Heydər Əliyevin
liderlik fəlsəfəsinə müasir baxış
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının
üzvü,
"İki sahil" qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Ümummilli liderin gələcəyə
hesablanmış strategiyası
Azərbaycanın dünya
siyasətində yerini
və rolunu müəyyənləşdirdi
Dahi
şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcəyi
üçün müəyyənləşdirdiyi perspektivlərin
reallaşması isə 1993-cü ildən, yəni xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra mümkün oldu. O,
başladığı işlərin
davamlılığını yüksək səviyyədə
təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın
yeni-yeni hədəflərə çatması
üçün ciddi səylər göstərdi. Azərbaycanın
27 ilə yaxın müstəqillik tarixində keçdiyi
inkişaf yolunun təhlilini vermək hər zaman
günümüzün tələbidir.
Müstəqilliyimizin
ilk illərində ölkəmizin hansı durumla üz-üzə
qaldığı bəllidir. Ölkədə xaosun,
anarxiyanın, özbaşınalığın baş
alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti
idi. Həmin dövrün iqtidarının başı hakimiyyət
uğrunda mübarizəyə qarışdığından
torpaqlarımızın işğalı da davamlı hal
almışdı. Müharibə şəraitində
yaşayan ölkə üçün güclü ordunun
olması vacib amillərdəndir. Lakin həmin dövrdə
Silahlı Qüvvələr torpaqlarımızın deyil,
ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə
xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə
də uğursuzluqlar geniş vüsət almışdı.
Azərbaycan haqqında məlumatsızlıq, informasiya
blokadasında olması erməni yalanlarının ayaq tutub
yeriməsinə geniş meydan açırdı. Ölkədə
vətəndaş müharibəsinin dərinləşməsi
Azərbaycanın parçalanmasını, bir dövlət
olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi.
Belə bir ağır durumda xalq öz xilaskarını
axtarırdı. Bu, təbii ki, bütün ömrünü
xalqına, dövlətinə həsr edən Heydər
Əliyev idi. Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın
milli dövlətçilik tarixinə qızıl hərflərlə
Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan
xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi
böhrandan xilas oldu, müstəqilliyimizin daimiliyi, əbədiliyi
təmin edildi.
İqtisadiyyatı güclü olan
dövlət hər şeyə
qadirdir
Uğurlu
daxili siyasəti nəticəsində ölkədə
ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes
mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan
qısa müddətdə böyük investisiyalar məkanına
çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin
tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət
Heydər Əliyevin gərgin səyləri nəticəsində
1994-cü il mayın 12-də Ermənistanla atəşkəs
sazişi imzalandı. Düşünülmüş və gələcəyə
hesablanmış siyasətin uğurlu nəticələrini
görən xalqımızın sabaha ümidləri daha da
artdı, insanlar Ümummilli Liderin ətrafında daha sıx
birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə,
çiçəklənməsinə səy göstərdilər.
Hər
bir ölkənin iqtisadi inkişafında
qarşılıqlı əməkdaşlığın, təcrübə
mübadiləsinin, səylərin birləşdirilməsinin
rolunu xüsusi vurğulayan ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın
20-də tarixə "Əsrin müqaviləsi" kimi daxil
olan neft sazişi imzalandı. Bu, bir daha ölkəmizə
inamın hansı səviyyədə olduğunu nümayiş
etdirdi. İllər keçdikcə yeni-yeni neft və qaz
sazişlərinə imza atıldı, Azərbaycan malik
olduğu təbii enerji resurslarından səmərəli
istifadə etməklə hərtərəfli
inkişafını təmin etdi. Ümummilli lider Heydər
Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə
yaratdığı Azərbaycan Respublikası Dövlət
Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın
təminatında əhəmiyyətli rol oynayır. Belə
ki, hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq
olan Dövlət Neft Fondunun vəsaitləri hesabına
mühüm sosial-iqtisadi layihələr həyata keçirilir
ki, onlar da öz növbəsində ölkəmizin hərtərəfli
inkişafını təmin edir.
Müstəqillik yolunda ilk
addımlarını
atan dövlətin beynəlxalq aləmdə
varlığını təsdiqləməsi
əsasdır
Ulu
öndər Heydər Əliyev bu tezisi irəli sürməklə
iki və çoxtərəfli çərçivədə əlaqələrin
qurulmasına, diaspor quruculuğu prosesinə xüsusi diqqət
yönəltdi. Onun elə bir ölkəyə səfəri
yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətini faktlar əsasında
dünya ictimaiyyətinin diqqətinə
çatdırmasın. Dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın bir amal -
azərbaycançılıq ideyası ətrafında sıx
birləşməsi vacib amil kimi önə çəkilirdi.
Qeyd
etdiyimiz kimi, azərbaycançılığın əsas tərkib
hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün əsası 1991-ci ilin 16 dekabrında qoyulub.
O illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olan
Heydər Əliyev dünya azərbaycanlılarının
birliyini yaratmağın əhəmiyyətini nəzərə
alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan etmişdi. Ulu Öndərin
1993-cü ildə hakimiyyətə qayıdışından
sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən
biri diaspor quruculuğu, dünya azərbaycanlılarının
birliyinin, həmrəyliyinin təmin edilməsi oldu.
Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin,
mərkəzlərinin yaradılmasına nail olan ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ildə Dünya Azərbaycanlılarının I
Qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə
böyük töhfə oldu. Artıq vahid mərkəzdən
idarəedilmə uğurların davamlılığına yol
açdı, soydaşlarımızın
yaşadıqları ölkələrdə fəallıqlarını,
Azərbaycanın daha da qüdrətlənməsinə,
çiçəklənməsinə töhfələrini
artırdı. Beş ildən bir ənənəvi
keçirilən dünya azərbaycanlılarının
qurultayları yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır. Qurultaylarda ötən
beş ildə keçilən yola baxış fonunda
qarşıya qoyulan vəzifələrin hansı şəkildə
yerinə yetirildiyi təhlil edilir. Heydər Əliyev məktəbinin
layiqli davamçısı ölkə Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, güclü, qüdrətli Azərbaycan
hər birimizin qürur mənbəyidir. Bu birlik, həmrəylik
yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllində
vacib amildir. Azərbaycan diplomatiyasının səyləri sayəsində
erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin
diqqətinə çatdırılır, Ermənistanın
işğalçılıq siyasəti pislənilir.
O da
məlumdur ki, erməni diasporunun yalan təbliğatları əsasında
Amerika Birləşmiş Ştatları Konqresi 1992-ci ildə
Azərbaycana qarşı ədalətsiz "907-ci düzəlişi"
tətbiq etmişdir. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qaydışından sonra fəaliyyətinin
əsas tərkib hissəsi bu qərarın ədalətsizliyini
təsdiqləmək, ləğvinə nail olmaq idi. Məhz
uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq, həmçinin
2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror
aktından sonra ABŞ hökuməti qərarın ədalətsizliyini
etiraf etdi, fəaliyyətinin bir illik dondurulması ilə
bağlı qərar qəbul etdi. Artıq o vaxtdan hər il həmin
qərar yenidən təsdiqlənir.
Ulu
Öndər tarixin saxtalaşdırılmasına sərt
mövqeyini də bəyan edib. Onun ilk
görüşünü ziyalılarla keçirməsi də
təsadüfi deyildi. Dahi şəxsiyyət həmin
görüşündə tarixçilərimizin
qarşısında bir sıra mühüm vəzifələr
qoymuşdur ki, bunlardan da ən ümdəsi tarixin
saxtalaşdırılmasına yol verilməməsi, tarixi
araşdırmaların miqyasının genişləndirilməsi,
Dağlıq Qarabağ həqiqətləri ilə
bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki,
ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri
inkar etməyə cəhd göstərirlər, onlar daim fakt
qarşısında acizdirlər. Təbii ki, təbliğat
tarixi faktlara, həqiqətlərə əsaslananda daha
inandırıcı, uzunömürlü olur. Ulu öndər
Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla
davam etdirən dövlətimizin başçısı
İlham Əliyev daim bu sahəni də diqqətdə
saxlayır, tarixçilərimizə öz tövsiyələrini
çatdırır.
Şübhəsiz
ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti,
xalqı qarşısındakı xidmətlərini bir
yazı çərçivəsində əhatə etmək
mümkün deyil. Bugünkü Azərbaycan Ümummilli
Liderin xidmətlərinin miqyasının nə qədər
geniş olduğunu nümayiş etdirir. Böyük fəxr
hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan Ulu Öndərin
şah əsəridir.
Azərbaycan demokratik ölkə
kimi dünyada nüfuz qazandı
"Respublikamızda hüquqi dövlət qurulması,
demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan
azadlığının, söz, vicdan
azadlığının, müasir plüralizmin təmin edilməsi,
çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən
qəbul etdiyimiz prinsiplərdir." Ümummilli lider Heydər
Əliyev bu tezisi ilə demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunda ilk addımlarını irəliləyən
Azərbaycanın hədəflərini açıqlayaraq,
demokratik cəmiyyətin varlığını təsdiqləyən
bütün atributların ölkəmizdə bərqərar
olması istiqamətində ciddi addımlar atdı. Məhz bu
addımlar Azərbaycanın 2001-ci ilin yanvarında Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunmasına yol
açdı və bir daha dünyaya bəyan edildi ki, Azərbaycan
demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə
təsdiqləyir.
İnsan
hüquq və azadlıqlarının qorunması, azad mətbuatın
inkişafı, çoxpartiyalı sistemin yaradılması,
seçkilərin demokratik, beynəlxalq standartlara uyğun
keçirilməsi istiqamətində atılan
addımların uğurlu nəticələri göz
önündədir. 1995-ci il noyabrın 12-də ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə yaradılan
komissiya tərəfindən işlənib
hazırlanmış və ümumxalq səsverməsi yolu ilə
qəbul olunmuş Milli Konstitusiyamızda əksini tapan maddələrin
üçdə iki hissəsi insan hüquq və
azadlıqlarının qorunmasına xidmət edir. Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən azad mətbuatın
inkişafına göstərilən diqqətin bariz nümunəsi
kimi senzuranın ləğvini xüsusi qeyd etməliyik.
Ardı var
Bizim Yol.- 2018.- 9-10 may.- S.4.