Regionların sosial-iqtisadi inkişafına dair

Dövlət Proqramları bölgələrdə uğurla icra edilir

 

Son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda  görülən işlər dövlət başçısının imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü, iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək ölkə rəhbərliyinin böyük uzaqgörənliyinin, idarəçilik məharətinin, beynəlxalq aləmdə nüfuzlu mövqeyinin və müdrik bir rəhbər kimi onun tərəfindən  qətiyyətlə həyata keçirilən siyasi  tədbirlərin gözlənilən nəticələridir.

 

Ötən illərdə Dövlət Proqramlarının uğurlu icrası nəticəsində  Saatlı rayonu da sosial-iqtisadi baxımdan tam stabil və dinamik inkişaf yoluna qədəm qoyub. Belə ki, son illərdə rayonda bütün sahələrdə  əsaslı dəyişiklik və yeniləşmə baş verib.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda 2017-ci ilin statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Məlumdur ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılıb. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı,  bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq  və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.

Heyvandarlıq sahəsində rayonda cari ilin ilk aylarından 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərib, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirib. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 8 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərinlər. Nəticə etibarilə 5914 ton ət diri çəkidə, 33315 ton süd və 6807 min ədəd yumurta istehsal edilib. Heyvandarlıq sahəsində artım müşahidə edilib. Belə ki, hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 67587 baş, o cümlədən inək və camışların sayı 32133 baş, qoyun və keçilərin sayı 113674 baş olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 200 baş,  qoyun və keçilərin baş sayı 638 baş artıb. Heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar ilk doqquz ay ərzində 1 təsərrüfat tərəfindən 15 baş damazlıq cins mal-qara "Aqrolizinq" ASC tərəfindən alınaraq rayona gətirilib.

  2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 17489 hektar sahədə buğda, 2949 hektar sahədə isə arpa əkilib. Bundan əlavə, 377 hektar sahədə kartof, 2015 hektar sahədə bostan, 163 hektar sahədə şəkər çuğunduru, 400 hektar sahədə pomidor, xiyar, 54 hektar sahədə baş soğan, 548 hektar sahədə qarğıdalı, 20 hektar sahədə günəbaxan, 55 hektar sahədə badımcan, 6 hektar sahədə kələm, 55 hektar sahədə bibər, 13 hektar sahədə sarımsaq əkilib. Bütün bunlarla yanaşı  kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar bir sıra işlər icra edilib. Belə ki, "Aqrolizinq" ASC-nin Saatlı rayon bölməsi tərəfindən 13 ədəd MTZ-80X markalı traktor, 9 ədəd kultivasiya, 9 ədəd çiyid səpən, 4 ədəd çiləyici aqreqat, 32 ədəd traktor yedəkləri alınıb.

  Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində kollektor-drenaj şəbəkəsində mexanizmlərlə 191,21 km məsafədə 529,35 min m3 lildən təmizlənib.. Ümumi uzunluğu 570 km olan suvarma kanallarında 1473 min m3 mexanizmlə lildən təmizləmə işləri aparılıb. Bundan əlavə 94 ədəd hidrotexniki qurğu, 6 ədəd istehsalat binası, 16 ədəd hidropost və 6 nasos stansiyası cari təmir edilib. Araz çayında nasos stansiyaları yaxınlığında mexanizmlə 122 min m3 məcratəmizləmə işləri yerinə yetirilib.

Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetirilir. Rayon Məşğulluq Mərkəzində min nəfərə yaxın qeydiyyata alınıb ki, onlardan 184 nəfərini qadınlar, 243 nəfərini isə gənclər təşkil edir.  Qeydə alınan vətəndaşların 145 nəfəri kadr axıcılığı, 3 nəfər hərbi xidmətdən, 90 nəfər digər səbəbdən, 601 nəfəri isə ilk dəfə iş axtarandır ki, bunların da 127 nəfərini ali və orta ixtisas məktəb məzunu, 101 nəfərini isə bir ildən artıq əmək fasiləsi olanlar təşkil edir. Qeydə alınan vətəndaşlardan 61 nəfərinə işsizlik statusu, 66 nəfərə isə işsizlik müavinəti təyin olunub. 5 sentyabr 2017-ci ildə rayonda "Əmək Yarmarkası" təşkil edilmiş, müraciət edən vətəndaşlardan 65 nəfərə müvafiq göndərişlər verilib, 24 nəfər isə peşə-hazırlıq kurslarına cəlb olunub.

Əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin göstərilməsi sahəsində xidmətin müasir təlabata uyğun qurulmasına və qiymətlərin real olmasına diqqət artırılıb. Statistik hesablamalara əsasən rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq 147253,0 min manat olub. Eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 21821,0 min manat olub. Ümumi məhsul istehsalının həcmində sənaye üzrə 67 faiz, nəqliyyat üzrə 2,3 faiz, ticarət üzrə 11 faiz, rabitə üzrə isə 2,7 faiz artım qeydə alınıb. Saatlı Poçtamtı əhaliyə, idarə və təşkilatlara 20 kənd və 3 şəhər poçt şöbəsi vasitəsilə xidmət göstərib, abonentlərdən elektrik enerjisi, qaz, su, telefon haqlarını qəbul etmək, digər bütün növ poçt xidmətləri göstərməklə proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirib.

Rayonun yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması işləri dövlət proqramına uyğun olaraq davam etdirilib. Rayonun Sarıcalar kəndi ərazisində yerləşən 110/35-10 kVA elektrik yarımstansiyası yenidən inşa edilib, həmin yarımstansiyada 1 ədəd 20 Mva gücündə yeni transformator quraşdırılıb.. Rayonun Mircəlal və Soltanabad kəndlərində istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yenidənqurma və əsaslı təmir işlərinə başlanılıb, 10 kV-luq 562 ədəd beton dayaq, 0,4-luq 2570 ədəd dayaq basdırılaraq istismara yararsız naqillər SİP kabel xətti ilə əvəz olunub. Məmmədabad, Bəylər, Şirinbəyli, Əbilkənd, Potubəyli, Fətəlikənd, Musalı, Məzrəli, Nərimanov və Dəlilər  kəndlərində enerji itkisinin qarşısını almaq məqsədi ilə elektrik verilişi xətlərində yararsız dayaqların və naqillərin normal vəziyyətə gətirilməsi üçün yeni dəmir-beton dayaqlar basdırılıb, naqillər yenilənib və bir neçə məntəqədə yeni transformatorlar quraşdırılıb.

Rayonun qaz təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilib. Hazırda rayonun 44 yaşayış məntəqəsindən 32-i və Əlisoltanlı kəndində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılaraq əhalinin dayanıqlı və keyfiyyətli təbii qaza olan ehtiyacları təmin edilib. Ümumilikdə, rayonda 13949 abonent təbii qazla təmin olunur.

Abonentlərin təbii qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Saatlı şəhərinin Şəhriyar, H.B.Zərdabi, M.Əzizov, Q.Qarayev, M.Əliyev, Nəsimi küçələrində qaz boru xətlərii yenilənib, 68 ədəd qaz tənzimləyici şkaflarda, 771 ədəd siyirtmələrdə profilaktik tədbirlər görülüb və 4223 nöqtədə qaz sızması ləğv edilib.

Saatlı şəhərinin su təchizatının yaxşılaşdırılması sahəsində işlər başa çatdırılıb. Dövlət başçısının "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamı ilə əlaqədar Saatlı rayonu üzrə müvafiq tədbirlər həyata keçirilib. Rayonun Mollavazlı kəndində 12 bulaq tipli su qurğusunun quraşdırılması başa çatdırılıb, 54 abonent smart-kart tipli su sayğacı quraşdırılmaqla işməli su ilə təmin edilib. Rayonun Gomuşçu kəndində 8, Potubəyli kəndində 8, Bəylər kəndində 9, Əlisoltanlı kəndində isə 10 bulaq tipli su qurğusunun quraşdırılması məqsədi ilə magistral su xətləri çəkilib, bulaqların quraşdırılması istiqamətində işlər hazırda da davam etdirilir.

Rayonda mühüm sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılaraq təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq, hərbi, dövlət quruculuğu işləri, əhalinin təhlükəsizliyi və ictimai qaydanın qorunması, qanunçuluğun möhkəmləndirilməsi və s. kimi məsələlər öndə tutulub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 16 mart.- S.15.