Sənaye parkları bölgələrin
inkişafında əhəmiyyətli rol oynayır
Azərbaycanda həyata keçirilən
regionların sosial-iqtisadi inkişaf proqramları bir sıra
yeniliklərlə müşahidə olunmaqdadır. Belə
yeniliklərdən biri də bölgələrdə Sənaye
Parklarının yaradılmasıdır ki, artıq bu istiqamətdə
xeyli iş görülüb. Daha doğrusu respublikanın bir
sıra şəhər və raonlarında sənaye
parkları yaradılıb ki, bu da ölkə
iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə
malikdir. Etiraf edilməlidir ki, Azərbaycanda
qeyri-neft sənayesinin davamlı inkişafında, yerli
ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin
yaradılması, istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin azaldılması, sahibkarlar
arasında kooperasiya əlaqələrinin gücləndirilməsi,
məşğulluqda sənayenin xüsusi çəkisinin
artırılmasında sənaye parkları və sənaye
məhəllələri mühüm əhəmiyyət kəsb
edir. Belə sənaye parklarından biri də
yeni yaradılan Mingəçevir Sənaye Parkıdır.
2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir
Sənaye Parkında yüngül sənaye məhsulları, o
cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı
və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin
yaradılması qərara alınıb.
İndinin özümdə də Sənaye Parkında fəaliyyət
göstərəcək müəssisələrin xammal təchizatının
davamlılığını və
etibarlılığını təmin etmək məqsədilə
ardıcıl tədbirlər görülməkdədir.
Aqrar sektorun strateji və ölkəyə valyuta
gətirən mühüm sahələrindən biri olan
pambıqçılığın inkişafı ilə
bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi
olaraq imzalanmış fərman və sərəncamlar,
pambıqçılığın inkişafı məsələlərinə
dair keçirilmiş respublika müşavirələri,
qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə
müxtəlif dəstək və təşviq mexanizmlərinin
tətbiq edilməsi pambıqçılığın
inkişafı üçün əlverişli şərait
yaradıb. Görülən işlərin nəticəsidir
ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən
2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda
respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət
göstərir. Lakin pambıqçılığın
sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi
və yüksək məhsuldarlığın əldə
olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan
yeni istehsal və emal sahələrinin təşkilinə
ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində
14,5 hektar sahədə yaradılmış "Mingəçevir
Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki
iplik istehsalı fabriki də belə müəssisələrdəndir.
Məlumat üçün qeyd edək ki, ümumi dəyəri
144 milyon manat olan fabriklərin yaradılmasına
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 10 milyon manat güzəştli kredit
verilib. Müasir texnologiyalar əsasında
yaradılmış fabriklər Almaniya, İsveçrə,
İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə
pambıq mahlıcından ildə 10 min tonu "Ring", 10
min tonu isə "Open End" üsulu ilə olmaqla,
ümumilikdə 20 min ton müxtəlif cür iplik
istehsalı nəzərdə tutulur. "Ring" üsulu ilə
istehsal edilən pambıq-poliester iplik daha zərif və
yumşaq olduğu üçün uzun lifli pambıqdan
alınır və daha bahalıdır. Bu məhsuldan əsasən
köynək istehsal olunacaq.
Eyni zamanda Mingəçevirdə
"Open End" üsulu ilə iplik istehsalı müəssisəsi
fəaliyyətə başlayıb. Qeyd edək
ki, "Open End" üsulu ilə alınan iplik daha kobud
olduğundan əsasən cins və digər geyimlərin
istehsalında istifadə olunur. Bu cür müəssisələrin
istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin
inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin
olunmasına, eləcə də istehsal edilən
pambığın hazır məhsul kimi ixracına imkan verəcək.
Bunun da nəticəsində ölkəmizə əlavə
valyuta daxil olacaq. Bu, həmçinin sənaye
sahəsində idxaldan asılılığın
azaldılması, ixrac potensialının
artırılması, milli tekstil brendlərin
yaradılması, ixtisaslı kadrların hazırlanması və
yeni iş yerlərinin açılması baxımından
xüsusi əhəmiyyət kəsb edir. Hazırda parkda
sənaye məhsulları istehsalı üzrə müxtəlif
ixrac potensiallı və rentabelli fabrik və zavodların
yaradılması istiqamətində araşdırmalar
aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr
layihələndirilərkən təkcə istehsal prosesi deyil,
orada çalışanlar üçün yaradılan
müxtəlif xidmət növlərinin təşkilinə də
xüsusi önəm verilir. Qeyd edək ki, bu fabriklərdə
700-750 insan işlə təmin edilir və burada
çalışanların böyük əksəriyyəti
qadınlardır. Deməli, Mingəçevirdə
işsizliyin aradan qaldırılması üçün bu
fabriklərin çox böyük rolu olacaq.
Ekspertlər hesab edirlər ki, sənaye
parklarının fəaliyyətə bsşlaması Mingəçevirin
və ümumiyyətlə, Azərbaycanın sənaye
potensialını böyük dərəcədə gücləndirəcək.
