Ömrümün Qarabağ səhifəsi
Əməkdar
jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə
Qonaq yazır.
Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmiş və qaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: "Ölməzlik" və "Vətən, səndən keçmək olmaz!".
"Ömrümün Qarabağ səhifəsi" layihəsində Əntiqə Qonaq müharibədə canlı şahidi olduğu hadisələrdən, cəbhə xatirələrindən söz açır.
BİRİNCİ
YAZI
KƏLBƏCƏR
Ərazisi
1936kv.km. əhalisi 64932 nəfərdir.
Ermənistanla ortaq sərhədi 109 kilometrdir. 128 kəndi var.
Şəhidlərin
sayı - 965 nəfər, ö cümlədən hərbi -
216 nəfər, mülki 249 nəfər.
Qarabağ savaşında göstərdikləri igidliklərə görə iki nəfər Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür: Səfərov Sərdar Mədət oğlu, Şükürov Şahlar Əvəz oğlu.
02 aprel 1993-cü ildə erməni quldurları tərəfindən işğal edilmişdir.
DİBÇƏKLƏRDƏ BÖYÜMƏYƏN ÇİÇƏKLƏR...
Bu çiçəklər heç bir zaman dibçəklərdə böyüməzdi. Çünki dağların, meşələrin üzvi minerallarla zəngin torpaqlarında bitirdilər, böyüyürdülər. Çünki, açıqlıqda, oksigeni bol təmiz havada yaşamağa alışmışdılar, bir otağın havası yetməzdi onlara, dibçəklərə sığmazdılar. Çünki azad böyümüşdülər, məkanları yerlə göyün arasıydı, səmaya boylanmasaydılar ləçəklərinin rəng çalarlarını, əsrarəngiz qoxularını ala bilməzdilər. Səbəblər çox idi. Amma bütün bunları sadalamağa lüzum görmürəm. Çünki məqsədim Murov dağının ətəyindəki, döşündəki, zirvəsindəki daşların və qarın içindən boylanan müxtəlif çiçəkləri vəsf etmək deyil, Kəlbəcərlə bağlı xatirələrmi yazmaqdı. Çünki Kəlbəcərin işğalı ərəfəsindəyik.
Kəlbəcərə üç istiqamətdən giriş vardı: Laçın, Ağdərə və bir də Murovdan. Qarabağ müharibəsinin təzə başladığı zamanlar Kəlbəcərə məhz Laçın və Ağdərə yoluyla getmişdim. 1992-ci ilin yayında isə vəziyyət tamam dəyişmişdi. Kəlbəcər üç tərəfdən - Ermənistan, işğal altında olan Laçın və Ağdərə istiqamətlərindən müntəzəm olaraq intensiv atəşə tutulurdu. Artıq çoxları üçün sirr olaraq qalan Murov dağının quşqonmaz yüksəklikləri Kəlbəcər əhalisini düşmən mühasirəsindən çıxaracaq yeganə xilas yolu idi. Dağların qoynunda yerləşən Kəlbəcəri respublikamızla birləşdirən yeganə quru yolu - Murov yolu çoxdan özünə "Həyat yolu" statusunu almışdı. Ona görə də bu yolu "Nicat yolu" adlandıranlar yanılmırdılar.
MÖCÜZƏ YOL? YOX, HƏYAT YOLU!
Hacıkənd, Azad, Kamo kəndləri, Toğana meşəsi. Elə buradan da bəlkə də dünyanın bir çox yerində misli-bərabəri olmayan yol - qorxulu, vahiməli, həm də füsunkar, əsrarəngiz gözəlliyə malik bir yol başlayırdı. Az qala hər daşın dibindən qaynayan bumbuz bulaqlar, nadir ağaclar və bitkilərlə zəngin ucu-bucağı görünməyən zümrüd meşələr dağların belınə kəmərtək dolanan bu yola bir özgə gözəllik verirdi.
