Azərbaycanın şərəfli tarixi
Bu gün Xalq
Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu
tarixə yüksək ehtiram nümayiş etdirir
Bu il Azərbaycanın tarixində bir çox əlamətdar hadisələrlə yadda qalan il olacaq. Bir ay sonra ölkədə baş tutacaq prezident seçkiləri, Azərbaycan Xalq Cümhuriyyətinin elanın 100 illiyi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü, eləcə də il ərzində baş tutacaq bir çox mühüm hadisələr 2018-ci ilə öz damğasını vuracaq.
İl ərzində baş verəcək hər bir hadisə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etsə də, xüsusilə bir tarix, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi xüsusi qeyd edilməlidir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd edilməsi məqsədilə hələ bir müddət əvvəl müvafiq sərəncam imzalanıb və həmin sərəncama əsasən Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar olaraq həm ölkə daxilində, həm də ondan kənarda silsilə tədbirlərin keçirilməsi qərara alınıb. Artıq bu istiqamətə tədbirlərə demək olar ki, start da verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd edilməsini şərtləndirən başlıca amillərdən biri tariximizə, şərəfli keçmişimizə olan böyük ehtiram, diqqət və qayğıdırsa, digəri bu şərəfli tarixin gənc nəslə daha yaxından təbliğ edilməsidir. Təsadüfi deyil ki, hələ ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəflı tarixindən bəhs edərkən bu tarixlə qürur duymalı olduğumuzu bildirir, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edirdi. Bu mənada ümummilli lider deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq - ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda".
Bəli, yeni tarixi şəraitdə, yeni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri qorunur, inkişaf etdirilir, ona dəyər verilir. Elə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyinin qeyd edilməsi ilə
bağlı verilən sərəncam da məhz bunun əyani
sübutu idi. Məlumat üçün qeyd edək ki, bundan əvvəl
də müstəqil Azərbaycan Respublikası varislik prinsiplərinıə
sadiq qalaraq Xalq Cümhuriyyətinə öz dərin ehtiramını,
rəğbətini nümayiş etdirib. İstər
Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının şərəfinə abidə
ucaldılması, istər AXC-nin yaranmasında müstəsna
xidmətləri olmuş tarixi şəxsiyyətlərin
adlarının əbədiləşdirilməsi, istərsə
də bilavasitə Xalq Cümhuriyyətinə bağlı olan
önəmli tarixlərin günümüzə
daşınması məhz bu dəyərin, ona verilən qiymətin
əyani sübutudur. Bu gün hər bir azərbaycanlının
qürurla, fərəhlə qeyd etdiyi 26 iyun Azərbaycan
Silahlı Qüvvələr Günü, 9 noyabr Bayraq
Günü və s. tarixlər məhz Azərbaycan Xalq
Cümhuriyyətindən bizə qalan dəyərli
mirasdır. Eyni zamanda həmin tarixlərə olan
ehtiramımız, diqqətimizdir.
Azərbaycan
Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti və
qısa müddət ərzində gördüyü işlərə
nəzər salsaq aydın şəkildə görə bilərik
ki, həmin dövrdə AXC-nin dövlətçilik, müstəqil
respublika üçün gördüyü işlər
inkişaf etmiş ölkələrin uzun illər əldə
etdiyi nailiyyətlərə, uğurlara bərabərdir. Belə
ki, cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, başda Məmməd
Əmin Rəsulzadə olmaqla onun silahdaşları Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında parlamentli respublika kimi
yeni bir dövlətçilik ənənəsinin əsasını
qoydular.
