Azərbaycanlılara qarşı kütləvi soyqırım

 

Ermənilər insanları qırır, kəndləri, şəhərləri viran qoyurdular

 

Azərbaycanlıların erməni şovinistləri tərəfindən kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyasına çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Azərbaycanı əsarətə almaq üçün "parçala və hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur. 1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr öz məqsədlərinə nail olmaq üçün "nəyin bahasına olursa-olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini" vacib sayırdı. I Pyotrun əsasını qoyduğu bu siyasət sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmişdir. 1768-ci ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdir. 1802-ci ildə I Aleksandr Qafqaz canişini N.D.Sisianova məktubunda yazırdı: "Hər vəclə ermənilər ... Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir." Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy göstərirdilər.

  Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813, 10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi. Bundan sonra Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar. XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887, Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı. Bütün bu səylərə baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.

1905-1907-ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zərgəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar. Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında öz əksini tapmışdır. 1905-1907-ci illərin hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir. 1916-ci ilin statistik məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda, 1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı 1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyası dövründə erməni millətçiləri tərəfindən aparılan şovinizm siyasətindən, azərbaycanlıların yurdlarından qovulması planlarının icrasından və ermənilərin "türk" adlandırdıqları "azərbaycanlılarsız Ermənistan" yaradılması səylərindən xəbər verir. Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdü. 1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir: "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".

Zaqafqaziyada 3 müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər təşkil edirdi. Bununla kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər. Bu əraziləri silah gücünə ələ keçirmək Gürcüstanla və Azərbaycanla müharibəyə səbəb oldu. Nəticədə mübahisəli ərazilərin əhalisi 10-30% azaldı, bəzi yaşayış məntəqələri isə tamamilə məhv edildi. İndiki Ermənistan ərazisində 1918-1920-ci illərdə yaşamış 575000 azərbaycanlının 565000 öldürülmüş və qovulmuşdur. 1920-ci ildə Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı birgə müdafiə tədbirlərini müzakirə edərkən ermənilər bəyan etmişlər ki, onlar heç vaxt İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər və bu səbəbdən əməkdaşlıqdan imtina edirlər. Bu bəyanatdan sonra ermənilərin 1920-ci ilin yazında Qarabağda, Zəngəzurda və Qazaxda törətdikləri hərəkətləri, martın 22-də azərbaycanlıların Novruz bayramını qeyd etdikləri vaxtda Şuşaya, sonra Əsgəran və Xankəndinə hücumunu, Zəngəzurdakı fəallıqlarını Yerevan və Moskvanın Azərbaycana qarşı birgə qəsdinin - Azərbaycanda milli hakimiyyətin devrilməsi və sovet hakimiyyəti qurulması planının tərkib hissəsi saymaq olar.

 

Alim

 

Olaylar.- 2018.- 29 mart.- S.11.