“Azərbaycan kinosu 120: tarixi,

bu günü və gələcək inkişaf perspektivləri”

 

"Euvroimage" nəyə xidmət edir?

 

"Euvroimage" Avropa Şurasının mədəni dəstək fondudur. 1989-cu ildə qurulan fond hazırda 37-i Avropa ölkəsinin, eləcə də Kanadanın üzvlüyünü özündə birləşdirir. Fond uzunmüddətli bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi ayırmaqla yanaşı, onların ortaq istehsalını təşkil edir, yayılmasını və nümayişini həyata keçirir.

"Euvroimage"in ümumi illik büdcəsi 25 milyon avrodur. Yarandığı gündən fond büdcəsi təxminən 567 milyon avro olan 1932 layihəni dəstəkləyib. Birgə istehsalı təşviq edən fond maliyyə ayırdığı hər layihədə ən az üç ölkənin iştirakını labüd edir. İstehsal olunan filmlər isə nüfuzlu festivallarda nümayiş olunur, mükafatlara layiq görülür. Azərbaycanlı tamaşaçıların filmlərini sevə-sevə izlədiyi türkiyəli rejissor Nuri Bilge Ceylanın "Kış yuxusu", "Bir zamanlar Anadoluda", "Üç meymun", "İqlimlər", Semih Kaplanoğlunun "Yumurta", Dəniz Qamze Ergüvənin böyük maraqla qarşılanan, "Oskar"a da namizəd olan "Mustanq", Mixail Hanekinin "Sevgi", Andrey Zvyantsevin "Sevgisizlik" və s. filmlər məhz "Euvroimage" in təsdiqlədiyi, maliyyə ayırdığı, birgə istehsalına nail olduğu, lazımı səviyyədə prokatını həyata keçirdiyi, qatıldığı festivallardan əli-dolu qayıdan filmlərdir.

Eləcə onu demək kifayətdir ki, bu ilki Kann Film Festivalında fond tərəfindən dəstəklənən 8 filmin dördü rəsmi müsabiqədə mükafata layiq görülüb.

Qonşu ölkələrdən Türkiyə "Euvroimages"a 1990-cı ildə, Rusiya, Gürcüstan 2011-ci ildə, Ermənistan isə 2016-cı ildə "Euvroimage"a üzv olub. Bu təşkilat hər il onlara filmlərin istehsalı üçün maliyyə ayırır, kinofestivallarda çox böyük dəstək verir. Türkiyədə bu illər ərzində çoxlu sayda film "Euvroimage"ın dəstəyi ilə istehsal olunub. Bunlar arasında Türk kinosunun əhəmiyyətli filmləri var.

Bütün bu sadalananların fonunda "Euvroimage"in Azərbaycan üçün vacibliyi dönə-dönə xatırlanmalıdır. Təsadüfü deyil ki, fonda üzvlük  Prezident İlham Əliyevin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda da öz əksini tapıb:

-Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə "Euvroimage" Dəstək Fonduna üzvlüyün təmin edilməsi.

- "Birgə film istehsalı haqqında" Avropa Konvensiyasına uyğun olaraq xarici kino şirkətləri ilə müştərək film istehsalının həyata keçirilməsi.

Nəticə olaraq, on il ərzində xarici kino şirkətləri ilə bir neçə müştərək film (ko-prodakşn) istehsal olundu, amma Azərbaycanın "Euvroimage" Dəstək Fonduna üzvlüyü hələ də reallaşmayıb.

 

  Ko-prodakşn layihələrimiz hansılardır?

 

Gəlin, bu illər ərzində xarici ölkələrdə müştərək istehsal etdiyimiz filmlərə nəzər salaq.

2008-ci ildə ekranlara çıxan "Qala" filmi "Azərbaycanfilm" kinostudiyası ilə Rusiyanın "UMP" şirkətinin birgə işidir. Rejissor Şamil Nəcəfzadənin sözlərinə görə, "Qala" xaricdə Azərbaycandan daha çox nümayiş olunub: "Rusiyalı kinoprodüserlərin sayəsində film Kanadada dəfələrlə göstərilib. Film siyahıda "Kann", "Venesiya", "Berlin" festivallarından sonra gələn A kateqoriyalı "Monreal" festivalında təqdim olunub. Filmin Rusiyada da nümayişi gerçəkləşib. Bununla Rusiyadakı prodüserlər məşğul olurdu. Azərbaycana gəlincə, bir dəfə Heydər Əliyev adına Sarayda, ardınca kino günündə "Azərbaycan" kinoteatrında, bir-iki dəfə də rayonlarda göstərildi, bu qədər".

