Demokratik
parlamentli Cümhuriyyət
Azərbaycanın
parlamentarizm tarixində AXC parlamentinin öz yeri var
Ötən əsrin ikinci onilliyində
ümumibəşəri dəyərlərə söykənərək
milli istiqlal ideyalarını aşılayan bir cumhuriyyətin
qurulması təkcə Şərq aləmində deyil, eləcə
də bütün dünyada əsil tarixi hadisəyə
çevrildi. Belə ki,1918-ci il
mayın 28-də dünya dövlətləri üçün
örnək ola biləcək respublika - Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) quruldu. Ömrü cəmi 23 il olan,
mövcudluğu dövrdə isə əsrlərə bərabər
işlər görən AXC Azərbaycanın dövlətçilik
ənənələrinin möhkəmlənməsində
müstəsna rol oynadı. Başlıcası isə AXC
qısa xaman kəsiyində süqut etsə də, onun
kütlələrin şüurunda yaratdığı milli
istiqlal ideyaları əbədiyaşar oldu. Hər
bir səhifəsi bizim üçün müqəddəs və
doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin
sonu XX əsrin əvvəllərində Azərbaycanda
mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi
fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O,
ədəbiyyatda və mətbuatda, milli və ideoloji
mübarizələrin səngərində yarandı və bir
əsrədək müddət ərzində müstəmləkə
zülmü altında inləyən xalqın azadlıq
harayının carçısına çevrildi. Həmin
dövrdə Azərbaycanda geniş vüsət almış
milli-demokratik hərəkatın başında duran
insanların hər birinin adı Azərbaycanın dövlətçilik
tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycan Xalq Cümhuriyyəti az bir
vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və
hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə
malik, vətəndaş hüquqlarını hər şeydən
uca tutan demokratik, dünyəvi və unitar dövlətə
çevrildi. Etiraf edilməlidir
ki, Azərbaycanın parlamentarizm tarixində Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin öz yeri var. 1918-ci il noyabrın
16-da Bakıda yenidən fəaliyyətə
başlamış Azərbaycan Milli Şurası həmin il
noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən
ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul
edir.1918-ci il dekabrın 7-də gündüz saat 1-də
Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin
binasında müsəlman Şərqində ilk dəfə
olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli
şəkildə açılır. Parlamentin
iclasında "Müsavat" fraksiyasının təklifi ilə
Əlimərdan bəy Topçubaşov Parlamentin sədri,
doktor Həsən bəy Ağayev isə sədrin birinci
müavini seçilirlər. Əlimərdan bəy
Topçubaşov bu vaxt İstanbulda olduğu
üçün Parlamentə Həsən bəy Ağayev sədrlik edir. 1918-ci il dekabrın 28-də Azərbaycan
hökuməti, Parlamentin Ağsaqqallar Şurasının
iştirakı ilə keçirdiyi iclasında Avropada ümumi
sülh konfransında iştirak etmək üçün
Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun sədrliyi
ilə Parisə göndəriləcək xüsusi nümayəndə
heyətini müəyyən edir. Parlamentin yaradılması haqqında
qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət
olması nəzərdə tutulmuşdu. Həmin
qanunda Azərbaycan əhalisinin ümumi sayına
müvafıq olaraq erməni nümayəndələri
üçün 21 yer, rus nümayəndələri
üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan
Parlamentinin ilk iclasının açılışında
iştirak etməmişdilər. Rus Milli Şurası
1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin
ilin fevralından Parlamentin işinə
qatılmışdılar. Parlamentin
açılışına həsr olunmuş xatirə
medalı 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11
müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat
təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və
qurumların qüvvələr nisbəti
aşağıdakı kimi idi: "Müsavat"
və bitərəflər fraksiyası - 38 nəfər,
"İttihad" - 13 nəfər, "Əhrar" - 6 nəfər,
"Sosialistlər" bloku - 13 nəfər, partiyasızlar -
4 nəfər, müstəqillər - 3 nəfər,
"Rus-slavyan cəmiyyəti" fraksiyası - 5 nəfər,
erməni fraksiyası - 5 nəfər, "Daşnaksutyun"
fraksiyası - 6 nəfər, "Azlıqda qalan millətlər"
fraksiyası - 4 nəfər. Parlamentin fəaliyyəti bilavasitə
onun nizamnaməsi rolu oynayan "Azərbaycan parlamentinin
nakazı (təlimatı)" ilə tənzimlənirdi.
