Regional proqramların uğurlu

icrası Tovuzun simasını dəyişib

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın bütün bölgələrində, eləcə də dağ rayonlarında uğurla icra edilib. Ötən müddət ərzində ayrı-ayrı bölgələrdə proqram çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər belə deməyə əsas verir.

 

2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Tovuz rayonunda da uğurla icra edilib. Ötəın 14 il ərzində Tovuz simasını tamamilə dəyişib, rayonda Ümumid Daxili Məhsu artıb, iqtisadiyyatın bütün sahələrində inkişaf, tərəqqi qeydə alınıb. Dövlət Proqramları çərçivəsində yaradılan infrastruktur, yolların abadlaşdırılması, küçə və meydanlarda aparılan quruculuq-abadlıq işləri, park və xiyabanların salınması Tovuzu şəhərə çevirib. Həmçinin rayonda yaradılan istehsal və emal müəssisələri Tovuzda yeni iş yerlərinin yaradılması, məşğulluğun səviyyəsinin artmasına gətirib çıxarıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələsi çərçivəsində də Tovuz rayonunda məqsədyönlü tədbirlər həyata keçirilib, işlər görülüb. Belə ki, təkcə  keçən il infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, bu məqsədlər üçün böyük vəsait ayrılıb və bunun əsasında növbəti nailliyyətlər qeydə alınıb. Yeni yarımstansiyalar işə düşüb, qazlaşdırılma 93 faizə çatıb, 100 min hektardan çox sahə ilk dəfə suvarılmağa başlayıb, 1300 kilometr avtomobil yolu çəkilib, o cümlədən, 500-dən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilib. Ötən il 133 yeni məktəb tikilib,      14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir işləri aparılıb, 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, 2 olimpiya idman kompleksi istifadəyə verilib.

2017-ci ilin yekunları da Tovuz rayonu üçün uğurlu olub. Bütövlükdə makroiqtisadi göstəricilərdə dinamika müşahidə olunur. 2016-cı illə müqayisədə hesabat dövrü rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi müqayisəli qiymətlərlə 6 faiz artaraq 388 milyon 133 min manat olub. Bunun ümumi həcminin 61,4 faizi istehsal, 38,6 faizi isə xidmət sahələrinin payına düşür. Müqayisə olunan dövrdə sənaye məhsulunun həcmi faktiki qiymətlərlə 36,4 faiz, əsas kapitala yönəlmiş vəsaitlər 82,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,9 faiz, rabitə xidmətlərinin həcmi 9,5 faiz, pərakəndə ticarət dövriyyəsi 14,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 13,5 faiz artıb.

Xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində bir sıra mühüm işlər görülüb.  Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafına  xüsusi diqqət yetirilir.

 Ötən il rayon üzrə 196 milyon 368 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki ildəkindən faktiki qiymətlərlə 23 milyon 670 manat çoxdur.

Tovuz rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsinə də başlanılıb. Mövsüm ərzində  6 min 870 kiloqram barama tədarük edilib. Bu sahədə 2016-cı ilə nisbətən 4,4 dəfə artım var. Baramaçılığa dövlət qayğısı olaraq 26 nəfər kümçüyə 32 min 499 manat subsidiya verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün lazımi dövlət dəstəyi vardır. 2016-cı ildə 10 min ədəd xaricdən gətirilmiş tut tingləri, 4 min ədəd yerli tinglər əkilib. Ötən il isə  daha  3 min ədəd xaricdən gətirilmiş ting və 5 min ədəd yerli tut tingləri əkilib. Qarşıdakı dövrdə baramaçılığın daha da genişləndirilməsi və müvafiq Dövlət proqramına uyğun olaraq rayonda baramaqurutma məntəqəsinin açılması nəzərdə tutulur.

 Regional proqramların uğurlu icrası nəticəsində rayonda tütünçülüyün inkişafı istiqamətində işlər sürətlə davam etdirilir. 2016-cı ildə tütünçülüyün bərpası ilə məşğul olunub, və həmin il cəmi 1624 kiloqram məhsul istehsal edilib. 2017-ci ildə isə tütün əkini sahələri 50 hektara çatdırılıb və 50,6  ton quru tütün istehsal olunub tədarük məntəqələrinə təhvil verilib. Fermerlərə 1 kiloqram quru tütün üçün 5 qəpik hesabı ilə subsidiya hesablanıb. Tütünçülük sahəsinə mövsüm ərzində 200 nəfərdən çox işçi qüvvəsi cəlb edilib.      Ötən il rayon ərazisində 410 hektar sahədə şəkər çuğunduru əkilib və 4 min ton məhsul istehsal olunub. Bu sahədə 1359 nəfər mövsümi işçi çalışmışdır. Fermerlərə 1 tonu 4 manat olmaqla 16 min manat subsidiya hesablanıb. 

2017-ci ildə 21 min 117 hektar sahədə dənli bitkilər əkilib, bundan 19 min 526 hektarı buğda sahələridir. Buğdanın hər hektarından məhsuldarlıq 32,3 sentner olmaqla 62 min 994 ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə 31 min 358 ton çox buğda istehsal olunub.   Ötən il 7 min 375 hektar sahədə kartof əkilib, 169 min tondan çox məhsul götürülüb. Hər hektardan məhsuldarlıq 230,1 sentner təşkil edib.

