Heydər Əliyevin liderlik
fəlsəfəsinə müasir
baxış
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
"İki sahil" qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Ümummilli liderin gələcəyə
hesablanmış strategiyası Azərbaycanın dünya siyasətində
yerini və rolunu müəyyənləşdirdi
Tarixə
nəzər salsaq görərik ki, xalqımızın
dövlətçilik tarixində mürəkkəb mərhələlər
çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə
rəğmən heç bir qüvvə xalqımızın
müstəqillik, dövlətçilik arzularını, ənənələrini
məhv edə bilməmişdir. Məhz bu reallıqlara
söykənərək müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir:
"Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər
bir Azərbaycan vətəndaşı bu irsə layiq
olmağa çalışaraq böyük bir tarixi
keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı
olan dövlətimizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin
bir məsuliyyət hissi ilə yanaşmalıdır." Eyni
zamanda bu fikir də önə çəkilir ki,
keçmişini sevən, bu günü ilə qürur duyan,
gələcəyinə böyük ümidlərlə baxan
xalqlar tarixin sərt və çətin sınaqlarından
üzüağ çıxaraq, milli varlıqlarını
qoruyurlar. Ümummilli lider Heydər Əliyevin böyük və
müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan
dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi
mütləqdir, bir çağırışdır.
Müstəqilliyin daha da möhkəmləndirilməsinə,
əbədiliyinin
təmin edilməsinə hesablanan
şərəfli missiya
Ulu
öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin
birinci dövründə ölkənin inkişafı istiqamətində
gördüyü işlərlə, qəbul etdiyi qərarlarla,
həyata keçirdiyi quruculuq tədbirləri ilə, ən əsası
gələcəkdə Azərbaycanın müstəqilliyə
qovuşacağını nəzərə alaraq
atdığı digər məqsədyönlü
addımları ilə özünün Ümummili Lider
obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin
bu statusunu bütün mərhələlərdə
qorumuşdur. Ulu Öndərin hakimiyyətinin birinci
dövründə azərbaycanlıların müstəqil
düşüncə ətrafında birləşməsi
imkanları genişləndi. İllər boyu bu istiqamətdə
formalaşdırılan potensial ötən əsrin
sonlarına doğru müstəqil Azərbaycan dövlətinin
yaranmasında təzahür etdi. Məhz buna görə də
Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan
dövrü əsasən ulu öndər Heydər Əliyevin
adı ilə sıx bağlıdır. Bir məqamı da
xüsusi qeyd etmək lazımdır ki, indiki dövrdə Azərbaycanın
dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici
siyasi və iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi
və dünya iqtisadiyyatına daha dərin bir şəkildə
inteqrasiya prosesi 1970-1980-ci illərdə ulu öndər Heydər
Əliyev tərəfindən təməli qoyulmuş potensiala
əsaslanır.
Ulu
Öndərin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi münasibətilə təntənəli
mərasimdə "Mənim siyasi və həyati
dünyagörüşüm atamın təsiri altında
formalaşmışdır" etirafını özündə
əks etdirən çıxışında bu
reallıqları da qeyd etmişdir ki, 1969-cu ilə qədər
Azərbaycan haqqında heç sovet məkanında o qədər
də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri
Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan
sürətlə inkişaf etdi və sovet məkanında
qabaqcıl respublikalardan birinə çevrildi.
Həmin
çıxışında bu məqam da qeyd edilir: "Biz
deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın
qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq
müstəqillik 1991-ci ildə əldə edilsə də, bu
müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi
sual altında idi. Ölkənin müstəqilliyi əldən
gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz
1993-cü ildən başlanmışdır."
Cənab
Prezidentimiz İlham Əliyev bu reallıqların bütün
dövrlər üçün
aktual olduğunu qeyd edərək bildirir ki, ulu
öndər Heydər
Əliyev haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, dəyərli
fikirlər səslənib:
"Bir şeyi əlavə edə bilərəm ki, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə
sınaqlardan şərəflə
çıxıb."