"Parlament nakazı (təlimatı)" əsasında ilk
gündən Parlamentin iclasları məcburi surətdə
yalnız Azərbaycan dilində aparılırdı. Ancaq
başqa millətlərin nümayəndələri rus dilində
danışa bilərdilər. Cəmisi 17 aylıq fəaliyyəti
dövründə Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay
olmadığı üçün iclaslardan 15-i baş
tutmamışdır. Öz fəaliyyəti dövründə
Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə
270-dən çox qanun layihəsi
çıxarılmışdır ki, onlardan da 230-a
yaxını qəbul olunmuşdu. Parlamentin
1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin
dinc yolla bolşeviklərə təhvil verilməsi haqqında
qərar qəbul edilmişdi.O da etiraf edilməlidir ki, cəmi
23 ay ərzində ömür sürən dövlətin
parlamentə, orduya, gömrük və hüquq mühafizə
orqanlarına, dövlət rəmzlərinə olması
malik olması, vətəndaşlara bütün bəşəri
hüquqların verilməsi XX əsrin əvvəllərində
yalnız hərbi-feodal rejimlərinin hökm
sürdüyü Şərqdə əsl fenomen idi. O
dövrün ən mütərəqqi mətbu orqanlarından
biri sayılan "İstiqlal" qəzetinin
başlığında böyük türk şairi Tofiq Fikrətin
epiqraf kimi verilmiş məşhur "Millət yoludur, haqq
yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət,
yaşa, var ol!" misraları AXC-nin məram və niyyətini
çox gözəl əks etdirirdi. Amalı
millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən
"türkləşmək, islamlaşmaq, müasirləşmək"
şüarını rəhbər tutaraq həyatın
bütün sahələrində, xüsusən xalq maarifi və
mədəniyyət sahələrində geniş islahatlara
başladı.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların
böyük əksəriyyəti də elə
demokratiyanın, elmin və mədəniyyətin inkişaf
etdirilməsi ilə bağlı olmuşdu. Məsələn,
AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk
dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın
Gülüstan və Türkmənçay müqavilələri
ilə iki hissəyə bölünməsindən sonra ana
dilinin işlənməsinə dair ilk rəsmi sənəd
idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində
keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin
28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki,
bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana
dilində aparılmalıdır. Məlum
olduğu ki, ilk addımlarını atan gənc dövlətə
yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il
sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən
(tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət
Bakı Dövlət Universitetinin açılması
haqqında qanun qəbul etdi. Noyabrın
15-də isə universitetin auditoriyalarında ilk mühazirələr
başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə,
o cümlədən 217 azad dinləyici təhsil alırdı.
Parlament universitetin açılması ilə yanaşı,
1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində
dövlət hesabına təhsil almaq üçün
100 azərbaycanlı gəncin xaricə göndərilməsi,
hər bir tələbəyə 400 frank təqaüdün,
1000 frank yol xərcinin təyin olunması barədə qərar
qəbul etdi. Azərbaycan hökumətinin həyata
keçirdiyi tədbirlər sayəsində təkcə
1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb
açıldı, şagirdlərin sayı 48 780 nəfərə
çatdı. Azərbaycan hökuməti və parlamenti mətbuat
və nəşriyyat işinin də dövrün tələblərinə
uyğun qurulması üçün bir sıra qərarlar qəbul
etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında
mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin
açılmasının, çap məhsulunun nəşrinin
və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı
ilə kütləvi informasiya vasitələri üzərində
dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində
Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi,
polyak, fars dillərində təxminən 100 adda qəzet və
jurnal çıxmışdır. "Molla Nəsrəddin",
"İstiqlal", "Azərbaycan", "Açıq
söz", "İqbal", "Dirilik", "Təkamül",
"Mədəniyyət", "Qurtuluş" kimi mətbu
orqanlar milli ideyaların carçısı idi. Təsadüfi
deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və
vicdan azadlığı yüksək səviyyəyə
çatmışdı. Cümhuriyyətin əvvəlcə
Ukraynada, daha sonra Türkiyədə səfiri olan Yusif Vəzir
Çəmənzəminli "Bu gün yazıçıya
nə gərəkdir?" sualına cavabında müasir
dövrümüzlə səsləşən "Dil
azadlığı, qələm azadlığı"
cavabını vermişdi.
Zəka
Olaylar.-2018.-13mart.-S.8.