100 ilin
paradı
Bəzən elə məqam
olur ki, insanın sinəsi həyəcanla dolur,
ürəyi
coşqunluqla çırpınır.
Həmin məqamda gözəl sevinc duyğusu, böyük qürur hissi xoş bir qəhər
gətirib səssiz axan göz yaşlarına
səbəb olur. O məqamda ürək sürətlə çırpındığından
həmin göz yaşlarını silməyə
insanın əli qalxmır. Bir də o zaman ayılır ki, hönkürtü səsi
qulağını deşir.
Bu səs özünün
səsi olur!
Əminəm ki, bu, tanıdığım
və tanımadığım
insanların hər birinin həyatında olub. Bu hissi
mən də yaşadım - iki gün əvvəl, iyunun 26-da, Silahlı Qüvvələrin 100 illik bayram paradının
keçirildiyi saatlarda.
Parada getməmişdim, Azadlıq
Meydanında deyildim, evdə televiziyadan izləyirdim. Amma o təntənənin möhtəşəmliyinə,
mənzərənin gözəlliyinə
o qədər aludə
olmuşdum ki, özümü meydana toplaşan tamaşaçıların arasında
hiss edirdim.
Mən sovetlər
zamanında doğulub
böyümüş, oxumuş
adamam. O dövrün pisinə də, yaxşısına
da bələdəm. SSRİ-də keçirilən paradlarla
bağlı yaddaşıma
hopan xeyli nüanslar var. Özüm də bir neçə paradın iştirakçısı
olmuşam. Universitetdə
oxuyanda bir ay əvvəldən bizi parada hazırlayırdılar, günlərlə,
həftələrlə indiki
Azadlıq Meydanında
məşq proseslərinə
cəlb olunurduq. O zamanlar bu hazırlığa
"marşirovka" deyirdilər,
bizi zorla aparırdılar, könülsüz
iştirak edirdik. Bəzən də qaçıb rayona gedirdik ki, Bakıda olmayaq. Elə o vaxtlarda şəhərli
tələbələr bizim
də yerimizə əzab çəkib
"yükümüzü" daşımalı olurdular.
Ona görə də həmin paradların təntənəsini
qəlbimizə hopdura
bilmədik. Lenin meydanında payızın
soyuğunda, qışın
şaxtasında, yayın
qızmarında atdığımız
addımların, səsləndirdiyimiz
standart şüarların
fərəhini yaşamadıq.
"Ura" səsləri
bizi üşütdü,
yandırdı, ən
yaxşı halda qıcıqlandırdı. Sovet
əsgərlərinin meydandakı
nizamlı yerişi, döyüş
maşınlarının səsi,
nəhəng tankların
gurultusu, təyyarələrin
uğultusu, silahların
görüntüsü ürəyimizi
dağa döndərmədi. Amma həmin uğultu, gurultu,
görüntü 1990-ci ilin yanvarında ürəyimizi
parçaladı. Nə yaxşı ki, paramparça olmuş ürəyimizin bərpasına
nail olduq, hər tərəfə səpələnmiş
tikələrini tapıb
yerinə qoya bildik, qısa müddətdə sağaldıq,
ayağa durduq. Və bu gün dünyaya
meydan oxumaq gücünü topladıq.
Həmin güc 26 iyunda Azadlıq Meydanında nümayiş olundu. Bu, ədalətsiz
dünyanın güc
sahiblərinə bir mesaj idi! Bu, kar - kor olmuş
dünyaya çağırış
idi! Bu, müstəqil
Azərbaycan dövlətinin
səsi idi! Bu, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi
idi! Bu, hər bir Azərbaycan vətəndaşının qəlbinin fərəhlə
döyünməsinə, ürəyinin
dağa dönməsinə səbəb
olan yaşantılar idi! Bu, Vətən müqəddəsliyinin toxunulmaz
olduğuna işarə
idi! Bu, Azərbaycanın
Silahlı Qüvvələrinin
qələbəyə gedən
yolu idi!
Bu, AZƏRBAYCAN idi!
Bu, 100 ilin PARADı idi!
100 ilin paradı
100 ildi yol gəlirdi. 100 il əvvəl əsası qoyulan Silahlı Qüvvələrimiz 100 il
sonra özünün möhtəşəmliyi
ilə bir təntənə yaratdı.
Həmin gün Azadlıq Meydanındakı
tribunanın önündən nizami yerişlə keçən minlərlə əsgər və zabiti, 240-dan çox hərbi texnikanı, 70-dən
artıq uçuş
vasitəsini, eləcə
də ən müasir zirehli texnika, raket və artilleriya qurğularını, hava hücumundan müdafiə
sistemlərini, helikopterlər,
pilotsuz uçuş aparatlarını təkcə
Azərbaycan xalqı deyil, həm də Türkiyə, Pakistan, Belarus, Bəhreyn,
Birləşmiş Ərəb
Əmirlikləri, Gürcüstan,
İran, İsrail, Qazaxıstan, Özbəkistan,
Rusiya, Səudiyyə Ərəbistanı və
Ukraynadan olan 100-dək
nümayəndə izlədi.
