Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmişqaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: "Ölməzlik" və "Vətən, səndən keçmək olmaz!".              

"Ömrümün Qarabağ səhifəsi" layihəsində Əntiqə Qonaq müharibədə canlı şahidi olduğu hadisələrdən, cəbhə xatirələrindən söz açır.

 

                        ŞUŞANIN... BAŞI DUMANLI...

 

Ömrümün Qarabağ səhifəsi

 

Ərazisi 89 kv.km., 1989-cu ilin siyahıya alınmasına görə əhalisi 24 min nəfərdən çox olub. Şuşa şəhərindən, Turşsu qəsəbəsindən və 31 kənddən ibarət olub.

Müharibə nəticəsində 196 nəfər şəhid, 500 nəfərdən çox insan əlil olub. 3000 nəfər Qarabağ müharibəsi veteranı var.

1992-ci i mayın 8-də erməniər tərəfindən işğal olunduqdan sonra əhalisi respublikamızın 50-dən çox şəhər, rayon, qəsəbə və kəndində məskunlaşmışdır.

Döyüşlərdə göstərdikləri şücaətlərə görə beş nəfər şuşalı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Qəmbərov Ramiz Bulud oğlu Teymurov Rizvan Rəhman oğlu Məmmədov Nizami Murad oğlu Hüseynov Sadıq Dayandur oğlu Məmmədov Mövsüm Şahin oğlu

Yenə də gözəlim Şuşa... Yenə də yüz illiklər boyu fəxr və qürur yerimiz olan Şuşa... Yenə də hər daşı, kəsəyi mahnı zümzümə edən, sərin sulu bulaqları ruha qida verən möcüzə Şuşa... Yenə də dəfələrlə yağı basqınlarına məruz qalsa da, düşmənə mərdliklə sinə gərən və yalnız bircə dəfə işğal olunan Şuşa...

Yenə də yazsam da, bircə gün də unutmadığımız, ağlımızın və şüurumuzun ən gizli yerində saxlanc etdiyimiz Şuşa. Gözəlliklər məskəni, cənnətməkan Şuşa.

Əslində hər şey elə Şuşa ilə başlamışdı. Şah damarımızla, görən gözümüzlə, vuran əlimizlə, döyünən qəlbimizlə... Topxanaya təcavüz etmişdilər. Açıq səma altında muzeyi xatırladan milli sərvətimiz Topxanaya. Ağacları kəsməyə başlamışdılar erməni quldurları. Alçaq niyyətlərini nişan vermişdilər bununla. Və biz də elliklə etiraz əlaməti olaraq Azadlıq meydanına toplaşmışdıq. Haqq səsimizi respublikanın və ittifaqın yetkililərinə çatdırmaq istəyirdik. Çox israrlı idik. Qəzəbli idik. Qisas hissi ilə alışıb yanırdıq. Milli mədəniyyət beşiyimizə olunan təcavüzü durdurmağa səsləyirdik hamını. Amma bacarmadıq. Hələ ki, istəyimizə nail ola bilmədik. 1997-ci ildən üzü bu tərəfə. Amma...

Amma biz hər zaman xatırlayacağıq, xatırladacağıq, yazacağıq, haqqımızı tələb edəcəyik, səsimizi eşitdirincəyədək, istəyimizə nail oluncayadək susmayacağıq...