2010-cu ildə ekranlara çıxan "Kabusun gözü ilə" filmi Azərbaycan və Fransa kinematoqrafçılarının ilk birgə işidir. Amma film nə Azərbaycan, nə də Fransa kinoteatrlarında nümayiş olunmayıb.

Həmin ilin istehsalı olan növbəti film "Sahə"dir. Film "Nərimanfilm" kinostudiyasının Gürcüstanın "Georgiafilm" kinostudiyası və "Bagira Films" kinokampaniyası ilə müştərək layihəsidir. Layihə Kler Douns (ssenari müəllifi) və Cedomir Koların (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində hazırlanıb. Rejissoru İlqar Safat olan film irili-xırdalı bir neçə festivalda iştirak edib, ən böyük nailiyyətlərindən biri baş rolu ifa edən Timur Oduşevun Los-Anceles şəhərində keçirilən "Hollivudun Gənc Aktyorlar Mükafatı" mərasimində "Xarici bədii filmdə ən yaxşı aparıcı rol" nominasiyasında fərqlənməsi olub.

"Tərsinə çevrilmiş dünya" 2011-ci ildə "Azərbaycanfilm" ilə "Sədrafilm" kinostudiyası ilə birgə lentə alınıb. Rejissoru Ənvər Əbluc olan film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Amma rejissor bu layihənin bəhrəsini görmədiyini deyir: "Filmi müştərək istehsal etməkdə məqsədimiz İran kinoteatrlarında da nümayişinə nail olmaq idi. Orada yaşayan həmvətənlərimizin filmə baxmasını çox istəyirdim. Həm də nəzərə alsaq ki, İranda kinoya çox böyük diqqət var, film ekranlara çıxanda gözləmək olardı ki, kinoşünaslar resenziya yazacaqlar. İranda dedilər, filmdə bütünlüklə Azərbaycan təbliğ olunur. Ona görə film orada ekranlara çıxmadı. Azərbaycanda da çox az nümayiş olundu. Ona görə birmənalı şəkildə deyirəm, mən müştərək filmdən xeyir görmədim".

2013-cü ildə təqdim olunan "Mahmud və Məryəm" Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin "24 Kare" şirkəti tərəfindən ekranlaşdırılan film yazıçı Elçinin ssenarisi əsasında çəkilib. Filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Film Azərbaycan və Türkiyə kinoteatrlarında ekranlara çıxdı.

Türkiyə mətbuatı böyük ümidlərlə ekrana çıxan filmin istənilən nəticəni verməyini yazdı. Türk kino tənqidçiləri filmdə Mahmud rolunu oynayan Aras Bulut İynemli və Məryəm rolunun ifaçısı Eva Dedovanın aktyor oyunlarını bəyənməyiblər.

"Qorxma mən səninləyəm. 1919" 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kinoşirkəti ilə birgə istehsal olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. Film Azərbaycan və Rusiyada bir yaxud iki dəfə nümayiş olundu.

"Qırmızı bağ" 2016-cı ildə  "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kinoşirkəti ilə birgə istehsal olunub. Filmin rejissoru Mirbala Səlimlidir. Film Trabzon Beynəlxalq Film Festivalında üç, Dəkkə Beynəlxalq Film Festivalının "Mənəvi filmlər" müsabiqə proqramında isə "Ən yaxşı bədii film" mükafatına layiq görülüb.

 

"Kino bazarımız olduqca kiçikdir"

 

Kinorejissor Oktay Mir Qasım hesab edir ki, birgə istehsal Azərbaycan üçün çox aktual məsələ olmalıdır: "Bizim kino bazarımız olduqca kiçikdir. Amma bu prosesdə iştirak etməyə müəyyən gücümüz var. Birgə istehsalatın həcmi artarsa bazar da genişlənər. Çünki tərəflər çalışacaq ki, əldə olunmuş məhsul bazara çıxıb, pul qazansın. Çalışmaq lazımdır ki, bu istiqamətdə işi daha yüksək səviyyədə təşkil eləyək. Bunu təşkil edən qurumlar, insanlar, mütəxəssislər var. Bundan başqa gələcəkdə partnyor kimi görmək istədiyimiz adamı inandırmaq gücümüz də olmalıdır. Ona görə biz dünya miqyasında adımızı elə səviyyəyə qaldırmalıyıq ki, bizi daha istiqanlı qucaqlasınlar və inanıb qəbul etsinlər".

