Bölgələrdə ənənəvi
kənd
təsərrüfatı sahələri
inkişaf etdirilir
Regionların
sosial-iqtisadi inkişaf proqramları çəltikçiliyin
genişlənməsinə təkan verib
Ölkədə həyata
keçirilən regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramları qeyri-neft sektorunun, o
cümlədən kənd təsərrüfatının ənənəvi
sahələrinin inkişafının təmin edilməsi, kənd
əhalisinin sosial rifahının
yaxşılaşdırılması və məşğulluq
səviyyəsinin yüksəldilməsi sahələrində
də əhəmiyyətli rol oynayır. Daha doğrusu,
hazırki şəraitdə ənənəvi kənd təsərrüfatı
sahələrinin inkişafı ölkədə həyata
keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən
hesab olunur. Son illər kənd təsərrüfatının
ənənəvi sahələrindən olan çəltikçiliyin
inkişafı, əhalinin düyüyə olan tələbatının
ödənilməsi və çəltik istehsalının
artırılması istiqamətində bir sıra əhəmiyyətli
tədbirlər görülüb və müsbət nəticələr
əldə olunub. Xatırladaq ki, Azərbaycanda çəltik
bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində
keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə
fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri",
"Yetim", "Lənkəran sədrisi", "Ağ
qılçıqlı" və digər yerli sortlar becərilmişdir.
İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə
çəltiyin əkin sahəsi illər üzrə müxtəlif
olmuşdur. Çəltik sahəsi 1913-cü ildə 47 min
hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min
hektar,1964-cü ildə 12,3 min hektar təşkil etmiş,
sonradan tərəvəzçiliyin inkişafı ilə əlaqədar
1,8 min hektara qədər azalmışdır. Yalnız 1995-ci
ildən başlayaraq çəltik əkinləri genişlənmiş,
1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilmiş,
orta məhsuldarlıq 38,7 sentner (s/ha) olmuşdur. Hazırda Azərbaycanda
çəltik əkinçiliyi əsasən Msallı, Lənkəran
və Aran iqtisadi rayonlarında aparılır. Məlumat
üçün qeyd edək ki, 2016-cı ildə 2,5 min
hektarda çəltik əkilmiş və 5,6 min ton məhsul
yığılmışdır. 2017-ci ildə isə çəltiyin
əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən
çox artaraq 5,1 min hektara çatdırılmış,
ölkə üzrə 15,9 min ton məhsul toplanmış və
orta məhsuldarlıq 31,1 s/ha olmuşdur. Lakin ölkənin
düyüyə illik tələbatı 40 min tondan
yuxarıdır və onun böyük bir hissəsi idxal
hesabına təmin olunur. Bu baxımdan Dövlət
Proqramının çəltikçiliyin inkişafı
istiqamətində həyata keçirilən tədbirlərin
daha da gücləndirilməsinə və bu sahənin
inkişafına mühüm təkan verəcəyi gözlənilir.
Məhz bu kimi amillər nəzərə alınaraq bu il
fevralın 9-da dövlət başçısının
imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında çəltikçiliyin inkişafına dair
2018-2025-ci illər üçün Dövlət
Proqramı" təsdiq edilib. Dövlət
başçısının imzaladığı sənəd
Masallı rayonu fermerlərinin də ənənəvi sahələrdən
olan çəltikçiliyə marağını xeyli
artırıb. Masallı rayonunda kənd təsərrüfatının
inkişafı və gəlirli sahəyə çevrilməsi
qarşıda duran ən prioritet məsələdir. 220 mindən
çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri
kəndlərdə yaşayır və əkinçiliklə
məşğul olur. Masallı rayonunda kənd təsərrüfatı
dövriyyəsində olan 24925 ha əkin sahəsi
mövcuddur. Artıq rayon istehsal etdiyi kənd təsərrüfatı
məhsulları ilə nəinki yerli sakinləri, həm də
respublika əhalisini təmin etməkdədir. Qeyd edək ki, təkcə
ötən il Bakı şəhərində keçirilən
kənd təsərrüfatı məhsullarının
satışı yarmarkalarında Masallı
sahibkarlarının da iştirakı təmin edilib. Yarmarkaya 50,8 ton kartof, 25,5 ton
soğan, 7,8 ton xiyar, 6,7 ton badımcan, 2,4 ton noxud, 6,3 ton lobya,
3020 litr süd, 850 banka qatıq və 24090 ədəd yumurta
göndərilib. Hazırda qarşıda duran əsas məsələlərdən
biri rayonda çəltikçiliyin inkişaf etdirilməsidir.
