Azərbaycan Xalq Cümhuriyyəti

dövrünün iqtisadiyyatı

 

İqtisadi inkişafın Azərbaycan modeli dünya ölkələrinə örnəkdir

 

Azərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonra bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də müxtəlif tədbirlər həyata keçirməyə başladı. Atılan ilk addımlardan biri sosial ədalət prinsipinin istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edilməsi oldu. Bu isə ona dəlalət edir ki, AXC-nin iqtisadi platformasının əsasını mülkiyyət plüralizmi təşkil edirdi. Bu zaman dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. Hətta zamanında geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır.

AXC-nin aqrar proqramı da iqtisadi fikir baxımından əhəmiyyət kəsb edirdi. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat" fraksiyasının və Torpaq Nazirliyinin mövqeyini əks etdirən qanun layihələri təşkil edirdi. Hazırlanan qanun layihələrinin məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. Beləliklə, "Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı.

    AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları əksini tapmışdı. Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-"Bakı bonları" buraxıldı (o vaxtadək "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı idi. Elə bu səbədən də müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi.

Azərbaycan Xalq Cumhuriyyəti xarici ölkələrlə də iqtisadi əməkdaşlığa üsünlük verirdi. Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində mühüm addımlar atdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neftneft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalças. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neftneft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri, Qara və Xəzər dənizləri, VladiqafqazZaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayının su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı, Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun yolayrıcıları - Culfa-Təbriz vasitəsilə İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Ümumilikdə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, digər sahələrdə olduğu kimi, iqtisadiyyatda da öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçiddünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı. Belə ki, müstəqil Azərbaycanın yeni həyata başlaması üçün vacib olan bütün digər məsələlər kimi torpaq islahatlarının aparılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-2003-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatları aparıldı, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları istehsalı artırılldı, istehsalçıların maddi rifah halı yüksəldildi, istehsal şəraiti yaxşılaşdırıldı, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusu nəhayət reallaşdı, o cümlədən torpağa münasibətdə tarixi ədalət bərpa edilərək torpaqlar pulsuz olaraq kəndliyə verildiyeni torpaq əkinçi münasibətlərinin formalaşması üçün real şərait yaradıldı. Aqrar islahatların dərinləşməsi, mülkiyyət münasibətlərinin inkişaf etməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün real istehsal-iqtisadi şəraitin yaradılmasını təmin etmiş oldu. Müstəqilliyin ilk illərindən həyata keçirilən özəlləşdirmə və pul-kredit siyasəti bu günuğurla davam etdirilir. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı.

Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Prezident İlham Əliyev respublikamızda yeni dövrün inkişaf qanunauyğunluqları nəzərə alınmaqla çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırdı. Məhz bu səbədən 2003-cü il Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixi hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sisteminmilli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsalelmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub - Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də "Cənub" qaz dəhlizi layihəsidir.

  Məlum olduğu kimi, Azərbaycanda milli iqtisadiyyatın neft amilindən asılılığını azaltmaq üçün bir sıra layihələr icra edilir. Bu layihələrdən biri regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafında regionların inkişafını təmin edən bu dövlət proqramlarının xüsusi yeri var. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı dövlət proqramları ilə ölkə həyatının müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. Həmin dövlət proqramları inkişaf, sosial təminat və strukturyönümlü layihələri, ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinə, insan hüquq və azadlıqlarının təminatına, bir sözlə, davamlı və sabit inkişafa xidmət etməkdədir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da 2020-ci ilədək qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da artırılması nəzərdə tutulur. Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullar "Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxarılır. Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatın milli iqtisadiyyat perspektivləri üzrə on iki Strateji Yol Xəritəsi təsdiq edilib. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.

 

Alim Hüseynli

 

Məqalə "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir"

 

Olaylar.- 2018.- 12-14 may.- S.11.