Ulu Öndər ömür yoluma işıq salan şəxsiyyət idi

 

Heydər Əliyev - 95

 

Azərbaycan xalqının XX yüzillikdə yetişdirdiyi və XXI yüzilliyin üçüncü ilində itirdiyi Heydər Əlirza oğlu Əliyev  tarixin yaddaşında əbədi qalan liderlərdəndi. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı, Azərbaycan uğrunda verdiyi bənzərsiz mübarizəsi  ilə ümummilli lider səviyyəsinə yüksəlib. Ümummilli liderimiz Heydər Əlirza oğlunun fəaliyyəti və şəxsiyyəti ilə bağlı yüzlərlə kitab, elmi əsər, publisistik məqalələr yazılıb, araşdırmalar aparılıb. Mən də  bu yazıda Ulu Öndərlə bağlı xatirələrimi bölüşmək  fikrindəyəm.

 

Öncə onu qeyd edim ki, Ulu Öndər  46 yaşında dövlət başçısı olub. O, Mərkəzi Komitənin birinci katibi kimi işə başlamamışdan əvvəl  təhlükəsizlik orqanında çalışıb. DTK-dakı uzun  illik təcrübəsi ona imkan vermişdi ki, respublikanı  yaxından tanısın. Bu səbəbdən də  o, kadrları seçməyi, kimə hansı vəzifəni tapşırmağı yaxşı bilirdi. Rəhbərliyə başladığı  ilk günlərdən  ən yaxşı, bacarıqlı, savadlı, qabiliyyətli, idarəçiliyi mükəmməl bilən insanlara partiya-sovet işini tapşırdı. Və doğrudan da həmin adamların əksəriyyəti Ulu Öndəri yanıltmadılar. Qısa müddətdə iqtisadiyyatın və mədəniyyətin bütün sahələri üzrə  geri olan Azərbaycan SSRİ-nin qabaqcıl  resbublikalarından birinə çevrildi. Onun dövründə Azərbaycan 15 dəfə Keçici Qırmızı Bayraq aldı, 20-dən çox adam Sosialist Əməyi Qəhrəmanı adına, yüzlərlə insan ölkənin ali mükafatlarına, orden və medallarına layiq görüldü. Ulu Öndərin özünə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi.

Heydər Əliyev mənim ömür yoluma işıq salan şəxsiyyət olub.  O işıqlı yolda Ulu Öndər hər zaman işgüzarlığımı, bacarıq və qabiliyyətimi qiymətləndirib. Uşaqlığım yetimxanada keçib, yeniyetməliyimi fəhləliklə başa vurandan sonra həyatın qoynuna  atılan bir  gənc olaraq  ali təhsilli iqtisadçı kimi idarəçiliyin əsas qolu olan partiya-sovet işində siravi  təlimatçılıqdan rəhbər vəzifəyə qədər irəli çəkilmiş və ən vacib post olan birinci katib kreslosunda  oturmuşam. Üç rayona  üst-üstə 15 il  rəhbərlik etmişəm. Onun 13 ili Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə düşür. Həmin 13 ildə çoxlu sayda mükafatmedallarla yanaşı Lenin,  "Oktyabr inqilabı" və "Şərəf nişanı" ordenlərini mənə Ulu Öndər şəxsən özü təqdim edib.

 

***

 

1972-ci il idi.  Ali  Partiya Məktəbini bitirmişdim, partiya-sovet işində də 10 illik təcrübəm var idi. Bir il əvvəl  Mərkəzi Komitənin  təşkilat partiya işi şöbəsində inspektor  vəzifəsinə təyin olunmuşdum. İsti iyul günlərində  Ağcabədiyə ezamiyyətə getmişdim. Ezamiyyətim başa çatmamış Bakıya çağırıldım.  MK-da dedilər ki, Heydər Əliyev mənimlə görüşmək istəyir. O zamana kimi Ulu Öndərlə üz-üzə gəlməmişdim, şəxsən  söhbətimiz olmamışdı. O, mənə suallar verdi, kuratoru olduğum rayonlar haqqında ətraflı danışmağımı  xahiş etdi. Ucar, Ağdam, Mirbəşir (Tərtər), Ağsu, Bərdə, Kürdəmir Ağcabədi rayonlarının kənd təsərrüfatında işlərin gedişatı haqqında məlumat verib,  birinci katiblərdən söz  açdım. Lider məni dinlədikdən sonra dedi ki,  şəxsi işinlə tanış olmuşam, görürəm öz bacarığınla fəhləlikdən bu vəzifəyə qədər  gəlmisən. Şöbə müdirinə irad tutdum ki,  sənin kimi bir kommunistin irəli çəkilməsi üçün  indiyə kimi niyə təklif verməyib? Büro üzvlərinə də məsləhət  gördüm ki, etiraz etməsinlər, səni Dəvəçi rayon partiya komitəsinə birinci katib vəzifəsinə göndərirəm.