Tarixdən
də məlum olduğu kimi həmin illərdə istər
geopolitik, istərsə də iqtisadi baxımdan olduqca mürəkkəb
şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə
demokratik inkişaf yolu keçdi. Həmin dövrdə Milli
Şuranın 19 noyabr tarixli iclasda qeyd olundu ki, Azərbaycan ərazisində
yaşayan bütün millətlər parlamentdə təmsil
olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin
(2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər
nümayəndə hesabı ilə 120 nəfərdən ibarət
olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər
erməniləri, 10 nəfər rusları, 1 nəfər
almanları və 1 nəfər yəhudiləri təmsil etməli
idi. Sayları çox az olduğu üçün parlament
seçkilərində iştirak etmək hüquqları
olmadığı halda, gürcülər və polyaklar da hər
etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.
Eyni zamanda, Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə
qadınlara seçmək və seçilmək hüququ verən
dövlətdir. Burada bir
haşiyə çıxıb fəxrlə deyə bilərik
ki, bu baxımdan ölkəmiz hətta dünyanın inkişaf etmiş
demokratik dövlətlərinin də böyük əksəriyyətin
qabaqlayır. Tarixin bütün dövrlərində olduğu
kimi həmin dövrdə də Azərbaycanda belə bir
demokratik respublikanın yaradılması, onun qanunverici və
icraedici orqanlarının fəaliyyət göstərməsi
Qərbdə, Rusiyada, Avropada qəsqanclıqla
qarşılanırdı və müntəzəm olaraq AXC-yə
qarşı təzyiqlər olurdu. Amma bütün bu təzyiqlərə
baxmayaraq1918-ci ilin dekabr ayının 7-də Azərbaycan
Parlamentinin təntənəli şəkildə
açılışı həyata keçirildi. Bu mərhələdən
sonra parlamentin qəbul etdiyi qərarlar
milli dövlətçiliyin əsaslarının gücləndirilməsinə
böyük töhfə oldu. Bütövlükdə,
Cümhuriyyət dövründə çoxsaylı qərarlar
qəbul və icra olundu ki, bunlar da milli dövlətçilik
ənənələri baxımından müstəsna əhəmiyyət
daşıyır. 1918-ci il 27 iyun tarixli qərara əsasən,
Azərbaycan dili dövlət dili elan olundu. Buna görə də
inzibati idarə orqanlarında, məhkəmə işində
və başqa sahələrdə Azərbaycan dilini bilən
ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti
olaraq digər dillərdən istifadəyə yol verilirdi. Təhsil
sahəsində həyata keçirilən ilk mühüm tədbir
isə məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan
hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında
göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində
təhsil şagirdlərin ana dilində aparılmalı və
dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə
həyata keçirilməlidir. Cümhuriyyət Parlamentinin
1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət
Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun
xüsusi əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan
dilinə dövlət dili statusu verildi və digər dövlət
orqanları ilə yanaşı, məhkəmə sisteminin də
dövlət dilində fəaliyyət göstərməsi
haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin "Dövlət dili haqqında" 27 iyun
1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan
türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə
orqanları və digər qurumlarda vəzifələr
daşıyanların bu dili bilməsinin zəruri
olacağı bəyan edilmişdi.
O dövrdə AXC-nin atmış olduğu ən mühüm addım onun müstəqilk şəkildə Silahlı Qüvvələrinin formalaşdırılması oldu. Çünki müstəqillik elan olunmuş Azərbaycan torpaqlarında dövlət suverenliyini təmin etmək olduqca zəruri idi. Paralel olaraq güclənən erməni-bolşevik təhdinin qarşısın almaqda şərt idi. Bütün bunlardan dolayı 1918-ci il iyunun 26-da Silahlı Qüvvələr yaradılmağa başladı. Həmçinin, 2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölüyünün yaradılması barədə əmr verdi və bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, milli pul vahidi olan manat dövriyyəyə buraxıldı, Azərbaycan vətəndaşları haqqında qanun qəbul olundu və s. Bütün bunlar isə heç şübhəsiz, uzun illərdən bəri müstəmləkə üsul-idarəsi tərəfindən unutdurulmuş dövlətçilik ənənələrini bərpa etdi və gücləndirdi.
Süleyman
Olaylar.- 2018.- 15 mart.- S.5.