“Heç bir tarixçi iddia edib deyə
bilməz ki,
Cümhuriyyətlə
bağlı hər şey araşdırılıb...”
AXC-100
Azərbaycan Xalq Cümhuriyyətin
100 illiyi ilə bağlı Olaylar.az BDU-nun professoru, tarix elmləri
doktoru Anar İsgəndərovla geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin
tarixinə, qurucularının həyat və fəaliyyətinə
birgə nəzər saldıq.
Cümhuriyyətin
100 illiyinin qeyd olunmasına münasibət bildirən Anar
İsgəndərov bildirdi ki, 100 il bundan əvvəl Azərbaycanın
demokratik ziyalıları müsəlman Şərqində ilk
Cümhuriyyətin əsasını qoydular. Bu Cümhuriyyət
Azərbaycan tarixində ən şərəfli zirvədir. Bu
Cümhuriyyət ilk dəfə Azərbaycan adlı dövlətin
əsasını qoydu. Yəni, coğrafi məfhum olan Azərbaycan
ifadəsini siyasi ifadəyə çevirdi. Bu Cümhuriyyət
Bakını ilk dəfə bütün Azərbaycanın
paytaxtı elan etdi. Azərbaycan dilinin dövlət dili elan etməsi,
Azərbaycan Milli Ordusunun yaradılması, Azərbaycan
Parlamentinin təşkili, Bakı Dövlət Universitetinin əsasının
qoyulması və yüzlərlə ilklər bu dövlətin
adı ilə bağlıdır.
"Azərbaycanın
ərazi bütövlüyünün həyata keçirilməsi
üçün Qarabağ general-qubernatorluğunun,
Naxçıvan general-qubernatorluğunun yaradılması,
Osmanlı, İran, Gürcüstan dövlətləri ilə
ilk müqavilələrin bağlanması bu dövlətin
adı ilə bağlıdır. Tarix boyu türk-müsəlman
əhalisinə düşmən olan erməni hərbi birləşmələrinin
1918-1920-ci illərdə dinc azərbaycanlı əhaliyə
qarşı həyata keçirdiyi soyqırımı
dünyaya çatdırmaq üçün Fövqəladə
Təhqiqat Komissiyasını yaratdı. 1919-cu ilin yayında Əlimərdan
bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə
heyətini Parisdə qəbul edən ABŞ prezidenti Vudro
Vilson Azərbaycan ifadəsini belə yaxına buraxmadı.
Amma Azərbaycan nümayəndə heyətinin gərgin
işinin nəticəsi olaraq 1920-ci il yanvarın 11-də
Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası
Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması
haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də
bu xəbər Azərbaycana çatdırıldı və
parlament onu təntənəli şəkildə qeyd etdi. Millət
vəkilləri və parlamentin iclasında iştirak edən
xarici ölkələrin diplomatik nümayəndələri
istiqlal yolunda qurban getmiş Vətən oğullarının
və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər.
Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.
Bir sözlə, 23 ay fəaliyyət göstərən Azərbaycan
Xalq Cümhuriyyəti 350 dəfə "ilk" sözünə
imza atıb. Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə
bağlı dövlət başçısı tərəfindən
verilən sərəncamlar bir daha onu təsdiq edir ki, müstəqil
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
siyasi varisidir".
Cümhuriyyət
qurucularının həyat və fəaliyyətlərinin yetərincə
araşdırılmadığına dair fikirlərini
bölüşən görkəmli tarixçi Anar İsgəndərov
vurğuladı ki, 70 illik sovet dönəmində 23 ay fəaliyyət
göstərən bu dövlətin adı heç bir yerdə
çəkilmirdi. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi
ilə bağlı çoxsaylı əsərlər
yazılarkən Cümhuriyyət dövrü təhrif edilərək
bu şərəfli tarixi "ingilislərə
satılmışlar", "osmanlıların əlaltıları"
kimi xarakterizə edirdilər. Xoşbəxtçilikdən Azərbaycan
yenidən öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Cümhuriyyət xadimlərinin həyat və
fəaliyyəti ilə bağlı kifayət qədər əsərlər
yazılıb və yazılmaqdadır. XX əsrin 80-ci illərinin
sonlarından başlayaraq Cümhuriyyət tarixi
çağdaş Vətən tarixçiləri tərəfindən
uğurla tədqiq olunur.