... Gözəlliklər məskəni, xalqımızın qeyrət timsalı Şuşaya da ilk dəfə məhz münaqişə başlayandan sonra getdim. Sorağını çox eşitmişdim. Həmin dövrə qismətmiş... Qarabağ olaylarının qızğın çağıydı. Ermənilərin yaşadıqları ərazilərdən keçən yollar ən təhlükəli zonalardan sayılırdı. Və təhlükəni qismən də olsa sovuşdurmaqdan ötrü bu yerlərdə fövqəladə vəziyyət elan edilmişdi. Şuşaya gedən bir yol da Əsgəran-Xocalı-Xankəndindən keçdiyindən Ağdamla Şuşa arasında hərəkət edən maşınlar dörd dəfə yoxlanılırdı. Rus əsgərləri hər bir sənədi zərgər dəqiqliyi ilə yoxlayır, soyuqqanlıqla Şuşaya nə məqsədlə getdiyimizi dönə-dönə soruşurdular. Ammaişğal altında olan Xankəndindəki lampa zavodunun üstündə dalğalanan Ermənistan  bayrağı, nə də ki, Ağa körpüsünü köndələninə kəsən elektrik naqilindən asılmış xaç nədənsə, hərbçilərin diqqətini cəlb etmirdi. Elə bil bu belə də olmalıymış. Beləcə, doğma yurdumuz, gözəlliklər məskəni Şuşaya getmək uzaq xarici ölkəyə səfər etməkdən də çətin olmuşdu. Yol boyu keçirdiyimiz sarsıntılardan bir daha yəqinləşdirdik ki, yollar təhlükəli olduğu üçün camaat Şuşaya gediş-gəlişi azaltmayıb, əksinə, onları ağrıdan başqa şeydir: ən çətini, ən dözülməzi öz torpağında əli-ayağı bağlı yaşadığını çarəsizcəsinə dərk etməkdir.

... Bəli, bu da uzun illər sorağını eşidib, üzünü görmədiyimiz gözəllər gözəli Şuşa. Buranın təbiəti də bambaşqaydı. Elə bil Tanrının bu torpağı belə ucalıqda yaratmaqda qəsdi başqaymış. Çünki ilahi gözəllik hər şeydən uca, yüksək olmalıdır. Gözəl Şuşa yüz illərin dərinliyindəki əzəməti, vüqarıyla qürrələnməyə haqlıydı. Çünki insanın xoşbəxt ola biləcəyi nə istəsən burda tapa bilərdin: təmiz hava, dağ suyu, mənzərəli çöllər, əsrarəngiz təbiət, ən başlıcası isə mehriban, qonaqpərvər insanlar. İllər öncədən Şuşa belə olmuşdu, indi də beləydi.

Şuşaya çatıb əsgərlərlə, əhali ilə görüşəndə onlarda qəribə bir ruh yüksəkliyinin şahidi olduq. Burada hərə öz işiylə məşğul idi. Əkib-becərən, səfərə hazırlaşan, dərsə gedən, səngərdəki əsgər yoldaşını əvəz etməyə tələsən. Təbii ki, gəlişimiz çox ürəkaçan və sevindirici oldu. Əsgərlərin hamısı bu fikirdəydi: "İş üçün gəlmək şərt deyil, istirahət günləri olsa da gəlin ki, görsünlər biziyada salanlar var. Qoy yollarıımızda öz maşınlarımız şütüsün. Torpağın üstündə gəzdinsə sənindi, bir az unutqanlıq göstərdinsə, ya özü səndən üz çevirəcək, ya da yad əllər uzanacaq ona".

Haqq sözə nə deyəsən? Özübu sözləri yüksək rütbəli vəzifəlilər, elm adamları demirdilər. Adi sıravi əsgərlər deyirdilər. Vətən müdafiəçilərinin Vətən anlayışları bu idi. Onlarsa çox idilər: Ramiz, Kamal, Novruz, Bəxtiyar, Şakir, Əli, Həsən, Nofəl... Apardığımız sovqata gözlərinin ücüyla da baxmadılar. Sağ olun ki, yad etmisiniz,- dedilər. Adını unutduğum bir əsgərin dediklərini olduğu kimi qeyd dəftərçəmə yazmışdım: "Gətirdiklərinizi əziz bir hədiyyə kimi qəbul edirik. Amma bacardıqca çox yazın vətənimiz haqqında. Lap çox. Gördüklərinizin hamısını qələmə alın ən kiçik detalına qədər. Çünki yazılan söz tarixdir. Qoy erməni daşnakları torpaqlarımızı saxta sənədlərlə özlərinki edə bilməsinlər. Sübut edin varlığımızı, əsl həqiqətləri bütün dünyaya yayın. Bildirin ki, Şuşada həmişə yad gözü olub, amma bir dəfə də olsun bu torpaqlarda yağılar addımlamayıb".