Ulu Öndərin
Azərbaycana rəhbərliyinin
birinci dövründə
qoyulan təməlin
1993-cü ildə yenidən
hakimiyyətə qayıdışından
sonra möhkəmləndirilməsinin
nəticəsidir ki, bu siyasəti hazırda təkmil islahatları ilə uğurla davam etdirən dövlətimizin
başçısı İlham
Əliyev müasir Azərbaycanı inkişaf
etmiş ölkələr
sırasında görmək
hədəfini irəli
sürərək, bu istiqamətdə bir-birindən
mühüm addımlar
atır.
Müstəqilliyimizin üçüncü, yəni 2003-cü ildən başlanan dövrünə keçmədən bu günümüz üçün görülən işlərin miqyasına nəzər salıb, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, Vətəninə, xalqına, torpağına bağlılığını bir daha indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Ümummilli Liderin anadan olmasının 95 illiyi ərəfəsində keçilən yola nəzər saldıqda dahi şəxsiyyətin aforizmə çevrilən bu fikrinin reallıqlara əsaslandığını bir daha görmüş oluruq: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"
Bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Hazırda beynəlxalq səviyyədə tez-tez səsləndirilən "Azərbaycanın iqtisadi inkişafı möcüzədir" fikri də məhz düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış bu siyasətin məhsuludur.
Ulu öndər Heydər Əliyev
Naxçıvanı
erməni işğalından qorudu
1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyevin gəlişini özlərinin məhvi hesab edən səriştəsiz iqtidar onun Bakıda yaşamasına imkan vermədi. Gözlənilən təhlükələrdən xilas olmağın bir yolu var idi: Naxçıvana getmək. İnsanların böyük etimadını qazanan ulu öndər Heydər Əliyev həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə xronikal nəzər saldıqda aydın görünür ki, bu gün haqqında ürəkdolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəldən yeniliklərin, islahatların təməli o çətin illərdə qoyulub.
Naxçıvan MR Ali Məclisinin Sədri kimi ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla dahi şəxsiyyətin xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan bir fədakar vətəndaş kimi fəaliyyətinə də elə bu mərhələdən başlamışdı. Ulu öndər Heydər Əliyev "Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" sözlərini real həyatda gerçəkləşdirdi. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarlar qəbul olunmuşdu. Uzaqgörən siyasətçi bildirirdi ki, azadlıq olmayan yerdə inkişaf, yenilik barədə danışmaq qeyri-mümkündür. 1990-cı ilin 20 Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etmişdi. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qərarın qəbuludur. Naxçıvanda olarkən bütün Azərbaycan üçün xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndirildi. Böyük şəxsiyyət Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə yanacaq, enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün "Ümid körpüsü" salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.
Ulu Öndərin Naxçıvandakı xidmətlərindən bəhs edərkən bu gün Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti Azərbaycan xalqının böyük əksəriyyətinin istəyinin ifadəsi idi. Ümummilli lider Heydər Əliyev müraciətə cavabı ilə bir daha xalqla birliyini, həmrəyliyini nümayiş etdirdi. Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ilk gündən milyonların sevgisini qazandı.
Xalq öz
xilaskarına sahib çıxdı
Ulu öndər Heydər Əliyevin artıq ölkə hüdudlarını aşan şöhrətini gözü götürməyən, yeniliklərə siyasi qısqanclıqla yanaşan AXC-Müsavat iqtidarı təxribatlara əl atdı. Silahlı dəstələr təşkil etməklə Naxçıvanda dövlət çevrilişləri etmək istəyənlərin cəhdləri baş tutmadı. Bir neçə dövlət idarəsini və radio-televiziya şirkətinin binasını zəbt edərək külli miqdarda dövlət malını dağıtdılar. İnsanlara maddi və mənəvi ziyan vuruldu. Lakin çətinliklərə, silahlı dəstələrin hədələrinə əhəmiyyət verməyən naxçıvanlılar Bakıdan istiqamətləndirilən çevriliş cəhdlərinin qarşısını Ulu Öndərin bir çağırışı ilə aldılar. Xalq öz xilaskarını canlı sipər çəkərək qorudu. Çünki Ulu Öndər Azərbaycan dövlətçiliyini qoruyan, xalqın sabaha inamını sönməyə qoymayan dahi şəxsiyyət idi. Bu birlik əsl xalq-iqtidar həmrəyliyi oldu.
Ardı var
Olaylar.- 2018.- 8 may.- S.6.