Yeri gəlmişkən qeyd edıək ki, ötən il
rayonda 195 hektar ərasidə çəltik əkilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin sədrliyi ilə 04 avqust 2017-ci il tarixdə
Qax rayonunda barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə və 03 sentyabr
2017-ci il tarixdə Lənkəran şəhərində
keçirilən çay, çəltik və sitrus meyvələrinin
istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirələrisindən dərhal sonra
müşavirələrdən irəli gələn məsələlərin
Masallı rayonunda icrası ilə bağlı rayon
müşavirəsi təşkil olunub. Nəzərə almaq
lazımdır ki, rayonda çəltikçiliyin
inkişafı üçün kifayət qədər imkanlar
mövcuddur. Belə ki, rayon üzrə 24 929 ha əkinə
yararlı torpaq sahəsi mövcuddur. Ondan əsasən
çay və sitrus bitkiləri üçün yararlı
olan 9 000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir.
Həmin sahələr ya mülkiyyətçi tərəfindən
örüş-otlaq sahəsi kimi istifadə olunur, ya da əraziləri
kol-kos basıb. Xatırladaq ki, Masallı rayonunda ənənəvi
əkinçilik sahələrindən olan çəltikçilik
50-ci illərdən inkişaf etməyə başlayıb və
2000-ci ildə 352 hektara çatdırılıb. Bundan sonra
çəltik sahələri taxıl sahələri ilə əvəz
olunaraq 2016-cı ilə qədər əkin aparılmayıb.
Yalnız regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində 2016-cı ildə
8,6 ha sahədə çəltik əkilib və 2017-ci ildə
çəltik əkini 195 hektara çatdırılıb.Cari
ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli
istifadəsi mümkün olmayan 400 hektara yaxın
örüş və kolluq sahələrinin əkin dövriyyəsinə
cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri
və böyük iqtisadi səmərəsi olan yerli çəltik
növlərinin əkilməsinə başlanılıb.
Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç
növ çəltik əkilib, kənardan
asılılığı azaltmaq üçün 10 hektarda
çəltik toxumçuluğu yaradılıb, müasir
texnologiya əsasında yeni çəltik emalı zavodu
tikilib istifadəyə verilib. Çəltik əkini ilə
bağlı 583 nəfər işlə təmin edilmiş və
588 ton məhsul istehsal olunub. Onu da qeyd edək ki, əvvəlki
illərdə istehsal olunmuş çəltik primitiv qaydada qurulmuş
2 çəltik dəyirmanında emal olunurdu. Hazırda rayonda
ən müasir avadanlıqlarla təchiz edilən çəltik
dəyirmanı istifadəyə verilib. Yaxın illərdə
çəltik sahələrinin 500 hektara
çatdırılması gözlənilir ki, bu da 1200 yeni
iş yerinin açılması deməkdir. Lakin çəltiyin
əkilməsi üçün texnika və avadanlıqlar yox
dərəcəsindədir. Suya yüksək tələbatlı
olduğu üçün su təminatının
yaxşılaşdırılması üçün tədbirlər
görülməlidir.Çəltik sahələrinin
genişləndirilməsi ilə əlaqədar imkanlar
araşdırılır və çəltik əkinlərinin
iki dəfə artırılaraq 400 hektara
çatdırılması nəzərdə tutulur. Ona görə
də çəltik və digər əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması ilə bağlı rayon ərazisində
kiçik sututarlar araşdırılıb. Məlum olub ki,
hazırda rayonda 70-dən çox sututar mövcuddur ki, onlardan
əvvəllər də suvarma məqsədləri
