Aprel döyüşləri
Azərbaycanın şərəf
tarixi
Müstəqil Azərbaycanın
ən şərəfli tarixlərindən birinin
ildönümünü yaşayırıq. Aprel
döyüşlərinin. Azərbaycan Silahlı Qüvvələrinin
həyata keçirdiyi uğurlu hərbi əməliyyatın
artıq iki tamam olur.
2016-cı ilin əvvəllərindən cəbhə xəttində artan düşmən təxribatı təmas xəttində gərginliyi artırır və lokal hərbi əməliyyatları qaçılmaz edirdi. Çünki Azərbaycanın diplomatik səyləri, Bakının Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli təşəbbüslərinə qarşı tərəf adekvat cavab vermir, əksinə müntəzəm olaraq təxribat diversiya qruplarını işə salırdı. Artıq mart ayının ortalarından cəbhədə erməni təxribatının miqyası və sayı artmışdı. Düşmən təxribatlarına qarşı isə Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı qaçılmaz idi. Beləliklə, martın 30-da müşahidə edilən növbəti təxribat cəbhədə genişmiqyaslı hərbi əməliyyatların başlamasını qaçılmaz etdi. Aprelin 4-dək cəbhə xəttində davam edən hərbi əməliyyatlar nəticəsində uzun illər düşmən işğalı altında olan bir neçə strateji yüksəkliklər, xüsusilə Lələtəpə ermənilərdən azad edildi. Düzdür, aprel döyüşləri zamanı çoxsaylı vətən oğullarımız şəhid oldu. Ancaq tökülən qanlar bahasına da olsa, uzun illər işğal altında olan ərazilərimizin müəyyən bir qismi azad edildi.
Aprel döyüşləri özü ilə bir çox gerçəklikləri ortaya qoydu ki, bunların hər birini ayrı-ayrılıqda Azərbaycanın aktivinə yazılan müsbət tendensiyalar kimi qeyd etmək olar. Həmin müsbət tendensiyalar nədən ibarət idi, onlara nəzər yetirək.
Birincisi, aprel döyüşləri ilk növbədə Azərbaycan xalqının uzun illər qələbəyə olan həsrətinə son qoydu. Birinci Qarabağ müharibəsində daha çox acı məğlubiyyətlərlə üzləşən Azərbaycan xalqı uzun illər qələbə sevincinə hamilə idi desək yanılmarıq. Həmçinin qaniçən, qəddar erməni mifi xalqın yaddaşında elə kök salmışdı ki, Silahlı Qüvvələrimizin kiçicik belə nailiyyət əldə edə biləcəyinə şübhə ilə yanaşırdıq. Ancaq aprel döyüşləri bu mifi tamamilə aradan qaldırdı və ermənilərin heç də təsəvvür edildiyi qədər mərd, qorxmaz olmadığı üzə çıxdı. Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti qarşısında aciz qalan, mövqelərini qoyub qaçan ermənilərin məhz havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etdikləri reallığı bir daha təsdiqini tapdı.
Aprel döyüşləri həmçinin Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrətini ortaya qoymuş oldu. Müstəqillik illərindən, xüsusilə 2003-cü ildən etibarən ölkədə hərbi sahənin daha da inkişaf etdirilməsinə yönəlik addımlar, Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin əbəs olmadığı, nəticəyə hesablandığı aprel müharibəsi zamanı təsdiqini tapdı. Həmçinin aprel döyüşləri Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olduğunu göstərdi. Bu döyüşlər, eyni zamanda qazanılan qələbə, nailiyyət Azərbaycan Ordusunun regionun ən güclü ordusu olduğunu ortaya qoydu. Və istər işğalçı Ermənistan, istər onun havadarları, istərsə də dünya birliyində belə bir qənaət formalaşdırdı ki, Azərbaycan Ordusu istənilən anda işğal altında olan torpaqlarını azad etməyə qadirdi. Bunun üçün həm kifayət qədər maddi-texniki bazaya malikdir, həm də insan resursuna.
Aprel döyüşləri həm də Azərbaycanın qətiyyətini, iradəsini ortaya qoymuş oldu. Ali Baş Komandan, Cənab İlham Əliyevin torpaqlarımızın işğalı faktı ilə barışmayacağımız barədə söylədiyi fikirlər, bəyanatların arxasında real gücün olduğunu təsdiqlədi. Eyni zamanda problemin sülh yolu ilə həlli mümkünsüz olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin güc yolu ilə ərazilərini işğaldan azad edə biləcəyi reallığını göstərdi.
İki il bundan əvvəl qazandığımız uğurlu qələbə Azərbaycan xalqı arasında döyüş əzmini, vətənpərvərlik hissini artırmış oldu. Təsadüfi deyil ki, həmin günlər yaşından asılı olmayaraq hər kəs əldə silah düşmənlə döyüşə can atır, torpaqlarımızı işğalçıdan azad etmək üçün könüllü şəkildə cəbhəyə getmək istəyini ortaya qoyurdu. Təbii ki, bu ruh yüksəkliyi, döyüş əzmi isə Ermənistanda ciddi təşviş yaratmışdı. Elə buna görə də düşmən yalvarış içərisində hərbi əməliyyatların dayandırılması və atəşkəsin bərpa edilməsini istədi. Və ən əsası Azərbaycan qarşısında gücsüz olduğunu açıq şəkildə etiraf etdi. Elə Prezident İlham Əliyev də aprel döyüşlərinin bir illiyi ilə bağlı ölkənin hərbi elitası ilə keçirdiyi görüşdə bu fakta diqqət çəkərək demişdi: "Aprel döyüşləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlamışlar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir. Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır".
Aprel döyüşləri həmçinin işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın əsasını qoydu. Məhz aprel qələbəmiz işğaldan azad olunan Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində normal yaşayışı təmin etdi, orada yaşayan kənd əhalisinin təhlükəsizliyinin qarantı oldu. Əgər aprel döyüşlərinə qədər Cocuq Mərcanlıda yaşamaq kifayət qədər riskli sayılırdısa, lakin həmin uğurlu hərbi əməliyyatdan sonra mühüm strateji əhəmiyyətli yüksəklik, Lələtəpənin işğaldan edilməsi bu təhlükəni aradan qaldırdı. Artıq iki ildir ki, Cocuq Mərcanlı əhalisi təhlükəsiz şəkildə öz ata-baba yurdunda yaşayır.
Aprel döyüşləri həmçinin Azərbaycanla Ermənistan arasında olan təmas xəttini ölkəmizin xeyrinə dəyişdirdi ki, bu da düşməni ciddi şəkildə məyus edən amillərdən idi. Və bu gün Azərbaycan prezidentinin də qeyd etdiyi kimi Azərbaycan ordusu təmas xəttində tam üstülnüyü əldə saxlayır: "
Ən əsası aprel hadisələri Azərbaycan xalqında işğal altında olan digər ərazilərimizin də tezliklə azad olunacağı əminliyi yaratdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir: "Necə ki, azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaq".
Bir sözlə dövlət başçısının da qeyd etdiyi kimi Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir və bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Süleyman
Olaylar.-2018.- 3 aprel.- S.9.