Doğrusu,  çox həyəcanlandım, gözləmədiyim bir  anda mənə yüksək vəzifə tapşırılırdı. Odur ki, Ulu Öndərə  təşəkkür edərək etiraz etdim,  birinci katib olmağa hələ hazır olmadığımı bildirdim. Söylədim ki,  Mərkəzi Komitə mənim üçün bir universitetdi, dövlətçiliyi, partiya rəhbərliyinin forma və metodlarını hələ dərindən  öyrənməmişəm, üstəlik də kənd həyatına bələd deyiləm, təsərrüfat işlərini mükəmməl bilmirəm. Müdrik şəxsiyyət  mənim etirazım müqabilində dedi: "Mən də Mərkəzi Komitəyə birinci katib seçiləndə çox şeylərdən xəbərdar deyildim, lakin vəzifəm, xalq qarşısında götürdüyüm məsuliyyət hər şeyi öyrənməyimə səbəb oldu. Sən də öyrənəcəksən, zəhmət və bacarıqla irəliləyən  adamlar öz işinin şərəfini və məsuliyyətini yaxşı dərk edirlər. Ən vacibi odur ki, təmiz katib olmalısan, çirkin işlərdən uzaq durmalısan. Sənə inanıram, etibar edirəm. Bilirəm ki, etimadımı doğruldacaqsan".  Bu qədər inametibardan sonra mənim deməyə başqa sözüm qalmadı. Təkrar minnətdarlıq edib otağından çıxdım.

Ümummilli lider adamları tanıyırdı, partiya-sovet işində çalışanlardan kim kimdi, kim daha çox nüfuz sahibidi, kim  işgüzar və bacarıqlıdı - hamısını yaxşı bilirdi.  Raykom katiblərinin şəxsiyyətinə, ailə həyatına,  dünəninə və  indisinə bələd idi. Eləcə də Mərkəzi Komitənin əməkdaşlarına qarşı çox diqqətli davranır, sanki onların  kim olduqlarını, nə  bacardıqlarını təkbaşına, kimsəyə demədən öyrənmək istəyirdi. Hər hansı bir adama vəzifə tapşıranda, partiya-sovet işini etibar edəndə ona inandığını söyləyirdi ki,  qarşısındakı şəxs özünə hörmət etsin, işin məsuliyyətini dərk edib ondan  iki əlli yapışsın. Bu, mənim taleyimdə də belə oldu.

 

***

 

Üç il sonra Xaçmaz rayon partiya komitəsinə birinci katib seçildim. Xaçmaz Dəvəçi ilə müqayisədə böyük rayon idi. Amma burada kənd təsərrüfatı və  sənaye sahəsində  böyük  gerilik yaranmışdı. Odur ki, gerilikləri aradan qaldırmaq, problemləri həll etmək üçün yollar  axtarmağa başladım. Qısa müddətdə rayonda nəyin çatmadığını, nəyin yerində olmadığını öyrəndim. Əhalinin psixologiyası ilə tanış oldum, Xaçmaz camaatı ilə necə münasibət qurmağı araşdırdım. Çünki  bunlar partiya idarəçiliyində çox vacib amildi. Onu da deyim ki,  bu sadaladıqlarımı  öyrənmək ölkə rəhbəri Heydər Əliyevin tələbi idi.

Ulu Öndər demək olar ki, Azərbaycanın bütün rayonlarına səfər etmişdi. Regionlarda  kolxozsovxozlarda əməkçilərlə görüşür, gördükləri işlərlə tanış olur, dolanışıqları ilə maraqlanırdı. Görəndə ki, raykom katibindən razılıq edirlər məmnun olurdu. Ona görə də işində nöqsan olmayan, uğurları  nəzərə çarpan  katiblər istəyirdilər ki, Heydər Əliyev onun işlədiyi rayona səfər etsin. Mənim də  Dəvəçidə işləyəkən onunla  görüşmək fürsətim olmuşdu, amma bu, dövlət başçısının  rayona rəsmi səfəri deyildi. Bəri başdan deyim ki, 1975-ci ildə baş tutan o görüş mənim həyatımda çox  gözəl  iz qoyub,  43 ildi unuda bilmirəm.