"Yeri
gəlmişkən, onu da vurğulamaq lazımdır ki, son illərdə
Cümhuriyyət xadimlərindən Məhəmməd Əmin
Rəsulzadə Əlimərdan, bəy Topçubaşov, Adil
xan Ziyadxanlı, Nağı bəy Şeyxzamanlı, Şəfi
bəy Rüstəmbəyov, Mirzə Bala Məmmədzadənin
əsərləri kütləvi tirajla nəşr olunub. Eyni
zamanda Cümhuriyyət xadimlərinin həyat və fəaliyyəti
ilə bağlı çox maraqlı əsərlər Azərbaycan
oxucusuna çatdırılmışdı".
"Cümhuriyyət
tarixi ilə bağlı arxiv sənədlərinin
araşdırılması davam etdirilməlidirmi"
sualımıza cavab olaraq Anar bəy bildirdi ki, heç bir
tarixçi iddia edib deyə bilməz ki, Cümhuriyyətlə
bağlı hər şey araşdırılıb başa
çatdırılıb. Cümhuriyyətlə bağlı
Azərbaycandan kənarda hansı sənədlər varsa,
onların Azərbaycana gətirilməsinə böyük
ehtiyac var. Bu baxımdan Azərbaycan dövlətinin və onun
tarixçilərinin görə biləcəyi ən
mühüm işlərindən biri Cümhuriyyətlə
bağlı sənədlərin toplanması və dövriyyəyə
cəlb edilməsidir.
100
il əvvəl qurulan və 23 ay yaşayan bu Cümhuriyyətin
Azərbaycan xalqı üçün nə dərəcədə
əhəmiyyətli olduğunu sadalayan Anar İsgəndərov
bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi
ilə ilk iclasını keçirdi və 6 maddədən
ibarət "İstiqlal bəyannaməsi"ni qəbul etdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
* Azərbaycan
Xalq Cümhuriyyəti coğrafi məfhum olan Azərbaycan ifadəsini
siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif
adlar altında təsbit olunan bu ərazi Azərbaycan
adlanmağa başladı.
*
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum
müqaviləsi imzalandı.
*
1918-ci il iyunun 21-də Azərbaycan hökuməti Azərbaycanın
ilk dövlət rəmzlərini təsis edərək qəbul
etdi.
-
İyunun 21-də qırmızı parça üzərində
ağ aypara və ağ səkkizguşəli ulduz təsvir
olunan bayraq (Osmanlı bayrağına oxşar) qəbul edildi;
-
Noyabrın 9-da hazırki üçrəngli
bayrağımız qəbul edildi;
*
1918-ci il iyunun 24-də Milli hökumət Qori müəllimlər
seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə
köçürülməsi haqqında qərar qəbul
etdi.
*
1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı
ilə Azərbaycan Milli Ordusu yaradıldı.
*
1918-ci il iyunun 27-də Azərbaycan hökumətinin qərarı
ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu.
*
1918-ci il iyunun 27-dən - iyulun 1-dək Qaraməryəm
yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik
etdiyi Bakı Soveti qüvvəllərini darmadağın etdi.
*
1918-ci il iyulun 15-də Azərbaycan hökumətinin qərarı
ilə erməni-daşnak qüvvələri tərəfindən
türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən soyqırımları təhqiq etmək və
tarixi həqqiqətləri dünyaya çatdırmaq
üçün Fövqəladə Təhqiqat Komissiyası
yaradıldı.
*
1918-ci il iyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını
Bakı soveti qüvvələrindən azad etdi.
*
1918-ci il iyulun 30-da Milli hökumətin qərarı ilə
Yelizavetpol şəhəri-Gəncə, Qaryagin Cəbrayıl
adlandırıldı.
*
1918-ci il iyulun 31-də Şaumyan başda olmaqla Bakı Soveti
qüvvələri istefa verdi.
*
1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi
qüvvələrindən azad etdi.
*
Bakı şəhəri öz tarixində ilk dəfə olaraq
Azərbaycanın paytaxtı elan olundu.
*
1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik
etdiyi Milli hökumət Bakı şəhərinə daxil
oldu. Bakı Azərbaycanın paytaxtına çevrildi.
*
1918-ci il oktyabrın 21-də Azərbaycan Xəzinə
Palatası təşkil edildi.
*
1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı.
*
1918-ci ilin noyabrında Azərbaycan Məhkəmə
Palatası təşkil edildi.
*
1918-ci il noyabrın 17-də general Tomson başda olmaqla ingilis
qüvvələri Bakıya daxil oldu. Bakıda ingilis-general
qubernatorluğu yaradıldı.
* 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti təsis
edildi.
* Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə-80,
ermənilərə 21, ruslara 10, almanlara 1, yəhudilərə
1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Parlamentin
demokratik tərkibi hətta bugünkü Avropa
Şurasını da təəccübləndirə bilir.
