Səhnənin məğlubedilməz
şahı...
Jurnalist fəaliyyətimdə ürəyimin
arzuladığı adamlar olub
ki, görüşüb onlar
haqqında yazı yazmaq istəmişəm.
Onlardan biri də Fuad Poladov idi.
Bəziləri ilə bu, baş
tutub, eləsi də var
ki, hər hansı səbəbdən
yazı alınmayıb. İki nəfərlə
isə əcəl imkan verməyib görüşüm, dünyalarını dəyişəndən
sonra yazmışam. Fuad
Poladov üçüncüsü
oldu...
Düşünürəm: nə yazım, necə yazım, hansı cümlə ilə başlayım? Üstəlik də bu düşüncəni bir təəssüf, daha doğrusu, bir peşmanlıq hissi dayanmadan döyəcləyir: "sağlığında niyə onunla görüşmədim"? Və sual məni cox incidir. Halbuki bunun üçün fürsətim olub, işim də imkan verib ki, görüşüb həmsöhbət olum. Hər dəfə Azdramada tamaşasana baxıb evə dönəndə özümü danlamışam ki, keşkə yaxınlaşıb haqqında yazı yazmaq istədiyimi söyləyəydim. Və beləcə illərlə üst-üstə yığılan "keşkələrin" ağrısı bir həftədi məni müşaiyət edir. Nə etməli? Görünür qismət bu günə imiş...
***
İnsan çox sevdiyi sənətkar haqqında, pərəstiş etdiyi aktyorla bağlı nəsə demək üçün gərək bütün varlığı ilə həmin adamın şəxsiyyətinə köklənsin. Ki... içində tüğyan edən SÖZlər maneəsiz çıxa bilsin. O SÖZlər ki, sənətkar ömrünü müşaiyət edən rəngarəng obrazları tamaşaçıya tanıdan aktyorun özünün çəkisi qədər ağırlığı olmalı, onun şəxsiyyətinə və sənətinə kölgə salmamalıdı.
SÖZ sənəti ilə teatr sənəti doğma qardaşdı. Məhz bu qardaşlığın sevgisini canlandıran və tam şəkildə ortaya qoya bilən SƏNƏTKAR idi Fuad Poladov. Məhz səhnəni ram edib əlində saxlayaraq tamaşaçını ona diqqət kəsilməyə vadar edən İSTEDAD idi Fuad Poladov. Çox qəribədi indi - bu yazını yazarkən özümü məhz "istedad" və "sənətkar" titullarının ətrafında cövlan edən ab-havaya kökləmək istəsəm də, duyğularım məni başqa səmtə aparır - həyatın amansızlığına, ömrün vəfasızlığına, əcəlin gücünə.
Taleyin ironiyasıdı, ya mistikadı bilmirəm, 19 rəqəmi mənim taleyimdə özünün qəribəlikləri, çatışmazlıqları, həmçinin də bir az sevinci və xeyli kədəri ilə assosasiya olunub. Təkcə mənimmi? Yox, bu rəqəm doğmalarımın, əzizlərimin və başqa sevdiklərimin taleyində də eyni izləri qoyub. Biləndə ki, Fuad Poladov dünyasını dəyişdi və 19 gün sonra - mayın 23-də 70 yaşı olacaqmış, içimdən qəribə bir titrəyiş keçdi: bu da daha bir sevdiyim insana 19 rəqəminin zərbəsi! Əcəl imkan vermədi ki, 70 tamamlansın, yuvarlaq rəqəm onun taleyini "bəzəsin". Guya ki, əcəl 19 gün gec gəlsəydi nə olasıydı ki?! Xəstə yatağında ölümlə mübarizə aparan bir insanın ömrünün dəqiqələrdən, saniyələrdən asılı qalması əcəlin nə vecinə ki?! Onun işi aparmaqdı, gedənin arxasınca göz yaşı tökənlərin halına acımır.