 

"Dövlət təbliğatımız üçün

təhlükəli mina rolunu oynayır"

 

Kinoprodüser  Əli İsa Cabbarovun fikrincə, birgə istehsal sahəsində bu illər ərzində qazanılmış nəticələri qənaətbəxş hesab etmək olmaz: "Birgə kino istehsalı haqqında" Avropa Konvensiyasına Heydər Əliyevin imzası ilə qoşulduq. Bu, kino haqqında Dövlət Proqramında ayrıca bəndlə göstərilib. Çox təəssüf edirəm ki, son onillikdə Rusiya- Azərbaycan istehsalı olan iki film adı çəkə bilərik: "Qorxma, mən səninləyəm", "Qırmızı bağ". Onun da səbəbi Rusiya tərəfindən prodüser Azərbaycan vətəndaşı Timur Vaynştyen olub.

Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin adını çəkə bilərəm. Və bu qədər...Halbuki təşəbbüslər olub.

Birgə istehsal üzrə püxtələşmiş prodüserlərimiz yox dərəcəsindədir. Bilirəm ki, bu işdə potensialı olan İlqar Nəcəf, Nəriman Məmmədov təşəbbüsdə bulunub, sadəcə olaraq aidiyyatı orqanlardan ikiəlli dəstək görməyiblər.

Əsas səbəblərdən biri də "Euvroimage"a üzv deyilik. Halbuki, onun üzvlüyü dövlət proqramında qeyd olunub. Fonda üzvü olan Gürcüstan ildə 150 min euro üzvlük haqqı ödəyir, əvəzində milyonlarla dəstək qazanır. Ermənistan da ora üzv oldu. Və bu, bizim üçün təhlükəlidir. Bir- iki ilə biz Fransa- Ermənistan, İtaliya- Ermənistan istehsalı olan filmlər görəcəyik. Süjetə qarabağlı erməni personajı daxil edəcəklər və buna bütün Avropa baxacaq. O baxımdan bizim "Euvroimage"a üzv olmamağımız dövlət təbliğatımız üçün təhlükəli mina rolunu oynayır".

Kinorejissor Elçin Musaoğlu "Euvroimage"ın dünya bazarına çıxmaq üçün əhəmiyyətini belə izah edir: "Bu fonda üzv olmağımız bizim kinonun inkişafı üçün çox vacibdir. Əgər biz hansısa bir film çəkmək istəyiriksə, həmin quruma layihə ilə müraciət edirik. Fonda üzv olan ölkələrdən bu layihəyə qoşulmaq üçün təkliflər gəlir. Nəticədə müştərək film istehsal olunur və hər ölkə məhsulun festival həyatında, kinoteatrlarda nümayişində birbaşa iştirak edir. Bu, həmçinin yaradıcı təcrübənin, texniki biliklərin bölüşməsi, mübadiləsi və yeni kino bazarının kəşfi deməkdir".

Mədəniyyət Nazirliyi Azərbaycanın "Euvroimage"a üzvlük məsələsinə belə aydınlıq gətirib: "Bir neçə il əvvəl danışıqlar aparılıb, məlumata görə film istehsalı bazamız zəifdir və yenidənqurma işləri aparılmalıdır. Bundan sonra üzvlük məsələsi yenidən qaldırılacaq".

Görünən odur ki, hələki ko- prodaşkn layihələri gözləntiləri qarşılaya bilmir. Bu layihələri həyata keçirməyin ən doğru yolu "Euvroimage"dan keçir. Bu, kino bazarı bizim kimi balaca olan dövlətlərə böyük imkanlar yaradır. Nəzərə alsaq ki, indiki dövrdə film istehsal etmək bahalı işdir, bunun vacibliyi daha qabarıq görünür.

Dünya arenasına çıxmaq, var olduğunu sübut etmək heç də asan deyil. Bu, çox çətin bir yoldur. Təəssüflə qeyd etməliyik ki, 27 ildir müstəqil Azərbaycan Respublikasının filmləri dünyaca məşhur, Kann, Berlin, Venesiya Festivallarının əsas proqramlarında nümayiş olunmur.

Azərbaycan filmlərini dünya bazarına çıxarmaq, mədəniyyətimizin dünyada tanıdılması üçün, birmənalı olaraq "Euvroimage" təşkilatına üzv olmaq lazımdır. Əks təqdirdə filmlərimizin Avropaya, dünyaya inteqrasiya etməsi, tanınması, yayımının həyata keçirilməsi çox çətindir.

 

Nərmin Muradova

 

Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

 

Olaylar.- 2018.- 28 iyun.- S.10.