* Azərbaycan
parlamentinin 17 ay ərzində 145 iclası
keçirilmişdir. Parlamentin müzakirəsinə
270-dən çox qanun lahiyəsi
çıxarılmış, onlardan 230-u qəbul
olunmuşdur.
- Parlamentdə
11 fraksiya fəaliyyət göstərirdi.
-
Parlamentdə 11 komissiya təşkkil olunmuşdu.
* Azərbaycanda
hakimiyyət bölgüsü aparıldı. 1.Qanunverici,
2.İcraedici, 3.Məhkəmə hakimiyyəti.
* 1918-ci
ilin dekabrında Azərbaycan parlamenti Bakı şəhərinin
azad edilməsində şəhid olmuş türk və Azərbaycan
əsgərlərinin şərəfinə Bakının ən
hündür yerində abidənin ucaldılması haqqında
qərar qəbul etdi.
* 1918-ci
ilin dekabrında milli valyuta olan Bakı bonu tədavülə
buraxıldı.
* 1918-ci il dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun
başçılığı ilə Paris sülh
konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul edildi.
* 1918-ci il dekabrın 28-də general Tomson Fətəli
xan Xoyskinin başçılıq etdiyi hökuməti
tanıdığını bəyan etdi.
* 1919-cu
ilin yanvarında Qarabağda erməni
separatçılarının qanunsuz hərəkətlərinə
son qoymaq üçün Qarabağ general-qubernatorluğu
yaradıldı. Fevralda Xosrov bəy Sultanov
qubernator təyin olundu.
* 1919-cu
ilin fevralında ermənilər təfəfindən
Naxçıvana edilən hücumların qarşısını
almaq üçün Naxçıvan general-qubernatorluğu
yaradıldı.
* 1919-cu il martın 3-də Azərbaycan Teleqraf Agentliyi
yaradıldı.
* 1919-cu il martın 21-də Əlifba islahat
komissiyası yaradıldı. Məqsəd latın
əlifbasına keçməkdən ibarət idi.
* 1919-cu
ilin martından Novruz bayramı dövlət səviyyəsində
qeyd olundu.
* 1919 və
1920-ci illərdə 31 mart dövlət səviyyəsində
milli qırğın günü kimi qeyd olundu.
* 1919-cu
ilin martında "Əksinqilabla mübarizə təşkilatı"
adı altında Milli təhlükəsizlik xidməti
yaradıldı.
* 1919-cu il iyunun 11-də Dövlət Müdafiə
Komitəsi yaradıldı.
* 1919-cu il iyunun 15-də Denikin təhlükəsinə
qarşı Gürcüstanla hərbi pakt imzalandı.
* 1919-cu il iyunun 28-də Böyük Britaniya hökuməti
ingilis ordusunun Qafqazdan çıxarılacağı
haqqında Paris sülh konfransına rəsmi məlumat verdi.
* 1919-cu il iyulun 21-də parlament Azərbaycan
Respublikasının Müəssislər Məclisinə
seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə
görə seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu.
* 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı
haqqında qanun qəbul etdi. Yəni, rəngindən,
irqindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində
yaşayan bütün millətlərin nümayəndələri
qanun qarşısında bərabər elan olundu.
* 1919-cu il avqustun 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun
yaradılması barədə polkovnik V.Haskelin bəyanatı
elan edildi və amerikalı polkovnik Edmund Delli bu zonaya qubernator
təyin olundu. Lakin Azərbaycan hökumətinin
ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin
etirazı nəticəsində amerikalılar öz niyyətlərini
reallaşdıra bilmədilər. 100 illik tarixa maloik və
23 ay ömür sürən Cümhuriyyətimiz
xalqımız üçün sadalayacağım əhəmiyyətli
işləri gördü:
* 1919-cu il avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan
müəllimlərinin birinci qurultayı keçirildi.
* 1919-cu il avqustun 22-də Dağlıq Qarabağ erməniləri
Azərbaycan hökuməti qarşısında 26 bənddən
ibarət öhdəlik götürdülər.
* 1919-cu il avqustun 23-də Qaçqın və
köçkünlərlə bağlı komissiya
yaradıldı.
*
Hökumət qaçqın düşən əhali ilə
bağlı parlament və hökumət səviyyəsində
10 qərar və qanun qəbul etdi.
* 1919-cu il avqustun 25-də ingilis qüvvələri
Bakını tərk etdilər.
* 1919-cu
ilin avqustunda Xəzər hərbi dəniz donanması
yaradıldı.
* 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti 100
nəfər azərbaycanlı tələbənin xaricə
göndərilməsi haqqında qanun qəbul etdi.