Rayonda üzüm yığımının  başlandığı günlər idi. Bir gün Mərkəzi Komitənin şöbə müdiri mənə zəng vurub dedi ki, Heydər Əliyev sabah Dəvəçiyə gələcək. Səfər haqqında niyə indi məlumat verildiyini soruşdum. İsmayıl Əsgərov dedi ki, heç bir hazırlığa gərək yoxdu, Qalaaltına baxacaq, zəng vurdum ki, xəbərin olsun, amma  sənə bu barədə məlumat veridiyimi  Heydər Əliyev bilməsin.  Səhərisi gün Qalaaltına getdim, çox həyəcanlı idim, bir kənarda dayanıb Heydər Əliyevin gəlişini gözləməyə başladım. Bir az  keçmiş maşın  karvanı gəldi. Avtomobillərdən Heydər Əliyev, həyat yoldaşı Zərifə xanım, oğlu İlham, qızı Sevil, Nazirlər Sovetinin sədri və ailə üzvləri, həmçinin də Mərkəzi Komitənin ikinci katibi düşdü. Ulu Öndər məni görüb təəccübləndi, onun gəlişindən necə xəbər tutmağımı soruşaraq, bu barədə heç kimə  göstəriş vermədiyini bildirdi. Təbii ki, dünənki telefon zəngindən  söz açmadım, sadəcə söylədim ki,  sanatoryanın yanındakı sövxozda üzüm yığımının gedişatını öyrənmək  üçün  gəlmişdim. Uzaqdan  maşın karvanını gördümsizin avtomobilləri tanıyıb yaxınlaşdım.

Liderlə aramlızdakı qısa söhbətdən məlum oldu ki,  istirahət günü olduğu üçün ailəsi ilə birlikdə Qalaaltına gəlib dincəlmək istəyir. Mənə onu da xatırlatdı: "vaxtilə Qalalatına baxmağımı xahiş etmişdin, gəlmişəm, yaxşı ki, burdasan, göstər görüm hansı işləri görmüsən, nə yeniliklər etmisən"? Mən ölkə başçısını və digər qonaqları Qalaaltı sanatoriyası ilə tanış etdiyim müddətdə meşənin çox gözəl, əsrarəngiz yerində nahar etmək üçün  süfrə hazılandı.  Qonaqlarla qalmaq istəmədim, xudahafizləşib getmək istəyəndə Heydər Əliyev məni onlarla birlikdə nahar etməyə  dəvət etdi. O gün Mərkəzi Komitənin birinci katibi,  nəhəng şəxsiyyət, həm də  çox sadə insan olan Ulu Öndər  bütün rəsmiyyətçiliyi kənara qoyub mənimlə səmimi söhbət  etdi, ailəmlə tanış oldu. Mən də onun övladları ilə yaxından tanış oldum.  Çox xoşdu ki, o vaxt gördüyüm  14 yaşlı yeniyetmə oğlan ondi ölkə başçısıdır, Azərbaycanı dünyada tanıdıb. Bu gün də fəxr edirəm ki,  dahi şəxsiyyət şərəfimə badə qaldırdı. Bu  jest o zamankı rayon rəhbərlərinin heç birinə qismət olmamışdı...

 

***

 

O hadisədən illər keçmişdi. 1981- ci il ilin avqustunda Ağsuda  keçirilən müşavirədə Heydər Əliyev də iştirak edirdi. Mən  artıq Xaçmaz rayon partiya  komitəsinin birinci katibi idim. Biz  Xaçmazda  fəaliyyət göstərən kondinsator  zavodunun məhsullarından nümunələr gətirmişdik. Zavodun məhsullarını birinci katibə və  müşavirə iştirakçılarına göstərdim, istehsalı ilə bağlı məlumat verdim. Ulu Öndər işimdən məmnun qaldı, haqqımda xoş sözlər söyləyərək digər katiblərə iradını bildirdi: "Baxın Nəsibova, Tula şəhəri ilə əlaqələr qurub, rayonda belə bir zavodun inşasına nail olub. Siz niyə bu cür işlər görə bilmirsiniz?".

Sonra mənə söz verildi. Xaçmazda görülən işlərdən danışaraq çıxışımın sonunda üzümü ölkə rəhbərinə tutub dedim: "Heydər Əliyeviç, xaçmazlılar sizə neyləyib ki,  bizə qonaq  gəlmirsiniz? Onlar  sizi görmək istəyirlər".  Ulu Öndər  heç nə demədi,  amma mən özümdə bir yüngüllük hiss etdim. Mənə cavab verməsə də  əmin oldum ki, sözümü yerə salmayacaq,  Xaçmaza gələcək.

