Əsgər geyimli Vətən

 

Ömrümün Qarabağ səhifəsi

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır

 

Nə zamandı Vətən mənə əsgər formasında görünür. Ən başından belə olub-olmadığını deyə bilmərəm. Amma Vətən adlı anlayışın ağlımda, beynimdə, həyatımda və ruhumda var olduğu andan əsgər formalı böyük, nəhəng bir varlıq düşüncələrimə və arzularıma hakimdi. Elə bilirəm hərbi geyimdə Vətən daha güclüdaha güvəndədi. Sərhədlərinə nəzarət edəcək, torpaqlarını qoruyacaq gücdədi, vətəndaşlarının təhlükəsizliyinə təminat verəcək, ərazi bütövlüyünü təsdiqləyəcək durumdadı.

Hərbi geyimli bu Vətənin sevdası bitməz, ölümsüz bir varlıq olaraq hər şeyimizə çevrilər. Onunla var olarıq, onunla mövcudluğumuzu təsdiq edərik, onunla qürurlanarıq, onunla əzəmətli, güclü və sarsılmaz olarıq.

bu orduaz, nə çox, düz 100 illik tarixi bir yol gələrək bu günümüzədək var olduğunu sübut etdi. Tarixə nəzər salsaq bir daha əmin olarıq ki, Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

1918-ci ildə 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi.  Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda Səməd bəy Mehmandarov əvəzlədi, general-leytenant Əliağa Şıxlınski hərbi nazirin müavini təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda keçirildi.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları  erməni-bolşevik işğalından xilas etdi.

çox qürurverici və fəxrediləsi haldır ki, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti təbii olaraq bir çox ilklərə imza atdı və adını dünya dövlətlərinin sırasına yazdırdı.

Mən bu yazımda keçmiş sovetlər ittifaqının 70 ildən yuxarı istilasından sonra yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının Milli Ordusundan söz açmaq istəyirəm. Dinc quruculuq şəraitində deyil, məhz rus və erməni silahlı qüvvələrinin və muzdlularının təcavüzü nəticəsində torpaqlarımızın işğal olunduğu, qanlı-qadalı savaşın tüğyan etdiyi bir şəraitdə yaranan və təşəkkül tapan ordudan.

Əslində bu ordunun yaranması hər birimizin gözləri önündə baş verdi. Könüllü silahlı birləşmələrlə ayaq açmağa başlayan, yıxıla-büdrəyə yeriyən, ov tüfəngləri və əldəqayırma "silah"larla Vətənin müdafiəsinə atılan igidlərimizin adıyla bağlı olan həmən ordu. Silahları olmadığı kimi, çoxlarının əynində hərbi forması belə yoxuydu. Yemək-içməklərindən tutmuş digər tələbatlarını özləri ödəyirdilər. Bir də qəlbi Vətən eşqi ilə döyünən ayrı-ayrı vətənpərvər şəxslərin maddi yardımları ilə.

Və... həm bu könüllülərdən ibarət özünümüdafiə dəstələri ilə, həm də hərbi məktəblərin məzunları sayəsində milli ordumuz yaranmağa, təşəkkül tapmağa başladı. Əslinə baxanda, milli ordunun məhz bu cür vətənpərvər və cəsur gənclərdən təşkil olunması özü də gələcəyə hesablanmış bir uğur idi. Çünki hərb sənəti bineyi-əzəldən bu peşənin vurğunları və Vətən sevdalıları hesabına təşəkkül tapmış və möhkəmlənmişdir. Hərbçi ana dediyi Vətəni üçün göz qırpmadan belə hər an canını verməyə, qanını tökməyə hazır olandır. Hərbçi Vətənə içdiyi sədaqət andını namus və vicdanı biləndir. Hərbçi ya qələbə, ya ölüm andını həyatının qayəsi, yaşam formulu seçəndi. Bu bir qaydadı, bu bir nizamdı, dövlətçiliyin möhkəmlənməsi və Vətənin var olmasıdır.

Cümhuriyyət ordusunun 100 illik yubileyi ərəfəsində köhnə döyüşçülərlə yenilərin görüşünə getdik. Köhnə deyərkən Qarabağ  savaşının qəhrəman iştirakçıları, bu savaşın canlı şahidləri, cəngavər döyüşçüləri, əfsanə əsgərləri... Və bu sözlərimdə zərrə qədər olsun şişirtmə, tərif yoxdu. Çünki, onlar məhz söylədiyim kimiydilər, hətta ondan da üstün, ötə, irəli idilər. Mən bunun canlı şahidi olmuşdum. Bunun canlı şahidlərinin söhbətlərini dinləmişdim, mən bu həqiqətlər içində dolğunlaşmışdım, həyata bağlanmışdım. O zamanlar müharibə adlı cəhənnəmin içində çarəsizcəsinə çabalayarkən yeganə ümidimiz, tutacaq yerimiz bu döyüşçülər idi. Prometey idilər gözümüzdə, Atlant idilər... Koroğlu idilər, Babək idilər...