Bir az da yüksəklərə qalxdıqdan sonra bu təkrarsız gözəlliklər - yaşıllıqlar ağappaq qar örtüklə əvəzlənirdi. Bəmbəyaz gözəlliyin özü də bir möcüzə təsiri bağışlayırdı... İndi baş veribmiş kimi dəqiqliklə xatırlayıram... Bir azdan hər yan ağappaq dumana bürünür. Elə bil buludların içindəydik. İyul yayın qorabişirən ayı olsa da, buludlarla boy-boya verən Murovun quşqonmaz yüksəkliklərində yayla qış əlbəyaxadaydı. Deyəsən, yenə də qış qalib idi. Şaxtasıyla, qarıyla, sisiylə, iliklərə işləyən soyuğuyla. Sürücü Vəli yolun ən yüksək hissəsində bizi düşürür və "indi ətrafı seyr edin", - deyir. Qarı göstərərək əlavə edir: - "Baxın, buralarda qar heç vaxt ərimir. Bunu indiyədək görən adam olmayıb. Ona görə də, el işində "qarın qurtdayan yeri", - deyirlər buralara". Həqiqətən də qar saralmışdı elə bil. Bir xeyli ətrafı seyr etdikdən sonra yolumuza davam etdik.
Çox təəssüf ki, bəlkə də dünyanın çox yerində rast gələ bilməyəcəyin möhtəşəm mənzərələrdən qəlb dolusu zövq ala bilmirdin. Yol boyu səpələnmiş mal-qara, qoyun-quzu cəsədləri, dağdan aşmış maşınların ətrafa səpələnmiş hissələri, at arabaları, məişət avadanlıqları üç ay əvvəl Laçın xofunun təsiri ilə qoğma yurd-yuvalarından perik düşmüş "Köç"ün mənzil başına çatmamış hissəsinin acınacaqlı aqibətindən xəbər verirdi. Dağın döşündəki bir-birinə bitişik çadırlarda daldalanan, müvəqqəti sığınacaq tapan laçınlılar hələ Murovun qarlı-çovğunlu günləri ilə sinə-sinəyə durmamışdılar. Yay isə başa çatmaq üzrəydi. Bu çadırlar onların son ümidlərini göyərdə biləcəkdimi, - cavabı çətindi. Yol boyu qarşılaşdığımız acınacaqlı, dözülməz mənzərələr əzəli-əbədi dünyamıza nifrətimizi birə-on artırsa da, içimizdəki ümidin istisinə sığınmışdıq.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həmin yolun ən uca hissəsini nişan verərək dedi: - İndi biz dəniz səviyyəsindən 3600 metr yüksəklikdəyik, - ətrafdakı dağları göstərərək əlavə etdi: - O dağların sinəsindəki yüz illərin qarıdı.
Murovun ən yüksək zirvəsində Kəlbəcərin komendantı, polkovnik (sonra general oldu) Zaur Rzayevin təşəbbüsü ilə hərbi nəzarət məntəqəsi qoyulmuşdu. Bu, Laçın köçündən sonra olmuşdu. Məntəqədə gecə-gündüz bilmədən keşik çəkən əli silahlı əsgərlər bir an da olsun sayıqlıqlarını itirmirdilər, köçün qalan hissəsinin qarşısını ala bilmişdilər. Həm əhalinin təhlükəsizliyini qoruyurdular, həm də onları doğma ocaqlarından uzaqlaşmağa qoymurdular.
