Azərbaycan Xalq Cümhuriyyəti

dövrünün ən demokratik dövləti idi

 

AXC vətəndaşlara verilən hüquq və azadlıqların miqyasına görə Avropa ölkələrindən öndə idi

 

Bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılması sözün həqiqi mənasında tarixi hadisə idi. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan üçün XX əsrin əvvəlləri də əlamətdar hadisələrlə zəngin olub. Belə ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi.

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı elan olundu. Tiflisdə istiqlaliyyətini elan etdiyi gündən Azərbaycan Xalq Cümhuriyyəti qısa bir zamanda bir çox ilklərə imza atıb. 16 iyunda Milli Şura və Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də oradan Bakıya köçmüş, noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunmuş, 7 dekabrda isə Azərbaycan Milli Məclisi artıq fəaliyyətə başlamışdı. 19 noyabr 1918-ci il - heç şübhəsiz dünyanın yeni siyasi tarixinin ən önəmli günlərindən biridir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırırdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi". Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib: "Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi". Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb: "1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü". Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bir daha xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olub. Lakin bu qısa zaman kəsiyində milli dövlətin varlığını, dövlətin beynəlxalq aləmdə tanıdılmasını təmin etmək istiqamətində siyasi, hüquqi qərarlar qəbul edildi. Dövlətin milli atributları qəbul edildi, daxili və xarici siyasəti müəyyən edildi. Xatırladaq ki, bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətin varisidir. Daha doğrusu qürur duyduğumuz, fəxr etdiyimiz müstəqil Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən alıb və mövcudluğuna görə, mənəvi olaraq ona borcludur. Çünki AXC-nin yaranışı ilə öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N. Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar min cür təzyiq və təhdidlərə məruz qalmalarına baxmayaraq, milli dövlətçiliyimizin əsaslarını sarsıtmağa çalışanlara qarşı amansız oldular. Hələ Avropa dövlətlərinin böyük əksəriyyətində yasaq olunan hüquq və azadlıqlar, demokratiyanın təməl prinsiplərini təşkil edən müddəalar Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" ndə əksini tapmışdı. Əslində İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. "İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq, bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. "İstiqlal Bəyannaməsi" həm də yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bəyan etdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı.

Bir əsir bundan əvvəl, parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi Şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu. Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman Şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Gümhuriyyətini bir neçə il qabaqladı. İdarə üsuluna görə ADC parlament respublikası idi. Qeyd etmək lazımdır ki, parlament respublikası, xalqın demokratik haqq və hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi kimi elə 21-ci əsrdə dünyada sayılan ölkələrdə tətbiq olunur. Seçki qanununa görə, Azərbaycanda qadınlarla kişilərin seçib-seçilmək hüquqları eyni idi. Bu məsələdə də Azərbaycan bir çox Avropa ölkəsini qabaqlayırdı. Ölkədə real çoxpartiyalılıq mövcud idi. Azərbaycan Demokratik Cümhuriyyətində söz azadlığı praktiki olaraq təmin olunmuşdu. Dövri mətbuat orqanı yaratmaq üçün nəşriyyat üzrə müfəttişi xəbərdar etmək kifayət idi və bu orqanın məsuliyyətə cəlb olunması - ancaq onun cinayət qanunçuluğunu pozmazı halında, məhkəmə qərarı ilə mümkün idi. Beləliklə, AXC vətəndaşlara verdiyi hüquq və azadlıqların miqyasına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

 

Zəka

 

Olaylar.- 2018.- 10-12 mart.- S.12.