Müasir dünyanın gözü
qarşısında
baş verən Qarabağ
faciələri
XX əsr
bir çox müsbət
və mənfi məqamları, hadisələri ilə Azərbaycan
tarixində özünəməxsus yer tutub. Əsrin müxtəlif illərində
başımıza gətirilən müsibətlər və əlamətdar
hadisələrin tariximizdə bu gün öz yeri var. Qlobal Araşdırmalar Liqası İctimai
Birliyinin sədri Azər Verdiyev
də deyir ki, XX əsr
Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən
və Azərbaycan xalqının taleyində həlledici
sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman
kəsiyidir.
Onun sözlörinə görə, bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir: "Sonrakı mühüm tarixi hadisələr - sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması - bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoymuşdu. Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 96 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdu". Azər Verdiyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirdi, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
QALİB sədri deyib ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu: " Heydər Əliyev Azərbaycan tarixinin faciəli, ağır, məşəqqətli səhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də ümümilli lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası barədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı. Tarixi unutqanlığın azərbaycanlılara hansı böyük faciələr bahasına başa gəldiyini ən müxtəlif çıxışlarında dəfələrlə vurğulayan ulu öndər Heydər Əliyev, eyni zamanda, gəncləri ata-babalarımızın bu səhvlərini yenidən təkrarlamamağa çağırırdı. Obyektiv reallığa əsaslanan bu çağırış həm də ona xidmət edirdi ki, gənclər müasir üsul və vasitələrdən, informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edib milli həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Bədnam erməni lobbisinə qarşı mübarizədə fəal olsunlar və səmərəli əks-hücumu təşkil etsinlər. Yəni müdafiədən hücum taktikasına keçid məhz yeni dövrün müasir təfəkkürlü, yüksək intellektual imkanları ilə fərqlənən gənclərinin hesabına reallaşmalı idi. Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparır, digər tərəfindən imzaladığı tarixi əhəmiyyətli fərman və sərəncamların vasitəsilə gənclər arasında ideoloji-siyasi işi gücləndirirdi. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda köklədi. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir.
Azər Verdiyev qeyd edib ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib: "Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz diplomatiyadır. Bir zamanlar üzləşdiyi "informasiya blokada"sını çoxdan adlamış Azərbaycan son illər Ermənistanı ideoloji-təbliğati müstəvidə əhəmiyyətli dərəcədə üstələyib. Xüsusən də bədnam erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb. Müşahidə etdiyimiz "ikili standartlar"a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müxtəlif səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə elmi ictimaiyyətin fəallığı da nəzərəçarpacaq dərəcədə güclənib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirib. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoyub: "Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir".
31 mart, eləcə də Xocalı soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələyiblər. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu gün də kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən, qabıqdan çıxırlar. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapıb. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi iddiasının cəfəngiyyat olduğuna hansısa şübhə yeri qoymur". İctimai Birlik sədri deyib ki, 1915-ci ildən fərqli olaraq Qarabağ faciələri müasir dünyanın gözü qarşısında baş verib, foto və audio vasitələrlə sənədləşdirilib, bütün ölkələrə yayılıb: "Xocalıda soyqırımı aktının baş verdiyini istintaq materialları da tam təsdiqləyib. Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallar Azərbaycanın bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanının - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərilməlidir. Türk və Azərbaycan diasporlarının, kütləvi informasiya vasitələrinin bu istiqamətdə birgə fəaliyyətini yeni dövrün siyasi reallıqları tələb edir. Qardaş Türkiyənin dünya miqyasında tanınan, ingilis dilində nəşr olunan nüfuzlu mətbuat orqanları var. Həmin qəzetlərdə, həmçinin geniş auditoriyaya malik telekanallarda 31 mart və Xocalı soyqırımı ilə bağlı müntəzəm məlumatların yerləşdirilməsi son dərəcə zəruridir. Bundan başqa, xaricdəki türk və Azərbaycan diasporları Xocalı soyqırımı ilə bağlı əyani vəsaitlərdən istifadə edərək geniş təbliğat aparmaq imkanlarına malikdirlər.Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olub". O, deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanıb. Zəngin faktlar və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, 31 mart və Xocalı soyqırımları, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır. 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcək".
Füzuli
Olaylar.- 2018.- 3 aprel.- S.11.