QILICLI
Sürücü Vəlidən xahiş etdik ki, bizi qərargaha çatdırsın. Çiçək dağın qoynundakı Qılıclı kəndində yerləşən hərbi hissəyə general Zaur Rzayev rəhbərlik edirdi. Yol boyu generalın ünvanına xeyli ürəkaçan sözlər eşitmişdik. Deyirdilər ki, Laçından sonra növbə Kəlbəcərin idi. Zaur müəllimi bura vaxtında təyin etməsəydilər, kəlbəcərlilər çoxdan tərk etmişdilər doğma yurdlarını. O, bir peşəkar hərbçi kimi həm rayon ərazisinin müdafiəsini təşkil etmişdi, həm də əhalinin doğma torpaqlarından uzaq düşmələrinə imkan verməmişdi. Z.Rzayev universitet illərindən hərbi hazırlıq müəllimim olmuşdu. Olduqca tələbkar, son dərəcə məsuliyyətli idi. Tələbələr bu ciddi və bir az da sərt xarakterli müəllimlərinin xətrini çox istəyir, hörmətini saxlayırdılar. Bu dağlar qoynunda isə biz tələbə və müəllim kimi deyil, jurnalist və hərbçi kimi görüşdük. Daxilimdə özümün belə sezmədiyim qürur hissi yaranmışdı. Biz Vətənin ən ağır günündə ən gərəkli bir yerdə görüşürdük. Lazım olduğumuz nöqtədəydik. Görüşdüyüm kəlbəcərlilərin onun haqqında dedikləri tərifli sözləri generala çatdırdım və təbii ki, söhbət üçün fürsət qazandım. O isə ötən illərdəki kimi təmkinlə: "Məndən yazmaq lazım deyil, döyüşən oğullardan, onların göstərdikləri iğidliklərdən yazın", - dedi. Elə bu dəm hərbi maşından düşərək generala yaxınlaşan 55-60 yaşlarında hündürboylu, zabitəli mayoru göstərərək əlavə etdi: "Əsl qəhrəman baxın, budur. Süleyman Əhmədov bu yaşında könüllü olaraq Bakıdan cəbhəyə gəlib. Başçılıq etdiyi taborun əsgərləri 23 kəndi ermənilərdən alıblar. Bu yaxınlarda bayrağımızı Laçında dalğalandıracaqlar". Qəhrəman mayor isə bildirdi ki, əvvəlcə gəlin azad etdiyimiz kəndləri görün, sonra şahidi olduqlarınızı qələmə alın. Təbii ki, biz eləcə də etdik. Komandirin maşınında azad edilmiş kəndlərdən keşdikcə qəlbimiz qürur hissi ilə döyünürdü. Yol gedə-gedə vəziyyət barədə bizə məlumat da verirdi. Deyirdi:
-Düzünə qalsa, bu dağlara, daşlara o qədər də bələd deyilik. Vaqazin kənd orta məktəbinin direktoru Vaqif Quliyev bizə bələdçilik etmək niyyətində olduğunu bildirəndə çox sevindik. Onun bizə çox köməyi dəydi. Açığını deyim elə kəndlər olub bir nəfər də erməniyə rast gəlməmişik. Ermənilər əksər kəndləri yandırıb xarabazara çevirdikdən sonra tərk etmişdilər. Şam kəndinə isə daxil olmağa quldurlar macal tapmamışdılar.
Mayor keçirdikləri uğurlu əməliyyatları bir-bir sadalamaq niyyətində olmadığını bildirdi. Amma Pircaham əməliyyatı üzərində xüsusi olaraq dayandı. Bu zaman düşmənlərin bir "UAZ", bir "QAZ-66" markalı maşınları, bir "Belarus" markalı traktoru ələ keçirilmiş, altı nəfər quldur öldürülmüşdü. İgid döyüşçülərdən Sədi, Firdovsi, Rəhman, Tahir, Nemət, Füzuli, bölük komandiri Vaqif şücaətləri ilə hamının dərin hörmətini qazanmışdılar.
S.Əhmədov qürur hissi ilə davam etmişdi:
-
Hazırda Laçının on-on beş kilometrliyindəyik.
Laçın Daxili İşlər İdarəsinin polis əməkdaşları
azad olunmuş kəndlərdə mövqelərini möhkəmləndirirlər.
Qorçu kəndində yerləşiblər. Arxamız nə
qədər möhkəm olsa, ön cəbhədə də qələbələrimizin
sayı artar.
Mayorun
sözlərində böyük həqiqət vardı.
Müharibədə hamı bir zindana vurmalı, ümumi
işin bəhrəsi kimi son uğurlu nəticəni
qazanmalıdı.
(Mayorun
ailəsinə yazdığı məktubu həyat
yoldaşına və oğlanlarına
çatdırmışdım. Şox nümunəvi bir ailə
tablosu canlanmışdı gözlərim önündə)
(təəssüf
ki, bir neçə ay sonra qəhrəman komandir, üç
oğul atası Süleyman Əhmədov döyüş
zamanı qəhrəmancasına həlak oldu. Allah qəni-qəni
rəhmət eləsin).
