Regionların sosial-iqtisadi
inkişaf proqramları
Naftalanı
sanatoriya-kurort mərkəzinə çevirib
Regionların sosial-iqtisadi inkişaf
proqramlarından irəli gələn vəzifələrin
reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində
də geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Həyata keçirilən tədbirlər
nəticəsində vətəndaşların kommunal sahədə mövcud
olan bir sıra problemləri
öz həllini tapmışdır. Bu işlərin başa
çatması ilə şəhərin
abadlaşdırılması işlərinə
başlanılmışdır.
Küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, yeni parklar, piyada yolları salınmışdır. Sakinlərin asudə vaxtlarında istirahətləri üçün çoxmənzilli yaşayış binalarının qarşısında salınan mini istirahət parklarında və piyada yollarının kənarında 2000-ə yaxın eldar şamı və ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir. Qeyd olunan işlər şəhərin I mikrorayonunda tam başa çatdığından, bu işlərin II mikrorayonun ərazisində həyata keçirilməsinə başlanılmışdır. Hesabat dövründə II mikrorayonun ərazisində ilk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmişdir. köhnə səki və yol daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüş, ərazi tam asfaltlanmışdır. Ümumilikdə 65000 kvadratmetr sahəyə asfalt döşənmişdir. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə xüsusi yerlər düzəldilmişdir. Piyadalar üçün mövcud səkilər təmir edilmişdir. Məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin bəziləri yenilənmiş, bəziləri isə təmir edilmişdir. Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat dövründə davam etdirilmiş, bu dövrdə 10 beşmərtəbəli yaşayış binasının girişləri əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər təmir edilmişdir. Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər binalarında da aparılacaqdır. 2018-ci ildə daha 5 çoxmənzilli yaşayış binasının girişləri əsaslı təmir olunacaqdır.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək plana uyğun icrasına başlanılmışdır. Naftalan İstilik İstismarı sahəsinin balansında olan 3 qazanxananın hər birində cari profilaktiki təmir işləri aparılmış və qazanxanalar əvvəlcədən qışa hazır vəziyyətə gətirilmişdir. Hazırda 3 qazanxana vasitəsilə 31 çoxmənzilli yaşayış binası, qeyri-yaşayış obyektləri, bir çox idarə və müəssisə fasiləsiz olaraq istiliklə təmin olunur. Ölkə başçısının Naftalanın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurlu icrası yerli və xarici turistlərin sayına müsbət təsir göstərmiş və 2017-ci ildə şəfa tapmaq və istirahət etmək məqsədilə Naftalana üz tutan turistlərin sayı əvvəlki hesabat ili ilə müqayisədə 40 faiz çox olmuşdur. Bu dövrdə Naftalanın turizm obyektlərində 35 mindən artıq turist qeydə alınıb ki, bunun da 7309 nəfəri 62 ölkədən gələn xarici turistlər olmuşdur. Bu paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. 2017-ci il ərzində Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərib. Yeri gəlmişkən xatırladaq ki, Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort yeri sayılıb. Naftalan kurort şəhərinin inkişafı və keçmiş şöhrətinin bərpası ölkə başçısının daim diqqətdə saxladığı məsələlərdəndir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı Naftalan kurortunun inkişafına təkan verən strateji qərarlardan biridir. Strateji Yol Xəritəsinin müvafiq bölməsində Naftalanda turizmin inkişafı məqsədilə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi, Naftalanda turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması, Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatarların istifadəyə verilməsi. Naftalanın dünyada tanınan kurort şəhəri olduğu üçün buraya gələn qonaqlara göstərilən xidmət bundan sonra da yüksək səviyyədə təşkil edilməlidir. Ən vacibi isə qidalanma və onun təşkili baxımından onların həyatı sağlamlığının təhlükəsizliyidir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində aparılan quruculuq və abadlıq işləri şəhəri hər ötən gün daha da gözəlləşdirir və yerli sakinlərlə yanaşı, şəhərə gələn qonaqlara da xoş ovqat bəxş edir. 2018-ci ildə də cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərdə sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradılması, yeni investorların cəlb edilməsi, ən əsası yeni iş yerlərinin yaradılması şəhərdəki bütün dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsi olacaq. Ölkə başçısının sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır. Hazırda Yeni Avtovağzal otel kompleksində tikinti işlər davam etdirilir və burada 30 nəfər çalışır. Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Naftalan nefti əsasında müalicə olunmaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunmuş və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək. Dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı göstərişi əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 226 nəfər işlə təmin olunmuşdur. Onlardan 150 nəfəri şəhərdə aparılan abadlıq və təmizlik, 15 nəfəri isə çoxmənzilli yaşayış binalarının təmiri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir. Ümumilkidə 2018-ci ilin birinci rübündə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,8 faiz artaraq 7 mln 899,7 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 7,9 faiz artaraq 646,7 min manat təşkil etmişdir. Əhaliyə göstərilən nəqliyyat xidməti 3,5 faiz artaraq 101,8 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 142,3 faiz artaraq 6 mln 300 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 4 mln 962,4 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 24,8 faiz artaraq 353,2 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti keçən ilin hesabat dövrünə nisbətdə 3,8 faiz artaraq 54,2 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 334,7 min manat, tikinti işləri isə 144,9 faiz artaraq 5 mln 164,4 min manat təşkil etmişdir. Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 491,9 min manat planlaşdırıldığı halda 515,1 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 4,7 faiz artıq olmuşdur. Xərcləri isə 366,4 min manat təşkil etmişdir.
Sözün həqiqi mənasında Naftalan şəhəri regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf edir. Ölkəmizdə müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi yaradılmış, o cümlədən 264 yerlik "Qarabağ", 342 yerlik "Qaşaltı" sanatoriyaları inşa olunmuş, 353 yerlik "Çinar" sanatoriyası yenidən qurulmuşdur. Bununla yanaşı, şəhərdə bir sıra mühüm infrastruktur layihələri də yerinə yetirilmiş, Şəhər Mərkəzi Xəstəxanası, Əlillərin Bərpa Mərkəzi, Bayraq Meydanı tikilmiş, 1500 yerlik şəhər stadionu əsaslı təmir edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Məhz bu kimi amillər nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Sadalanan faktlar deməyə əsas verir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün regionlarımız kimi Naftalan şəhəri də dinamik inkişaf etməyə başlamışdır. Xüsusilə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqəti və qayğısı sayəsində şəhərimiz gündən günə yeniləşir. "Azərbaycan Respublikası regionlarının2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər Mərkəzi Xəstəxanasında, şəhərin 01 və 02 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır. Həmçinin, "Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosia-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhərimizin bütün infirastrukturlarının inkişafına diqqət artırılmışdır. Demək olar ki, Naftalan tamamilə yenidən qurulur. Belə ki, şəhərin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanaları tikilmiş və yeni istilik qızdırıcıları quraşdırılmış, şəhərdaxili, binadaxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssələrinin yenidən qurulması və tikintisi davam etdirilir. Dövlət tərəfindən bu Kurort şəhərinə diqqət və qayğının nəticəsidir ki, şəhərin girəcək hissəsində Heydər Əliyev Parkına və Şirvan prospektinə qədər olan yolun hərəkət hissələri genişləndirilmiş, yeni istinad divarları çəkilmiş və işıqlandırılmışdır. Yeni Dövlət Bayrağı meydanının açılışı olmuş, 65 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 23-25 iyun.- S.15.