Fuad Poladov əcəlin əlindən
tutub getdi. Onun gedişi
faciə deyil, sadəcə cismani yoxluqdu, gəldi-gedər dünyanın vəfasızlığının
əlamətidi. Amma
bu gedişin arxasınca boylananlar böyük sənətkarın möhtəşəmliyinə
heyran oldular, qibtə və paxıllıq edənlər
də tapıldı bəlkə.
Onlar o kəslərdi ki, bu qürurlu
və əyilməz şəxsiyyətə əlçatmazlıqdan
boylanır, Fuad Poladov yüksəkliyinə ucala bilməyənlərdi. Nə yaxşı
ki, belələri azdı, bəlkə də yoxdu. Amma insanlıq halıdı, mümkün deyil ki, təpədən-diqnağa
sevgiyə bürünmüş
bir KİŞİyə
həsədlə, paxıllıqla
baxan olmasın. Əminəm ki, Fuad Poladovun son yolçuluğunu uğurlayanlar
arasında beləsi yox idi!
O, gedişi ilə sənət dünyasında
daha bir boşluq açdı. Kimsə, nə zamansa gəlib o boşluğu doldura biləcəkmi məlum deyil, amma gəlsə belə Fuad Poladov olmayacaq. Heç kim nə Şahsuvarovu ("Atayevlər ailəsi"), nə
Əmin Bəxtiyarovu
("Alov"), nə
də Qacarı ("Şah Qacar") onun kimi yaratmayacaq. Fuad Poladovun ifa etdiyi saysız-hesabsız obrazların adını bilərəkdən yazmadım.
Yaratdığı bu obrazlar isə yaddaşıma daha çox hopub.
***
Tələbə idim "Alov"a baxanda. Fuad Poladovu həmin
tamaşadakı "İmmanuel
Kantın transsendental fəlsəfəsinə görə..."
tanıdım. Sonralar
onu sənətkar
olaraq sevdim, xarizmasını, zəhmini,
baxışlarını qəlbimə
həkk etdim. Pafossuz, sadə, sadə olduğu qədər də vahiməli, amma insanın ruhunu tərpədə biləcək səsini beynimin bir bucağında
saxladım. Min il sonra da o səsi eşitsəm anındaca tanıyaram - unutmaq mümkün deyil. "Atayevlər ailəsi"ndəki
Şahsuvarov da uzun müddət xatirimdə qaldı.
Hər iki tamaşada Vəfa Fətullayeva ilə tərəf-müqabil
olub. O zamanlar eşitmişdim ki, Fuad Poladov Vəfa
Fətullayevanı dəlicəsinə
sevir. Gənclik fəhmimlə bu
sevgini alqışlayırdım.
Özlüyümdə aralarındakı
məhəbbətin işığını
hiss etməyə çalışırdım,
Hökumə Qurbanovaya
qıcıq olurdum. Deyirdilər ki, məhz o, bu sevginin evliliklə
nəticələnməsinə imkan vermir. Yetmişinci-səksəninci illərdə teatr daxilindəki söz-söhbətlər,
intriqalar məhdud dairədə söylənilirdi, pıçıltı
ilə danışılırdı,
indiki kimi mətbuatda müzakirə
olunmurdu. Fuadla Vəfanın arasındakı
münasibətin dərəcəsini
və mümkünsüzlüyünü
kirayə qaldığım evin
qonşuluğunda yaşayan
qadından eşitmişdim.
O, teatrda hansısa
texniki işdə çalışırdı.
Bir-iki il əvvəl
Fuad Poladov haqqında bir yazı oxumuşdum- müəllifini unutmuşam.