Rayonda heyvandarlığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır. 2017-ci ilin sonuna təsərrüfatlarda 43 min 849 baş iri buynuzlu, 199 min 880 baş qoyun və keçilər, 473 min 971 baş quş olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması yolu ilə heyvanların, o cümlədən, ana heyvanların sayının artırılması istiqamətində işlər aparılır. 2017-ci il ərzində heyvandarlıq təsərrüfatlarında 540 baş heyvan süni mayalandırılmış və 318 baş bala alınıb. Alınmış hər baş sağlam buzov üçün 100 manat hesabı ilə heyvandarlara 31 min 800 manat subsidiya ödənilib.  Ötən il 8 min 165 ton ət, 33 min 365 ton süd, 19 milyon 610 ədəd yumurta, 409 ton yun istehsal olunub. Rayon üzrə  5 min 768-dən çox arı ailəsi  mövcuddur. Ötən il arıçılıqdan 55,4 ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 8,3 ton çoxdur. Cari mövsümdə arıçılıqla bağlı yeni layihələrin icra olunması nəzərdə tutulur.

Heyvandarlıq məhsullarının istehsalında əvvəlki illə müqayisədə artım müşahidə edilsə də, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün tədbirlər görülür.

Dövlət Proqramlarının icrası çərçivəsində  Sahibkarlara Kömək Milli Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 41 layihə üzrə  1 milyon 907 min manat  kredit verilib. Bunun hesabına 101 iş yeri açılıb. Digər banklardan 4912 fiziki şəxsə 9 milyon 825 min 600 manat vəsait verilib.

 Rayonda ötən il 1639 yeni iş yeri açılıb ki, bundan 1039-u daimi iş yerləridir. Bütövlükdə isə 2004-2017-ci illər ərzində 24 min 227 iş yeri açılıb ki, bundan 15 min 954-ü daimi iş yerləridir.

Regionlarıən sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Tovuzda əhalinin kommunal problemlərinin həlli istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonda yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatının  fasiləsizliyinə nail olmaq üçün elektrik təsərrüfatında əhəmiyyətli təmir və yenilənmə işləri aparılıb. Bir sıra yaşayış məntəqələrində elektrik verilişləri xətləri kabelləşdirilib, istismar vaxtını başa çatdırmış elektrik dayaqları dəyişdirilib. Bu işlər davam etdirilir. Cari ildə elektrik paylayıcı şəbəkənin yenidən qurulması üzrə müvafiq layihəyə uyğun olaraq elektrik təsərrüfatının yenidən qurulması istiqamətində geniş həcmli işlərin görülməsi nəzərdə tutulur.

Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsinə də öz təsirini göstərib. Keçən ilin yekununa görə elektrik enerjisinin dəyərinin ödənilməsi 99,53 faiz təşkil edib. Bu yüksək  nəticədir.

Əhalinin qazla təminatı sahəsində ötən il müəyyən işlər görülüb. İl ərzində 50 yaşayış məntəqəsində 426 abonentə təbii qaz verilib, ümumilikdə təbii qaz alan abonentlərin sayı 32 min 111-ə çatıb. 2004-cü ildə cəmi 9 min 280 abonent qazla təmin olunurdu. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi 85 faiz təşkil edir. Bu il də qazlaşma işləri davam etdiriləcəkdir.

Tovuz şəhərinin  su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi artıq başa çatıb. Lakin sayğaclaşma işlərinin başa çatdırılmaması içməli su ilə təminatda fasilələrin yaranmasına səbəb olur. Ümumiyyətlə əhalinin içməli su ilə təminatı sahəsində problemlər var. Mövcud problem dəqiq təhlil edilib və Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında müvafiq təkliflər qaldırılıb. Hazırda 26 yaşayış məntəqəsində su təminatı ilə bağlı aidiyyatı qurumlar tərəfindən yerində araşdırmalara başlanılıb. Eyni zamanda təbii bulaqlardan istifadənin nizama salınması ilə əlaqədar təkliflərimiz də öyrənilir.

Son illərdə Tovuz rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri ardıcıllıqla davam etdirilib, bir sıra sosial xarakterli layihələr həyata keçirilib, yollar salınıb, parklar və küçələr abadlaşdırılıb, şəhər və kəndlərin siması xeyli müasirləşdirilib.

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının əhatə etdiyi dövrdə Tovuz və Qovlar şəhərlərində ən müasir tələblər səviyyəsində mədəniyyət və istirahət parkları salınıb, Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Qala kompleksi, Bayraq Meydanı tikilmiş, beş ulduzlu "Ayan Palace" oteli istifadəyə verilmiş, 80 çarpayılıq mərkəzi rayon xəstəxanası, Diaqnostika və Hemodializ Mərkəzi, onlarla inzibati idarə binası, çoxmərtəbəli yaşayış evləri, ticarət, xidmət və turizm obyektləri tikilib istifadəyə verilib. 7312 şagird yerlik 21 məktəb binası tikilib, 5982 şagird yerlik 10 məktəb binası əsaslı təmir edilib. Heydər Əliyev fondunun dəstəyi ilə  Tovuz və Qovlar şəhərlərində hər biri 100 yerlik  üç uşaq bağçası tikilərək istifadəyə verilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 20-27 mart.- S.12.