda siqaret
qoxusundan boğularaq yata bilməməyimizdən. (Əsgərlərə apardığımız
2000-dən çox siqareti və digər geyim əşyalarını
gözümüzdən uzağa qoymurduq ki, birdən mənimsəyərlər.
Gülbənizin qənaəti idi bu).
Yazılası, xatırlanası o qədər hadisə, o qədər
tarixi fakt var ki... Yaxın vaxtlarda yəqin ki, tarixə dönəcək,
kitab halında işıq üzü görəcək...
Amma bütün bunların Ağdamımızın qara
günlərinin 25-ci ildönümündə bir daha
xatırlanması və yazıya alınması
"torpaqlarımızı qoyub qaçdıq, bir güllə
atılmadan kəndlərimizi boşaltdıq" fikirlərinin
yanlışlığını bir daha sübuta yetirmək
istəyindən özgə bir şey deyil. Tarix təkrarlanır və
günlərin birində fələyin çərxi dönəcək
və kimin kim olduğu hər kəsə
bəlli olacaq. Bəlkə o zaman elə bu
yazının özü hansısa eloğlumuzun
döyüş yolunu əks etdirən bir sənəd rolunu
oynayacaq. Elə buna görə də,
bildiklərimizi, gördüklərimizi təkrar-təkrar
yazmağa dəymirmi?
... Nədənsə
Ağdam elə bu
gün də nəzərimdə ağ daşlardan
hörülmüş çəpərləri və cərgə-cərgə
evləri, qızılgüllü həyətləri,
mübariz, bir az da özlərindən deyən insanları ilə
canlanır. Və bu insanlar nə deyirlərsə,
nəyə söz verirlərsə hökmən yerinə
yetirməlidirlər. Yəqin bu sətirləri
oxuyan ağdamlılar mənə haqq qazndırarlar.
Ağdama son gəlişim zamanı bura kimsəsizləşmişdi. Qıfıllı
qapıları, sakinsiz evləri, boş küçələri,
lal sükunəti gördükcə qeyri-ixtiyari beynimdən bu
fikirlər keçdi: "İlahi, bu qədər adam harda qərar tuta bilər? Axı, el-elə
sığışar, ev-evə sığışmaz,- deyib ulularımız". Ağ
evlərin çadır ömrü yaşayan günləriydi.
Çadırların isə nə daş çəpərləri,
nə də ki, həyəti-bacası,
qızılgülü, rahatlığı...
PS: 25 ildən çoxdu qələbə
xəbərinə köklənmiş vəziyyətdəyəm.
Ən gözəl yazımın, ən içdən gələn
əsərimin qələbədən olacağına əminliyim
böyükdü. Tərslikdən
Ağdamın işğalı bizim peşə
bayramımız ərəfəsindədir. Və bu
bayramda mən uşaqlıq və gənclik arzularımın
yeganə ünvanı olan jurnalist peşəmlə
qürurlanmaq, təbriklər qəbul edib həmkarlarıma
xoş diləklərimi çatdırmaqdansa, Ağdamın
işğalına həsr etdiyim məqaləmi yazıram. O
günləri bir daha yaşayaraq, şəhid
oğullarımızı və işğal altında inləyən
o torpaqlarımızı yana-yana yad edərək. Mənə bu ağrını yaşadan ermənilərə
bu günümün nisgilini və elegiya yazımı heç
bir zaman bağışlamaram. Gün gələr,
qisasımızı alarıq!
Əməkdar jurnalist, Qarabağ
Müharibəsi
veteranı Əntiqə Qonaq yazır.
Olaylar.- 2018.- 24
iyul.- S.4.