Regionlarda
baramaçılığın inkişafı
ölkənin ixrac
potensialını artıracaq
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.
Qeyd edək ki, regionların sosial-iqtisasdi inkişafı Dövlət Proqramı çətçivəsində Bərdə, Ucar, Zərdab, Balakən, Qax, Şəki rayonlarında, Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Hələ Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş "Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Sovetinin 1971-ci il 3 mart tarixli 106 nömrəli qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama tədarükü xeyli artmışdı. Müvafiq torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə tut tinglərinin əkilib becərilməsi baramaçılığın yem bazasını möhkəmləndirmişdi. Tut ipəkqurdunun bəslənməsi üçün təsərrüfatların ictimai binalarında, anbar və digər tikililərdə kümçülərə mövsümi yerlərin ayrılması və yaş baramanın tədarük qiymətinin yüksəldilməsi istehsalçılarda baramaçılığa marağı ilbəil artırırdı. Belə ki, yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu. 70-80-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları və emal müəssisələri vahid kompleks şəklində fəaliyyət göstərirdi və respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsi yaradılmışdı. Həmin dövrdə ipəkçiliyin inkişafı sahəsində görülmüş genişmiqyaslı işlərin nəticəsi olaraq, artıq 1991-ci ildə ölkədə yaş barama istehsalı 5,9 min tona çatdırılmışdı. Eyni zamanda, ipəkçiliyin elmi əsasları işlənilmiş, tut ağaclarının və ipəkqurdunun seleksiyasına dair geniş tədqiqatlar aparılmış, yeni yaradılan tut ipəkqurdu cinslərindən elit toxumların əldə edilməsi üçün superelit toxumlar hazırlanmışdı. Lakin baramaçılıqda baş verən geriləmə nəticəsində 1992-ci ildən etibarən yaş barama istehsalı tədricən azalmış və 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edilmişdir. Buna baxmayaraq, son illərdə regionların sosial-iqtisadi inkişafl Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu nəzərə alınaraq, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılmışdır. Görülən tədbirlər nəticəsində 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilmişdir. "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli 2442 nömrəli sərəncamlar bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratmışdır. Bundan başqa, "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli 2893 nömrəli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli sərəncamlara uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılmışdır. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi bu sahəyə marağı artırmışdır. Baramaçılığın və ipəkçiliyin stimullaşdırılması ilə bağlı tədbirlər istehsalın artırılmasına, yüksəkkeyfiyyətli ipək məhsullarının ixracına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin məşğulluğunun təmin olunmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, demək olar ki, Dövlət Proqramının həyata keçirilməsi ümumilikdə ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.
Yeri gəlmişkən qeyd edək ki, ölkədə baramaçılığın inkişaf etdirilməsi məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük olunub, əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb. Eyni zamanda sözügedən rayonların ərazilərində KTN-in və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin olunub. Böyük İpək yolunun üzərində yerləşən Bərdədə hələ qədimdən baramaçılıq ənənəvi təsərrüfat sahələrindən biri hesab edilib. Bunu qədim dövrün tanınmış tarixçi alimləri, coğrafiyaşünasları, səyyahları da öz əlyazmalarında təsdiqləmişlər. "Hüdud ül-aləm" adlı qədim əlyazmada deyilir: "Bərdə olduqca böyük şəhərdir. Burada çoxlu nemətlər var. O, Arranın paytaxtı, bu vilayətin hakimlərinin iqamətgahıdır. Orada yol boyu bitmiş çoxlu tut ağacları vardır. Bu şəhərdən ipək, qəşəng parçalar ixrac edilirdi..." Göründüyü kimi, tarixi mənbələrdə də göstərilir ki, hələ orta əsrlərdə Bərdədən Çin, Hindistan, İran, Yunanıstan kimi o dövrün inkişaf etmiş ölkələrinə barama, yaxud emal edilmiş ipək ixrac olunurdu. Baramaçılığın bu bölgədə inkişafını şərtləndirən əsas amillər burada əlverişli iqlim qurşağı, bol günəş, tarixi əmək vərdişləri, ən başlıcası isə ipəkqurdu üçün əsas yem bazası hesab edilən məhsuldar hibrid tut və çəkil ağaclarının yetişdirilməsidir. Vaxtilə hər il Bərdədə yolların, kanalların ətrafında və arxlar boyunca, eləcə də şəxsi həyətyanı sahələrdə yüz minlərlə tut ağacları əkilir, yeni bağlar salınırdı. Ötən əsrin 80-ci illərində Bərdədə pambıqçılıqla yanaşı, baramaçılıq da əsas təsərrüfat sahələrindən biri sayılırdı. Həmin dövrdə Azərbaycanda hər il orta hesabla 5-6 min ton barama istehsal edilirdi ki, bunun da 8-10 faizi bərdəlilərin payına düşürdü. Bu sahə ilə rayonda 30 min nəfərdən çox əhalini əhatə edən 10 minə qədər ailə təsərrüfatı məşğul olurdu. Hər kümçü ailəsi orta hesabla ildə 1000 rubldan yuxarı qazanc əldə edirdi. Elə ailələr var idi ki, onların baramaçılıqdan illik gəliri 5 min rubldan yuxarı olurdu. O illər Bərdədə Qaratəpə kəndi ərazisində ixtisaslaşmış baramaqurdu istehsalı zavodu fəaliyyət göstərirdi. Burada yetişdirilən ipəkqurdu toxumlarından ətraf rayonların kümçüləri də istifadə edirdilər. Həmin dövrdə hazır məhsulun qəbulu üçün yerlərdə ərazilər üzrə tədarük məntəqələri fəaliyyət göstərirdi ki, bunun özü də əlavə mövsümi iş yerləri demək idi. İndi adıçəkilən ipəkqurdu istehsalı zavodunun binasından tamam başqa məqsədlər üçün istifadə edilir, tədarük məntəqələri isə fəaliyyətini ötən əsrin 90-cı illərindən dayandırıb. Baramaqurdu yaşayış evlərində, çardaqlarda, bəzən də bu sahə üçün uyğunlaşdırılmış ictimai binalarda bəslənilir. Bir çox ailələr isə bunun üçün ayrıca kümxanalar tikdirmişlər. İpəkqurdunun bəslənməsi üçün binaların normal qızdırılması çox vacibdir. Baramaqurdu üçün normal orta temperatur müsbət 24-26 dərəcədir. Onların yemləndirilməsi üçün əsas həlledici dövr aprel-may aylarıdır. İyun ayında isə baramanın yığılmasına başlanır. Hazırda rayonun kümçüləri 80 qutu ipəkqurdu toxumuna qulluq göstərmişlər. Bütün becərmə işləri təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilmişdir. Cari ildə 4 ton barama istehsalı gözlənilir ki, bu da hər qutu ipəkqurdu toxumundan 50 kiloqram məhsul deməkdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yaxın illərdə Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır: "Baramaçılıq sektoru inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar".Ölkə rəhbərinin bu tövsiyəsindən sonra Bərdə rayonunda digər ənənəvi təsərrüfat sahələri kimi, baramaçılığın da əsaslı inkişafı üçün tədbirlər həyata keçirilir. Baramanın hər kiloqramının alış qiymətinin 8 manata qaldırılması isə kümçülərin ürəyincə olmuşdur. Bu sahənin inkişafı ilə əlaqədar vaxtilə keçmiş kümçülərin fikirlərini soruşduqda, hamısı onun çox sərfəli olduğunu və kənd əhalisinin məşğulluğunun təmin edilməsində əvəzsiz rolunu bildirir. Bütün bunlar inam yaradır ki, yaxın zamanlarda Bərdədə istehsal edilən yüksək keyfiyyətli məhsul yenə də xarici ölkələrə ixrac ediləcək və bu da ölkəyə əlavə valyuta gətirərək kənd əhalisinin maddi gəlirlərini artıracaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 15 mart.- S.15.