Regionların sosial-iqtisadi
inkişafı
proqramları Cəlilabadın
simasını dəyişib
Ölkədə
həyata keçirilən sosial-iqtisadi
siyasət nəticəsində planlaşdırılan bütün sosial və iqtisadi vəzifələr uğurla
icra edilib, nəzərdə
tutulan layihələr reallaşıb,
ölkəmiz siyasi, iqtisadi
və hərbi cəhətdən daha da güclənib, ən nəhayət beynəlxalq imici
yüksəlib. Etiraf edilməlidir ki, sadalanan
uğurlar ölkədə həyata
keçirilən uzaqgörən siyasətin məntiqi nəticəsidir.
İnamla demək olar
ki, yüksək naliyyətlərin əldə
edilməsində ölkədə həyata keçirilən
regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının da
müstəsna rolu var.
Qeyd edək ki, qazanılan uğurlar Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan 2018-ci il 29 yanvar tarixli konfransda ətraflı təhlil edilib. Sözügedən konfransda Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb: "Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyllərin gücləndirilməsi ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir".
Bütövlükdə ölkəmizdə olduğu kimi, Cəlilabad rayonu üçün də bir çox əlamətdar hadisələrlə zəngin olub. Təkcə, ötən il Cəlilabad şəhərinin içməli su təchizatı sistemi və kanalizasiya şəbəkəsi, rayon telekommunikasiya qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binası, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu, "Avanqard" MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, "Günəşli-Aqro" MMC-nin aqroparkı istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Cəlilabad rayonunda həyata keçirilən tədbirlər ölkə prezidenti tərəfindən də yüksək qiymətləndirlib: "Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib - içməli su, elektrik, qazlaşdırma, kənd yolları, magistral yollar, sosial obyektlər, xəstəxana, diaqnostika mərkəzi, məktəblər. Yəni bütün sosial kompleks yeniləşib. On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb və yeni imkanlar yaranıb". Qeyd edək ki, dövlət başçısı bu sözləri təsadüfən səsləndirməyib. Çünki, rayonda abadlıq və tikinti-quruculuq işləri sözün həqiqi mənasında geniş vüsət alıb. Belə ki, əsas kapitala 32 milyon 569 min manat investisiya yönəldilib, bir sıra sosial və istehsal təyinatlı obyekt istifadəyəı verilib. Konkret olaraq Cəlilabad şəhərindəki 30 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri tikilib. Bundan başqa, 5,7 kilometrlik Göytəpə-Komanlı və 9 kilometrlik Cəlilabad-Uzuntəpə yoluna asfalt vurulub, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsinə 41650 kubmetr çınqıl döşənmiş, 24750 kubmetr asfalt-beton qarışığı ilə təmir işləri görülüb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çəçivəsində 2017-ci ildə ölkədə icra edilən "40 yol layihəsi" çərçivəsində yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun ölkədə sosial layihələrin davamlı xarakter aldığını aydın nümayiş etdirir. Belə ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən 21,2 kilometrlik bu yol yük və sərnişin daşınmasının əsaslı şəkildə yaxşılaşmasına müsbət təsir göstərib.Ölkə başçısının 2017-ci il 4 sentyabr tarixli Sərəncamı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 3 milyon manat vəsait ayrılıb. Həmin vaxtdan sonra yolun 11,0 kilometrinə asfalt döşənib, qış mövsümü ilə əlaqədar tikinti işləri müvəqqəti dayandırılıb. Yaxın günlərdə yolun təmirinə başlanılacaq və 59 kənddə yaşayan 60 min nəfər əhalini uzun müddətdən bəri narahat edən ciddi bir problem aradan qalxacaq.Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Vənlik, Soyuqbulaq, Badamağac, Sabirabad, Ləkin, Çinar və Şıxlar kəndlərinin daxili yollarının təmir edilməsi və 89,8 kilometr yola çınqıl döşənməsi də ilin yaddaqalan tədbirlərindəndir.