Əslində elə özləri idilər. Füzuli, Natiq, Yaşar, Hamlet, İskəndər, 2 Rövşən, 2 Elçin, Babək, Taleh, Elşən, Tanrıverdi... Onların çoxu indi Bakıda və Füzulidən uzaq başqa bölgələrdə yaşayırlar. Amma 26 il öncə döyüşdükləri o torpaqlara müntəzəm olaraq gedirlər. Bayramlarda, əlamətdar günlərdə, çox vaxt da səbəb oldu olmadı bir ayaqları Füzulidədi.

BizMilli Ordunun yubileyi ərəfəsində köhnə döyüşçülərlə hazırda hərbi xidmət çəkən əsgərlərə baş çəkdik. Füzulidə yaşayan zabitlərin və əsgərlərin ştab-qərargahına çevrilmiş, Füzulinin N saylı hərbi hissə komandirinin təlim tərbiyə işləri üzrə köməkçisi  Füzuli müəllimin Şükürbəyli kəndindəki güllü-çiçəkli, bağ-bağatlı məkanına getdik. Burda isə bizi 30 ilə yaxın bir müddət əvvəl gördüyümüz o yarlı-yaraşıqlı, qəhrəman cüssəli, Vətən eşqi ilə çırpınan, təpədən-dırnağa Vətən sevdalı gənclər gözləyirdilər. İndi əksəriyyətinin saçı-saqqalı ağarsa da gözlərindəki o təmizlik, qəlblərindəki o səmimiyyət, Vətən məhəbbəti, yurd sevgisi bəlkə əvvəlkindən də güclü idi. Mən bunu 30 illik ayrılıqdan sonra onları gördüyüm ilk dəqiqələrdən hiss etdim. Saf idilər, xas idilər, kristal idilər, təmizqəlbli idilər, comərd idilər və hər an döyüşə hazır vəziyyətdə idilər.

Füzuli müəllim ön cəbhədəki əsgərlərə hər zaman maddi və mənəvi dayaq olub. Varlığı ilə, vətənpərvərliyi ilə zabit və əsgərlərə nümunə göstərib. Tutduğu vəzifəsindən və mövqeyindən asılı olmayaraq həmişə əsgərlərin arasında olub, onlara böyüklük edib, dəstək verib, hami olub.

Taleh isə 1988-ci ildən Rusiyadan Vətənə geri dönüb. Baxmayaraq ki, orda özünə gün-güzəran yaratmışdı, rahatlığına qovuşmuşdu, möhkəmlənmişdi. Doğma yurdunun başı üstünü müharibə təhlükəsi alan kimi hər bir şeyini yarıda qoyaraq Füzuliyə gəlib və burdakı könüllülərdən ibarət "Alyanlı" dəstəsinə qoşulub. 1992-ci il döyüşlərində böyük şücət göstərib. Dəfələrlə kəşfiyyat-diversiya əməliyyatlarında, açıq döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Əsasən də, 1994-cü ilin Horadiz əməliyyatında batareya komandiri olub. Bir çox uğurlu döyüş əməliyyatları məhz Talehin adıyla və zəhmətiylə bağlıdır.

Rövşən də Tümendə yaşayırdı. Füzulidə sayılıb seçilən, dərəcə qazanmış idmançılardan idi. Ucqar Rusiyada da bu peşəsini davam etdirirdi. Həm də kiçik biznesi vardı. Bu boylu-buxunlu, cüssəli və yaraşıqlı igidi döyüş meydanında görənlər indionun qorxmazlığından və şücaətindən danışırlar. Döyüşçü yoldaşı Babək deyir ki, PK silahı əslində torpaqda yerləşdirilməli və sonra döyüşə hazır vəziyyətə gətirilməlidir. Həm də tez qızan silahdı, hər həmlədən sonra yerini dəyişdirməlisən. Rövşən bu silahdan tək əlli istifadə edirdi. O bu silahı çiyninə ataraq döyüşə-döyüşə irəli gedirdi. Əslində silahın tutan yeri vardı. Həyəcandan Rövşən bu silahın lüləsindən tuturdu, əli yanırdı, canı yanırdı, amma bir an olsun durmaq bilmirdi. Yalnız irəli. 28 iyun əməliyyatında Rövşənin xidmətləri danılmazdı. Mühasirədə olarkən mühasirənin yarılmasında və özü qarışıq yaralı döyüş yoldaşlarının  azad edilməsində o böyük səy və qəhrəmanlıq nümunəsi göstərmişdir.