Həmin gün paytaxtın Baş Meydanı başlardan ucada dayandı. Səmada uçan üçrəngli Bayrağımız
başımızın üstündə
qanad gərdi, cövlan etdi. Nə gözəl görüntü idi! Heç bir zaman unuda bilməyəcəyim
daha bir görüntü isə indi bu sətirləri
yazanda da gözlərimin önünə
gəldi: səmada göstərilən aviaşou
Azərbaycan pilotlarının
məharətinin, ustalığının
bir parçası idi. Hərbi hava qüvvələrimizin
şahinləri yaşıl,
qırmızı, göy
rənglə BAYRAQ görüntüsü
yaratdılar. Təyyarələr uzaqlaşandan sonra Azərbaycan səmasında,
Xəzər dənizinin
üzərində bir-birinə
qarışmış rənglər
sanki, bir simfoniya yaratdılar.
Al-əlvan boyalı həmin ahəng insanın
gözünün işığını
artırırdı.
İşığın sönməsin, Azərbaycan!
Bütün bu sadaladıqlarımı
və bu məqamda yaza bilmədiyim, amma hələ də yaşadığım
hissləri 26 iyunda canıma-qanıma hopdurdum,
göz yaddaşıma
köçürdüm. Göz
yaddaşıma köçürdüyüm daha
bir məqamı isə yazmadan keçə bilmirəm. Ki... o an, o baxış,
o görünüş paradın
möhtəşəmliyi qədər
riqqətli idi. O, bir ANAnın, bir qadının üzündəki təşviş,
gözündəki həyəcan idi. O ana, o qadın Mehriban Əliyeva idi - Azərbaycan prezidentinin həyat yoldaşı, ölkənin
birinci ledisi, dövlətin
birinci vitse-prezidenti. Şahinlərimizin havada
göstərdiyi riskli
tryukları tribunadan izləyən prezident İlham Əliyevin gözlərində
nə qədər
xoş bir gülüş,
üzündə bir təbəssüm, simasında
qürur var idisə, Mehriban xanımın eyni hisslərlə yanaşı,
həm də səmaya zillənmiş gözlərində o qədər təşviş, həyəcan
var idi. Həmin anda o bütün vəzifələrdən ucada
dayanan bir ANA idi. Azərbaycan əsgərlərinin, Vətən oğullarının
məsuliyyətini çiyinlərində
daşıyan QADIN idi.
Nə xoş Azərbaycan anasına, nə xoş Azərbaycan qadınına!
Əslində yazıya elə bu gözəl notlarla, xoş duyğularla da nöqtə qoya bilərdim. Amma iki
gündü demək olar ki, içimi
didən bir məsələni
yazmamaqdan özümü
saxlaya bilmirəm. Bu, paradı şərh
edən Abdulla Qurbaninin
səsi, diksiyası, nitqidi. Polkovnik Abdulla
Qurbani uzun illərdi Müdafiə Nazirliyinin vətənpərvərliklə
bağlı
tədbirlərinin aparıcısı,
bəlkə də təşkilatçısıdı.Təşkilatçı
kimi sözüm yoxdu, nə qədərini edib, ortaya nələrisə
qoya bilib, nəticə ürəkaçan
olub... bunu nazirliyin rəhbərliyi
daha yaxşı
bilir. Amma 100 illik bir təntənənin
möhtəşəmliyini çiyinlərinə götürmək
60 yaşlı Qurbaninin gücündə
deyildi.
Doğrudanmı bu paradın təşkilatçıları bilmirlər ki, bir il əvvəl Müdafiə
Nazirliyindən yaşla
bağlı istefaya göndərilən polkovnik
Abdulla Qurbanidən də
savadlı, mükəmməl
biliyə malik, gözəl səsi, diksiyası, nitqi olanlar bu ölkədə
çoxdu? Sadalaya bilərəm, onları
hər kəs tanıyır. Doğrudanmı təşkilatçılar həmin
levitansayağı səs
sahiblərini tapa bilməyiblər? Doğrudanmı
anlamayıblar ki, hərbi
paradın görüntüsünü
səsləndirən şərhçinin
nitqindəki kamillik, möhtəşəmlik tədbirin təntənəsini
ikiqat artırır? Məncə,
bilirlər. Ən azından,
keçmiş SSRİ-nin
Levitan təcrübəsi
var, bunu xatırlamalı idilər.
100 ilin paradının, 100 illiyin bayramının təntənəsi, möhtəşəmliyi hələ daha 100 il danışılacaq,
şərh ediləcək,
araşdırılacaq, yazılacaq.
Amma əminəm ki, bütün bu xoş auranın içində
xoş olmayan
"Abdulla Qurbani məqamından" kimsə razı qalacağını dilə gətirməyəcək, yazmayacaq...
Bayramın mübarək, AZƏRBAYCAN!
100 illik doğuşun
mübarək, Vətən!
Züleyxa NADİR
Olaylar.- 2018.- 29 iyun.- S.10.