Regional proqramlar Qərb

bölgəsində uğurla icra edilir

 

Artıq 14 ildir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə uğurla icra edilir.  Məhz bu proqramların uğurlu icrası ölkənin simasını başdan-başa dəyişib,  Azərbaycanın hər bir sahədə inkişafına təkan verib.

 

2004-cü ildən mərhələli şəkildə icra edilən bu proqramların ana xəttini əsasən bir neçə istiqamət təşkil edirdi ki, həmin istiqamətləri ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, hər bir istiqamət üzrə qarşıya qoyulan hədəflərə, məqsədlərə nail olunub. Məlumat üçün qeyd edək ki, Dövlət Proqramlarının icrası prosesində ilk istiqamət kimi regionlarda, ümumilikdə ölkədə işsizlik problemini aradan qaldırılması başlıca yer alırdı. Və təbii ki, buna da elə həmin proqramlar çərçivəsində regionlarda, əyalətlərdə, şəhər və rayonlarda yaradılan istehsal müəssisələri hesabına nail olmaq mümkün idi. 2004-cü ildən respublikanın ayrı-ayrı bölgələrində yaradılan bu kimi müəssisələr işsizlik probleminin aradan qaldırılmasını hədəfləyən istiqamətin demək olar ki, həyata keçməsinə zəmin yaratdı. İstər Qərb, istər şimal, istər cənub, istərsə də Aran və Qarabağ bölgəsində ötən 14 il ərzində yüzlərlə bu kimi müəssisələr istifadəyə verildi ki, bu da məşğulluğun artırılması və işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynadı. Məhz qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağın göstəricisi idi ki, artıq Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsində ölkədə ümumilikdə 600 minə yaxın yeni iş yerləri yaradıldı. Xüsusi qeyd edilməli məqam ondan ibarət idi ki, bu iş yerlərinin əksəriyyəti məhz daimi idi. Eyni zamanda mövsümü xarakter daşıyan iş yerləri də yaradılırdı ki, bu da məşğulluq səviyyəsinin artırılmasına öz müsbət təsirini göstərirdi.

Bu müsbət tendensiyanı Qərb bölgəsinin də timsalında aydın şəkildə görmək mümkündür.  Xüsusilə, Şəmkir rayonu üzrə statistik göstəricilərə nəzər yetirdikdə bunun əyani şahidi oluruq. Düzdür, ümumilikdə Qərb bölgəsində regional proqramların uğurlu icrası regionda məşğulluğun səviyyəsinin artırılmasına təkan verib. Amma bunu Şəmkir rayonunun timsalında daha aydın görə bilərik. Bunu şərtləndirən başlıca amil isə Şəmkir rayonunun kənd təsərrüfatı rayonu kimi tanınmasıdır.  Xüsusilə bu rayonda geniş yaradılmış istixanalar şəbəkəsi  əhalinin məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasına öz müsbət təsirini göstərir. Məlumat üçün qeyd edək ki, sözügedən rayonda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində on minlərlə iş yeri yaradılıb. Elə icrası yekunlaşmaqda olan Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində də Şəmkirdə minlərlə iş yeri yaradılıb.  Qeyd edək ki, təkcə keçən il Şəmkirdə 1680-i daimi olmaqla, 4258 yeni iş yeri açılıb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 142 milyon 370 min manat investisiya qoyulub. Prezident İlham Əliyevin 2017-ci il avqustun 20-də Şəmkir rayonuna səfəri zamanı açılış mərasimində iştirak etdiyi "Şəmkir Aqropark"ın logistika mərkəzində 9 min ton xurma qəbul olunub və həmin məhsulun 4800 tonu xarici bazarlara göndərilib.

Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında hazırda 56 toxucu, 10 inzibati-təsərrüfat işçisi çalışır. Müəssisədə 2017-ci ildə yüksək keyfiyyətli 90 ədəd xalça istehsal olunub. Hesabat dövründə Çinarlı bələdiyyəsinin təsis etdiyi "Çinarlı qəsəbə" MMC-nin nəzdində "Şəmkir səbəti" brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə "Yaşıl market" istifadəyə verilib. "Yaşıl market"də 500-ə yaxın yeni iş yeri yaradılıb. Mövsüm ərzində isə bazarda işləyənlərin sayı 1500 nəfərə çatır.

