Azərbaycanda demokratik
media ənənələri uğurla inkişaf edir
Əli
Həsənov: "Mətbuat milli dəyərlərimizi, milli
rəmzlərimizi müdafiə etməlidir"
Azərbaycanda
kütləvi informasiya vasitələri, medianın
inkişafı hər zaman dövlətin əsas diqqət mərkəzində
olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan bu siyasət günümüzdə də uğurla davam
etdirilir. Ölkədə medianın, kütləvi
informasiya vasitələrinin daha səmərəli, məhsuldar,
milli və dövlətçilik maraqlarına uyğun fəaliyyət
göstərməsi, onun fəaliyyətinə yönəlik əngəllərin
aradan qaldırılması, ən əsası fikir və
söz azadlığının tam mənada təmin
olunması istiqamətində dövlətin zaman-zaman
atmış olduğu addımlar bu gün də öz
ardıcıllığı ilə davam edir. Bir
sözlə dövlət və onun rəhbərliyi hər
zaman kütləvi informasiya vasitələrinə diqqət və
qayğı ilə yanaşır ki, bunun həftəsonu Azərbaycan
Jurnalistlərinin VII qurultayı zamanı əyani şahidi
olduq. Belə ki, bir qayda olaraq medianı
diqqətdə saxlayan dövlət rəhbərliyi bu dəfə
də ənənəsinə sadiq qalaraq Azərbaycan Jurnalistlərinin
VII qurultayının iştirakçılarına təbrik məktubu
ünvanladı. Media camesinə
ünvanlanan təbrik məktubunda qeyd edilirdi ki, ötən əsrin
90-cı illərində dövlət müstəqilliyi əldə
edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın
təşəkkülü üçün geniş imkanlar
açılıb. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin səyləri
nəticəsində söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr
aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin
fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik
bazası formalaşdırılıb, redaksiyaların
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilib, mətbuat-hakimiyyət münasibətlərində
mütərəqqi ənənələrin əsası
qoyulub.
***
Məktubda bildirilirdi ki, Azərbaycanda
demokratikləşmə prosesinin təzahürü olaraq
2003-cü ildə jurnalistlərin l qurultayında mətbuatın
özünütənzimləmə funksiyasını yerinə
yetirən Mətbuat Şurasının yaradılması media
ilə dövlət və cəmiyyət arasında münasibətlərdə
keçid dövrünün başa çatması və yeni
keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə
bilər. Ötən
15 ildə Mətbuat Şurası ölkədə söz və
məlumat azadlığının inkişafı, kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi
və müstəqilliyinin gücləndirilməsi ilə
bağlı səmərəli təkliflərlə
çıxış edib, dövlət orqanları və vətəndaşlarla
mətbuat arasında münasibətlərin tənzimlənməsi,
jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının
artırılması, mediada neqativ halların aradan
qaldırılması sahəsində ciddi səylər
göstərib. Bu gün ardıcıl və məqsədyönlü
fəaliyyəti ilə seçilən Mətbuat Şurası
Azərbaycanın aparıcı ictimai təşkilatları
sırasında özünə layiqli yer tutub və cəmiyyətdə
böyük nüfuz qazanıb. Jurnalistlərin
mütləq əksəriyyətinin Mətbuat
Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi
bunu əyani şəkildə təsdiq edir.
Hazırda
güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycan
Respublikasında hər bir sahənin, o cümlədən də
kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli
dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki,
dünya miqyasında milli informasiya resurslarımızın
çəkisi getdikcə artır, rəqabət qabiliyyəti
yüksəlir. Mətbuat nümayəndələrinə
ünvanlanmış məktubda həmçinin bu fikir də
öz əksini tapır ki, qlobal şəbəkənin
genişləndiyi və transmilli medianın ayrı-ayrı
ölkələrin daxili həyatına, beynəlxalq
nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə
Azərbaycan kütləvi informasiya vasitələri daha fəal
və prinsipial olmalı, yüksək peşəkarlıq
nümayiş etdirərək milli maraqlarımızı hər
şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi
naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir.