Nəzərə
almaq lazımdır ilkin olaraq Mingəçevir Sənaye
Parkının ilk iki fabriki açılır. Bu,
dövlət-özəl sektor tərəfdaşlığının
gözəl təzahürüdür. Çünki dövlət
özəl sektorun inkişafı üçün əlindən
gələni əsirgəmir, sahibkarlara güzəştli
şərtlərlə kreditlər, metodik tövsiyələr
verilir, iş yerlərinin yaradılması istiqamətində
böyük işlər aparılır. Eyni
zamanda, dövlət sənaye parklarının
yaradılması ilə özəl sektora şərait
yaradır. Əgər dövlət bu funksiyanı öz
üzərinə götürməsəydi, əlbəttə
özəl sektor, sahibkarlar üçün belə nəhəng
fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı.
Özəl sektor isə öz növbəsində, həm
dövlətin güzəştli şərtlərlə
verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini
qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində
yaradılan sənaye zonaları, sənaye məhəllələri,
sənaye parkları bu məqsədi güdür. Əldə
olunan məlumata görə, sözügedən fabriklərdə
Almaniya, İspaniya, İsveçrə, Yaponiyadan gətirilmiş
ən müasir avadanlıqlar quraşdırılıb.
Burada pambıq mahlıcından ildə 20 min ton müxtəlif
ipliklərin hazırlanması nəzərdə tutulur. Bu
ipliklər həm xarici bazara ixrac olunacaq, həm də Sənaye
Parkının digər mərhələlərində
yüngül sənaye məhsullarının istehsalında
istifadə ediləcək. Sənaye Parkı tam gücü ilə
işə düşəndən sonra isə şəhərin
minlərlə sakini artıq burada daimi işlə təmin
ediləcək. Bu müəssisələrin işə
düşməsi Mingəçevirə bir daha şəhər
əhval-ruhiyyəsi gətirəcək. Bu, həmçinin əhalinin
işlə təmin olunmasına, onların
sosial-rifahının yaxşılaşdırılmasına, həm
də qeyri-neft sektorunun inkişafına və bölgə
iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş
siyasətinizin bariz bir nümunəsidir. Bildirək ki,
qarşıya qoyulan məqsədlərdən biri də Mingəçevir
Sənaye Parkının Cənubi Qafqazın ən
böyük yüngül sənaye parkına çevrməkdən
ibarətdir.
Yeri gəlmişkən xatırladaq ki,
Azərbaycanda bir neçə şəhərdə sənaye
məhəllələri, zonaları fəaliyyətdədir. Onların
ən böyüyü Sumqayıt Kimya Sənaye
Parkıdır ki, oraya yatırılan investisiyaların həcmi
2,7 milyard dollardır. Paralel olaraq Neftçala, Hacıqabul,
Sabirabad, Masallı və digər şəhərlərdə
sənaye zonaları yaradılmaqdadır. "Azərbaycan
İnvestisiya Şirkəti" ASC-dən verilən məlumata
görə, kiçik və orta sahibkarlığın
inkişafında sənaye məhəllələrinin
xüsusi rolu var. 2016-cı ildən başlayaraq AİŞ
ölkənin əczaçılıq məhsullarına olan tələbatının
ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac
potensialının artırılması və dərman məhsullarının
keyfiyyətinin yaxşılaşdırılması məqsədi
ilə əczaçılıq sahəsində də layihələr
həyata keçirməyə başlayıb. 2016-cı ildə
Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq
layihəsi olan "Həyat Farm" Zavodunun təməli
qoyulub. Bu layihədə AİŞ-in payı 10%-dir. Müasir
dərman istehsalı ilə məşğul olacaq müəssisənin
ümumi investisiya dəyəri 78 mln. ABŞ dollarıdır.
İllik istehsal gücü 225 mln. qutu olan müəssisədə
58 təsiredici maddə üzrə 89 çeşiddə dərman
istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş
yerinin yaradılması nəzərdə tutulur. Hazırda
zavodun layihəndirmə işləri aparılır və
yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda
ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə
2020-ci ilin əvvəlinə planlaşdırılır.
2017-ci ildə istifaqəyə verilmiş Neftçala Sənaye
Məhəlləsində hazırda sənaye, qida sənayesi və
kənd təsərrüfatı sahələri üzrə 9
müəssisə və 1 kiçik sahibkarlıq
emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri
45,3 mln. manat olan bu layihələr 500-ə yaxın daimi iş
yerinin yaradılmasına imkan verir. Masallı Sənaye Məhəlləsində
tikinti işləri sürətlə aparılır və I mərhələ
çərçivəsində tikinti işləri tamamlanmaq
üzrədir. Sənaye Məhəlləsinə
sahibkarlar böyük maraq göstərir və artıq
AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox
olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində
ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin (4 mebel
istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel
istehsalı və dulusçuluq məmulatları istehsalı)
icrasına başlanılacaq və 200-dən çox iş
yeri yaradılacaq. 20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye
Məhəlləsində tikinti işlərinə bu il
başlanılması və tikinti işlərinə 200 nəfərin
cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü,
pambıqtəmizləmə, taxta, plastik məmulatlar və
tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsullarının emalı müəssisələrinin və
logistika mərkəzinin yaradılması
planlaşdırılır. 20 hektar sahədə yaradılan
Hacıqabul Sənaye Məhəlləsi ağır
maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və
kompozit materialları istehsalı sahələrində
ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti
işlərinə yaxın zamanda başlanılması nəzərdə
tutulur. Tikinti prosesinə 200 nəfərdən çox
işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə
6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində
43 mln. manat investisiya yatırılması və 850-dən
çox iş yerinin yaradılması
planlaşdırılır.
Olaylar.-2018.-13mart.-S.15.