Cəlilabad rayonunda əhalinin içməli su ilə təminatında da çoxsaylı layihələr həyata keçirilir. Belə ki, Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması layihəsi "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir. Layihədə şəhərin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək üçün 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Tikintisinə 2012-ci ildə başlanılan layihənin 2018-ci ilin birinci rübündə tam başa çatdırılması nəzərdə tutulub. Masallı rayonu ərazisində inşa olunan su anbarından hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına suyun öz axını ilə verilməsi üçün 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borular quraşdırılıb və fərdi yaşayış evləri su sayğacları ilə təmin edilib. Həmçinin çirkab suların axıdılması üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya-kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Layihədə nəzərdə tutulan 5 kanalizasiya nasos stansiyasının 2-də işlər tam yekunlaşdırılıb, 3-də isə tikinti işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab sutəmizləyici qurğunun inşası aparılır.
İstifadəyə verilən mühüm obyektlərindən biri də "Avanqard" MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsidir. Müəssisədə noxud, lobya, mərci və digər paxlalı bitkilərin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılmışdır. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün Türkiyədən gətirilmiş bütün zəruri avadanlıqlarla təchiz edilmişdir.Cəlilabad və Göytəpə şəhərlərinin 65 min nəfərdən çox əhalisinə iki kommunal müəssisələri kombinatı və bir mənzil istismarı sahəsi xidmət göstərir. Həmin şəhərlərdə əhalinin sürətlə artması bərk məişət tullantılarını daşıyan avtomaşınlara və kiçiktutumlu konteynerlərə tələbatı artırmışdır. Buna görə də əhaliyə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaqda və inzibati ərazi vahidlərində səliqə-sahman yaratmaqda bir sıra çətinliklər meydana çıxır. Göstərilənləri nəzərə alaraq biz Cəlilabad rayonuna bərk tullantı materialları daşıyan 4 avtomaşının, 1 ekskovatorun, 20 iritutumlu və 100 kiçiktutumlu konteynerin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rəsmi müraciət etmişik. Şübhə yoxdur ki, həmin texnikalar ayrıldıqdan sonra məişət tullantıları ilə bağlı problemlərə birdəfəlik son qoyulacaqdır.
Rayonda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı daha da artıb. Belə ki, il ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 4,8 dəfə, 2016-cı ilə nisbətən isə 62,6 faiz artıb. Rayon üzrə 7 milyon 244 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2003-cü ildəkindən 11,4 dəfə çoxdur. Rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilib, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilib. 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü ilə nisbətən 2,0 dəfə artıb. İl ərzində 282 milyon 376 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, onun da 139 milyon 864 min manatı və ya 49,5 faizi bitkiçiliyin, 142 milyon 512 min manatı və ya 50,5 faizi heyvandarlığın payına düşür. Rayonda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ilboyu həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar bölmədə yüksək məhsuldarlığa nail olunub. Rayon üzrə 160,5 min ton buğda, 13,4 min ton arpa, 5,9 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci, 1,2 min ton tərəvəz, 9,8 min ton çiyələk, 1,8 min ton qarğıdalı, 1,4 min ton günəbaxan, 654 ton bostan məhsulları, 9,2 min ton şəkər çuğunduru və 13,0 min ton üzüm istehsal olunmuşdur.Aqrar bölmənin mühüm sahəsi olan kartof əkini ildən-ilə genişləndirilmiş və cari ildə 4200 hektara çatdırılmışdır. Kənd əməkçiləri 96,2 min ton yüksək keyfiyyətli kartof istehsal etmişlər ki, onun da 85,0 faizi xarici ölkələrə ixrac olunmuşdur. Bu isə ixracın artırılması barədə ölkə başçısının verdiyi tapşırığın icrasına layiqli töhfə olmaqla yanaşı ölkəyə çoxlu valyutanın gətirilməsi deməkdir. Amma əhalinin kartofçuluğa meylinin getdikcə artdığı və xaricdən gətirilən toxumun baha başa gəldiyi nəzərə alınaraq rayonda kartof toxumçuluğu təsərrüfatının yaradılmasına ciddi ehtiyac duyulur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 10-12 mart.- S.15.