Qərargaha
qayıtdığımız zaman üst-başları
toz-torpağa bulaşnış bir dəstə kəşfiyyatşı
ilə qarşılaşdıq. Nə qədər
çalışsaq da. adlarını demədilər. Bircə
onu bildirdilər ki, Qusar rayonundanıq. Doğma Azərbaycanımız
uğrunda biz də vuruşmalıyıq, özü də
layiqincə.
Briqadanın
həyətində Müdafiə Nazirliyindən gəlmiş
bir qrup kəşfiyyatşı ilə görüşdüm.
Qrupun rəhbəri Təvəkkül Mirzəyev gəlişlərinin
məqsədini açıqlasa da, söylədiklərini mətbuatda
dərc etməməyimizi məsləhət gördü. Amma
lazımi göstərişlər verdikləri
döyüşçülərin təcrübəsindən,
onların çox şeyə qadir ola biləcəklərindən
ürək dolusu söz açdı və bir neçəsinin
adını söylədi. Babək Abbasov, Novruz Rüstəmov,
Tahir Məmmədov, Çingiz Quliyev, Aqil Rəhimov, Mürvət
Əliyev. Bu döyüşçülərin özləri
adlarını söyləməmişdilər. Bu, hər
birimizin Vətən qarşısında övladlıq borcudu
demişdilər.
Biz orda olarkən vəziyyət olduqca gərgin idi. Ermənilər işğal etdikləri Ağdərə istiqamətindən güclü artilleriya ilə hücuma keçərək Çərəkdar kəndinədək gəlib çatmışdılar. Neçə müddət erməni quldurlarına qarşı könüllü mübarizə aparan kənd ziyalısı Yunus Məmmədov və Şakir Əliyev bu torpağın ilk şəhidləri olmuşdular. Daha sonra Hüsü Əliyev şəhid oldu. Allah rəhmət eləsin. Amma onların qanı yerdə qalmamışdı. Silahlı Qüvvələrimizin döyüşçüləri güclü hücum əməliyyatı ilə kəndi erməni quldurlarından təmizləyərək əraziyə nəzarəti öz üzərlərinə götürmüşlər.
PS: Mən Kəlbəcərə növbəti səfərlərimin birini Murovdan edərkən bu çiçəklərə yaxından tamaşa etmək üçün dəfələrlə sürücüdən maşını saxlamasını xahiş etmişdim. Bu gözəlliklərə vurğun kəsilmişdim. Qeyri-ixtiyarı beynimdən bu fikir keçmişdi: "Bu çiçəklər dibçəklərdə böyüməz!". Səfərimi başa çatdırıb şəhərə qayıtdıqdan sonra cəbhə xatirələrimi qələmə alırdım. Yazının sərlövhəsi üzərində düşünərkən televiziyada tez-tez döyüş bölgələrinə səfər edən operator Tahir Qarayevin cəbhə çəkilişindən bəhs edən süjeti gedirdi. Yanılmıramsa Qubadlıdan idi. "Bu çiçəklər dibçəklərdə böyüməz!". Və süjetin adını eşitdikdə istər-istəməz belə bir fikir keçdi ağlımdan: Demək ki, təbiət hadisələri bəzən yaradıcı insanlarda oxşar duyğular, bənzər hisslər oyadır, onları eyni cür düşünməyə, eyni qənaətə gəlməyə vadar edir. Təbii ki, mən yazıma başqa sərlövhə qoydum. "Nicat yolu". Amma bu günə kimi Tahir Qarayevlə mənim bir-birimizdən ayrı, bir-birimizdən xəbərsiz yaşadığımız eyni hisslərin məhsulu olan "Bu çiçəklər dibçəklərdə böyüməz!" ifadəsi heş vaxt xatirimdən çıxmır...
Ardı var...
Əntiqə Qonaq
Olaylar.- 2018.- 3
aprel.- S.10.