Azərbaycanda
kütləvi informasiya vasitələrinə, medianın fəaliyyətinə
dövlət, dövlət rəhbərliyi tərəfindən
göstərilən qayğı paralel olaraq digər məmurlar
tərəfindən də əyani şəkildə ortaya
qoyulur. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
üzrə şöbə müdiri Əli Həsənovun
timsalında bunu aydın şəkildə görmək
mümkündür. Elə Azərbaycan
Jurnalistlərinin VII qurultayında çıxışı
zamanı da Əli Həsənov bunu açıq şəkildə
etiraf etdi və media cameəsi ilə hər
görüşünün yaddaqalan olduğunu
vurğuladı. Əli Həsənov bildirdi ki, 25 illik məmur
həyatımda 3 halda özünü güclü hiss edir:
"Prezidentimin yanında olanda, ondan tapşırıq alanda,
Milli ordumuzun paradı keçiriləndə, Hökümət
Evinin qarşısında ordunun texniki vasitələrini
görəndə və media təmsilçiləri içərisində
olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli
ordumuz və qələm sahibləri olan sizlərlə
güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz". Əli Həsənov mətbuatın bu günkü vəziyyətindən
danışarkən deyib ki, ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu demokratik media ənənələri
Azərbaycanda uğurla inkişaf edir. PA rəsmisi Azərbaycan
Jurnalistlərinin VII qurultayının nəticələri barədə
fikirlərini bölüşərkən vurğulayıb ki,
kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan mediasından kənara
atılmış müəyyən nümayəndələr
qurultay, seçilən yeni heyət, onların jurnalist fəaliyyəti
haqqında da mənfi rəy formalaşdırmağa
çalışacaqlar: "Bundan qorxmayın, buna qeyri-adi hal
kimi baxmayın. Nə qədər ki, cəmiyyət,
insanlar, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq, onlara opponent kimi baxın,
çalışın onların sizə hansı formada öz
fikirlərini, nifrətlərini ifadə etmələrindən
asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə
uyğun bir formada cavab verin və öz haqqınızı
qoruyun. Kənar təsirlərə məruz
qalmayın". Əli Həsənov deyib ki, ölkədən
qaçan bəzi şəxslər bu gün Azərbaycanın
rəmzlərini təhqir edirlər: "Həmin şəxslərə
olduqları xarici ölkələrin pasportları verilərək,
Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları
qarşısında öhdəlikləri olanlar Azərbaycan
dövlətinə qarşı çirkab
yağdırırlar. Azərbaycan mətbuatında
isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət
yetirməlidirlər. Mətbuat milli dəyərlərimizi,
milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri
də imtina ediblər. Həmin adamlar "Facebook"un imkanlarından istifadə edərək, Azərbaycana
qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq
media göstərməlidir.
Azərbaycanda jurnalistika ilə hakimiyyət
arasında gözəl tərəfdaşlıq mühitinin
yarandığını vurğulayan Əli Həsənov
bildirib: "Bunun nəyi pisdir? Əgər Azərbaycan
dövləti vergi ödəyicilərinin və Azərbaycanın
milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı
insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan
cəmiyyətində yaxşı nümunələr
formalaşdıran jurnalistikanın və digər kateqoriyadan
olan insanların maliyyələşməsi, maddi-mənəvi
tələbatının ödənilməsi üçün
istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə
öz dövlətinin milli sərvətindən pay almaq qəbahət
hesab olunmalıdır? Bu məsələdə
opponentlik etmək istəyənlərə qarşı siz
öz münasibətinizi sərgiləyə bilərsiniz.
Nəyə görə öz dövlətindən, milli sərvətindən
aldığın pay qəbahət sayılmalıdır, amma
antiAzərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə
qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn
xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək
normal hal hesab olunmalıdır? Baxın, bu
gün sizi ittiham edənlər özləri hansı mənbədən
maliyyələşirlər". Mətbuat
Şurasının reket nəşrlərlə bağlı
"qara siyahı" hazırladığını
xatırladan Əli Həsənov reket nəşrlərdə
çalışanları doğru yola dəvət edərək
deyib: "Olan və olmayan kompromatları toplayıb
insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz
özünüzü təhdid etdiyiniz insanların yerinə
qoyun. Mən o insanlarla mübarizə
aparmıram, onları doğru yola çağırıram.
Mətbuat Şurası qəbul etdiyi etik
normaları müdafiə etməlidir. Hesab
edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul
edilməsinin zamanı çatıb".
Əli Həsənov partiyaların dövlətdən
dəstək almasına etirazın da düzgün
olmadığını qeyd edərək deyib ki, təminatı
olan siyasi partiyaların parlamentdə təmsil olunaraq dövlətdən
dəstək alan partiyaları ittiham etməyə
haqları yoxdur: "Mən elə buradan müxalifət
partiyalarına üzümü tuturam. O müxalifət
partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində
bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən
öz qanuni maliyyələşmə haqlarını
alıblar. Bunun nəyi pisdir? Amma o
partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə
bəlli deyil və sizin gözünüz qarşısında
da hamıdan yaxşı yaşayırlar, hamıdan
yaxşı təmin olunublar, övladları, özləri
dövlətin daxilində və xaricində kifayət qədər
yüksək təminatlı həyat sürürlər,
onların sizi tənqid etməyə, ittiham etməyə
haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə
siz jurnalistlər çatdırmalısınız".
Süleyman
İsmayılbəyli
Olaylar.-2018.-13
mart.-S.9.