Başqa bir mövqeyə getdik. Burda da əsgərlər ayıq-sayıq işlərinin başındaydı. Baxmayaraq ki, şəhər xarabazara çevrilmişdi, tarixi abidələr, inzibati və yaşayış binaları Ermənistan tərəfdən uzaqvuran toplardan, müxtəlif tipli raketlərdən atılan mərmilərdən yerlə-yeksan olmuşdu, döyüşçülər ruhdan düşməmişdilər. Müharibə qurtarsın, özümüz buraları abadlaşdıracağıq deyirdilər. Şəhərin könüllü özünümüdafiə dəstəsinin üzvləri bunlar idi: Muxtar Əliyev, Sərdar Məmmədov, Taleh Nəcəfov, Qəmbər Qasımov, Şamo, AqilRizvan Həsənov qardaşları, Bəxtiyar Mirzəyev, Şakir Salmanov, Habil Cəfərov, Akif Məhərrəmov, Qorxmaz Həsənov, Elxan Ələkbərov, Camal Cabbarov... Onlar sabahları dirigözlü açırdılar. Nə istirahətləri vardı, nə dinclikləri. Hələ viran olmuş yurd yerlərinin onlarda doğurduğu psixoloji sarsıntını demirəm. Deyirdilər ki, Şuşanın harayını eşidin, xalqa nicat verin, qoymayın düşmən tək-tək əyib sındırsın bizi. Bir olaq, vahid olaq, yumruq kimi birləşək, kişi qeyrətimizi göstərək ermənilərə. Çox haqlıydılar amma.

Malıbəylidə də vəziyyət ürəkaçan deyildi. Kəndin ağsaqqallar şurasının üzvü Müzəffər kişiylə bir xeyli dərdləşdikdən sonra kəndi qoruyan könüllülərin yanına getdik. Müzəffər kişinin söylədikləri: "Dörd ildir bu kənd 33 nəfər könüllünün, 27 nəfər milis işçisinin qeyrətinə sığınmışdı. Onlara dasilah verirdilər, nə də ki, vahid hərbi geyim forması. Camaat pul yığıb silah alır, güllələri bitənəcən döyüşürdülər. Silah versinlər, biz canımız və qanımızla torpağımızı qoruyarıq deyirdilər". Təbii ki, o zamanlar ordu formalaşmamışdı. Çətinliklər çox idi. Düşmən də oturub gözləmirdi axı. Onları başa düşmək olardı.

Ən öndəki mövqedə keşik çəkən könüllülərin adlarını öyrəndim. Kəndin igidlərindən Azad Kərimov, Allahverdi Əmiraslanov, Nadir İbrahimov, Rafael Quliyev, Bulud Əmiraslanov, Füzuli İbrahimovun sayıqlıqları və qəhrəmanlıqları üzündən kənd camaatına heç bir xətər toxunmamışdı. Amma erməni quldurlarının beş addımlığında olan bu məntəqələr əməlli-başlı mühafizə olunmalı, insanların təhlükəsizliyi təmin edilməliydi.

Biz Bakıya qayıtdıqdan bir neçə ay sonra ümidlərimizi darmadağın edən dəhşətli bir xəbər eşitdik... Malıbəyli işğal olunmuşdu.

... Çox təəssüflər ki, ermənilərin rus hərbi hissəsiylə birgə Malıbəyliyə həlledici, həm də son hücumu fevralın 9-da oldu. Düşmənlər 17 tankla kəndin şah damarlarını qıra-qıra bu başdan girib, o başdan çıxdılar. 19 nəfər, o cümlədən 2 uşaq öldürüldü, 9 nəfər itkin düşdü. Sağ qalmış malıbəylilər isə Quşçular kəndinin ağsaqqalı Yusif kişiyə ömür boyu minnətdar olacaqlar. Buraların hər daşına, kəsəyinə, dolanbacına, gizli yollarına bələd olan bu xeyirxahqorxmaz insan - Yusif kişi camaatı gizli yollarla Ağdamın Gülablı kəndinə gətirib çıxara bilmişdi.