üçün istifadə edilib. Lakin uzun müddətdir
sututarlar istismar edilmədiyindən və
qorunmadığından onların təmir və bərpasına
ehtiyac yaranıb. Bu sututarlar istifadəyə verildikdən sonra
əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən
azı 600-700 hektar tütün və çəltik sahələrini
suvarmaq mümkün olacaq. Çəltikçilik Masallı
rayonu üçün yeni təsərrüfat sahəsi olmasa
da, uzun müddət unudulduğundan müasir texnikaya ehtiyac
yaranmışdı. Bu ehtiyacı ödəmək
üçün "Aqrolizinq" ASC-nin
Masallı-Yardımlı bölməsinə 6 adda müasir
tipli yeni texnika gətirilib. Bundan əlavə, rayona çəltikçiliklə
bağlı mini kombayn, şitil yetişdirən, şitiləkən
və digər texnikanın gətirilməsi də
reallaşdırılır. Çəltik sahələrindən
yüksək məhsuldarlıq əldə etmək
üçün əsas şərtlərdən hesab edilən
mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir.
İndi artıq rayonda "Masallı nemətləri"
MMC-nin emal müəssisəsi də yaradılıb ki, burada həm
çeşidləmə, həm keyfiyyət, həm də
paketləmə üzrə ən yüksək texnologiya tətbiq
edilir, "Haşimi", "Apolla" və "Okean"
kimi tam orqanik, təbii düyü sortlarının
istehsalı və satışına başlanıb.
Toxumçuluğa da fikir verilir. Kənardan
asılılığı azaltmaq üçün 10 hektarda
çəltik toxumçuluğu yaradılıb. Ümumilikdə
2018-ci il ərzində rayonda çəltik, tütün və
dənli-paxlalı bitkilərin əkininin
artırılması nəzərdə tutulub.
Qeyd edək
ki, ənənəvi kənd təsərrüfatı məhsullarının
inkişaf etdirilməsi məqsədilə Masallı rayonunda
aqrar sahənin inkişaf etdirilməsi məqsədilə
2018-2023-cü illər üçün Aqrar sahənin
inkişafına dair proqram hazırlanmışdır. Proqramda
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi nəticəsində əkinə yararlı
torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə
cəlb oluna bilər ki, bu da 40000 dən artıq yeni iş
yerinin yaranmasına səbəb olacaq. Azərbaycan
Respublikası Prezidentinin "Ərzaq məhsullarının tədarükü
və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin
yaradılması haqqında 11 aprel 2016-cı il tarixli Sərəncamının
icrasını təmin etmək məqsədilə hesabat ilində
Masallı rayonu ərazisində "Ərzaq məhsullarının
tədarükü və təchizatı" ASC tərəfindən
regional tədarük mərkəzi yaradılıb. Onu da bildirək
ki, dövlət tərəfindən sahibkarlığa göstərilən
qayğı və dəstək, o cümlədən fermerlərə
güzəştli kreditlərin, subsidiyaların və
investisiya təşviqi sənədlərinin verilməsi,
aqrolizinq xidmətlərinin göstərilməsi yerli fermerlərin
fəaliyyətinə stimul verib. Məhz bu qayğıdan
ruhlanaraq rayonda əkinçiliyin qədim ənənəvi
növü olan çəltikçilk inkişaf etdirilir.
İlbəil əkin sahələri artırılır və
yüksək məhsul əldə edilir. Məqsəd
müasir texnologiyaların köməyilə "Ağ ənbərbu",
"Qırmızı ənbərbu", "Həsəni",
"Haşimi" kimi keçmişdə geniş
şöhrət qazanmış dədə-baba çəltik
sortlarından düyü istehsal etmək, ölkənin ərzaq
təhlükəsizliyi proqramına töhfə verməkdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 8-9 mart.- S.15.