Babək Qocadan isə daha çox bəhs edə bilərəm. Çünki müharibəyə getməzdən öncə onunla bərabər ictimai təşkilatda bərabər çalışırdıq. Cəbhə bölgələrinə yardımlar apararkən o da bizi müşayiət edirdi. ön cəbhəyə növbəti səfərlərimizin birində Füzulini qoruyan döyüşçülərə söz verdionlarla bərabər torpaqlarımızın müdafiəsinə qatıldı. Babək hərbi hissəyə özüylə kitablar aparmışdı. Bilirdi ki, əsgərlər orda məlumatsız bir həyat yaşayırlar. Əsgərlərin dövrü mətbuatla təmin olunması üçün əlləşdi. Rayonda poçt işləmirdi, onun fəaliyyətinin bərpa olunmasına çalışdı. Poçtun işçiləri ilə danışaraq gündəlik qəzetlərin alınmasına nail olmuşdu.  Döyüşdən gözləri qan tutaraq çıxmış, psixoloji gərginlik keçirmiş əsgərlərlə müəyyən tərbiyəvi mövzularda söhbətlər aparır, onların tarıma çəkilmiş əsəblərinin sakitləşməsi üçün əlindən gələni edirdi. Bilirdi ki, əsgərlərə daha çox psixoloji dəstək gərəkdi. Əsasən əsgərlərin mütaliəyə alışmasına nail olmuşdu. Kitab oxuyanların sayı artmışdı. Babəyin hərbi səriştəsi az olsa da, döyüşlərdə çox böyük məharət göstərirdi. Komandiri və əsgər yoldaşları onun az müddət ərzində qazandığı döyüş təcrübəsindən danışır və ondan razılıq edirdilər. Kəşfiyyat əməliyyatlarında döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirir, əsgər yoldaşları ilə çox səmimi davranırdı. 28 iyun əməliyyatında özü də mühasirəyə düşmüşbuna baxmayaraq, mühasirədən yaralıların çıxarılmasında böyük səy göstərmişdir. Həmin döyüş barədə indi də həyəcansız danışa bilmir. Çox yaxşı xatırlayıram. Döyüş bitər-bitməz o mənimlə telefon əlaqəsi yaradaraq Bakıya göndərilmiş yaralılar barədə məlumat verir, onlara baş çəkməyimi xahiş edirdi. Bilirdi ki, belə bir vəziyyətdə mən yaralı döyüşçüləri tək qoyan deyiləm. Bakının xəstəxanalarına səpələnmiş döyüşçüləri tapır, ziyarət edir, həkimləri ilə danışır, onlara daha çox diqqət ayırmalarını  xahiş edirdim. Əlbəttə, bütün bunlar başqa bir yazının mövzusudu. Babək də Gövşadlı yaxınlığında ağır yaralanaraq Respublika Xəstəxanasına gətirilmişdi. Bu yaranın izləri indionu ağrıtmaqdadır.

Köhnə döyüşçülərlə Cocuq Mərcanlıda və digər hərbi hissələrdə xidmət edən əsgərlərimizə baş çəkdik, onlarla söhbət etdik, müharibə səhnələrindən danışdıq, kitab bağışladıq, hədiyyələr verdik, onlarla xatirə şəkilləri çəkdirdik. Amma hərbin qanunlarına görə biz bu şəkilləri mediada paylaşa bilmirik. Vətən sizə əmanət, - deyərək onlardan ayrıldıq. İnşallah qələbəmiz sizin iştirakınızla olar, - deyə dualar etdik.

Köhnə döyüşçülərdən çiçək dəstələri, gənc əsgərlərimizdən isə Vətənə sədaqət andı alaraq şəhərə döndük. Amma ağlımızda, beynimizdə bu görüşün təəssüratları bütün təfərrüatları ilə bu günədək yaşayır. Əsgərlərimizdə döyüş ruhu hiss olunurdu. Bizi həsrətlə gözləyən o torpaqlara qovuşacağımıza çox az bir zaman qaldığına əminliyimiz artdı.

26 iyun Azərbaycanın Silahlı Qüvvələr günüdür. Milli ordumuzun yarandığı və təşəkkül tapmağa başladığı gündü. Bayranların ən möhtəşəmi, ən qürurlusudur. Əsgər geyimli Vətənimi əsgər ruhlu Vətən olmağa ruhlandıran və təşviq edən fəxr duyduğumuz bir gündür. 100 yaşlı yubiley bayramıdır. Çox şanslı və qürur duyulası bir tarixdir.

Hərbi ruhlu Vətənim, hərb günün mübarək! Tezliklə qələbəmizin sevincini dadaq.

 

 

Olaylar.- 2018.- 26-27 iyun.- S.12.