* 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti
Bakı Dövlət Universitetinin təsis edilməsi
haqqında qanun qəbul etdi. Dərslər
noyabrın 1-də başladı.
* 1919-cu
ilin yayında Azərbaycan hökuməti özünün
maliyyə çətinliklərinə baxmayaraq,
Dağıstan Dağlılar Respublikasına 50 milyon manat həcmində
yardım göstərdi.
* 1919-cu
ilin avqustunda Lənkəranda qiyamçı qüvvələr
darmadağın edilərək bölgədə Cümhuriyyətin
hakimiyyəti bərpa olundu.
* 1919-cu il sentyabrın 3-də Lənkəran bölgəsindəki
rus hərbi qüvvələri tərksilah edildi.
* 1919-cu il sentyabrın 30-da Dövlət Bankı təşkil
olundu.
* 1919-cu
ilin oktyabrında mətbuatda senzura ləğv olundu.
* 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan-Ermənistan
sazişi imzalandı.
* 1919-cu
ilin dekabrında "İstiqlal" muzeyi açıldı.
* 1919-cu
ildə Bakı neftini dünya bazarına çıxarmq
üçün Bakı-Batum neft kəməri bərpa edilərək
istifadəyə verildi.
* 1919-cu
ilin sonunda İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular
məktəbi, Hərbi feldşer məktəbi və Hərbiyyə
məktəbi açıldı.
* Milli
hökumət Gəncədə Nizami Gəncəvinin məqbərəsinin
tikintisinə 500 min manat vəsait ayırdı. Amma
məqbərəni tikmək üçün vaxt
çatmadı.
* 1920-ci il yanvarın 11-də Versalda Azərbaycan Paris
Sülh Konfransının Ali Şurası tərəfindən
de-fakto tanındı.
* 1920-ci il yanvarın 14-də Azərbaycanın Paris
Sülh konfransının Ali Şurası tərəfindən
de-fakto tanınması şərəfinə Təzəpir məscidində
dualar oxundu. Parlamentin təntənəli
iclası keçirildi, Hürriyyət meydanında Milli ordunun
rəsmi keçidi oldu.
* 1920-ci il martın 20-də sovet Rusiyası ilə ticarət
müqaviləsi imzalandı. Lakin Rusiya bu
müqaviləyə riayət etmədi.
* 1920-ci il martın 20-də Azərbaycan Xalq
Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure
tanındı.
* 1920-ci il martın 20-də İranla
bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik,
Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ərdəbildə,
Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə
konsul agentlikləri yaradıldı.
* 1920-ci
ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti
ordusunun sayı 40 minə çatırdı. Bunun
30 mini piyada, 10 mini isə suvari idi.
*
Bakı-Culfa dəmir yolu inşa edilərək istifadəyə
verildi.
* Kür
çayı üzərində körpü salındı.
* 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu
- 145-ci iclası axşam saat 2045-də başladı və
2325-dək davam etdi.
* 1920-ci il aprelin 27-də Parlament səs çoxluğu
ilə 7 şərtlə hakimiyyətin kommunistlərə
verilməsi haqqında qərar qəbul etdi.
Azərbaycan
Xalq Cümhuriyyəti nələri həyata keçirə
bilmədi
* Bakı
neftini dünya bazarına tam gücü ilə çıxara
bilmədi-2005-ci ildə Bakı-Ceyhan Beynəlxalq neft kəməri
bunu reallaşdırdı.
* Azərbaycanda
ali hərbi məktəb aça bilmədi - müstəqilliyimizin
yenidən bərpasından sonra çoxlu sayda ali
hərbi məktəblər açıldı.
* Ermənistan
və sovet Rusiyasının günahı üzündən
onlarla qonşuluq münasibətlərini qura bilmədi.
* Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi
-1995-ci ilin noyabrında Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edildi.
* Parlament
seçkilərini keçirə bilmədi - 1995-ci ilin
noyabrında parlament seçkiləri keçirildi.
* Ərəb
əlifbasından Latın qrafikalı əlifbaya keçidi təmin
edə bilmədi - 1991-ci ildə latın qrafikalı əlifbaya
keçildi.
* Aqrar məsələni,
yəni torpaq məsələsini həll edə bilmədi -
1996-cı ildə aqrar məsələ həll olundu.
* Qafqaz
İslam Ordusunun şərəfinə abidə qoya bilmədi
- 2000-ci ildə Şəhidlər xiyabanında bu əzəmətli
abidənin açılışı oldu.
Nigar Adil
Olaylar.- 2018.- 9-10 may.- S.12-13.