Bu bizim şanlı səhifəmizdir
Bənövşə
Məmmədova: "Azərbaycan tarixinin ən çox
araşdırılan dövrlərindən biri məhz Xalq
Cümhuriyyəti ilə bağlıdır"
Cümhuriyyətin
100 illiyi ilə bağlı Olaylar.az Filologiya elmləri üzrə
fəlsəfə doktoru, dossent, Azərbaycan Dillər
Unuversitetinin Tərcümə və Mədəniyyətşünaslıq
fakültəsinin dekanı Bənövşə Məmmədova ilə geniş söhbət etdi.
100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə,
qurucularının həyat və fəaliyyətinə birgə
nəzər saldıq.
Cümhuriyyətin 100 illiyinin qeyd olunmasının əhəmiyyətini vurğulayan Bənövşə Məmmədova qeyd etdi ki, bu bizim tariximizin şanlı səhifəsdir. Dövlətimizin müstəqilliyinin elan olunduğu tarixdir və biz bu tarixi təkcə bir gün - 28 may gününü qeyd etməklə kifayətlənməmliyik. Məhz buna görə də bu il"Cümhuriyyət ili" elan olunub. "Bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, sıradan bir gün, sıradan bir tarix deyil. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu müddət həm də dövlət atributlarımızın qəbulu ilə xarakterizə olunur.Noyabrın 9-da qəbul edilmiş üçrəngli bayrağımız Əli Bəy Hüseynzadənin türkləşmək, müasirləşmək və islamlaşmaq şüarı ilə qəbul olunur.
Ordu quruculuğu ilə bağlı iyunun 26-da qərar qəbul edilir və orduya rəhbərlik, yəni hərbi nazir vəzifəsi Səməd Bəy Mehmandarova və nazir müavini Əliağa Şıxlinskiyə tapşırılır. İlk universitetimiz - Bakı Dövlət Universiteti yaradılır. O dövrdə ali təhsil müəssisəsi olmadığı üşün 100 nəfər tələbə Fransaya təhsil almağa göndərilir. 1919-cu il sentyabrın 1-də isə artıq Azərbaycanda ilk universitet olan - Bakı Dövlət Universiteti açılır, ilk rektoru isə Vasili İvanoviç Razumovski olur. İqtisadiyyat və milli manatımızla bağlı mühüm qərarlar qəbul olunur".
"Daha sonra milli pullar - Bakı bonları dövriyəyə buraxılır. Hökumət suveren dövlətin mühüm rəmzi olan kağız pul nişanlarının dövriyyəyə buraxılmasını da təmin etmişdi. Cümhuriyyətin ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əsginaslarla başlayır. Eyni zamanda cümhuriyyətin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Cümhuriyyət dövründə qeyd olunan pul vahidləri ilə yanaşı, qısa müddət ərzində qiymətli kağızların - istiqrazların buraxılması da həyata keçirilib. Bu istiqamətdə görülmüş bütün tədbirlər dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri idi.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladı. Bu əlamətdar hadisə münasibəti ilə xatirə medalları da hazırlandı.
Cümhuriyyət dövründə döyüş bayrağı, eləcə də üzərində aypara və səkkizguşəli ulduzun əks olunduğu medalların eskizləri də hazırlanıb. Bu medallar hərbçilər üçün nəzərdə tutulurmuş.
O dövrdən danışarkən mədəniyyət sahəsini də unutmaq olmaz. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsərinin 1918-ci ildə nəşr olunması, müğənni Şövkət Məmmədova, Cahangir Zeynalov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Hüseynqulu Sarabski və digərlərinin yaradıcılığı məhz bu dövrlə xarakterizə olunur. Bu və digər hadisələr tariximizin şanlı səhifəsidir, ona görə də Cümhuriyyətin nəinki 100 illiyi, bütün ildönümləri qeyd olunmalıdır".
Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırılması məsləsinə toxunan Bənövşə Məmmədova bildirdi ki, bizim ikinci dəfə müstəqilliyimizi bərpa etməyimizin yaşı o qədər də çox deyil, cəmi 26 il. Bu müddət Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırmaq üçün böyük müddət deyil. Amma az araşdırma da aparılmayıb. Azərbaycan tarixinin ən çox araşdırılan dövrlərindən biri məhz Xalq Cümhuriyyəti ilə bağlıdır. "Bununla əlaqədar cild-cild əsərlər nəşr edilib. Eyni zamanda bu dövrlə bağlı xeyli sayda doktorluq, namizədlik işi müdafiə olunub, həmçinin sanballı monoqrafiyalar yazılıb. Və bu işlər davam edir. Gələcək nəsillər üçün də Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti, qəbul etdiyi qanunlar ciddi elmi araşdırmalar mövzusudur. Sovet dönəmində Xalq Cümhuriyyəti dövrü yasaq olunmuş mövzu idi, tarix kitablarında cümhuriyyətin adı çəkilmirdi, bu mövzu son illər gündəmə gəlib. Ən əsası isə, Prezident İlham Əliyevin məlum qərarından sonra bu mövzu tarixçilərimizə əlavə stimul verib.
