Regional proqramlar

Mingəçevirin simasını dəyişib

 

Bir ölkənin inkişafını şərtləndirən başlıca amillərdən biri onun regionlarını da inkişaf etdirməkdir. Bu birmənalıdır ki, regionları, əyalətləri, şəhər və rayonları inkişaf etdirmədən ümumilikdə ölkəni inkişaf etdirmək çətindir. Ona görə də sürətli inkişaf və tərəqqi yolunu tutan dövlətlər bir qayda olaraq regionların inkişafına ciddi diqqət ayırır, bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atır. Məsələn, qardaş Türkiyənin timsalında biz bunu müstəqilliyin ilk illərindən müşahidə edirdik. Türkiyə Cümhuriyyətində əyalətlərə, regionlara, vilayətlərə kifayət qədər diqqətin artırılması həm əyalətlərdən sadə vətəndaşların iş dalınca paytaxt Ankara və İstanbula axınının qarşısını alır, həm də yerlərdə yaradılan istehsal və emal müəssisələri hesabına əyalətlərdə Ümumi Daxili Məhsul, yerli istehsal artırdı.

 

Azərbaycan da müstəqillik əldə etdikdən sonra qarşısında duran mühüm vəzifələrdən biri ölkənin iqtisadi inkişafına nail olmaq idi. Düzdür, müstəqilliyin ilk illərində bu bizim üçün olduqca çətin və mümkünsüz  görünürdü. Çünki iqtisadi inkişaf üçün heç bir potensial, imkan yox idi. Lakin sonradan atılan məqsədyönlü addımlar, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində "Əsrin müqaviləsi"nin imzalanması iqtisadi inkişafımız üçün zəmin yaratdı. İllər keçdikcə neftdən gələn gəlirlərin iqtisadi inkişaf üçün sərf edilməsi öz müsbət nəticələrini verdi. Artıq Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası müşahidə edilirdi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi bu inkişaf, tərəqqi heç də arzuedilən və qaneedici durumda deyildi. Çünki inkişaf yalnız paytaxtda hiss edilirdi. Regionlarda isə bu inkişaf çox cüzi şəkildə özünü göstərirdi. Beləliklə, paytaxtla yanaşı regionların da inkişafı artıq zərurətə çevrilirdi və hökumət bu zərurəti ciddi şəkildə hiss edir, bu istiqamətdə addımlar atmaq barədə düşünürdü. Məhz uzun müddət aparılan təhlillər və hazırlanan platforma, sənədlərin məntiqi nəticəsi olaraq 2004-cü ildə Azərbaycanda Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul edildi. Proqramın qarşıya qoyduğu məqsəd və vəzifələr kifayət qədər geniş və əhatəli idi. Eyni zamanda bu proqram bir sıra mühüm məqamları hədəfləmişdi. Bunların içərisində ən başlıcası regionlarda infrastrukturun yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması yer alırdı. Təbii ki, yeni istehsal və emal müəssisələrinin yaradılması, eləcə də mövsümü xarakter daşıyan işlərin həyata keçirilməsi regionlarda yeni iş yerlərinin açılmasına gətirib çıxarırdı ki, bu da ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına təkan verirdi.

2004-2008-ci illəri əhatə edən ilk Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra müdətində demək olar ki, qarşısına qoyduğu bütün məqsədlərə, hədəflərə nail oldu. Eləcə də ondan sonra qəbul edilən ikinci Dövlət Proqramı barədə də eyni fikri söyləmək yerinə düşər.

Nəhayət, hazırda üçüncüsü başa çatmaqda olan Dövlət Proqramı da uğurla icra edilməkdədir. Bu proqram çərçivəsində də deyə bilərik ki, qarşıya qoyulan bütün hədəflərə nail olunub. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də istər Regionların sosial-iqtisadi inkişafına dair 2013-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına dair konfransından çıxışı zamanı, istərsə də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında geniş və məzmunlu çıxışı zamanı bunu xüsusi olaraq qeyd etmişdir.

Cənab Prezident iclasda etdiyi giriş nitqində 2018-ci ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişaf templərini saxlaya bildiyini, ölkəmizin həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirdi.

Çıxışda cari ilin 6 ayında ümumi daxili məhsulun 1,3 faiz, qeyri neft sektorunun 2 faiz, kənd təsərrüfatının  7,6 faiz, xarici ticarət dövriyyəsinin 35 faiz artdığı, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulduğu, 67 min yeni iş yeri açıldığı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi.