Müzəffər kişinin bu sözləri isə ömrüm boyu yaddaşımda qalacaq, məni yandırıb-yaxacaqdı: "Gözlərimiz görməsəydi kaş. Görməyənlər inanmazlar. Qadın, kişi, qoca, əlil, xəstə, uşağın qaça-qaça, tikanlı kollardan tuta-tuta Kətik dağına necə dırmaşdıqlarını xatırlamaq belə çox ağırdı. Onları ən çox şərəfsiz ölümnamus ləkəsi qorxudurdu. Azərbaycan qadını təmiz adını, namusunu həmişə, hər şeydən üstün tutub axı... Barat Fərhadovun başına gətirilən faciə isə nəinki onu, eləcə də hamımızı sarsıtmışdı. Dağa qalxarkən ermənilər onun 18 yaşlı oğlunu vurdular. Ağır yaralanmışdı. Atasına yalvardı ki, ürəyimdən vur, düşmən əlinə keçməyim. Ata tərəddüd edirdi, oğul isə israr. Axırda atası gözlərini yumub atəş açmaq istədi. Tətiyi üç dəfə çəkdi, elə bil möcüzə baş vermişdi, atəş açılmırdı. Birgördük oğlan dünyasını dəyişib... Bu cür qandonduran, ağlasığmaz dəhşətləri o qədər görmüşük, yaşamışıq ki...".

Həqiqətən Şuşa təəssüratım bu günədək məni tərk etməyib. Yaddaşım korlansa da, müharibə ilə bağlı evizodlar əbədi səhnə kimi, lent yazısı kimi gözlərimin önündədi. Hələ müharibədə əzizlərini, doğmalarını itirənlərin onların Şəhidlər Xiyabanındakı və digər məzarlıqlardakı əbədi məkanlarını ziyarət edərkən çəkdiklərini demirəm. Şuşanın işğalı günü yaxın rəfiqəm Təranə Şahmuradovanın qardaşı Natiq Şahmuradov və dayısı Elman Həsənov şəhid oldu, əkiz tayı Namiq Şahmuradov və qaynı Osman Zeynalov isə itkin düşdülər. Həyat yoldaşı, polis Tahir Zeynalov onlardan cəmi 5-6 ay sonra şəhid oldu. Gəncədə məsul vəzifədə işləsə də, hər il mayın 8-də müqəddəs məzarlıqda uyuyan qardaşı Natiq Şahmuradovu ziyarət etmək üçün Bakıya tələsən, həyat yoldaşı Tahir Zeynalovun isə yağı əlində olan Ağdamdakı qəbrinə səsi-ünü çatmayan, itkin düşənlərin yolunu bu günədək möcüzə baş verəcəkmiş kimi ümid və təlaşla gözləyən, onlar üçün için-için ağlayan, mənalı gözlərindən kədər əskik olmayan, qəlbi yaralı toxdaqlıq verə bilmədiyim rəfiqəm Təranə Şahmuradovanın və bir çox başqalarının faciələrini demirəm. Bu yara hamımızın qəlbini dəlib deşik-deşik edib. Sağalması hələ ki, mümkünsüz.

Şuşanın dağları həmişə başı dumanlı olub. 26 ildir ki, yalnız dağlarının deyil, artıq Şuşanın özünün başı dumanlıdı. Duman, gəl get bu dağlardan, bu yerlərdən, - deməklə bu yaranı sağalda bilmərik. Bunun üçün səfərbər olmalıyıq, bir olmalıyıq, bütöv olmalıyıq, müsəlləh olmalıyıq...

 

Olaylar.- 2018.- 8 may.- S.12.