Şəmkir rayonunun Mehrili kəndinin ərazisində Şəmkir çayının sahilində "Azfarel" MMC-nin balıq yetişdirmə və emalı müəssisəsinin tikintisi sürətlə davam etdirilir. İş adamı tərəfindən rayon ərazisində 10 min tonluq buğda saxlama anbarının və sutkalıq istehsal gücü 200 ton olan un fabrikinin tikintisinə başlanılıb.

Qeyd etdiyimiz kimi Şəmkir ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Ötən il rayonda 41 min 561 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 129 hektar sahədə taxıl əkilib. Taxıl sahələrindən 43 min 152 ton məhsul götürülüb. Rayonda bostan, tərəvəz və meyvə istehsalında da yüksək məhsuldarlıq əldə olunub. 1203 hektar şəkər çuğunduru sahəsindən 24 min 750 ton, 6489 hektar kartof sahəsindən 114 min 80 ton, 6322 hektar tərəvəz sahəsindən 228 min 331 ton, 260 hektar bostan sahəsindən 5897 ton, 3130 hektar meyvə bağlarından 60 min 473 ton məhsul yığılıb.

Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, rayonda barama istehsalı üzrə də mühüm işlər görülür. 2017-ci ildə 5069,6 kiloqram barama istehsal olunaraq, "Şəki İpək" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib. Barama istehsalını genişləndirmək məqsədilə 74 min ədəd tut tingi əkilib.

"Şəmkir Aqropark"ın ardınca, region üçün mühüm əhəmiyyətə malik olan yeni "Ceyrançöl Aqroparkı"n yaradılması istiqamətində də bir sıra işlər görülüb. "Ceyrançöl Aqropak" üçün 10 ədəd traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşını və qoşqu avadanlıqları alınıb, 1000 hektar torpaq sahəsində ABŞ-ın "Lindsey" şirkətinin istehsalı olan 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb. 2018-ci ilin məhsulu üçün 3 min hektar sahəyə Almaniyadan gətirilmiş yüksək məhsuldar buğda toxumu səpilib.

Bu bir danılmaz faktdır ki,  ölkə iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı, bol su mənbələri hesabına burada ildə dörd dəfə məhsul götürülür.

Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib. Ölkə rəhbərliyinin Şəmkirə və şəmkirlilərə göstərdiyi diqqət və qayğı, yaradılan şərait əhali tərəfindən məmnunluqla qarşılanır.

Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya ortahəcmli istixana, həmçinin üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.

Başqa sözlə, Şəmkirdə abadlıq-quruculuq işlərindən tutmuş, yeni infrastruktur layihələrinin reallaşması, ərzaq təhlükəsizliyi məsələləri, kənd təsərrüfatının bütün sahələr üzrə inkişaf etdirilməsi diqqət mərkəzindədir.

İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur.

Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün Şəmkirdə inşa olunmuş istixanalarda məhsullar yetişdirilir.

Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub. Bunun nəticəsidir ki, 2017-ci ildə rayonda ümumi məhsul istehsalı 58,2 faizdən çox artmışdır. Ümumilikdə 2017-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 127 min 977 ton məhsul istehsal olunub. İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2017-ci ildə 111 min 342 ton pomidor, 10 min 220 ton xiyar istehsal olunub.

Bundan başqa fermerlər ötən il istixanalardan 5672 ton kartof, 724 ton göy-göyərti, 17 ton çiyələk toplayıblar.

Onu da qeyd edək ki, Şəmkirdə istixanaların ümumi sahəsi 923 hektardır. 2018-ci ildə daha 100 hektar yeni istilikxanaların yaradılması nəzərdə tutulur.

Ümumiyyətlə, ölkənin iqtisadi və sosial həyatında olduğu kimi Şəmkir rayonunun da iqtisadi həyatında son illər müşahidə olunan surətli inkişaf 2017-ci ildə davam edib, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin edib. Əldə olunmuş uğurları əyani nümayiş etdirən maktoiqtisadi göstəricilər rayonumuzun inkişaf surətinə görə öncüllər sırasında olduğunu göstərir. Son illərdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin Şəmkirdə həyata keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanmasına səbəb olub, davamlı inkişaf üçün əsaslı zəmin yaradıb.

Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq rayonda əkinçiliyin inkişafına nail olmaq üçün xeyli işlər görülüb. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2017-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəlləyişə nail olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 1 mart.- S.15.