Nazirlər Kabinetinin iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq  qaldığını vurğulayan ölkə başçısı, Azərbaycan iqtisadiyyatının uzunmüddətli, gələcəkdə dayanıqlı  iqtisadiyyat kimi özünü göstərməsi üçün aparılan islahatların daha da dərinləşməli olduğunu, iqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısı çıxışında yerlərdə yeni iş yerlərinin açılması, sahibkarlığın və turizm sektorunun inkişafı, sosial təminat sahəsində ciddi islahatların aparılması, özünüməşğulluq proqramının əhatəsinn genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz tikililərə son qoymaq üçün bu sahədə ciddi tədbirlərin görülməsi, strateji yol xəritələrinin icrasından irəli gələn vəzifələrin sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm tapşırıqlar verdi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Mingəçevir şəhərində də uğurla icra edilib. Belə ki, Dövlət Proqramı çərçivəsində əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 33 yarımstansiya, 140 TM fəaliyyət göstərir. Onlardan daşbina qapalı tipli TM sayı 56 ədəd, KTP tipli transformator məntəqələrinin sayı 84 ədəddir. Transformatorların ümumi sayı 163 ədəd, ümumi gücü 145523Kva-dır. Belə ki, Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində 6 kv-luq hava xətlərində 3400 metr zədəli naqillər dəyişdirilib, 500 metr SİP kabel, yeni 6 kv-luq APvPUQ 1x120-1035 metr yeni kabel çəkilib, 6 ədəd yarımstansiyada təmir işləri aparılıb, 1960 kq transformator yağı dəyişdirilib, 29 ədəd yeni tipli rubilnik və şəhər ərazisində 239 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.

Eyni zamanda Dövlət Proqramı çərçivəsində əhalinin təbii qaza olan tələbatının ödənilməsi istiqamətində də uğurlu addımlar atılıb. Belə ki,  Mingəçevir şəhəri üzrə qaz xəttlərinin ümumi uzunluğu 388 km, o cümlədən orta təzyiqli qaz xətlərinin uzunluğu 99 km, aşağı təzyiqli 289 km təşkil edir. Mingəçevir Qaz İstismarı Sahəsi ikinci Dövlət Proqramı çərçivəsində şəhər sakinlərini fasiləsiz təbii qazla təmin edib. Bu dövr ərzində 227 fərdi evə qaz xətlərinin çəkilişi başa şatdırılıb, şəhər ərazisində ayrı-ayrı ünvanlarda müxtəlif ölçülü 9169 p/m daşıyıcı və paylayıcı küçə qaz xəttləri çəkilib, 394 ədəd sayğac quraşdırılıb, qaz tənzimləyici qurğularda cari təmir işləri aparılıb.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də Dövlət Proqramı çərçivəsində məqsədyönlü addımlar atılıb.  Mingəçevir Sukanal idarəsinin xidmət göstərdiyi 175 km su və 146 km kanalizasiya şəbəkəsi uzun illərdir ki, fasiləsiz istismar olunur. Hazırda bu sahə Dövlət Proqramına uyğun yenidən qurulur. Proqram çərçivəsində 6 ayda 10 km yeni kanalizasiya xətti çəkilib, 7 km uzunluğunda su borusu yenisi ilə əvəz olunub. Bu sahədə əsaslı yenidənqurma işləri aparılıb.

Mingəçevir Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 21480 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 20944 ədəddir. Bütün EATS-də ümumi tutumu 3544 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq şəhər üzrə ADSL istsfadəçilərinin sayı 2750 nəfərə çatıb. Bu istiqamətdə işlər davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində gələcəkdə görüləcək infrastruktur layihələri də kifayət qədərdir. Belə ki, şəhərin bir sıra yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi, şəhərin istilik təsərrüfatına aid qazanxanaların modernləşdirilməsi və yenisinin tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası, Mingəçevirin elektrik sisteminin yenidən qurulması, şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, şəhərin mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi qarşıda duran vəzifələr sırasındadır. Bundan başqa ötən müddət ərzində qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi başa çatdırılıb, Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının tikintisi yekunlaşdırılıb. Eyni zamanda Az.İES yaşayış massivində tikintisi yarımçıq qalmış 1296 yerlik yeni məktəb binası inşa olunub. "Mingəçevir kəndi" yaşayış massivində tikintisi yarımçıq qalmış 50 yerlik 18 nömrəli uşaq bağçasına yeni binanın inşasının başa çatdırılıb. Məcburi köçkün ailələri yeni binalarda yerləşdirildikdən sonra şəhərin 16 tam orta məktəbinin və uşaq bağçalarının əsaslı təmiri həyata keçirilib. 20 şöbə, 570 çarpayılıq, 4 üçmərtəbəli korpus və 2 birmərtəbəli laboratoriya təsərrüfat binalarından ibarət olan şəhər Mərkəzi Xəstəxanası əsaslı təmir olunub, çoxfunksiyalı Mədəniyyət Mərkəzinin tikintisi həyata keçirilib, "Dostluq" parkı yeni layihə əsasında yenidən qurulub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 27 iyul.- S.15.