Cümhuriyyətin özü elə ona intellektuallıq gətirən ziyalılarımızın adı ilə bağlıdır. Bunlar o şəxslərdir ki, adı indi də hörmətlə anılır: Avropada təhsil alan ilk həmyerlimiz Məhəmməd ağa Şahtaxtinski, üç il xaricdə təhsli alan maarifçi generalımız Yusif Talıbzadə, oxşar taleyi yaşayan Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultan Məcid Qənizadə, XX əsrin ən böyük zəka sahiblərindən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, xaricdə musiqi təhsili alan ilk azərbaycanlı, dahi Üzeyir Hacıbəyli və Yusif Vəzir Çəmənzəminli...
Və bir də "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarının müəlifi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə... Yəni, bu adlar artıq neçə ildir ki, hamımıza doğmadır. Bundan sonra isə yenidən araşdırılacaq, daha da geniş məlumatlar hazırlancaq".
Bənövşə Məmmədova Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədlərinin araşdırılması davam etdirilməli olduğunu vurğuladı. "Çünki qeyd etdiyim kimi, tariximizin bu dönəmi uzun illər toxunulmamış qalıb. Hələ bizə məlum olmayan xeyli məsələlər var. Bunun üçün araşdırmalar aparılması vacibdir.
Dünyanın bir çox ölkəsindən, xüsusən Azərbaycanla tarixi əlaqəsi olan dövlətlərdən arxiv sənədlərinin bi hissəsi Tarix İnstitutuna gətirilib. Cümhuriyyət tarixi ilə bağlı Fransadan, Almaniyadan, Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Hindistandan onlarla yeni sənədlər ölkəyə gətirilib. Bununla Tarix İnstitutu məşğul olur, yəqin ki, bu mövzuda lazımi addımlar atılacaq.
Arxiv sənədlərində çoxunu maraqlandıran xüsusən İrəvan məsələsi, Bakı nefti və başqa mühüm məsələlərlə bağlıdır. Azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı məqam da xüsusi maraq kəsb edir.1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər".
"Cümhuriyyət dövründə ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiq edilməsi məqsədi ilə hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası Zaqafqaziyada müsəlmanlara qarşı millətçi erməni-daşnak qüvvələri tərəfindən törədilmiş zorakılıqların, o cümlədən Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaradıb.Cümhuriyyət dövründə iki dəfə - 1919 və 1920-ci illərdə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilib.
Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.Ümumiyyətlə, Cümhuriyyətin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. Tarixi həqiqətlərin üzə çıxması üçün arxiv sənədlərinin araşdırılması davam etdirilməlidir".
Cümhuriyyətimzin tarixi gənc nəsillərə nə dərəcədə təbliği məsləsinin zəruriliyini qeyd edən Bənövşə Məmmədova qeyd etdi ki, bu barədə son illər çap olunan tarixi mənbələrdə kifayət qədər məlumatlar var. Dərsliklərdə ayrıca bölmə kimi tədris olunur. Bundan başqa, kütləvi informasiya vasitələrində tez-tez bu barədə söhbət açılır, internet resurslarında məlumatlar yerləşdirilir.
Keçirilən çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edir. "Xalqımızın milli yaddaşında neçə minillik dövlətçilik yaddaşı hakimdir.Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bu mənada əməkdaşı olduğum Xarici Dillər Universitetində də "Cümhuriyyət İli" çərçivəsində silsilə tədbirlər təşkil olunub, tarixçilərlə görüşlər keçirilib və bu tədbirlər davam etməkdədir.Hesab edirəm ki, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında bu tədbirlərin keçirilməsi mühüm rol oynayacaq. Gənclər arasında maarrifləndirici işlər aparılmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti, tarixi anladılmalıdır.İndiki müasir dövlətimizin bünövrəsi, fundamenti olan Azərbaycan Xalq Cümhuriyyətini dərindən öyrənmək lazımdır".
Nigar Adil
Olaylar.- 2018.- 12 iyun.- S.10.