Yazıda bir
söhbət xatırlanır,
kimsə sənətkar haqqında deyir: "Fuad qəzəblidir, çünki
o, qadınları ram edə
bilmir". Fuad Poladov isə düzəliş verir:
"Fuad qadınları
ram edə bilir, personaj edə bilmir". Fuad Poladov təkcə qadınları ram etmirdi, səhnəni, tamaşaçını
da ram edirdi, obrazın kimliyini tamaşaçıya
elə çatdırırdı
ki, teatrdan çıxan insanlar bir müddət həmin hisslərlə yaşamalı olurdular. İntonasiyasında xüsusi
bir ironiya var idi, bu
bir çox rollarında
qabarıq hiss olunur. O, "səslə
işləmək" kimi bir ustalığa sahiblənmişdi.
Səhnədə nümayiş
etdirdiyi jestləri,
pauzaları,
qəribə gülüşləri,
ironik təbəssümləri ilə tamaçaşını özünə cəlb edir, diqqətlərin məhz onun üzərində cəmlənməsinə
nail olurdu.
***
Sonuncu dəfə onun "Şah Qacar"ına tamaşa
etdim. Həmin günlərdə xəstə
idim, qızdırmam var idi, iki qram baralqin vurdurub
teatra getdim. Qorxdum ki, ya mən
ölərəm, ya da tamaşa repertuardan yığışdırılar,
sonra baxa bilmərəm. Tamaşadan bir
müddət əvvəl
nəşriyyatların birində
Azərpaşa Nemətovla
təsadüfi görüşümüz
olmuşdu. Rejissor tamaşaya hazırladığı "Şah
Qacar"dan, baş rolun ifaçısı Fuad Poladovdan danışmış, Qacarı
başqa birisinin onun kimi yarada
bilməyəcəyini söyləyərək,
məni tamaşaya dəvət etmişdi.
Ötən bir neçə
gündə Fuad Poladovun Vəfa Fətullayevaya olan sevgisi, vəsiyyəti,
dəfni haqqında
söhbətlər, Azərpaşa
Nemətovun onun haqqında söylədiyi
fikirlər danışıldı, sosial şəbəkədə müzakirə
olundu. Kim doğrudu, kim
yanlışdı bilmək
olmaz, hər kəsin özünəməxsus
bir həqiqəti, bir haqqı var. Ən doğru fakt odur ki,
Fuad Poladov sağlığında necə
sevilirdisə, dəfni
də eyni sevgi ilə baş tutdu.
Fuad Poladov nəhəng idi, intriqabaz deyildi, tamaşaçı onun adının hansısa qalmaqalda hallandığını eşitməmişdi. Fuad Poladov sadə və qürurlu idi. Mərdliyi ilə şəxsiyyətinin arasında bir sərhəd görünmürdü. Fəlsəfi-dramatik və faciə rollarını ustalıqla ifa edən Fuad Poladovu sevməmək mümkün deyildi. Tamaşa bitəndən sonra səhnəyə çıxan Fuad Poladov onu alqışlayan tamaşaçılara baş əyəndə belə fərqlənirdi. Həmin anlarda da sənətkarlıq nümayiş etdirir, şahanə görünüşü ilə seçilirdi.
Əsil sənətkarlar heç bir zaman ölmür, sadəcə dünyalarını dəyişir, sevənlərinin qəlbinə hopur, yaddaşlarda qorunub saxlanırlar. Fuad Poladov xalq artisti kimi polad iradəli, əyilməz, məğrur və qürurlu şəxsiyyət olaraq SƏNƏTKAR ömrünü başa vurdu. Son yolçuluğu da alqışlarla müşaiyət olundu. O, göz yaşlarına bürünmüş alqışları özü ilə apardı. Amma qazandığı "azman sənətkar" titulu və səhnədə qurduğu "şahlıq taxtı" əbədi olaraq Azərbaycan xalqının xatirində qaldı. Çünki o, öz şərəfli ömrünü əzəmət və məğlubedilməzlik "aksesuarları" ilə bəzəmişdi.
Son yolçuluğun mübarək, səhnənin məğrur və məğlubedilməz şahı!
P.S. Dünən Fuad Poladovun vəfatının 7-ci günü idi.
Züleyxa NADİR
Olaylar.- 2018.- 12-14 may.- S.12.