Bir ay sonra sentyabrın 23-də Ulu Öndərin köməkçisi Arif Mustafayev  zəng vurub bildirdi ki,  indi  Heydər Əliyev  telefonla danışacaq. Az keçmədi ki, telefonda ölkə rəhbərinin səsini eşitdim, salam verdikdən sonra dedi: "Nəsibov, sənin Ağsu müşavirəsindəki çıxışından sonra qərar qəbul etdim ki, Xaçmaza  gedim. Sabah yox, biri gün gəlirəm". "Buyurun, Heydər Əliyeviç, siz xaçmazlıların əzizisiniz, onlar  sizi görməkdən çox şad olacaqlar, sevinc hissi ilə  gəlişinizi  gözləyirik" dedim. Bir gün sonra Heydər Əliyevlə  təkrar  telefon söhbətimiz oldu.  Ulu Öndərin ikinci dəfə  zəng vurmasının səbəbi  rayonda havaların necə keçməsini bilmək idi. Məndən  necə geyinməyini, hansı kostyumla gəlsə yaxşı olacağını soruşdu.  Ona Ağsu müşavirəsində geyindiyi  kostyumu məsləhət  gördüm.

Bu, o demək deyildi ki, Heydər Əliyev nə geyinəcəyini bilmir,  əksinə bu, onun  rayon rəhbərinə verdiyi qiymətin, partiya-sovet işçisinin şəxsi təklifinə diqqətin, tabeliyində olanlara inamının, etibarının  göstəricisi idi. Həmin gün Ulu Öndərin görüşünə bütün xaçmazlılar gəldilər. O, xaçmazlılar qarşısında proqram xarakterli çıxış etdi, Yalamada, Nabranda oldu, Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyini açdı.

Səkkiz il Xaçmazda işlədim, amma sonra səhhətim rayonda işləməyə yol vermədi, Bakıya qayıdıb yenidən Mərkəzi Komitədə işə başladım. 1983-cü ildə Ulu Öndər Moskvada işlədiyi günlərdə Bakıya gəlmişdi. Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin şərəfinə klassik musiqidən ibarət konsert təşkil olunmuşdu. Mən orada Heydər Əliyevlə görüşərkən dedi ki, Xaçmaza getmişdim səni rayonda görmədim. Xəstəliyimlə əlaqədar  katib işləmədiyimi söylədim. "Hamı xəstələnir, nahaq çıxmısan, sənin kimi təsərrüfat işini bilən adama həmişə ehtiyac var" deyə iradını bildirdi. Mən ona söylədim ki, işləmək istəsəm Kamran Bağırova müraciət edərəm.  Bir müddət sonra Kamran Bağırov məni Tovuz rayon  partiya komitəsinə birinci katib vəzifəsinə təyin etdi.

Əslində Ulu Öndər Xaçmaza getməmişdi, bilirdi ki,  katib deyiləm. Bu jesti  ilə sadəcə məni unutmadığını, diqqətində saxladığını bildirmək istəyirdi. O, belə idi, hər kəsə qarşı olduqca həssas, qayğıkeş və çox tələbkar davranırdı. Hər kəsin işini dəyərləndirməklə yanaşı şəxsi problemlərinin həllinə də kömək edirdi. Bir dəfə onunla görüşlərdən birində söhbət zamanı həyat yoldaşımın xəstəliyindən xəbərdar olduğunu söylədi və elə oradaca səhiyyə nazirinə tapşırıq verdi ki, onu ən yaxşı  həkimlər müayinə etsin, lazım olarsa Moskvaya, Leninqrada göndərsin. Günün birində sonra professor Bul  Leninqraddan Bakıya gəlmişdi.  Yenə də Ulu Öndər təşkilat şöbəsinin müdirinə tapşırdı: "Səhiyyə nazirinə göstəriş verin Nəsibovun həyat yoldaşını professor Bulun müalicə etməsini təşkil etsin". Bul mənim evimə gəldi, yoldaşım iki aya yaxın Leninqradda müalicə olundu. Amma təəssüf ki, onun  amansız  xəstəliyinə rusiyalı həkimlər də çarə tapa bilmədilər.

 

***

 

Xalqların və dövlətlərin taleyində əvəzolunmaz xidmətlər göstərən, real təhlükə anında polad çiyinlərini ağır yükün altına verən, xilaskarlıq missiyasını yerinə yetirən şəxsiyyətlər əbədiyaşar bir ömür qazanırlar. Onlar tarixə öz möhürlərini elə vururlar ki,  özlərindən sonra heç bir qüvvə həmin möhürün üzərinə kölgə salmaq, onu görünməz etmək və ən nəhayətdə silmək iqtidarında olmurlar. Belə şəxsiyyətlərin ömrü təmsil etdiyi xalqın və dövlətin ömrü, geniş mənada isə tarixin öz ömrü qədər olur. Heydər Əliyev məhz bu ömrü  zamanında yaşadı. O bu gün də xalqının qəlbində yaşayan, sabah da yaşayacaq böyük xilaskar, fenomen bir şəxsiyyətdir.

 

Aslan NƏSİBOV,

 

Dəvəçi (Şabran), XaçmazTovuz

rayonlarının sabiq birinci katibi

 

Olaylar.- 2018.- 11 may.- S.10.